Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-35/2022 15.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İİİ qrup əlil, məhkum olunmamış, barəsində 09 oktyabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Pişəvəri küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,301 qram narkotik vasitə olan heroini 07.10.2021-ci il tarixdə saat 22 radələrində tanışı X3 “Bank Respublika”nın Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən filialının inzibati binasının yaxınlığında 15 manata alaraq əldə edib üzərində saxlamış, həmin gün saat 23 radələrində narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 23:25-dən saat 23:55-dək olan müddət ərzində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,301 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, hərdən narkotik vasitə olan heroin istifadə etmişdir. 07.10.2021-ci il tarixdə saat 22 radələrində narkotik vasitəsi qurtardığına görə narkotik vasitə alıb qəbul etmək qərarına gəlmişdir. Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən «Respublika» bankının yaxınlığında olarkən tanıdığı X5 ilə qarşılaşmışdır. Səbuhinin narkotik vasitə istifadə etməsini və satışı ilə məşğul olduğunu bildiyi üçün ona narkotik vasitə satmasını xahiş etmişdir. Səbuhi ona narkotik vasitə təşkil edəcəyini demişdir. Səbuhiyə 15 manat vermiş, Səbuhi ondan 15 manat alaraq onu gözləməsini və gedib ona narkotik vasitə gətirəcəyin demişdir. Səbuhi getdikdən az sonra onun yanına qayıtmış və ona bir ədəd sellofan bükümdə heroin vermişdir. Həmin heroini gələcəkdə istifadə etmək üçün şalvarının sağ yan cibinə qoymuş və Səbuhidən aralanaraq evlərinə doğru getməyə başlamışdır. Həmin vaxt oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə onun üstünə baxış keçirmişlər. Baxış zamanı içərisində heroin olan bükülüdəki narkotik vasitə əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı o, bükümdəkilərin heroin olduğunu, tanıdığı Səbuhi Məmmədovdan 15 manata aldığını və gələcəkdə istifadə etmək üçün üstündə gəzdirdiyini etiraf etmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində hbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 07 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsi, 3 saylı evdə yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhəri, H.Əliyev prospektində olduğu və üstündə narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı rəhbərliyə məruzə edib icazə alındıqdan sonra şöbənin İTB-nin polis sahə rəisi Şahid2 ilə birlikdə Yevlax şəhəri, H.Əliyev prospektinə getmişlər. Kamrana yaxınlaşıb özlərini təqdim etmişlər və Kamran özünü şübhəli apardığına görə onu polis şöbəsinə getməyi təklif etmişlər. Kamran razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə Kamranın üstünə baxış keçirmişlər. Baxış zamanı Kamranın əynindəki şalvarın sağ yan cibindən bir büküm heroinə oxşar kütlə aşkar etmişlər. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümdəkinin içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin heroini tanıdığı Səbuhi Məmmədovdan 15 manata aldığını bildirmişdir. 25.10.2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs narkotik vasitə satmış X1 şəhəri, Nizami prospektində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə Səbuhinin üstünə baxış keçirmişdir. Baxış zamanı Səbuhinin üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 23-24); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş video çəkililşdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əynindəki şalvarın sağ yan cibindən öxü könüllü olaraq təqdim etmişdir. (iş vər. 26-33); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 08.10.2021-ci il tarixli 17/736 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” sözləri yazılmış zərfin içərisindəki şəffaf sellofana bükülmüş 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi- 0,301 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi- 0,301 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,251 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpikdir. (iş vər 40-42); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 28.12.2021-ci il tarixli 17/875 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə olan heroin ilə üzərində “Şübhəli şəxs X4 üzərindən aşkar olunaraq götürülmüş heroinə bənzər kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. (iş vər 95-97); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 oktyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 64); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( iş vər. 89); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş narkoloji ekspertizasının 29.12.2021-ci il tarixli, 1566 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. ( iş vər.99). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü Sədi və 2018-ci il təvəllüdlü Pəri adlı iki azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax-Pambıq ASC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini və İİİ qrup əlil olmasını, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 oktyabr 2021-ci il tarixdən 09 oktyabr 2021ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Pişəvəri küçəsində yerləşən 3 nömrəli evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 0,251 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 oktyabr 2021-ci il tarixdən 09 oktyabr 2021ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kobinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,251 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-35/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-35/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver