Məhkəmə qərarları › İş №1(039)-36/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-36/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-36/2025 05.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi (vəkili) Müdafiəçi, Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşgul olan, əvvəllər məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax rayonu Salahlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə Yevlax rayonu Balçılı kənd sakini Zərərçəkmiş şəxs pul müqabilində aldığı bir baş iribuynuzlu heyvanı sağlamlıq vəziyyətinin yaxşı olmaması səbəbindən yenidən Zərərçəkmiş şəxs geri qaytardıqdan sonra 05 oktyabr 2024-cü il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Yevlax rayonu Balçılı kəndinə gedərək sonuncunun yaşadığı evin qarşısındakı küçədə Zərərçəkmiş şəxs heyvanı geri qaytardığından pulunun da ona geri qaytarmasını tələb edən zaman Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı o, ictimai yer hesab edilən küçədə şəxsi münasibətlərdən kənara çıxmaqla ətrafda yaşayan insanların narahatçılığına səbəb olan uca səslə Zərərçəkmiş şəxs qarşı nalayiq söyüşlər söyməklə mübahisə edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə onun ucadan səsküy etməsinə görə narahatçılıq keçirərək küçəyə toplaşmış çoxsaylı şəxslərin gözü qarşısında qəsdən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq sonuncuya səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xayalığın qançırı, dərialtı hematoması, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol kürəkaltı nahiyənin, sağ bazunun 1/3-nin yan səthinin çoxsaylı sıyrıqları, boyunun sağ və sol yan səthinin sıyrıqları xəsarətlərini yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qonşu Balçılı kəndində Mehman adlı şəxs yaşayır. Mehman təsərrüfatla məşğul olur. 04 oktyabr 2024-cü il tarixdə Bərdə rayonu ərazisində olan mal bazarına getmişdir. Mehmanın özünə məxsus olan avtomobilin arxasına bir baş inək bağladığını görmüş və ilkin olaraq Mehmanla görüşüb, ona inəyi neçəyə satdığını soruşmuşdur. Mehman ona həmin bir baş inəyi 2000 manata satdığını bildirmişdir. O, Mehmana həmin inəyə görə 1800 manat pul verəcəyini demişdir. Həmin inəyi almaq üçün Mehmanla 2000 manata razılaşıb və bir baş inəyə görə Mehmana 2000 manat pul verib inəyi alıb evinə aparmışdır. Həmin inəyi avtomobildən düşürdükdə inəyin ağzından selik gəldiyini və yemək yemədiyini görmüşdür. Bundan sonra o, Mehmana məxsus olan mobil nömrəyə zəng vuraraq, inəyin xəstə olmasını demişdir. Mehman isə ona həmin heyvanı sahəyə çıxarmasını və açıq sahədə otarmasını bildirmişdir. O, inəyi sahəyə çıxarmış, lakin həmin inək ot yeməmişdir. Bundan sonra Mehmanla əlaqə saxlayaraq, inəyin ot yemədiyini və Mehmana inəyin xəstə olmasını demişdir. 05 oktyabr 2024-cü ildə inəyin yemək yemədiyini görüb, yenidən Mehmanın mobil nömrəsinə zəng vurmuş və inəyin yemək yemədiyini və xəstə olduğunu bildirmişdir. Bundan sonra Mehmanı nə qədər gözləsə də, Mehman inəyə baxmaq üçün həmin yerə gəlməmişdir. Atası Güman inəyin xəstə olduğu üçün qaytarmasını bildirmişdir. Bundan sonra həmin günü saat 19 radələrində xəstə inəyi atası ilə qardaşı Sərxan Mehmanın evinə aparmışıar. Atası Gümana zəng edərək Mehmanın 2000 manat pulu geri qaytrıb-qaytarmamasını soruşmuşdur. Atası Güman ona Mehmanın pulu qaytarmadığını və pulunun olmadığını dediyini bildirmişdir. Həmin vaxt özünə məxsus olan avtomobilə əyləşib, Mehmanın evinə getmişdir. Mehmandan nə üçün pulu qaytarmadığını soruşmuş, Mehman isə ona inəyin xəstə olmadığını, pulu qaytarmayacağını demişdir. Mehmanın pul verməyəcəyini görüb, oradan avtomobilinə əyləşib çıxıb getmişdir. Həmin vaxt Mehmanı vurmamışdır. Məhkəmənin sonrakı iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda tam təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, bir baş heyvana görə verdiyi 2000 manat pulu zərərçəkmiş şəxsdən tələb etmədiyini, himayəsində azyaşlı uşaqlarının olduğunu olduğunu göstərərək, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, kənd təsərrüfatı ilə məşğul olub, ailəsini dolandırır. 04 oktyabr 2024-cü il tarixdə özünə məxsus olan bir baş inəyi satmaq üçün Bərdə rayonu ərazisində olan mal bazarına getmişdir. Təxminən saat 05 radələrində Sərxan gəlib ona həmin bir baş inəyi 1500 manata satmasını demişdir. O, isə həmin inəyi 2000 manata satacağını, Sərxan isə həmin inəyə görə 1950 manat pul verəcəyini bildirmişdir. Lakin, o həmin inəyi 2000 manatdan satacağını demişdir. Bazarı gəzərək, bazarda inəyin və digər heyvanların qiyməti ilə maraqlanmış və geri qayıdan zaman inəyinin avtomobilinin arxasına bağladığı yerdə olmadığını görmüşdür. İnəyin oğurlanmasını fikirləşərək DİN-in 102 zəng xidmətinə məlumat vermək istəmişdir. Bu zaman Sərxan adlı şəxs ona məxsus inəyin qardaşı Pərvində olduğunu deyib, ona 1950 manat pul vermək istədiyini bildirmişdir. O, həmin pulu götürməmiş və inəyin qiymətinin 2000 manat olmasını demişdir. Bundan sonra Pərvin onunla razılaşaraq ona 2000 manat pul vermişdir. 04 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Pərvin onun evinə gələrək ona məxsus olan camışın satılmasını eşitdiyini və buna görə də həmin camışı almaq istədiyini bildirmişdir. O, həmin camışı 2700 manat satacağını demişdir. Pərvin isə onun dediyi qiymətlə razılaşmayaraq 2000 manat pul verəcəyini deyib çıxıb getmişdir. 05 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində Pərvin qardaşı Sərxan atası Gümanla birlikdə ondan aldığı bir baş inəyi evdə olmadığı zaman evin həyətyanı sahəsinə gətirib buraxmışlar. Evə gələn zaman bir baş inəyin həyətdə olduğunu görmüş və bir az keçmiş Sərxan və Güman onun yaşadığı evə gəlmişlər. Təxminən 40 dəqiqə keçəndən sonra Pərvin onun evinə gələrərk inəyi qaytarmaq istədiyini və verdiyi 2000 manat pulu geri qaytarmasını tələb etmişdir. Pərvinə pulunun olmadığını və pulu xərclədiyini deyərək, inəyi aparmasını bildirmişdir. Pərvindən inəyi nə üçün qaytardığını soruşduqda Pərvin ona inəyin xəstə olduğunu bildirmişdir. Pərvinə pulunun olmadığını və pul verməyəcəyini dedikdə, Pərvinin onun üstünə gələrək onu nalayiq ifadələrlə söyərək sifətinin sol tərəfindən yumruqla, sol ayağına isə təpiklə vurmuşdur. Bu zaman səs küyə ora qonşuları gəlmiş və onları aralaşdırmışlar. Lakin Pərvinin sakitləşməyərək onun üstünə gəlib onun boğazından tutub, kürəyinə və xayasına vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı Pərvinin qardaşı Sərxan da onu döymüşdür. Təqsirləndirilən şəxslə barışmamış, onu bağışlamamış və hazırda şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı verdiyi ifadəsində göstərmişdir ki, 05 oktyabr 2024-cü il tarixdə təxminən saat 19-20 radələrində evdə olan zaman tanımadığı şəxslərin əri Mehmanı çağırdığını eşitmiş və onlara nə lazım olduğunu soruşmuşdur. Həmin şəxslər Mehmanın onlara satdığı inəyi qaytarmaq üçün gətirdiklərini və Mehmandan inəyin pulunu geri almaq üçün gəldiklərini bildirmişlər. O, həmin şəxslərə Mehmanın sahəyə getdiyini və hal-hazırda evdə olmadığını demişdir. Həmin şəxslər inəyi qapının ağzına düşürüb həyətə buraxmışlar və orada Mehmanın gəlməsini gözləmişlər. Bir az sonra evdə olan zaman qapısının ağzından ucadan səs-küy gəldiyinin eşitmiş və evin otağından çölə çıxmışdır. Qapıdan çıxıb yola tərəf gedəndə tanımadığı, lakin sonradan adının Pərvin olduğunu öyrəndiyi şəxsin əri Mehmanı boğmasını görmüş və bu zaman kənd camaatının köməyə gəlməsi üçün qışqırmışdır. Qışqırdıqdan sonra küçəyə təxminən 40-50-ə yaxın kənd sakini gəlmişdir. Həmin vaxt Mehman ona evə getməsini demiş, o da kənd sakinlərinin gəldiyini görüb evə getmişdir. Bir müddət sonra əri Mehmanın evə gələndə boğazında əl izlərinin olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşının oğludur. 05 oktyabr 2024-cü il tarixdə təxminən saat 19-20 radələrində öz həyətində olan zaman çöldən səs-küy gəldiyini eşitmiş və nəvəsi ona kənd adamlarının Mehmanın evinə tərəf getdiklərini bildirmişdir. O da narahat olduğu üçün Mehmanın evinə tərəf getmişdir. Mehmanın evinə çatanda küçədə Pərvinin Mehmanı boğduğunu, Pərvinin atasının isə onları ayırmağa çalışfığını görmüşdür. Bu zaman həmkəndlisi Fazil də ortalığa girərək onları aralaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və uzaq qohumudur. Zərərçəkmiş şəxs evi ilə onun evinin arasındakı məsafə təxminən 100-150 metrə yaxındır. xx.xx.2024cü il tarixdə təxminən saat 20:00 radələrində evinin həyətində mal-qaranı yerbəyer etdiyi vaxt kəndin içində qadın qışqırığını eşitmişdir. Tez həmin səs tərəfə getmiş və həmkəndlisi Zərərçəkmiş şəxs həyətinin qabağında adamların topalaşdığını görmüşdür. Zərərçəkmiş şəxs qapısının ağzına çatanda qonşu kənd olan Salahlı kəndində yaşayan tanıdığı Gümanın oğlu Pərvinin Zərərçəkmiş şəxsla mübahisə etdiyini və həmin vaxt Pərvinin Mehmanın boğazından tutaraq itələdiyini görmüşdür. Mübahisə zamanı Pərvinin Mehmanı vuduğunu görməmişdir. O və orada olan digər şəxlər onları ayırmışlar. Sonra Pərvin, daha sonra isə Pərvinin atası həmin yerdən getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, oğlu Pərvin xx.xx.2024-cü il tarixdə Bərdə rayonu mal bazarında Balçılı kənd sakini Zərərçəkmiş şəxs 1 baş iribuynuzlu heyvanı 2000 manata alıb kəndə evə gətirmişdir. Gətirdikdən sonra inəyə ot vermiş və inək ot yeməmişdir. Heyvanın xəstə olmasından sübhələnərək heyvanı aparıb Mehmanın həyətinə buraxmışlar, lakin Zərərçəkmiş şəxs heyvanı geri götürmək istəmədiyindən aralarında Mehmanla mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onlara heyvanın pulunu verə bilməyəcəyini demiş, həmin vaxt aralarında mübahisə yaranmış və oğlu Pərvin əli ilə Mehmanın sinəsindən itələmişdir. Hadisə vaxtı oğlu Pərvin Zərərçəkmiş şəxs vurmamışdır. Bundan sonra Pərvin çıxıb getmiş, sonra isə o da həmin yerdən getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid1 qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mehman onun kürəkənidir. xx.xx.2024-cü il tarixdə evdə olan zaman təxminən saat 19-20 radələrində ucadan səs-küy eşitdiyi üçün otaqdan çölə çıxmış və bu zaman darvazanın ağzında küçədə çoxlu kənd sakinlərinin yığışdığını görüb darvazadan çölə çıxmış və qapının ağzında tanımadığı bir nəfər şəxsin onun kürəkəni Mehmanın boğazından tutaraq boğduğunu görmüşdür. O, həmin şəxsin əlini Mehmanın boğazından çəkən anda Mehman ona evə getməsini və kişi söhbətinə qarışmamasını demişdir. Mehmanın sözünü eşidib evə getmiş və sonradan Mehmandan nə baş verdiyini soruşduqda, Mehman ona inək satdığı adamların gəldiklərini və həmin şəxslərin inəyi ona geri qaytarmaq istədiyini, buna görə də aralarında mübahisə baş verdiyini demişdir. Mehman ona mübahisə zamanı Pərvin adlı şəxsin onun boğazından tutaraq boğduğunu və xayasına təpiklə vurduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 636 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sol kürəkaltı nahiyənin, sağ bazunun orta 1/3nin yan səthinin çoxsaylı sıyrıqları, boyunun sağ və sol yan səthinin sıyrıqları, xayalığın dərialtı hematoması və qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən xayalığın qançırı, dərialtı hematoması səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü Məhəmməd və 2016-cı il təvəllüdlü Zəhra adlı iki azyaşlı uşağı vardır. Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işi üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış üzləşdirmə istintaq hərəkətlərinin köçürüldüyü 03 ədəd kompakt disklər və 01 ədəd səs yazısı olan kompakt disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üzləşdirmə istintaq hərəkətlərinin köçürüldüyü 03 ədəd kompakt disk və 01 ədəd səs yazısı olan kompakt disk cinayət işinin materiallarında saxlanılsın Hökmün icrası Yevlax rayon icra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar