Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-27/2024 25.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, R.Rza küçəsi ev 5-də qeydiyyatda olan, barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 455,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 12:20 radələrində isə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən Yevlax şəhəri R.Rza küçəsində saxlanılaraq polis şöbəsinə gətirib üzərində həmin gün saat 12:45-dən saat 13:05-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış zamanı əlində olan 01 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisində aşkar olunmuş şəxsi istehlak miqdarından artıq miqdarda 455,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qanunauyğun qaydada rəsmiləşdirilərək qablaşdırılmış və götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvələr məhkum olunmuşdur. 2-3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı o, 5-6 gün əvvəl Yevlax rayon ərzisindən keçən Kür çayının sahilindən yerdən tapmışdır. Həmin tapmış olduğu kütləni 17 avqust 2023-cü il tarixdə əvvəlcədən gizlətdiyi yerdən götürüb yaşadığı R.Rza küçəsi ilə piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və onun narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ona birlikdə Yevlax rayon polis şöbəsinə gedəcəklərini bildirdikdə heç bir etiraz etməmişdir. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə vermişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş və aidiyyatı protokol və digər sənədlər tərtib olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun əlində olan ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb stolun üzərinə qoymuş və həmin sellofana baxış keçirilmişdir. Baxış zamanı sellofanda aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana onun iştirakı ilə elektron tərəzidə çəkilmiş, çəkisi 0,480 kq olmuşdur. Həmin sellofan ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona verilən suallara cavab olaraq həmin narkotik vasitəni özü Yevlax rayonu ərazisindən keçən Kür çayının sahilindən tapdığını, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmışdır. Protokol tərtib edilmiş, ona ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o, həmin protokolu imza etmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Ümumiyyətlə onun elə bir məqsədi olmamışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı barədə 17 avqust 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla rəhbərliyə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax RPŞ-nin xx.xx.2023-cü il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin gün Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, R.Rza küçəsinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri R.Rza küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri R.Rza küçəsində Təqsirləndirilən şəxs görmüşlər və yaxınlaşaraq özlərini təqdim etmişlər və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılıb üzərinə axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə axtarış keçirilməli olduğunu izah etmişdir. Onlar Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına təhqiqatçı, polis kapitanı Elnur Cəlilovun iş otağına gətirmişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. X4 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X1 rayon polis şöbəsinə dəvət edilmişdir. X12 RPŞ-nin inzibati binasının xidməti iş otağında onun, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə video yazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. X9 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, izah etdikdən sonra sonuncudan saxlanılarkən paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisindəki kütlənin nə olması soruşulmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisində olan kütlənin qurudulmuş marixuana olmasını, həmin kütləni bir neçə gün öncə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində, çayın kənarından tapdığını, həmin yerdə gizlədərək saxladığını, xx.xx.2023-cü il tarixdə şəxsi istifadəsi üçün saxladığı yerdən götürüb yaşadığı evə gətirərkən yolda polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra X9 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan torbanın içərisinə baxdıqda torbanın içərisindəki kütlənin yaşıl rəngli, kəskin iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olmasını aşkar etmişdir. Daha sonra həmin 01 ədəd sellofan torbada olan, qurudulmuş marixuanaya bənzər kütlə bükülü olduğu bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və torba ilə birlikdə çəkisinin 0,480 qram olması müəyyən edilmişdir. X9 tərəfindən həmin sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Elnur Cəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş, o və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax Rayon Polis Şöbəsinin CAB-nin vəzifəsində işləmiş X7 digər Şahid1 Rəfel oğlunun verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:20-də şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq həmin gün saat 11:50-də məhdudlaşdırılmışdır. (iş vər.19-20); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlində olan 01 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 28-35); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/623 nömrəli rəyindən görünür ki, üzərində üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə......” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi-455,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın tədqiqata sərf edildi - 0,10 qram, qalıq-454,9 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (iş vər. 42-43); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər.67-68); Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ( iş vər.109-112); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 13 gün vaxtından əvvəl azad edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1,76.6.3, 67.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qəaraının 4 bəndinə əsasən cəzası 6 ay azadılmışdır.(iş vər.113); Maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 454,9 qram olan narkotik vasitə qurudulmuş marixana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir.(iş vər.125-126); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1816 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.129); Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(39)-119/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə tədbirinin ləğv edilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-119/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına çəkilməmiş hissəsi 06 ay azadılmasın. Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edərək, cəzadan azad edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1- ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin təhlükəli residivini cəzasını ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (təhlükəli residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Xəyam Şükürov narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin olan qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il saat 11:50 radələrindən 18 avqust 2023-cü il saat 17:30 radələrindək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 454,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 8 (səkkiz) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 51 (əlli bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-27/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-27/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver