Məhkəmə qərarları › İş №1(039)-33/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-33/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-33/2025 12.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçının nümayəndəsi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Yevlax rayonunun Xanabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, Yevlax rayonunun Xanabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.6-cı hissəsinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 29 may 2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir su anbarının Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən hissəsinə gələrək orada özü ilə gətirdiyi 01 rezin kombinezon və 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə 30 may 2024-cü il tarixdə saat 11:30-dək olan müddət ərzində 31 ədəd hər biri 33 manat olmaqla 1023 manat dəyərində sıf balıqları, 2 ədəd hər biri 11 manat olmaqla 22 manat dəyərində çapaq balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1045 (bir min qırx beş) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 11:30-da X13 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 31 ədəd sıf və 02 ədəd çapaq balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi işlərlə məşğul olur. Maddi vəziyyəti ağır olduğu üçün Mingəçevir su anbarının Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən hissəsində balıq tutmaqla ailəsinə qida əldə etmişdir. Balıq tutmaq üçün 1 ədəd rezin kombinezondan, 1 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsindən istifadə etmişdir. 29 may 2024-cü il tarixdə növbəti dəfə balıq tutmaq məqsədi ilə saat 19 radələrində Mingəçevir su anbarının Yevlax rayonu Xanabad kəndi ərazisisində yerləşən hissəsinə gəlmişdir. Həmin ərazi onun yaşadığı kəndin ərazisidir. Orada ona məxsus 1 ədəd rezin kombinezondan və 1 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə su anbarına daxil olmuşdur. Əvvəlcədən özü ilə götürdüyü uzunluğu 40 metr olan “Lina” adlandırılan balıq ovlama vasitəsini Mingəçevir su anbarında qurub yaşadığı ünvana qayıtmışdır. 30 may 2024-cü il tarixdə saat 09 radələrində yenidən Mingəçevir su anbarına getmişdir. Yenidən 1 ədəd rezin kombinezondan istifadə edərək Mingəçevir su anbarına girmişdir. Əvvəlcədən qurduğu “Lina” adlandırılan balıqovlama vasitəsinə baxan zaman çoxlu sayda sıf və çapaq balıqları tutduğunu görmüşdür. Həmin gün saat 11 radələrində balıqları və “Lina” adlandırılan balıq ovlama vasitəsini sudan çıxardıb sahilə çıxarkən Mingəçevir XPM-nin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd rezin kombinezon və uzunluğu 40 metr olan 1 ədəd “Lina” adlandırılan balıq ovlama vasitəsini və ondan istifadə etməklə Mingəçevir su anbarından qanunsuz tutduğu 31 ədəd sıf və 2 ədəd çapaq balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına balıq tutmanın qadağan olunduğunu bilmədiyini bildirmişdir. Polis əməkdaşları ondan aşkar edilmiş balıqovlama vasitəsinə və həmin balıqovlama vasitəsindən istifadə etməklə Mingəçevir su anbarından qanunsuz tutduğu 31 ədəd sıf və 02 ədəd çapaq balıqlarına baxış keçirib videogörüntü ilə çəkiliş apararaq müvafiq protokol tərtib etmişlər. Balıq tutmanın qadağan edildiyini bilmiş, lakin başqa çıxış yolu olmadığına görə, qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları vardır. Balıq ehtiyyatlarına vurmuş olduğu 1045 manat məbləğində ziyanı tamamilə ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin, eyni zamanda mülki iddiaçının nümayəndəsi X9 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Su NPİ-nin Mingəçevir xətt polis şöbəsinin əməkdaşları ekoloii cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1979-cu il təvəllüdlü, Yevlax rayonu Xanabad kəndində yaşayan Təqsirləndirilən şəxs Mingəçevir su anbarının Yevlax rayonu Xanabad kəndi ərazisindən yerləşən hissəsində “Lina” adlı balıqovlama vasitəsilə qadağan edilmiş vaxtda qanunsuz 31 ədəd sıf və 02 ədəd çapaq balıqlarını tutub Mingəçevir su anbarından çıxarkən saxlanılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd sıf balığı üçün ziyanın miqdarı 33 manat, 1 ədəd çapaq balığı üçün ziyanın miqdarı 11 manat təşkil edir. Belə olan halda dəymiş ziyan 1045 manat təşkil etdiyi müəyyən olunmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 30 may 2024-cü il tarixdə X13 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin polis nəfəri Şahid3 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 11:30 radələrində Mingəçevir Su anbarının Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən hissəsində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd “Lina” adlanan balıqovlama vasitəsi və 31 ədəd sıf və 02 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 31 ədəd sıf və 02 ədəd çapaq balıqlarını “Lina” adlandırılan balıqovlama vasitəsilə Mingəçevir su anbarının Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən hissəsindən tutduğunu bildirmişdir. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahid Su NPİ-nin Mingəçevir XPM-nin polis nəfəri Şahid1 ibtidai istintaq zamanı Şahid2 və Şahid3 ifadələrinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. İşdə olan balıqovlama vasitələrinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən istifadə etdiyi 01 ədəd rezin kombinezon, uzunluğu 40 metr olan 01 ədəd “Lina” adlanan balıqovlama vasitəsindən ibarətdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş balıqlara baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, götürülmüş balıqlar bioloji əlamətlərinə görə 31 ədəd sıf və 2 ədəd çapaq balıqlarıdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs 31 ədəd sıf və 02 ədəd çapaq balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına və su bioresurslarına 1045 (bir min qırx beş) manat məbləğində ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-541/2024 nömrəli məktubundan görünür ki, X1 tərəfindən təqdim edilmiş siyahıda və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli 76 nömrəli balıqovlama biletində Təqsirləndirilən şəxs adı balıqçı kimi keçir. İşdə olan 05 iyun 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 30 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd rezin kombinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi, 31 ədəd sıf və 2 ədəd çapaq balıqları maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 30 may 2024-cü il tarixli müvafiq akta əsasən fiziki şəxs X8, həmçinin balıqovlama vasitələri saxlanılması üçün Su NPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 ədəd sıf və 02 ədəd çapıq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 1045 manat məbləğində ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 29 may 2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir Su anbarının Yevlax rayonu, Xanabad kəndi hissəsinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezondan və 01 ədəd «Lina» adlandırılan balıqovlama vasitəsindən istifadə edərək 30 may 2024-cü il tarixdə, saat 11:30-dək olan müddət ərzində 1045 manat dəyərində 31 ədəd sıf və 02 ədəd çapaq balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1045 (min qırx beş) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsaslanaraq ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayət nəticəsində balıq ehtiyatlarına vurduğu 1045 manat məbləğində ziyanı tamamilə ödəməsini, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin Mingəçevir filialının xx.xx.2024-cü il tarixli 7754 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına təbiətə vurduğu 1045 manat ziyanı ödəmiş və cinayət işi üzrə mülki iddia tələbi kimi göstərilmiş 1045 manat tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəməyə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı 1045 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu 1045 manat ziyanı tamamilə ödəməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 və 354.1.2-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın rədd edilməsi əks etdirilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi alət və vasitələr hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlaklar kimi müəyyən olunmuşdur. Belə ki, iş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİnin maddi sübütlar otağına təhvil verilmiş 01 ədəd rezin kombinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 30 may 2024-cü il tarixdə müvafiq akta əsasən Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş 31 ədəd sıf və 02 ədəd çapaq balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi, balıqların təhvil verildiyi fərdi sahibkar X6 üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 30 may 2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X10 ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərər əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını əsas iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsində həvalə edilsin. Təqsirləndirilən şəxs tərəfindən 1045 (bir min qırx beş) manat məbləğində mülki iddianın tam ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 01 ədəd rezin kombinezon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş 31 ədəd sıf və 02 ədəd çapaq balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi, balıqların təhvil verildiyi fərdi sahibkar X6 üzərinə qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 30 may 2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X10 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar