Məhkəmə qərarları › İş №1(039)-29/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-29/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-29/2021 26.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, Aviasiya Təhlükəsizlik Xidmətinin “Azalarqo” Yevlax Aviasiya şirkəti Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi işlədiyi vaxtda Yevlax şəhər sakini Zərərçəkmiş şəxs2nın etibarından suiistifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək işə düzəltməyə dair heç bir səlahiyyəti olmadığı halda 2020-ci ilin yanvarfevral aylarında istintaqla müəyyən edilməyən gündə və saatda Zərərçəkmiş şəxs2 Aviasiya Təhlükəsizlik Xidmətinin “Azalarqo” Yevlax Aviasiya şirkəti Aviasiya Təhlükəsizlik Xidmətində xadiməçi işinə düzəltmək adı ilə vəd verib aldatmaqla yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 2,600 manat pulunu ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə qəsdən dələduzluq etmişdir. Bundan başqa, o, Aviasiya Təhlükəsizlik Xidmətinin “Azalarqo” Yevlax Aviasiya şirkəti Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi işlədiyi vaxtda, öz qulluq mövqeyindən istifadə edərək qəsdən təkrar Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə 2020-ci ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 özünü nüfuzlu vəzifəli şəxs kimi təqdim edərək, öz xidməti otağında “X6 ərazisindən yeraltı keçən istismara yararsız qaz borularının çıxarılması üçün razılıq almaq” adı ilə vəd verib Zərərçəkmiş şəxs1 aldatmaqla onun 2,000 manat pulunu, 2020-ci ilin aprel ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Bakı şəhəri Nərimanov metrostansiyasmm yaxınlığında 1,000 manat pulunu, ümumilikdə vahid niyyətlə 3,000 manat pulunu ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Aviasiya Təhlükəsizlik Xidmətinin “Azalarqo” Yevlax Aviasiya şirkəti Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi işlədiyi vaxtda, öz qulluq mövqeyindən istifadə edərək qəsdən təkrar Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə 09 may 2020-ci il tarixdə, saat 13 radələrində sonuncuya özünü nüfuzlu vəzifəli şəxs kimi təqdim edərək səlahiyyəti olmadığı halda onun oğlu Şahid3 “Zaqatala Hava limanında növbə rəisi işinə düzəltmək" adı ilə vəd verib aldatmaqla Yevlax şəhəri Yuxarı Qarxun kəndinə gedən yolda olan körpünün yaxınlığında Zərərçəkmiş şəxs3 2,500 manat pulunu ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə qəsdən təkrar dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, 2020-ci ilin iyun ayının 14-dək X6 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində əvvəllər tanımadığı Şahid1 və Zərərçəkmiş şəxs1 onun yanına gələrək “xxxx” MMC şirkətində işlədiklərini bildirirək ona müqavilə əsasında hava limanının ərazisindən keçən boruların çıxarılmasına köməklik göstərməsini xahiş etmişdir. Onlara məsləhət görmüşdür ki, Bakı şəhərində yerləşən “xxxx” QSC-yə müraciət etsinlər, bundan sonra isə baş idarə ilə danışıb, mümkün olarsa onlara köməklik göstərəcəyini bildirmişdir. Onlar bir müddət sonra onun işlədiyi yerə gəlmiş və ərizəni ona təqdim etmişlər. Ərizəni təqdim edən zaman Zərərçəkmiş şəxs1 ona xidməti iş otağında ilkin olaraq 2,000 manat pul vermiş, qalan 1,000 manat pulu isə ona, o həmin işi danışmaq üçün Bakı şəhərinə gedən zaman Bakı şəhərində veriləcəyini söyləmişdir. Növbəti gün ərizəni də götürüb Bakı şəhərinə getmiş, Bakı şəhərində ərizəni “xxxx” QSC-nin dəftərxanasına vermiş, ərizəni verməyi ilə əlaqədar zəng edib onlara məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ona “xxxx” MMC-də işləyən Xəzər adlı şəxsin mobil nömrəsini vermiş və 1,000 manat pulu onun çatdıracağını demişdir. Həmin şəxslə mobil telefonla danışmış, onunla Bakı şəhəri Nərimanov rayon metrosunun yaxınlığında görüşüb 1,000 manat pulu götürmüşdür. Bundan sonra Şahid1 onun mobil telefonuna zəng edərək işin nə yerdə qaldığını soruşmuş, o da Xəqaniyə yaxın müddətdə ərizələrinə cavab verəcəklərini bildirmişdir. Bir müddət sonra isə onların ərizələrinə elektron poçt vasitəsilə rədd cavabı gəlmişdir. Bundan sonra Xəqani onun işlədiyi yerə gəlmiş və sorğularına rədd cavabı gəldiklərini bildirmişdir. Xəqaniyə vəd vermişdir ki, onların 3,000 manat pulunu yaxın müddətdə qaytarıb verəcək. 2020-ci ilin iyun ayında işdən çıxdığı üçün maddi vəziyyəti ilə əlaqədar olaraq pulu qaytara bilməmişdir. Bundan başqa, 2020-ci ilin aprel ayının təxminən 20-də əvəllər tanımadığı Zərərçəkmiş şəxs2 qardaşı Teymur və tanışı Elnurla Yevlax şəhəri Aeroport qəsəbəsində görüşmüşdür. Teymur və Elnur Hava limanının ərazisində yararsız vəziyyətdə olan su çəni olduğunu, həmin çəni sataraq pul əldə etməyin mümkünlüyünü demişlər. Onlarla 2,600 manata razılaşmış və onlardan ayrılmışdır. 2020-ci ilin aprel ayının sonlarınadək olan müddət ərzində Teymur və Elnur dəfələrlə Yevlax şəhərinin müxtəlif yerlərində onunla görüşmüş və ona ümumilikdə 2,600 manat pul verilmişlər. Lakin sonradan onların istədiyi məsələ alınmamışdır. 2020-ci ilin iyun ayında işdən çıxdığı üçün maddi vəziyyəti ilə əlaqədar olaraq pulu qaytara bilməmişdir. Daha sonra Yevlax rayon prokurorluğunda həmin xtisusatla əlaqədar araşdırma aparılan zaman anası Gülxatun Əmirova, Teymur və Elnurdan aldığı 2,600 manatı Yevlax rayon prokurorluğunda Teymur və Elnurun bacısı Zərərçəkmiş şəxs2 vermişdir. Bundan başqa, 2020-ci ilin yanvar ayında X6 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləyən zaman Zərərçəkmiş şəxs3 qardaşı Hikmət Mirzəyev ondan öz qardaşı oğlu Şahid3 X6nda işə düzəltməyini xahiş etmiş, o da köməklik edəcəyini bildirmişdir. Fəxrəddinə və Hikmətə işə düzəltmək üçün 2,500 manat pul lazım olduğunu demişdir. 2020-ci ilin may ayında Hikmətin qardaşı Zərərçəkmiş şəxs3 öz oğlu Şahid3lə onun yanına gəlmişdir. Ona vəd vermişdir ki, oğlu Şahid3 2,500 manat müqabilində X6 Aviasiya Təhlükəsizlik Xidmətinin daxilində olan yanğınsöndürən-xilasedici vəzifəsinə düzəldəcəkdir. Bundan bir müddət sonra Fəxrəddinlə kənar yerdə görüşmüş, 2,500 manat pul almış, lakin verdiyi vədi yerinə yetirməmişdir. 2020-ci ilin iyun ayında işdən çıxdığı üçün maddi vəziyyəti ilə əlaqədar olaraq pulu qaytara bilməmişdir. Artıq zərər çəkmiş şəxslərə vurulan maddi ziyanı tam olaraq, bundan başqa dövlət büdcəsinə köçürülməli olan pulu da ödədiyini bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi X3 əvvəlki məhkəmə iclası zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxs1 “xxxx” MMC-nin sahibidir. Həmin şirkət müqavilələr tender əsasında tenderdə qalib gəldiyi təqdirdə de-montaj işlərini həyata keçirir. Onun və şirkətin digər rəhbəri Xəzərin rəhbərliyi əsasında şirkət “Socar”la bağlanmış müqavilə əsasında “Socar”a məxsus istismara yarasız boruların “X5” şirkətinə təhvil verilməsini həyata keçirmişdir. Həmin boruların bir hissəsi Yevlax rayon aeroportunun ərazisinə düşdüyündən və həmin boruların çıxarılması zərurəti yarandığından, o və Xəqani müqavilə ilə birlikdə Yevlax rayon aeroportuna müraciət etmiş, orada onlara bu məsələ ilə əlaqədar Yevlax rayon aeroportunun təhlükəsizlik xidmətinin rəisi Təqsirləndirilən şəxs müraciət etməli olduğu bildirilmişdir. Zərərçəkmiş şəxs1 Şahid1lə birlikdə Təqsirləndirilən şəxs qəbuluna getmiş, qəbulda olduqları müddət ərzində o məsələnin mahiyyətini Təqsirləndirilən şəxs izah etmiş, Təqsirləndirilən şəxs da onlara Bakı şəhərində yerləşən baş idarəylə danışıb bu barədə məlumat verəcəyini demişdir. Bir neçə gün sonra Mahir onlara sözügedən boruların çıxarılmasının razılığını aldığını, lakin boruların çıxarılması üçün ərizə ilə müraciət etmək lazım olduğunu, baş idarəyə 2,000 və onun özünə isə 1,000 manat pul verməli olduğunu bildirmişdir. Onlar Mahirin dediyi kimi baş idarəyə müraciət yazmış, 2020-ci ilin aprel ayının əvvəllərində həmin müraciəti və 2,000 manat pulu Təqsirləndirilən şəxs Yevlax rayon aeroportunda yerləşən xidməti otağında Mahirə vermişlər. Bundan sonra onların əməkdaşı Xəzər Mahirlə görüşərək qalan 1,000 manat pulu ona vermişdir. Bir müddət sonra onların ünvanına məktub göndərilmiş və bu məktubda boruların çıxarılmasına icazə verilmədiyi qeyd edilmişdir. Dəfələrlə Mahirdən verilən pulu istəsələr də Mahir onları aldadaraq etibarından sui istifadə etməklə pulu ələ keçirmişdir. Zərər çəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığının olmadığını qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, iş üzrə heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq zamanı bildirmişdir ki, özünə iş axtaran zaman qonşusundan Yevlax aeroportunun mühafizəsinin rəisi Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə iş düzəltməsini eşitdikdən sonra Mahirin telefon nömrəsini tapıb ona zəng edib ondan onu işə düzəltməsini xahiş etmişdir. Mahir telefonda onu aeroportda xadimə kimi işə düzəldə biləcəyini bildirirək aylıq əmək haqqının təxminən 200-300 manat olacağını demişdir. 2020-ci ilin yanvar-fevral aylarında Mahir onun yaşadığı ünvana gəlmiş, Mahir onunla onu işə düzəlmək haqqında söhbət edən zaman onu işə düzəltməsi üçün ondan 2,600 manat pul istəmişdir. Bankdan 1,000 manat pul götürərək xəstə uşağının pensiyası ilə toplamış olduğu 1,600 manat pulun üstünü düzəldib Mahirə zəng edərək pulu hazır etdiyini bildirmişdir. Mahir yaşadığı evə gəlmiş, həmin vaxt ondan başqa evdə qardaşı Teymur da olmuş, o qardaşı Teymurun yanında razılaşdıqları kimi 2,600 altı yüz manat pulu Mahirə vermiş, Mahir pulu götürdükdən sonra qısa müddət ərzində onu işə düzəldəcəyini bildirmişdir. Mahirə pulu verdiyindən təxminən 1 ay sonra o Mahirdən xəbər çıxmadığını görüb Mahirin mobil telefonuna zəng etmiş və Mahirdən işinin nə yerdə qaldığını soruşmuşdur. Mahir ona işini tezliklə düzəldəcəyi vədini vermişdir. Bir müddət keçdikdən Mahirin onun etibarından sui-istifadə edərək onu aldatdığını bilib Mahirin evinə getmiş, lakin Mahir evdə olmamışdır. Bir neçə ay da gözlədikdən sonra Mahirin pulu vermədiyini görüb Mahirdən şikayət etmişdir. Şikayəti əsasında Yevlax rayon prokurorluğunda araşdırılma aparılan zaman Mahirin anası Gülxatun ona dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş şəxs X1 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, iş üzrə heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərər çəkmiş şəxs Fəxrəddin Məmmədov istintaq zamanı bildirmişdir ki, Hikmət Mirzətev onun qardaşı, Şahid3 isə onun oğludur. 2020-ci ilin yanvar ayında qardaşı Hikmət onu X6 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Mahirdən oğlu işsiz olduğuna görə oğlunu işə düzəltməsini xahiş etmiş, Mahir də ona oğlunu Zaqatala Hava limanında növbə rəisi işinə düzəldəcəyinə dair söz vermişdir. İşə düzəltmək üçün isə Mahir ondan 2,500 manat pul istəmişdir. Həmin vaxt Mahirə konkret olaraq razılıq verməmiş, 2020-ci ilin may ayında isə o Mahirin mobil telefonuna zəng etmiş və Mahirə oğlunu işə düzəltmək təklifi ilə razı olduğunu pulu vermək istədiyini demişdir. Mahir telefonda ona Yevlax rayonu Yuxarı Qarxun kəndinə gedən yolda olan körpünü keçdikdən sonra yolayrıcına gəlməsini bildirmişdir. Orada görüşüb Mahirin avtomobilinə yaxınlaşaraq 2,500 manatı sayıb avtomobilin yan sürücü tərəfdən olan şüşəsindən Mahirin özünə vermişdir. Həmin vaxt Mahirdən başqa avtomobildə heç kim olmamışdır. Pulu Mahirə verdikdə oğlu ondan kənarda dayanmış, pulu verən zaman Mahir ona oğlu Elçinin təxminən 1 aya işə çıxacağını demiş, təxminən 2-3 gün sonra Mahir istifadəsində olan mobil nömrəyə zəng etmiş və ondan oğluna aid şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, attestatın surəti və digər sənədləri gətirməsini demişdir. Təxminən 1 həftə ərzində həmin sənədləri hazırlayıb oğlu Elçinlə birlikdə Yevlax şəhərinə gəlmiş, Yevlax rayon Hava limanının yanəna getmiş, Mahir Hava limanın xaricinə çıxaraq sənədləri ondan götürüb getmişdir. Təxminən 1 ay sonra o Mahirə zəng etmiş və Mahirdən işin nə yerdə qaldığını soruşmuşdur. Mahir karantini bəhanə gətirərək oğlunu qısa müddət ərzində Bakıda komissiyaya göndərəcəyi vədini vermişdir. Üzərindən təxminən 15 gün sonra o yenidən Mahirə zəng etmiş, Mahir telefonu açmamış, o Mahirin onu aldatdığını bildikdən sonra Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq eytdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 istintaq zamanı şahid Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “xxxx” QSC-nin 18.09.2020-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Aviasoya Təhlükəsizlik Baş İdarəsinin “Azalaqro” Yevlax aviasiya şirkəti Aviasiya Təhlükəsizlik Xidmətinin sabiq rəisi Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə 17.07.2020-ci il tarixli 298/ş nömrəli əmrlə ləğv olunmuşdur. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə, yəni etibardan sui-istifadə edib, aldatma yolu ilə təkrarən, qulluq mövqeyindən sui-istifadə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmədə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Təqdim edilmiş qəbzdən müəyən olunur ki, Təqsirləndirilən şəxs əvəzindən dövlət büdcəsinə 2,027.03 manat ödənilmişdir. Cinayət Məcəlləsi: Maddə 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıb vurulmuş zərəri ödəməsini, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 144 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsllərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Göstərilən hüquqi yardıma görə 144 (bir yüz qırx dörd) manat tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar