Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-28/2025 06.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Kolanı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 26 sentyabr 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə saat 17 radələrində Yevlax rayonunun Kolanı kəndində yerləşən ictimai iaşə obyekti olan “Kolanı market” adlı ərzaq mağazasının yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə qarşılaşaraq aralarında mübahisəli olan Zərərçəkmiş şəxs1 istifadəsindəki torpaq sahəsinin ona məxsus olduğunu deyib həmin torpaq sahəsindən çıxmasını sonuncuya uca səslə və ünvanlı nalayiq söyüşlərlə söyüb təhqir etməklə dedikdən sonra Zərərçəkmiş şəxs1 ona söyüşlə danışmamasını, özünü nəzakətli aparmasını deyib irad tutmasını qəbul etməyərək, sonuncu ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan digər şəxslərin gözü qarşısında əli ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs1 vuraraq sonuncuya sağlamlığının qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran sol almacıq və yanaq nahiyəsinin şişkinliyi, sol gözətrafı nahiyənin dərialtı hematoması, qançırı, sol gözün ağlı qişasına yayılmış qansızma ilə nəticələnən bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Yevlax rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Zərərçəkmiş şəxs2 həmin şöbənin ünvan 1 ünvanında yerləşən inzibati binasında yerləşən xidməti iş otağına gələrək onun barəsində olan icra işinin vəziyyəti ilə maraqlanan zaman Zərərçəkmiş şəxs2 ona barəsində olan icra işinin şöbənin digər əməkdaşının icraatında olduğunu və həmin əməkdaşın hazırda vətəndaş qəbul etdiyindən məşğul olduğunu, ona görə də gözləməli olmasını dedikdən sonra o, heç bir əsaslı səbəb olmadan şöbənin inzibati binasının daxilində uca səslə Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlərlə söyüb təhqir edərək Yevlax rayon İcra və Probasiya şöbəsinin iş rejimini pozmuş, həmin vaxtı Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan hakimiyyət nümayəndəsi hesab edilən Zərərçəkmiş şəxs2 ona özünü nəzakətli aparmasını, sakitləşməsini, şöbənin iş rejimini pozmamasını dedikdən sonra o, şöbənin inzibati binasının qarşısına çıxaraq Həsən bəy Zərdabi küçəsi 1 ünvanında küçədə öz aqressiv hərəkətlərini davam etdirib öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan digər şəxslərin gözü qarşısında ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə əli ilə bir dəfə qəsdən zərbə vuraraq sonuncuya sağlamlığının qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran üst dodağın selikli qişaya keçən əzilmiş yarası ilə nəticələnən bədən xəsarətləri yetirməklə qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə zor tətbiq olunması ilə müqavimət göstərməklə müşayiət edilən qərəzli hərəkətlərlə təkrarən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Kolanı kəndində yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 və Şahid1 tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. O, 2014-cü il tarixdən 2022-ci ilədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işləmişdir. 2014-cü il tarixdə ailəli olmuş və arvadı ilə 2017-ci il tarixdə rəsmi olaraq boşanmışlar. Yevlax rayonu Kolanı kəndində ona və ailə üzvlərinə məxsus olan 0.16 hektar həyətyanı torpaq sahəsi və 4,61 hektar pay torpaq sahəsi olmuşdur. O, hərbi xidmətdə olarkən 0,16 hektar torpaq sahəsinin bir hissəsi onun ailə üzvləri tərəfindən Şahid1 satılmışdır. O, torpaq sahəsinin Əsgərə satılmasına heç vaxt razılıq verməsə də, Əsgər onun həyətyanı sahəsinin axırında 42 kv.m sahədə ərzaq mağazası tikib işlədir. O, dəfələrlə Şahid1 bu barədə etirazını bildirsə də, Əsgər də torpaqdan çıxmayacağını dediyi üçün aralarında bir neçə dəfə sözlü mübahisə olmuşdur. Bundan başqa, ona və ailə üzvlərinə məxsus olan 4,61 hektar pay torpaq sahəsini isə ailə üzvləri kənd sakini Zərərçəkmiş şəxs1 6400 manata satmışlar. Lakin o, ailə üzvlərinə torpaq sahəsinin hamısının deyil ancaq 2 hektarının satılmasına razılıq vermişdir. Lakin ailə üzvləri torpaq sahəsinin hamısını Əhliyyətə satmışlar. O, da həmin torpaq sahəsinin qaytarılmasını Əhliyyətdən tələb etmiş və buna görə də aralarında mübahisələr olmuşdur. 06 iyun 2024cü il tarixdə saat təxminən 17 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi **-OJ-*** dövlət qeydiyyat nişanlı “Mercedes-benz” markalı mikroavtobusla Kolanı kəndinin girişində yerləşən “Kolanı market” adlı mağazanın yaxınlığından keçəndə yolun kənarında Əhliyyəti saxlamışdır. O, Əhliyyətə torpağından qəti şəkildə çıxmasını demiş, Əhliyyət isə onun dedikləri ilə razılaşmadığı üçün aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt həmkəndliləri İlham və Vəli adlı şəxslərdə orada olmuşdur. Daha sonra Əhliyyət mikroavtobusdan yerə düşmüş və mübahisə zamanı o, Əhliyyətin boğazından tutaraq Əhliyyəti özündən kənarlaşdırmaq üçün üzündən vuraraq itələmişdir. Həmin vaxtı İlham və Vəli adlı şəxslər onları aralaşdırmaq üçün onların yanına yaxınlaşmışlar, lakin Zərərçəkmiş şəxs1 idarə etdiyi mikroavtobusun sükanı arxasına əyləşib oradan uzaqlaşmışdır. Bundan başqa, onun aliment ödəməsinə dair Yevlax rayon İcra və Probasiya şöbəsində icra məmuru Kənan adlı şəxsin icraatında icra işi vardır. Habelə Azərbaycan Beynəlxalq Bankından kredit götürmüş və pulu ödəyə bilmədiyinə görə bank Yevlax rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Həmin iş isə icra məmuru Fərhad müəllimin icraatındadır. O, hər ay 80 manat veteran pulu alır və 2024-cü ilin sentyabr ayında veteran pulundan 50 manat tutulduğunu görmüşdür. Ona görə də, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Yevlax rayon İcra və Probasiya şöbəsinə icra məmurlarının rəisinin qəbuluna girib nə qədər borcu olduğunu və veteran pulunun niyə tutulmasını öyrənmək, həm də Kənan adlı icra məmurundan işinin alınıb başqasına verilməsini bildirmək üçün gəlmişdir. Orada ona mühafizə polisinin əməkdaşı icra və probasiya şöbəsinin rəisi vəzifəsini Elmidar adlı icra məmurunun əvəz etdiyini demişdir. O, icra məmuru Elmidarın otağına daxil olaraq Zərərçəkmiş şəxs2 demişdir bundan əvvəl ondan 6000 manat pul tutulduğunu demiş, Elmidar isə ona sərt cavab vermişdir. O otaqdan çıxmış və mühafizə polisinə onu icra məmuru Fərhad müəllimin yanına aparmasını bildirmişdir. Daha sonra o, Fərhadın otağına daxil olmuş və ona oturmağa yer göstərmişdir. O, Şahid4 ondan əvvəllər 6000 manat pul tutulduğunu, hazırda veteran pulundan da 50 manat tutulduğunu demişdir. Fərhad adlı icra məmuru ona 500 manat və 50 manat cəriməsi olduğuna da demişdir. Bu vaxtı Elmidar adlı icra məmuru içəri daxil olmuş, aralarında sözlü mübahisə yaranmış və orada olan mühafizə polisi ona otaqdan çıxmağı demişdir. O, da bundan sonra inzibati binadan çölə çıxmış və daha sonra küçədə dayanıb siqaret çəkərkən Elmidar çölə çıxaraq üstünə yerimişdir. O, Elmidardan fikrinin nə olduğunu soruşmuşdur. Bu vaxtı yenə mühafizə polisi ona yaxınlaşaraq daha da aralıya getməyini bildirmiş və o, da kənarlaşmışdır. Ancaq yenə Elmidar onun yanına gələrək, “sənin alimentin və ya pulun tutulur, mənə nə aidiyyəti var” demişdir. O, da “gəlim otağınıza deyin küçə söhbəti deyil” demişdir. Həmin vaxt aralarında yenə mübahisə yaranmış, əsəbi olduğundan özünü saxlaya bilməmiş, Elmidarın ağız nahiyyəsinə yumruqla bir dəfə vurmuş və Elmidar yerə yıxılmışdır. Bundan sonra oradan uzaqlaşaraq getmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış və zərərçəkmiş şəxslər onu bağışlamışdırlar. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Özü müharibə veteranıdır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu Kövər kəndində ailəsi ilə birlikdə yaşayır və özünə məxsus “Mercedes-Benz” markalı mikroavtobusla fərdi qaydada sürücü kimi fəaliyyət göstərir. 06 iyun 2024-cü il tarixdə rayon Polis Şöbəsinə özü müraciət etmişdir. O, 2 ildən çox müddətdir ki, Yevlax rayonu Kolanı kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs və ailə üzvlərindən onların razılığı ilə notarial qaydada alqı-satqı yolu ilə 4.61 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Kolanı kəndinin ərazisində yerləşir. O, torpağı alqı-satqı müqaviləsi bağlayaraq aldıqdan sonra aidiyyəti dövlət orqanından rəsmi qaydada çıxarış almışdır. Lakin son 3-4 aydır ki, Akif müxtəlif bəhanələrlə torpaq sahəsini qanunsuz şəkildə aldığını iddia edərək, onunla ədavət aparır. Akif dəfələrlə onu sözlə öldürəcəyini və torpaq sahəmdən çıxmağını deyərək hədələmişdir. Sonuncu dəfə 06 iyun 2024-cü il tarixdə saat təxminən 17 radələrində o, torpaq sahəsində əkdiyi arpanı biçdirmək üçün Yevlax rayonu Kolanı kəndinə getmişdir. 06 iyun 2024-cü il tarixdə saat təxminən 17 radələrində idarə etdiyi **-OJ-*** dövlət qeydiyyat nişanlı “Mersedes-benz” markalı mikroavtobusla Kolanı kəndinin girişində yerləşən “Kolanı market” adlı mağazanın yaxınlığından keçəndə yolun kənarında Vəli adlı şəxsi görüb mikroavtobusu saxlamışdır. O, avtobusda oturub Vəli ilə söhbət edərkən Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. Akif ona yaxınlaşaraq hədə-qorxu ilə “əə sənə deməmişəm ki, o torpaq sahəsindən çıx! Niyə çıxmırsan?” deyə müraciət etmişdir. O, isə qanuni əsaslarla torpaq sahəsini aldığını və rəsmiləşdirdiyini bildirmişdir. Bu zaman Akif onun ünvanına nalayiq küçə söyüşləri işlədərək yumruqla sifət nahiyəsinə bir neçə dəfə zərbə vurmuşdur. Akifin ona vurduğu yumruq zərbələri nəticəsində o, xəsarət almışdır. Həmin vaxt yanında olan Vəli adlı şəxs və küçədən keçən İlham müəllim Akifi zorla oradan uzaqlaşdırmışlar. Lakin buna baxmayaraq Akif öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Akif küçədə İlham müəllim və Vəlinin yanında ictimai qaydanı kobud surətdə pozaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Akif onu nalayiq ifadələrlə təhqir edib vuran zaman təxminən 50 metr məsafə uzaqda dayanan Kolanı kənd sakini Əsgər adlı şəxs də olmuşdur, bir sözlə aralarında olan mübahisəni və Akifin onu yumruqla vurmasını görmüşdür. O, mübahisənin böyüməməsi və köməklik göstərilməsi üçün DİN-in 102 Xidmətinə zəng edərək şikayət etmiş və oradan uzaqlaşıb getmişdir.Hazırda Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsiylə birlikdə yaşayır. O, 2023-cü ilin noyabr ayından Yevlax rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edir. 26 sentyabr 2024-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinə özü müraciət etmişdir. 23 sentyabr 2024-cü il tarixdə saat 09:30 radələrində Yevlax rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında xidməti iş otağımda icra işi ilə bağlı müraciət edən vətəndaşları qəbul edən zaman bir nəfər barəsində bir neçə müxtəlif icra işləri olan Yevlax rayonu, Kolanı kənd sakini Təqsirləndirilən şəxs xidməti iş otağının qarşısına gəlmişdir. O, vətəndaşlara hüquqi izah verən zaman otağın qapısı açıq olduğundan Akif oradan ona “işini yekunlaşdır, nə qədər çənə döyəssən, mənim 6000 manat pulumu yemisən” demişdir. O, da Akifə reaksiya verməyərək aidiyyəti icra məmuruna müraciət etməsini bildirmişdir. Bu zaman otaqlarında olan icra məmurları Şahid3 və Şahid4 dəhlizə çıxaraq Akifə “icra işlərin bizdədir sən niyə Elmidar müəllimə yaxınlaşıb səs-küy salırsan, yaxınlaş sənə izah verək” demişlər. İcra məmurları Akifi otaqlarına aparmışlar. Təxminən 5 dəqiqə sonra rəfdə icra işi axtararkən Akif yenə onun otağına gələrək “Elmidar haradadır” demişdir. O, da geriyə çönərək “burdayam nə lazımdır” deyə soruşmuşdur. Təqsirləndirilən şəxs təkrarən ona “6000 manat pulumu yemisən” deyərək səs-küy salmağa başlamışdır. O, isə Akifə “yalan danışırsan sənin məndə icra işin olmayıb” demişdir. Akif isə mübahisə etməyə başlamışdır. Bu zaman inzibati binada xidmət aparan polis nəfəri, Şahid5 yaxınlaşaraq Təqsirləndirilən şəxs intizama dəvət etmiş və inzibati binadan çıxartmaq üçün küçəyə aparmışdır. Akif binanın 2ci mərtəbəsindən düşə-düşə qışqıraraq yenidən onun ünvanına nalayiq söyüşlər söymüşdür. O, da Akifin arxasınca aşağıya düşmüşdür. İnzibati binanın qarşısında olarkən Akifə yaxınlaşaraq “nə səbəbdən söyüş söydüyünü, iş rejimimizi pozduğunu və bir-birimizlə söhbət etsək bir-birimizi başa düşəcəyimizi” demişdir. Akif isə “yaxşı edib söyürəm” deyib yumruqla bir dəfə ağız nahiyyəsindən zərbə ilə vurub onu özünə tərəf çəkərkən o, yerə yıxılmışdır. Yerdə yıxılı vəziyyətdə olarkən Akif yumruqla bir dəfə başının arxa nahiyyəsinə vurmuşdur. Orada olan vətəndaşlar və polis əməkdaşı Akifi ondan kənarlaşdırmışdır. Bundan sonra hadisə yerinə mühafizə polisinin əməkdaşları gələrək X8 aparmışlar və o, isə ilkin tibbi-yardım almaq üçün Yevlax rayon mərkəzi xəstəxanasına getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmsdır, ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon İcra və Probasiya şöbəsində böyük icra məmuru vəzifəsində çalışır. O, Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs icra şöbəsində aliment tələbi ilə bağlı icra işləri vardır. 23 sentyabr 2024-cü il tarixdə səhər saat 09:30 radələrində Təqsirləndirilən şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin inzibati binasına gələrək Zərərçəkmiş şəxs2 xidməti iş otağının qarşısında uca səslə “mənim 6000 manat pulumu yemisən” deməsini eşitmişdir. Zərərçəkmiş şəxs2 Akifi sakitləşdirməyə çalışsa da, Təqsirləndirilən şəxs dəhlizdə uca səslə nalayiq ifadələrlə qışqırmağa, şöbənin iş rejimini pozmağa başlamışdır. Daha sonra onunla birlikdə çalışan və bir otaqda oturan icra məmuru Şahid4 dəhlizə çıxaraq Akifi otağına gətirmişdir. Lakin Təqsirləndirilən şəxs “mənim 6000 manat pulumu yemisiniz” deyərək yenidən uca səslə nalayiq ifadələrlə qışqırmağa başlamışdır. O və icra məmuru Şahid4 Akifi bir qədər sakitləşdirdikdən sonra Akif dəhlizə çıxaraq yenidən Zərərçəkmiş şəxs2la mübahisə etməyə, qışqırmağa və Elmidarı söyüb təhqir etməyə başlamışdır. Bu zaman inzibati binada xidmət aparan mühafizə polis nəfəri, Şahid5 yaxınlaşaraq Akifi intizama dəvət etmiş və inzibati binadan çıxartmaq üçün Akifi küçəyə aparmışdır. Təqsirləndirilən şəxs inzibati binanın 2-ci mərtəbəsindən aşağı düşə-düşə qışqıraraq Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyünclər söymüşdür. Həmin vaxtı o və icra məmuru Şahid4 xidməti otağında vətəndaşları qəbul etmişdir. O, bir az keçdikdən sonra xidməti iş otağının pəncərəsindən çölə baxan zaman Akiflə Elmidarın binanın qarşısında küçədə yenidən mübahisə etmələrini, mühafizə polis nəfəri, Şahid5 da onların yanında olmalarını görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs2 inzibati binanın içərisinə geri qayıtdıqda o, Elmidarın ağzının qan olmasını görüb nə baş verməsini soruşmuşdur. Elmidar Akifin onu inzibati binanın qabağında nalayiq ifadələrlə söyüb təhqir etməsini, daha sonra yumruqla ağız nahiyyəsinə vurmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə qohumluq əlaqəsi vardır. 06 iyun 2024-cü il tarixdə saat 17 radələrində o, Yevlax rayonu Kolanı kəndinin girəcəyində yerləşən mağazada olarkən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 uzaqdan görmüş, lakin aralarında olan məsafə uzaq olduğuna görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev X1 Kənan Şahid oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 iyun 2024-cü il tarixdə saat 17 radələrində o, Yevlax rayonu Kolanı kəndinin girəcəyində yerləşən mağazanın yanında olarkən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə baş verdiyini, dartışdıqlarını, onlardan birinin digərini itələdiyini görmüş, lakin o, həmin istiqamətə getməmiş, orada mübahisə təxminən 10 dəqiqədən çox davam etmiş, mübahisədən sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yumruqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax şəhəri Ü.Hacıbəyov 47 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq DİN-in Baş Mühafizə İdarəsinin Yevlax rayon mühafizə bölməsinin polis nəfəri vəzifəsində xidmət edir. 2024-cü ilin sentyabr ayında Yevlax rayon İcra və Probasiya şöbəsində xidmət etmişdir, hal-hazırda isə "xxxx" ASC-nin Yevlax rayon filialında mühafizə vəzifəsində xidmət edir. Zərərçəkmiş şəxs2 26 sentyabr 2024-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə etmiş olduğu müraciətlə tanış olmuşdur. O, Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs icra şöbəsində aliment tələbi və kredit borcu ilə bağlı icra işləri olması barədə heç bir məlumatı yoxdur. 23 sentyabr 2024-cü il tarixdə səhər saat 09:30 radələrində Təqsirləndirilən şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin inzibati binasına gələrək Zərərçəkmiş şəxs2 xidməti iş otağının qarşısında uca səslə “mənim 6000 manat pulumu yemisən” deməsini eşitmişdir. O, inzibati binanın daxilində xidmət apardığı üçün bütün baş verənləri görmüşdür. Zərərçəkmiş şəxs2 Akifi sakitləşdirməyə çalışsa da, Təqsirləndirilən şəxs dəhlizdə uca səslə nalayiq ifadələrlə qışqırmağa, şöbənin iş rejimini pozmağa başlamışdır. Daha sonra icra məmuru Şahid4 dəhlizə çıxaraq Akifi otağına gətirmişdir. Həmin vaxtı o, Akifin Şahid4 otağında olmasını, onunla birlikdə çalışan böyük icra məmuru Şahid3 da orada görmüşdür. Lakin Təqsirləndirilən şəxs “mənim 6000 manat pulumu yemisiniz” deyərək yenidən uca səslə nalayiq ifadələrlə qışqırmağa başlamışdır. Fərhad və böyük icra məmuru Şahid3 Akifi bir qədər sakitləşdirdikdən sonra Akif dəhlizə çıxaraq yenidən Zərərçəkmiş şəxs2la mübahisə etməyə, qışqırmağa və Elmidarı söyüb təhqir etməyə başlamışdır. Bu zaman o, yaxınlaşaraq Akifi intizama dəvət etmiş və inzibati binadan çıxartmaq üçün Akifi küçəyə aparmışdır. Təqsirləndirilən şəxs inzibati binanın 2-ci mərtəbəsindən aşağı düşə-düşə qışqıraraq yenidən Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyünclər söymüşdür. O, Akiflə Elmidar arasında baş verən mübahisəni, Akifin Elmidarı vurmasını şəxsən görməmişdir, çünki o, həmin vaxtı inzibati binanın daxilində olmuşdur. O, Təqsirləndirilən şəxs qolundan tutub inzibati binadan çölə çıxardıb yenidən binaya geri qayıtmışdır, buna görə də bundan sonra baş verənlər haqqında heç bir məlumatı yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 342 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət-sol almacıq və yanaq nahiyəsinin şişkinliyi-sol gözətrafı nahiyənin dərialtı hemotomiyası,qançırı,sol gözün ağlı qişasının yayılmış qansızma küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir,əmələ gəlmə müddəti 06 iyun 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətinin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 617 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 üst dodağın selikli qişaya keçən əzilmiş yarası vardır. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir,əmələ gəlmə müddəti 23 sentyabr 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhəti qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 619 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin arxa səthinin şişkinliyi və qançırı vardır.Bu xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir,əmələ gəlmə müddəti 23 sentyabr 2024-cü il tarixə uyğun gəlir.Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Əlvsət oğlunun himayəsində xx.xx.2015-ci il təvəllüdlü Əli adlı uşağı vardır. İşdə olan vəsiqənin surətindən dən görünür ki, Təqsirləndirilən şəxs «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. İşdə olan vəsiqənin surətindən dən görünür ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Qasımov X5 müharibəsi iştirakçısıdır və 80 manat pensiya alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını və Vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs Alif Qasımovun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində saxlanılaraq Yevlax RPŞ-nin MSY-ə təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə Yevlax RPŞ-nin MSY-dən azad edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut olan üzləşdirmə istintaq hərəkətləri zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 məhkəmə dövrü göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 19 sentyabr 2024-cü il tarixdən 21 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün və 26 sentyabr 2024-cü il tarixdən 06 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 08 (səkkiz) gün, cəmi 5 (beş) ay 10 (on) gün Azərbaycan Respublikası CM-in 69.3 və 68.1.1- 1-ci maddələrinə əsasən 10 (on) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Yevlax rayonu Kolanı kəndində yerləşən evi tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan üzləşdirmə istintaq hərəkətləri zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-28/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-28/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver