Məhkəmə qərarları › İş №1(039)-28/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-28/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-28/2021 06.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi X2 Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxxx 2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Mustafayev küçəsi, ev 101-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə bir ədəd ağ rəngli polietilen torbada cəmi 475 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidəki dəmir seyfin içərisində saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 13:40-da narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evə video çəkilişlə keçirilmiş baxış nəticəsində yardımçı tikilidəki dəmir seyfin içərisində olan həmin qəsdən satış məqsədi ilə əldə edib saxladığı 475 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Düşəndə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2020-ci il sentyabrın ortalarında günorta saatlarında «Kür çayı»nın sağ sahilində Yevlax şəhəri ərazisindən keçən hissəsində balıq tutmağa gedərkən orada yabanı halda bitmiş çətənə bitkilərinin kolların görmüşdür. Kolların yarpaqlarından sellofan torbaya yığaraq gələcəkdə istifadə etmək üçün yaşadığı evə gətirmişdir. Həmin bitkiləri evinin həyətində olan yardımçı tikilinin içərisində yerə sərərək qurutmuş, sonra sellofan torbaya yığaraq həmin yardımçı tikilidəki dəmir seyfin içərisinə qoyub gizlətmişdir ki, gələcəkdə istifadə etsin. xx xxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində evdə olarkən küçə qapısı döyulmüşdür. O, qapıya çıxmış və qapını döyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinin Gəncə regonal şöbəsinin əməkdaşları olduğunu görmüşdür. Ona evədə narkotik vasitə olan marixuana olması barədə məlumat olduğunu evə baxış keçirəcəklərini demişlər. O, polis əməkdaşlarına evinə baxışi keçirilməsinə razı olmuş və videçəkilişlə evə baxış keçirmişlər. Baxış zamanı evdə saxladığı narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin kütlərəri qablaşdırıb möhürləyib götürmüşlər. Sonra bu barədə protokol tərtib olunmuş, həmin protokola imza etmişlər. O, heç kəsə narkotik vasitə satmamış və belə bir fikri də olmamışdır. Cətənə bitkilərinin kollarını özü istifadə etmək üçün saxlamışdır. Məhkəmədən himayəsində İİ qrup əlil olan həyat yoldaşı olmasını, əməlindən səmimi peşmançılığını, oğlu 2002-ci il təvəllüdlü X5 xx xxxx 2020-ci il tarixdən müddətli həqiqi hərbi xidmətdə olmasını və qardaşı Natiq Əsgərovun İİ qrup müharibə əlili olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsində regonal şöbənin xüsususilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 1 saylı evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan marixuana saxlaması barədə ona məlumat daxil olmuşdur. O, şöbənin bir qrup əməkdaşları ilə birlikdə həmin günü saat 13 radələrində həmin ünvana getmişdir. Nəsimi evdə olmuş və onun özünün razılığına əsasən video çəkilişlə evinə həyətində olan yardımçı tikiliyə baxış keçirilmişdir. Yardımçı tikilidə olan seyfdən Nəsimi selofan torbada narkotik vasitə olan marixuananya oxşar kütlələri təqdim etmişdir. Həmin kütləni 2020-ci il sentyabrın ortalarında günorta saatlarında «Kür çayı»nın sahilində balıq tutmağa gedərkən orada yabanı halda bitmiş çətənə bitkilərinin kolların görüb yığaraq evə aparıb qurudaraq saxlamışdır. Həmin kütlələr qablaşdırılmış və bundan sonra protokol tərtib edilmiş və protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsinin sürücüsü vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 2 evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan marixuana saxlaması barədə şöbənin xüsususilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü saat 13 radələrində o, şöbənin bir qrup əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Həmin vaxt Nəsimi evdə olmuş və Nəsiminin özünün razılığına əsasən video çəkilişlə evinə həyətində olan yardımçı tikiliyə baxış keçirilmişdir. Yardımçı tikilidə olan seyfdən Nəsimi selofan torbada narkotik vasitə olan marixuananya oxşar kütlələri təqdim etmişdir. Nəsimi 2020-ci il sentyabr ayının ortalarında günorta saatlarında «Kür çayı»nın sahilində balıq tutmağa gedərkən orada yabanı halda bitmiş çətənə bitkilərinin kolların görüb yığaraq evə aparıb qurudaraq saxladığını demişdir. Həmin kütlələr qablaşdırılmış bundan sonra protokol tərtib edilmiş və protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsinin polis nəfəri Şahid2 Azad oğlu Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evə baxış keçirilməsi və götürmə haqqında haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, yardımçı tikilidəki dəmir seyfin içərisində olan narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 16/727 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yardımçı tikilisində olan dəmir seyfin içərisindən götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə” yazı və imzalar olan bir ədəd kağız paketdəki bir ədəd şəffaf rəngli polietilen paketdə təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Tədqiqata sərf edildi 0,2 qram, qalıq-474.8 qram). İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 935 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 4(039)-86/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Yevlax şəhər İcra Nümayəndəliyinə hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji Kabinet tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü bir yetkinlik yaşına çatmayan Arzu adlı bir qızı var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 601 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu 2002-ci il təvəllüdlü X6 xx xxxx 2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Dövlət Sosial Müdafiə X11 şəxsin Yevlax rayon filialı tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı İİ (ikinci) dərəcəli əlilliyə görə 225.87 manat pensiya alır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham verilsə də onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə cinayət işinin materiallarında hər hansı sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitəni satması qənaətinə ibtidai istintaq orqanı bu cinayət işi üzrə əməliyyat axtarış tədbirinin nəticələrinə əsasən gəlmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilsə də onun narkotik vasitələri satmaq niyyətində olması, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi halı müəyyən edilməmişdir. Əksinə məhkəmə prosesi vaxtı şahid qismində dindirilmiş polis əməkdaşları məhkəməyə verdikləri ifadələrdə Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə onlarda hər hansı məlumatın olmadığını bildirmişlər. Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, narkotik vasitə sellofan torbada olmuş, təqsirləndirilən şəxsdə narkotik vasitələrin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq aşkar edilməmiş, təqsirləndirilən şəxsin özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs narkotik vasitə satması məhkəməyə qədər və məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş sellofan torbada olan narkotik vasitənin 475 qram olması həmin narkotik vasitənin satış məqsədi ilə saxlanıldığını birbaşa təsdiq etmək üçün yetərli olmamaqla, hazırki iş üzrə həmin narkotik vasitənin satış məqsədi ilə saxlanması digər mötəbər, habelə, əsaslı şübhələrdən kənar olan, bir-biri ilə vəhdət təşkil edən və biri digərini tamamlayan sübutlarla əhatə olunmadığından narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən məhz alqı-satqı niyyəti ilə saxlanıldığı sübut edilmir. Belə ki, Təqsirləndirilən şəxs özü də məhkəmə iclasında verdiyi ifadəsində etiraf etdi ki, düşəndə narkotik vasitələrdən istifadə edir. Belə olan halda, Təqsirləndirilən şəxs bu və ya digər mənbələrdən əldə etdiyi narkotik vasitəni özünün müntəzəm istifadəsi üçün saxlaması halı da istisna edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşadığı evdən aşkar olunan narkotik vasitənin 475 qram olması hələ onun satış məqsədi ilə əldə olunmasını və satış məqsədi ilə saxlanmasını iddia etmək üçün mütləq əsas deyildir və yalnız bu əsasla şəxsin əməlinin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi və saxlanması kimi qiymətləndirilməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxs və şahidlərin verdikləri ifadələrlə, ekspertiza rəyi, cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə bilavasitə məhkəmə istintaqı zamanı araşdırdığı faktlara məcmu halında qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, lakin onun qanunsuz olaraq 475 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etdiyi və saxladığı sübut olunduğundan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin maddə ilə də cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən səmimi olaraq peşman olmasını, himayəsində İİ qrup əlil olan həyat yoldaşı və bir yetkinlik yaşına çatmayan uşağı olmasını, oğlu X5 xx xxxx 2020-ci il tarixdən müddətli həqiqi hərbi xidmətdə olmasını, qardaşı Natiq Əsgərovun İİ qrup müharibə əlili olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 474.8 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 474.8 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 144 (bir yüz qırx dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar