Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-28/2024 18.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Xüsusi ittihamçı X4, Təqsirləndirilən şəxs X40 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 147.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X24 CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, artıq uzun müddətdir X40 onun barəsində müxtəlif dövlət orqanlarına, çalışdığı Azərbaycan Respublikası Ailə, Qadın və X49 Dövlət Komitəsinə əsassız şikayətlər etmişdir. Ona qarşı apardığı şər-böhtan kompansiyasına son qoymaq üçün, barəsində həqiqətə uyğun məlumatlar yaydığı üçün, eyni zamanda çəkdiyi mənəvi iztirabların əvəzi olaraq kompensasiyanın ödənilməsindən ötrü mülki qaydada iddia qaldırmışdır. Yevlax rayon məhkəməsinin (hakim X21) 2(039)-1840/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X40 tərəfindən X9 barəsində yayılmış “X4 əlaqələrindən istifadə edərək atası Qabil Məmmədovun qanunsuz əməllərini ört-basdır etməsinə nail olması, bundan sonra Qabil Məmmədovun daha da “azğınlaşması və kənddə qolçomaqlıq etməsi”, “X4 27 iyun 2021-ci il tarixdə öz vəzifəsindən sui-istifadə edərək, bir qrup şəxslə qanunsuz olaraq qardaşının Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən evinə basqın etməsi, yaşlı atasını, anasını, qardaşının ailə və uşağını təhqir və təhdid edərək qorxutması, öz xidməti vəsiqəsini hadisə yerinə gələn polis əməkdaşlarına göstərərək, komitənin məsul şəxsi olduğunu bildirməsi” kimi məlumatlara Azərbaycan Respublikasının Ailə, Qadın və X49 Dövlət Komitəsinə məktub yazmaqla cavabdeh X40 tərəfindən təkzib verilməsi, X40 oğlundan mənəvi ziyana görə 1000 (bir min) manat pul X5 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-234/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Yevlax rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)- 3352/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-234/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi X40 oğlundan mənəvi ziyana görə 1000 (bir min) manat pulun tutulması hissəsində dəyişdirilmişdir. Məhkəmə qətnaməsi icra edilmişdir.Lakin buna baxmayaraq Azər Səfərov öz ailə üzvləri ilə birlikdə barəsində yenidən müxtəlif dövlət orqanlarına şər-böhtan dolu şikayət ərizələri yazmağa başlamış və hal-hazırda da bunu davam etdirir. Buna görə də, tərəfimdən yenidən iddia qaldırılmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-234/2023 saylı qətnaməsi ilə ilk iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı X9 barədə Komitədən şikayətdə qeyd edilmiş həqiqətə uyğun olmayan məlumatlara dair ərizəçilər X10, X36, X29 və X25 tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Milli Məclisinin Apatına və Ailə, Qadın və X49 Dövlət Komitəsinə məktub yazılmaqla təkzibin verilməsi, mənəvi ziyan olaraq cavabdehlər X3, X14, X11 və X8 hər birindən 200 (iki yüz) manatın X4 xeyrinə tutulması, qalan hissədə ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, təmin edilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manatın cavabdehlər X10, X36, X29 və X8 müştərək qaydada iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-570/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-234/2023 saylı qətnaməsi iddiaçı X9 barədə Komitədən şikayətdə qeyd edilmiş həqiqətə uyğun olmayan məlumatlara dair ərizəçilər X10, X36, X29 və X25 tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Aparatına məktub yazılmaqla təkzibin verilməsi hissəsində ləğv edilmişdir. Bundan başqa, Azər Səfərov mərhum atası X15 barəsində də, şər-böhtan dolu məlumatları müxtəlif dövlət orqanlarına yazdığı şikayətlərdə göstərmiş, bununla bağlı mərhum atası da ona qarşı mülki iddia qaldırmışdır. Azər Səfərov barələrində dövlət orqanlarına etdiyi əsassız şikayətlərin nəticə vermədiyini görüb, indi də kütləvi informasiya vasitələrində, internet resurslarında barələrind həqiqətə uyğun olmayan böhtan dolu məlumatlar yaymış, onu və mərhum atasını təhqir etmişdir. Belə ki, Azər Səfərov 18 iyul 2023-cü il tarixdə, “Reaksiya TV” internet televiziyasında 8 dəqiqə 39 saniyəlik çıxış edərək (https://www.youtube.com/watch?v=SnBswqİQwG0) ailəsinin barəsində şər və böhtanlar danışmışdır. Belə ki, həmin çıxışında o, Yevlax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailəsinə 6.06 ha torpaq sahəsi ayrıldığını, həmin torpaq sahəsini mərhum atası Qabil Məmmədovun zəbt edildiyini, saxta sənədlərlə özününküləşdirdiyini, guya daha 41 nəfər şəxsin də torpaq sahəsini zəbt etdiyini bildirmişdir. Daha sonra Azər Səfərov çıxışda onun, İnsan hüquqları üzrə Müvəkkilombudsman aparatında çalışan bacısı Vəfa Məmmədzadə-Əsgərovanın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin birində çalışan qardaşı Elşən Məmmədzadənin adını çəkərək guya bizim 2021-ci il tarixdə onların yaşadığı ünvana gəlib onun ata və anasını təhqir etdiyini bildirmişdir. Bundan başqa, Azər Səfərov mərhum atası barəsində “onun qanunlara əməl etmədiyini, harınladığını” bildirmişdir. Halbuki, onun göstərdikləri tam əsassızdır. Onun mərhum atası onların torpağını zəbt etməmişdir. O, özünə və “Avdılar” KFT-na məxsus olan torpaq sahəsini əkib becərmişdir. X47 və onun ailəsinin həmin torpağa heç bir hüququ olmamış, onlar həmin torpaq sahəsinin üzünü belə görməmişlər. Onların adına qanunsuz olaraq verilmiş torpağa mülkiyyət haqqında şəhadətnamənin ləğv edilməsi ilə bağlı tərəflərindən Şəki İnzibati Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 01 iyun 2023-cü il tarixli qərarı ilə iddiası təmin edilmişdir. Həmin çıxışında guya onların Azər Səfərovun ana və atasını təhqir etməsi ilə bağlı göstərdikləri də əsassızdır. Əgər belə bir hal olsaydı, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edilməli idi. Azər Səfərovun şər-böhtan dolu başqa bir yazısı yenixeber.org saytında 14 iyul 2023-cü il tarixdə “Bahar Muradovanın kadrının adı qazi təhdidində hallanır” başlığı altında çap olunmuşdur. (https://yenixeber.org/sosial/153794-bahar-muradovan%C4%B1n kadr%C4%B1n%C4%B1n-ad%C4%B1-qazinin-t%C9%99hdidind%C9%99hallan%C4%B1r.html). Həmin yazıda Azər Səfərov onun, İnsan hüquqları üzrə Müvəkkilombudsman aparatında çalışan bacısı Vəfa Məmmədzadə-Əsgərovanın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin birində çalışan qardaşı Elşən Məmmədzadənin adını çəkərək guya inzibati yollarla məhkəmələrə təzyiq göstərməkləri barədə yalan məlumatlar yayaraq şərəf və ləyaqətimizi və nüfuzlarını alçaldan məlumatları kütləvi informasiya vasitələrində yaymış və onları ağır cinayətin törədilməsində ittiham etmişdir. Həmin yazılara tərəflərindən həmin informasiya vasitəsində cavab verilmişdir. Cavab yazısında aşağıdakıları qeyd etmişdir: “1995-ci ildə “Avdılar” X20 (bundan sonra – KFT) 50 ha torpaq sahəsi ayrılmış və bunu təsdiq edən hüquqi sənədlər, o cümlədən dövlət aktı mülkiyyətçiyə verilmişdir. KFT tərəfindən 1999 və 2005-ci il tarixli yenidən alınmış Dövlət Aktlarında da həmin 50 ha torpaq sahəsinin təsərrüfatın mülkiyyətində olması təsdiqini tapmışdır. KFT yarandığı zaman onun rəhbəri X22 olmuşdur. O, 1999-cu il 17 mart tarixində rəhmətə getdikdən sonra həmin təsərrüfatın rəhbəri oğlu X16 olmuşdur. 2016-cı il 25 aprel tarixində Tofiq Məmmədov vəfat etmişdir. 2021-ci ildən atası X15 KFT-yə rəhbərlik etməyə başlamışdır. Haqqında bəhs edilən torpaq sahəsi 1995-ci ildən KFT-nin mülkiyyətində və faktiki istifadəsində olmuş və 28 il ərzində Azər Səfərov və onun ailə üzvləri torpağa dair hər hansı iddia irəli sürməmişlər. 2022-ci ildə Azər Səfərov tərəfindən Qabil Məmmədova qarşı iddia qaldırılmış və KFT-nin mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən təqribən 6 hektar torpaq sahəsinin onlara məxsus olması iddia edilmişdir. KFT tərəfindən aidiyyəti orqanlara sorğu verildikdən sonra məlum olmuşdur ki, 1998-ci ildə həmin torpaq sahəsindən 6.06 ha torpaq sahəsi “Avdılar” X20 məlum olmadan X10, X40, X29, X30 və X12 adına rəsmiləşdirilmişdir. Bundan sonra KFT tərəfindən X54 Komissiyasının bu barədə qərarı və Azər Səfərov, onun ailə üzvlərinin adına verilmiş dövlət aktı Şəki İnzibati Məhkəməsində mübahisələndirilmişdir. KFT-nin iddiası 1-ci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Qərardan narazı qalan Azər Səfərov artıq apellyasiya şikayəti verilmişdir. İşə avqust ayında baxılacaqdır. KFT-nin qanuni mülkiyyətində olan torpaq sahəsini hansısa məlum olmayan, ortaya çıxarılmayan qərar əsasında qanunsuz yollarla ələ keçirən Azər Səfərov və onun ailə üzvləri atası Qabil Məmmədovun 41 nəfərə məxsus, o cümlədən də, dövlət torpaqlarını aqrar islahatlardan gizlədərək saxta yollarla özgəninkiləşdirdiyini qeyd etmişdir. Çox maraqlıdır ki, böhtan xarakteri daşıyan bu məlumat Azər Səfərov tərəfindən hansı sübutlarla təsdiq edilir?! Və yaxud sual olunur ki, Azər Səfərov 6 hektar torpaq sahəsinə hansı əsaslarla iddia edir, keçmiş kolxoz torpaqlarının mülkiyyətçisi ola bilərdimi!? Axı qanunvericilik kolxoz, sovxoz torpaqlarının mülkiyyətçisi ola bilən əhali kateqoriyasını müəyyən edib, onlar bu kateqoriyadan hansına aiddirlər?! Əlbəttə, heç birinə. Xüsusilə vurğulamaq istərdim ki, Azər Səfərov və iş üzrə digər cavabdehlər onalara torpaq sahəsi ayrılması barədə qərarı belə ortaya çıxara bilmədilər. Məhz elə Azər Səfərovun özünün və ailə üzvlərinin iddiası tamamilə qanunsuzdur. Sadəcə qanuni əsaslarla məhkəmədə əleyhinə qərar çıxarıldığından məqsədi ara qarışdırmaq olan Azər Səfərov bununla onlara və məhkəmələri qorxutmaq istəyir.” Bundan başqa həmin saytda, 26 iyul 2023-cü il tarixdə “İntihar edəcəyini deyən Qarabağ qazisi Bahar Muradovaya müraciət etdi-Sevimli kadrına “DUR” de” (https://yenixeber.org/manset/154396i%CC%87ntihar-ed%C9%99c%C9%99yini-dey%C9%99n-qaraba%C4%9F-qazisi-baharmuradovaya-m%C3%BCraci%C9%99t-etdi.html) başlığı ilə çıxmışdır. Həmin yazıda Azər Səfərov göstərir ki, “xx.xx.2022-ci ildə Yevlax rayonunda Məhkəmə zalında hakim Toğrul Əliyevin gözu qarşısında Rahil Süleymanzadə atasının və qardaşını qışqıra-qışqıra hədələyirdi. Rahil Suleymanzadə elə Məhkəmə zalında heç kimdən qorxub-çəkinmədən onlara hədə-qorxu gəlirdi. Açıq şəkildə deyir ki, onun arxasında o boyda Komitə dayanıb, bəs onların arxanızda kim dayanıb? O, ona etiraz etsə də, hakim onu həbslə hədələdi. X26sun, istərsə də Ailə, Qadın və X49 Dövlət Komitəsi olsun, onları ona görə yaradıblar ki, xalqa xidmət etsin. Daha insanların hüquqlarını ayaqlar altına atmasınlar. Bunların özbaşınalıqları ilə bağlı minlərlə ərizə yazmışlar, Bahar Muradovaya, Səbinə Əliyevaya... O, Bahar Muradovaya müraciət etmişdir ki, əməkdaşının hansı oyunlardan çıxdığını bilsin və onun haqqında tədbir görsün. Təəssüflər olsun ki, bu vaxta qədər heç bir tədbir görülməyib. Hansı səbəbdənsə bu komitə həqiqəti üzə çıxartmaq istəmir. Bu da bizə əsas verir deyək ki, bu işin arxasında həqiqətən də elə Bahar xanım durur. O, buradan bir daha Bahar Muradovaya müraciət edir: sevimli kadrı Rahil Süleymanzadəyə "DUR" desin!” Bu yazıda da, Azər Səfərov barəmdə həqiqətə uyğun olmayan yala məlumatlar qeyd etməklə ona böhtan atır. Bundan başqa, 01 avqust 2023-cü il tarixdə “gundelik-baku.com” (https://gundelik-baku.com/manshet/101988-qarabag-qazisi-ceferov-aydinshikayetchidir.html) və “sabahnews.az” saytında (https://sabahnews.az/manet/87424qarabag-qazisi-azer-seferov-olke-bashchisina-muraciet-etdi-kechmish-belediyye-sedrikendin-butun- torpaqlarini-zebt-edib.html) “Qarabağ qazisi, Azər Səfərov ölkə başçısına müraciət etdi... - Keçmiş Bələdiyyə sədri kəndin bütün torpaqlarını zəbt edib...” başlıqlı, 03 avqust 2023-cü il tarixdə “qaynarinfo.az” saytında “Yevlaxda torpaq qalmaqalı - Qarabağ qazisi sabiq bələdiyyə sədrinin onun pay torpağını zəbt etdiyi deyir” başlıqlı yazılar (https://qaynarinfo.az/az/yevlaxda-torpaq-qalmaqali-qarabag-qazisi-sabiq-belediyyesedrinin-onun-pay-torpagini-zebt-etydiyideyir?fbclid=İwAR3sXDoKG8wR83AZE7yP8CTdQexCmZ4BpByzN4XK07b09WtGU3AMl Zeetfg) çap olunmuşdur. Həmin yazılarda da, mənim və mərhum atası barəsində həqiqətə uyğun olmayan, şər-böhtan dolu məlumatlar göstərilmişdir. Azər Səfərovun şər-böhtan kompaniyası bununla bitməmişdir. Belə ki, həmin şəxs, öz dostları ilə birlikdə 16 avqust 2023-cü il tarixdə öz dostları ilə birlikdə çalışdığı Ailə, Qadın və X49 Dövlət Komitəsinin yanına gələrək bir çox xəbər saytlarının nümayəndələrini ora çağırıb yenidən ailələri barəsində şər-böhtan dolu çıxışlar etmişdir. Belə ki, Azər Səfərov “KANAL 13 Xəbər” adlanan youtube kanalında 22 dəqiqə 49 saniyəlik https://www.youtube.com/watch?v=0rVDvTxnGh4, “Azərbaycan saatı” kanalında 14 dəqiqə 03 saniyəlik videoda https://www.youtube.com/watch?v=fN8Octb_OZM çıxış etmişdir. Həmin çıxışda da Azər Səfərov onun mərhum atasının guya cinayət əməllərini ört-basdır etdiyimi bildirmişdir. Azər Səfərov bildirir: “Rahil Süleymanzadə həmin komitədə hüquqşünas vəzifəsində çalışır və Bahar Muradovanın sağ əlidir. X7 adı gedir, xidməti vəsiqəsini cibinə qoyub düşür rayonların canına, torpaq işləri ilə məşğul olur, atasının elədiyi cinayətləri ört-basdır edir.” Hətta həmin çıxışında Azər Səfərov Azərbaycan Respublikası Ailə, Qadın və X49 Dövlət Komitəsinin sədri Bahar Muradova, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, məhkəmə qərarlarını qəbul etmiş Yevlax rayon məhkəməsinin hakimi Toğrul Əliyev və Şəki İnzibati Məhkəməsinin hakimi Fəxri Hacızadə barəsində şər-böhtan dolu, yalan fikirlər səsləndirmişdir. Daha sonra isə X45 yerləşdiyi “Hökümət evi”nin inzibati binasına daxil olmaq istəmiş, lakin mühafizəçilər onun qanunsuz olaraq binaya daxil olmasının qarşısını almışlar. Bildirir ki, Azər Səfərovun barəsində müxtəlif informasiya resurslarında səsləndirdiyi böhtan xarakterli məlumatlar, onun çalışdığı Azərbaycan Respublikası Ailə, Qadın və X49 Dövlət Komitəsinin yanına gəlib, oraya mətbuat nümayəndələrini çağırıb bu qanunsuzluqlarını davam etdirməsi onun çalışdığı iş yerində nüfuzunu aşağı salmış, onun ağır psixi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Bundan başqa, mərhum atası X2 özü və övladlarının barəsində etdiyi şər-böhtan kompaniyasından ağır stress və psixi iztirablar keçirmiş və xx.xx.2023-cü il tarixdə ürəyi dayanaraq vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azər Səfərovun onun, mərhum atası, bacı və qardaşı barəsində yaydığı məlumatlar yalan məlumatlar olduğu üçün ona böhtan atır və onun əməlində CM-nin 147.1-ci maddəsinin tərkibi vardır. CM-nin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azər Səfərov onun xidməti vəzifəsindən istifadə edərək məhkəmələrə təzyiq göstərməyini və guya məhkəmələrin qəbul etdiyi qərarlara qanunsuz yolla təsir göstərməyimi bildirməklə onu ağır cinayətin törədilməsində ittiham etməklə böhtan atmışdır. Buna görə də onun əməlində CM-nin 147.2-ci maddəsinin tərkibi vardır. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X9 şikayətində qeyd etdiyi xüsusatları təsdiq və müdafiə edərək göstərdi ki, X40 ilə qohum olsa belə atası ilə aralarında olan torpaq mübahisəsinə görə münasibətləri pozulmuşdur. X24 onun işlədiyi dövlət orqanına müraciət edərək güya o, Azərin qardaşnın evinə basqın etmiş, azyaşlı qardaşı uşağını qoxutmuşdur, atasını-anasını təhqir etmişdir və başqa hüquqa zid hərəkətlər etmişdir. Bununla bağlı X40 onun işlədiyi dövlət orqanına şikayətləri olmuşdur. Şikayətlə bağlı işlədiyi orqanda araşdırma aparılmış və fakt təqsidini tapmamışdır. Bundan sonra ona rəhbərlik tərəfindən haqlı olduğu təqdirdə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bundan sonra o, X40 barəsində Yevlax Rayon Məhkəməsinə şərəf və ləyaqətin alçaldılması ilə bağlı müraciət etmiş və məhkəmə qərarı ilə onun iddiası təmin olunmuşdur. Həmin məhkəmə qərarı icra olunduqdan sonra X40 özünün, atasının, anasının, qardaşının və qardaşının arvadının adından ərizələr göndərməyə başlamışdır. Mütamadi olaraq KİV-də, saytlarda və Youtubda eyni məzmunlu, birazda əlavə edərək məhkəmə hakimlərinin adlarını qaeyd edərək bir növ məhkəmələrə təsir göstərmək istəmişdir. X40 onun, qardaşının, bacısının və atasının işlədikləri orqanların adlarını qeyd etməklə onların tutduqları işdən çıxarılmalarına nail olmaq istəmişdir. Bundan başqa X40 işlədiyi müəssisənin qarşısına qaziləri və KİV-nin (Kanal 13 youtube kanalı, Azərbaycan saatı və azadlıq qazeti) müxbirlərini dəvət edərək çəkiliş aparmışdır. Həmin çəkilişdə barəsində şər və böhtan məzmunlu məlumatlar vermişdir. Həmin məlumatlarda güya onun torpaq alqı-satqısı ilə məşğul olması, atasının güya hansısa bir cinayət törətməsi, onun isə həmin cinayəti ört bastır etməyə çalışması, güya məhkəmələrə işlədiyi orqan vasitəsi ilə təsirlər etməsi barədə Azər Səfərov tərəfindən çıxışlar edilmişdir. X1 cavabında bildirdi ki, X40 KİV-dəki çıxşlarında onun güya torpaq alış-verişi ilə məşğul olması, komitə sədri Bahar Muradovanın sağ əli olması və sevimli kadr olması, məhkəmələrə qərar qəbul edərkən təzyiq göstərməsi barədə böhtan xarakterli fikirlər səsləndirmişdir. X40 ilə barışmadığını qeyd edərək məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X40 irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Rahilin şərəf ləyaqətini alçaltmamış, özünün söz azadlığından istifadə etmiş, əmlakı 5 ildir zəbt olunduğundan, bununla bağlı çıxış etmiş, ola bilsin internet sosial şəbəkəsində kiməsə maraqlı olub belə yayılmışdır. O, öz hüquqlarından istifadə etmiş, bu işlərlə əlaqədar Rahil Süleymanzadə hər bir quruma özü getdiyindən bu mülki mübahisələrlə demək olar ki, bir başa əlaqəlidir. Azər Səfərov həmçinin bildirmişdir ki, pozulmuş əmlak hüquqları ilə bağlı aidiyyəti dövlət orqanlarına qəbullara getmiş, lakin qəbul edən olmadığına ona görə də internet şəbəkəsindən istifadə etmişdir. Suallara cavab olaraq isə bildirmişdir ki, o, Rahil Süleymanzadənin sözügedən mübahisəsi ilə bağlı icra nümayəndəliyinə şəxsən gedib arayış almasını görməmiş, sadəcə eşitmiş, bütün məhkəmələrdə Rahil Süleymanzadə iştirak etdiyindən demək ki, məsələlərdə maraqlıdır. Xəbər saytlarına başlıqlarla bağlı məlumatı o, verməmi, saytları özləri başlıqları qeyd etmişlər. Həmin başlıqlarla bağlı sonradan həmin saytlara “niyə məlumatı bu cür başlıqlarla verirsiniz, o bu cür başlıq qeyd etməmişəm” deyə müraciət etməmiş, ümumi məlumat vermişdir. O, həmçinin qeyd etmişdir ki, heç kimə böhtan atmamış, hazırki mübahisə Rahil Süleymanzadə ilə aralarında olan konfiliktlə bağlı olmuş, Rahil onun barəsində danışdığından o da, qeyd olunan məsələləri danışmış, ola bilər ki nəyisə düz deməmiş, nəyisə səhv demişdir, amma əməli cinayət olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin 2(039)-1840/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X40 tərəfindən X9 barəsində yayılmış “X4 əlaqələrindən istifadə edərək atası Qabil Məmmədovun qanunsuz əməllərini ört basdır etməsinə nail olması, bundan sonra Qabil Məmmədovun daha da “azğınlaşması və kənddə qolçomaqlıq etməsi”, “X4 27 iyun 2021-ci il tarixdə öz vəzifəsindən sui-istifadə edərək, bir qrup şəxslə qanunsuz olaraq qardaşının Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən evinə basqın etməsi, yaşlı atasını, anasını, qardaşının ailə və uşağını təhqir və təhdid edərək qorxutması, öz xidməti vəsiqəsini hadisə yerinə gələn polis əməkdaşlarına göstərərək, Komitənin məsul şəxsi olduğunu bildirməsi” kimi məlumatlara Azərbaycan Respublikasının Ailə, Qadın və X49 Dövlət Komitəsinə məktub yazmaqla cavabdeh X40 tərəfindən təkzib verilməsi, X40 oğlundan mənəvi ziyana görə 1000 (bir min) manat pul X5 xeyrinə tutulmasə qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-234/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-1840/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3352/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-234/2022 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi tutulmalı mənəvi zərərin məbləği hissəsində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin məbləği 200 manat müəyyən edilməsi qərara alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-293/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2137/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 nümayəndəsi X41 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsini qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən tərəfindən verilmiş ********** №-li “Çıxarışdan” görünür ki, Yevlax rayonu, Qoyunbinəsi kəndi Yeni qaydalarla, Yevlax şəhəri, Qoyunbinəsi kəndi Ninami Gəncəvi küçəsi ev 144 yerləşən 0,27 ha yaşayış məntəqələrinin torpaqları sahəsi və onun üzərində yerləşən 63,9 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə 1/5 hissəsi X13, 1/5 hissəsi X18, 1/5 hissəsi HacıyevaRafilə Musa qızının, 1/5 hissəsi X27 və X23 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. 37 saylı xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Beynəlmiləlçi X35 surətilərindən müəyyən olunur ki, X40 “ARBƏD” Fondun Sabunçu rayon şöbəsinin sərdidir. MV № 058686 saylı xx.xx.2017-ci il tarixli Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarənin Vəsiqələrinin surətindən müəyyən olunur ki, X40 müharibə vetiranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəştlər və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X51 Şəxsinin xx.xx.2024cü il tarixli məktubdan görünür ki, X40 xx.xx.2024-cü il tarixdə Bakı Sağlamlıq Mərkəzinin Nevrologiya şöbəsinə daxil olmuş, ona “Xroniki posttravmatik baş ağrısı Nevrasteniya” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixində isə xəstə nisbi yaxşılaşma ilə evə yazılmışdır. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 7572 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 şəhəri Ş.Qurbanov küçəsi ev 88 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. X61 tərəfindən verilmiş arayışdan görünür ki, X40 "xxxx" ASC-nin inşa etdiyi ünvan 3 ünvanında yerləşən “Uğur-2” yaşayış kompleksində bina 8, blok 1, mənzil 127-da qeydiyyatsız olaraq yaşayır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X40 CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sənədlərlə sübuta yetirilir. Belə ki, CM-in 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi- sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəfi, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri və s.) başa düşülür. Kütləvi informasiya vasitəsi dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Cinayətin törədilməsinin dördüncü üsulu məlumatların internet informasiya ehtiyatında yayılmasıdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının 3 aprel 1998-ci il tarixli Qanununun 2-ci maddəsinə görə informasiya ehtiyatları dedikdə informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri başa düşülür. İnformasiya ehtiyatlarından biri də internetdir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanununun 3-cü maddəsinə görə kütləvi informasiya vasitələrinə dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları aiddir. Deməli, qanuna görə internet də kütləvi informasiya vasitəsidir. Ona görə də haqqında danışılan üsulun maddənin dispozisiyasına cinayətin törədilməsinin müstəqil üsulu kimi daxil edilməsi anlaşılmazlıq doğurur. Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma dedikdə məlumatın kütləvi nümayiş etdirilməsi başa düşülür. Başqa sözlə, məlumatın internet informasiya ehtiyatında yayılması o halda cinayət məsuliyyəti yaradır ki, həmin məlumat kütləvi nümayiş etdirilmiş olsun. Məlumatın kütləvi nümayiş etdirilməsi dedikdə, həmin məlmatın internet saytlarında, portallarında, sosial şəbəkələrdə (fasebook, twitter və s.) yerləşdirilməsi, elektron poçt ünvanlarına göndərilməsi və s. başa düşülür. Məlumatların internet informasiya ehtiyatında kütləvi nümayiş etdirilməsi (yerləşdirilməsi, paylaşılması), onların həm videosunun nümayiş etdirilməsi («YouTube»-da və s.), həm də məlumatın yazı formasında olan mətninin görüntüsünün təqdim edilməsi başa düşülməlidir. Məlumatların internet informasiya ehtiyatında nümayiş etdirilməsinin kütləviliyi belə məlumatların ən azı üç nəfər kənar şəxsin tanış olmasını nəzərdə tutur. Bu sayda şəxsin həmin məlumatla tanış olduğu andan cinayət başa çatmış hesab edilir. Məlumatın hansı dildə yayılması əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Əsas məsələ məlumatla tanış olan şəxslərin məlumatın təqdim edildiyi dili başa düşmüş olmalarıdır. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenum Qərarının: 4-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarındaqeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X19rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42); 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X40 yalan olduğunu bilə-bilə X4 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları mediada və internet informasiya ehtiyatında yaymış və bununla da CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə X31 irəli sürürlmüş CM-in 147.2-ci maddəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 147.2-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda isə X24 hərəkətlərində belə bir halın, yəni X4 barəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atılması halının mövcudluğu istisna olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, X24 əməlində CM-in 147.2-ci maddəsinin tərkib əlaməti olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, X24 barəsində CM-in 147.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X24 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X31 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs X24 himayəsində yetkinlik yaşına çatmayan övladı olduğunu, habelə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X24 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X31 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, X24 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X31 CM-in 147.2-ci maddəsi ilə bəraət verilməli, X40 CM-in 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X31 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilsin. X40 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (min) manat cərimə cəzası təyin edilsin. X40 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-28/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-28/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver