Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-30/2022 29.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Biləsuvar rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində 14 oktyabr 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx xxxx 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 14 oktyabr 2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, R.Həsənov küçəsi, ev 4-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini və qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,253 qram narkotik vasitə olan heroini 13.10.2021-ci il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 Yevlax şəhəri, Dəmir yol vağzalının yaxınlığında 20 manata alaraq əldə edib üzərində saxlamış, 13.10.2021-ci il tarixdə, saat 02 radələrində narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 02:40-dan saat 03:10-dək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əlindəki çantasının içərisində olan fotoaparat qabının içərisindən bir ədəd kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,253 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini, marixuananı və psixotrop maddə olan metamfetamini əldə edib, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədilə qanunsuz olaraq 0,253 qram miqdarında narkotik vasitə olan heroini, 0,307 qram miqdarında psixotrop maddə olan metamfetamini və 0,85 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib saxlamış, 13.10.2021-ci il tarixdə, saat təxminən 01 radələrində Yevlax şəhəri, Dəmir yol vağzalının yaxınlığında həmin qurudulmuş marixuanadan 0,23 qram olan hissəsini və 0,253 qram miqdarında narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs1 20 manata satmış, 13.10.2021-ci il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Pişəvəri küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib həmin gün saat 06:45-dən saat 07:40-dək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin cibində olan satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı iki bükümdə 0,046 və 0,261 qram miqdarında olmaqla ümumi çəkisi 0,307 qram miqdarında psixotrop maddə olan metamfetamin və bir bükümdə 0,62 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin, əynində olan gödəkcənin sol yan cibindən üzərində cüzi miqdarda narkotik vasitə-heroin və psixotrop maddə olan metamfetamin hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Əjdər qızı özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Hərdən narkotik vasitə olan heroin və marixuana istifadə etmişdir. 12.10.2021-ci il tarixdə axşam vaxtlarında Ağdam rayonu, Quzanlı qəsəbəsində olmuşdur. Narkotik vasitəsi qurtardığına görə özünə məxsus ***-***-**-** saylı telefonla tanıdığı Yevlax şəhəri, Dəmir yolu vağzalında yaşayan narkotik vasitə satışı ilə məşğul olan Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edərək ona narkotik vasitə satmasını xahiş etmişdir. Ziyad da ona narkotik vasitə satacağın dediyi üçün yol maşını ilə Yevlax şəhərinə gəlmişdir 13.11.2021-ci il tarixdə saat 01 radələrində Ziyadla orada olan kafedə görüşmüşlər. Ziyada 50 manat pul vermiş və ona 20 manatlıq narkotik vasitə olan heroin və marixuana verməsini demişdir. Ziyad ona 20 manat dəyərində bir büküm heroin və bir büküm marixuana verərək ona 30 manat qaytarmışdır. Ziyaddan ayrılıb Vağzalın yaxınlığında H.Əliyev prospektinin kənarında durub taksi gözləyərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı video çəkilişlə onun üstünə baxış keçirib, içərisində heroin və marixuna olan bükümlərdəki narkotik vasitələr və 30 manat pul əl çantasından aşkar edilərək götürülmüşdür. O, bükümdəkilərin birinin marixuana, digərinin isə heroin olduğunu demişdir. Həmin narkotik vasitələri tanıdığı Ziyad adlı şəxsdən 20 manata aldığını və gələcəkdə istifadə etmək üçün üstündə gəzdirdiyini etiraf etmişdir. Törətdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olamayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 elan edilmiş CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər üstündə narkotik vasitə saxladığına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olsada, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. 13.10.2021-ci il tarixdə Yevlax şəhər Dəmir yol vağzalının yaxınlığında olarkən siqaret qutusu görüb götürmüşdür. İçərisinə baxarkən içərisində bir ədəd salfetkaya bükülmüş bükülü görmüşdür. Bükülünü açıb içərisinə baxarkən içərisində narkotik vasitə olan marixuana olduğunu, marixuananın yanında əlavə olaraq iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü olduğunu və həmin bükülüləri açıb içərisinə baxarkən içərisində metamfetamin olduğunu görmüşdür. Marixuana və metamfetamindən istifadə etdiyi üçün həmin bükülüləri gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. Həmin gün saat 06 radələrində oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə onun üstünə baxış keçirib, içərisində marixuana və metamfetamin olan bükülüləri onun əynindəki gödəkcənin sağ yan cibindən aşkar edilmişlər. 13.10.2021-ci il tarixdə saat 03 radələrində ona tanışı Teymur zəng edərək tanıdığı İlahəmi ona məxsus Dəmir yol vağzalında olan kafedə gecə qalmasını xahiş etmişdir. Ona görə İlahəm ilə telefonla danışaraq kafeyə gələcəyini desədə İlahəm kafeyə gəlməmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə üzərində axtarış aparılarkən, üzərindən narkotik vasitə və tərəzi aşkar edilib götürülsədə, həmin narkotik vasitə, tərəzi onun olmamış və o, İlahəmə narkotik vasitə satmamışdır. Məhkəmədə son sözündə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 özünü CM-nin 234.2-ci maddəsində təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən hazırda Zərdab RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 13 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, Dəmir yol vağzalında olduğu və üstündə narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Yevlax şəhəri, H.Əliyev prospektinə getmişlər. İlahəmə yaxınlaşıb özlərini təqdim etdikdə, İlahəm özünü şübhəli apardığına görə ona polis şöbəsinə getməyi təklif etmişlər. İlahəm bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə İlahəmin üstünə baxış keçirmişlər. Baxış zamanı İlahəm əlindəki çantasından bir büküm narkotik vasitə olan marixuanaya oxşar kütlə, bir büküm heroinə oxşar kütlə və 30 manat pul aşkar etmişlər. Sorğu-sual zamanı o, bükümdəkilərin içərisindəkinin narkotik vasitə olan heroin və marixuana olduğunu, həmin heroini və marixuananı tanıdığı Dəmir yol vağzalında yaşayan Təqsirləndirilən şəxs2 50 manat təqdim edərək 20 manata ondan aldığını bildirmişdir. Həmin tədbirin davamı olaraq 13 oktyabr 2021-ci il tarixdə saat 06 radələrində Yevlax şəhəri, H.Rəcəbov küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs2 Yevlax şəhəri, Pişəvəri küçəsində olduğu və üstündə narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Yevlax şəhəri, Pişəvəri küçəsində getmişlər. Ziyada yaxınlaşıb özlərini təqdim etdikdə, Ziyad özünü şübhəli apardığına görə onu polis şöbəsinə getməyi təklif etmişlər. Ziyad razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə Ziyadın üstünə baxış keçirmişlər. Baxış zamanı Ziyadın əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd salfetyaya büküm bükülü, gödəkcənin sol yan cibindən isə 1 ədəd elektron tərəzi və 125 manat pulun içərisində 1 ədəd 50 manat əskinaz aşkar edilmişdir. Salfetkadakı bükümün içərisinə baxış keçirilərkən içərisində bir büküm narkotik vasitə olan marixuanaya oxşar kütlə və iki bükümdə psixotrop maddə olan metamfetaminə oxşar vardır. Sorğu-sual zamanı o, içərisindəkinin narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olduğunu və özü istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 əlindəki çantasından bir büküm narkotik vasitə olan marixuananı, bir büküm heroini və 30 manat pulu özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki gödəkcənin cibində olan satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı iki bükümdə 0,046 və 0,261 qram miqdarında olmaqla ümumi çəkisi 0,307 qram miqdarında psixotrop maddə olan metamfetamin və bir bükümdə 0,62 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin, əynində olan gödəkcənin sol yan cibindən üzərində cüzi miqdarda narkotik vasitə-heroin və psixotrop maddə olan metamfetamin hissəcikləri olan bir ədəd elektron tərəzini könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 17/751 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində“Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinə bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,253 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,23 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,21 qram. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd lampa və 1 ədəd ampula” sözləri və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə flakonda olan maddə hissəcikləri- heroin hissəcikləridir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd şüşə lampada olan maddə hissəcikləri psixotrop maddə metamfetamin hissəcikləridir. Heroinin təmiz çəkisi-0,253 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,203 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 17/752 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş 01 ədəd salfetə bükülmüş kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə, təmiz çəkisi- 0,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,62 qram tədqiqata sərf edildi 0,02 qram, qalıq- 0,60 qram. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş kütlələr” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,046 qram, 0,261 qram, ümumi təmiz çəkisi- 0,307 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminlərdir. Həmin 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Metamfetaminin ümumi təmiz çəkisi 0,307 qram, tədqiqata sərf edildi 0,040 (hər ob-0,020 qram) qram, qalıq-0,267 qram. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş tərəzi” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri-metamfetamin hissəcikləri və heroin hissəcikləridir. Həmin heroin hissəcikləri və metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək müm olmadı. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd zərfin içərisində oian 01 (bir) ədəd salfet kağızı bükümdəki qurudulmuş marixuna ilə digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdəki qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd şüşə ampuladakı metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlə digər 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd gümuş-ağ rəngli kağız bükümlərdə olan metamfetaminlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 15 dekabr 2021-ci il tarixli 1512 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 11 dekabr 2021-ci il tarixli 1503 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən və metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Biləsuvar rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1(022)-10/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 12 avqust 2016-cı il tarixdə Xəzər rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli qərarı ilə CPM-nin 513 və 520-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Yevlax rayon İcra Şöbəsinin 30 yanvar 2017-ci il tarixli 220/2 nömrəli arayışına əsasən cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli, 2339 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 7(003)- 189/2016 saylı, 12 avqust 2016-cı il tarixli qərarına əsasən 5 ay 16 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş və o, cəzasını 31 yanvar 2017-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Dövlətqaçqınkomun Yevlax rayon üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 02:00-da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 oktyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 oktyabr 2021-ci il tarixli şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 06:00-da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 4(039)-153/2021 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qızının törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur, ona görə də onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə düzgün olaraq ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, onların barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf edib peşman olmasını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 13 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Biləsuvar rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Ağdam rayonu, Quzanlı qəsəbəsini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Ağdam rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkiləri 0,203 qram heroin, 0,21 qram, 0,79 qram qurudulmuş marixuanalar, 0,267 qram metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd 50, 1 ədəd 10 və 1 ədəd 20 manatlıq pul əskinasları sahibi Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 211 (iki yüz on bir) manat 56 (əlli altı) qəpik təşkil edir, həmin məbləğdən 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik Təqsirləndirilən şəxs1, 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) qəpik Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Biləsuvar rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə cəza müddəti ərzində yaşadığı Ağdam rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Ağdam rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Ağdam rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkiləri 0,203 qram heroin, 0,79 qram qurudulmuş marixuanalar, 0,267 qram metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd 50, 1 ədəd 10 və 1 ədəd 20 manatlıq pul əskinasları sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərindən 211 (iki yüz on bir) manat 56 (əlli altı) qəpik təşkil edir, həmin məbləğdən 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik Təqsirləndirilən şəxs1, 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) qəpik Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 13 (on üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-30/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-30/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver