Məhkəmə qərarları › İş №1(039)-35/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-35/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-35/2025 09.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Yevlax rayonu, Varvara kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Varvara kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda qeyd olunur ki, o, istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə etməklə 2024cü ilin istintaqla müəyyən edilməyən tarixdə və saatda yaşadığı Yevlax rayonu Varvara kəndində olan evin həyətindəki bağda torpaq üzərində qəsdən qanunsuz olaraq əkib 03 (üç) ədəd xeyli miqdarda əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 13:10-dan 13:17-dək olan müddət ərzində Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Təqsirləndirilən şəxs Yevlax rayonu Varvara kəndində yaşadığı evin həyətindəki bağ olan hissədə torpaq üzərində aqrotexniki qaydada qulluq edib yetişdirməklə qəsdən qanunsuz olaraq kultivasiya etdiyi ümumi təmiz çəkisi 1705 qram olan, 90 sm-dən 110 sm-dək hündürlükdə cəmi 03 (üç) ədəd xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax rayonu Varvara kəndində ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, subaydır, əvvəllər məhkum olunamışdır. Özü narkotik vasitə istifadəçisidir. 2024-cü ilin aprel ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Yevlax rayonu Varvara kəndində yerləşən yaşadığı evin həyətində əvvəldən tapdığı çətənə kollarının toxumlarını əkmişdir. Həmin müddətdən sonra mütəmadi olaraq əkdiyi çətənə kollarına aqrotexniki qaydada qulluq etməyə, becərməyə başlamışdır. Çətənə kolları yetişərkən o, bir neçə dəfə kolların dibinə qulluq edib, sulamışdır. O, 22 oktyabr 2024-cü il tarixdə yaşadığı evdə olan zaman Yevlax RPŞ-nin əməkdaşları yaşadığı evin qarşısında onu saxlayaraq narkotik tərkibli çətənə kolları əkməyi barədə məlumat aldıqlarını, bunun üçün evinin həyətinə baxmaq üçün icazə istəmişlər, o da heç bir etiraz etməmiş və könüllü razılıq vermişdir. Əvvəlcə polis əməkdaşları videoçəkilişlə yaşadığı evin qarşısında onun üstünü yoxlamışlar, lakin üzərindən narkotik vasitə və ya psixotrop maddə, eləcə də başqa qanunsuz əşya, predmet aşkar edilməmişdir. O, yaşadığı evin həyətində yerləşən bağ sahəsində narkotik tərkibli çətənə kollarını əkməyini polis əməkdaşlarına bildirmişdir. Daha sonra narkotik tərkibli çətənə kolları əkdiyi yerə, yəni bağ sahəsinə polis əməkdaşları və aqronomun iştirakı ilə baxış keçirilmiş və oradan əkdiyi 03 (üç) ədəd çətənə kolları aşkar edilmiş, baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur və o, videoçəkiliş aparılan zaman həmin çətənə kollarının özünə məxsus olmasını, lakin istifadə etmədiyini, gələcəkdə istifadə edəcəyi üçün əkib-becərdiyini etiraf etmişdir. Özü narkotik vasitə istifadə edir, bu çətənə kollarını özü istifadə etmək üçün əkmişdir. Bundan sonra həyətində yerləşən bağ sahəsindən aşkar edilmiş çətənə kolları ekspertiza tədqiqatı üçün ağ rəngli sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları onu şübhəli şəxs qismində həyətindən aşkar edilmiş 03 (üç) ədəd narkotik tərkibli çətənə kolları ilə birlikdə rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Rayon Polis Şöbəsində təhqiqatçının xidməti iş otağında onun, aqronomun və polis əməkdaşlarının iştirakı ilə həyətində və üzərində keçirilən baxış zamanı çəkilmiş videogörüntülərə və həyətində yerləşən bağ sahəsindən aşkar edilmiş 3 (üç) ədəd narkotik tərkibli çətənə kollarına baxış keçirilmişdir. Daha sonra hüquqlarının müdafiəsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri ona izah olunmuş və həmin gün təqdim olunmuş vəkillərin siyahısından seçdiyi vəkil Hüseyn Abbasovun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Lakin üzərindən narkotik vasitə və ya psixotrop maddə, eləcə də başqa qanunsuz əşya, predmet aşkar edilməmişdir. O, tərtib olunmuş protokollara imza etmişdir. O, yaşadığı kəntdə mal nöbatına getdiyi bildirmiş, bu nöbatın qış aylarında səhər saat 08 radələrindən axşam saat 06 kimi və yay aylarında isə səhər saat 07 radələrindən axşam 22 radələrinədək olduğunu qeyd etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat baş müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən Yevlax rayonu Varvara kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanması, hazırlanması, istehlakı və yaşadığı ünvanda çətənə bitkilərini əkib-becərməsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs Yevlax rayonu Varvara kəndində yaşadığı evin qarşısında piyada hərəkətdə olarkən görmüşlər və onu şübhəli şəxs qismində saxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində bağ sahəsində 03 ədəd narkotik tərkibli çətənə bitkisi əkib becərməsini bildirmişdir. Bundan sonra mütəxəssis qismində aqronomun iştirakı ilə o və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olaraq baxış keçirilməyə başlanılmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həyətində yerləşən bağı göstərərək orada əkdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Təqsirləndirilən şəxs həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərini təxminən 2024-cü ilin aprel ayında özünün şəxsi istifadəsi üçün əkdiyini, heç kimə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Yevlax rayon DAİM-nin Bitkiçilik sektorunun baş məsləhətçisi Musazadə X2 Məmmədovun həyətində yerləşən bağda əkilib becərilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərərək həmin bitkilərin xüsusi aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə bitkiləri olmasını bildirmişdir. Daha sonra həmin 03 ədəd narkotik tərkibli çətənə bitkiləri o, və digər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq ekspertiza tədqiqatı üçün 01 ədəd şəffaf rəngli sintetik bağlamada qablaşdırılmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həyətində yerləşən bağdan aşkar olunmuş 03 ədəd narkotik tərkibli çətənə bitkiləri və şübhəli şəxsin üstünün yoxlanılması və yaşadığı evin həyətinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi 02 ədəd kompakt CD disklər və şübhəli şəxs Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış təhqiqatçının və vəkilin iştirakı ilə keçirilmiş və aparılan şəxsi axtarış və götürmə polis əməkdaşı tərəfindən video yazı vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra şəxsi axtarış və götürülmənin keçirilməsi nəticələrinə dair protokol tərtib edilmiş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X3 Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Şahid3 ifadəsində bildirmişdir ki, o, halhazırda Yevlax rayon DAİM-nin Bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. 22 oktyabr 2024-cü il tarixdə Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul olunmuş qərarla mütəxəssis qismində iştirakı vacib olduğundan Yevlax rayonu Varvara kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda çətənə bitkilərini əkib-becərməsi ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilən baxışda iştirak etmək üçün dəvət edilmişdir. Bundan sonra onun və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olaraq videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həyətində yerləşən bağı göstərərək orada əkdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Təqsirləndirilən şəxs həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərini təxminən 2024-cü ilin aprel ayında özünün şəxsi istifadəsi üçün əkdiyini, heç kimə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs həyətində yerləşən bağda əkilib becərilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərərək, həmin bitkilərin xüsusi aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə bitkiləri olmasını demişdir. Daha sonra həmin 03 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq ekspertiza tədqiqatı üçün 01 ədəd şəffaf rəngli sintetik bağlamada qablaşdırılaraq, DİN-in zərflər üçün 85 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra CABnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən protokollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Varvara kəndində yerləşən yaşadığı evin həyətyanı 3 ədəd aqrotexniki qaydada quluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 90 sm - 110 sm uzunluqda 03 ədəd bitki kolları aşkar olunaraq götürülmüşdür.(müvafiq DVD disk əlavə olunub). (iş vər.17-22); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 34-35); Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir.(iş vər.40-46); Məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-17/840 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Yevlax rayonu Varvara kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən əkilməsi və becərilməsi qadağan olunmuş narkotik tərkibli bitki koluna bənzər bitki.” yazısı, imzalar və adlar olan sintetik bağlamanın içərisindəki, uzunluqları 90 sm-dən 110 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri- 1705,0 qram olan 03 (üç) ədəd bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid3 (mütəxəssis) 22 oktyabr 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə bitkilərinin ümumi çəkisi-1705,0 qram, cəmi tədqiqata sərf edildi- 0,60 qram (ob.0,20qram) qalıq-1704,40 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır.(iş vər. 54-56); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(iş vər.78.79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.(iş vər.82); Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.86-87); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür.(iş vər. 104); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik bitki kolları məhv edilməli, hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut- 03 ədəd yaş vəziyyətdə çəkisi 1704,40 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat, 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar