Məhkəmə qərarları › İş №1(039)-37/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-37/2020

19.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-37/2020 19.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X1 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs , müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında şəxsi münasibətlər zəminində qaynatası Zərərçəkmiş şəxs kəllə ilə sifət və burun nahiyəsinə vuraraq ona sol qaşın iç bucağının, sol gözaltı nahiyənin əzilmiş yaraları, burun belinin sıyrığı ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qaynatasıdır. xx.xx.2020-ci il tarixdən o, qaynatası və qaynatasının qaynı Arifi yaşadığı evə qonaq dəvət etmiş, qaynatasına onlara gəldikdə spritli içki olan araq da almasını xahiş etmişdir. Vahid də Ariflə birlikdə araq alaraq onlara gəlmiş, yaşadığı evdə oturub yemək yeyib və araq içmişlər. Saat təxminən 20 radələrində qaynatası qaynı Ariflə birlikdə getmək üçün qapının qarşına çıxmış və qaynatası Vahid onu yanına çağıraraq onları yola salmaq üçün taksi çağırmağını istəmişdir. O isə taksi çağırmadığı üçün aralarında sözlə mübahisə yaranmışdır. Qaynatası onun üstünə gəlmiş və o qaynatasının sinəsindən itələmişdir. Qaynatası isə yerə yıxılmışdır. Bundan sonra qaynatası yenə onunla mübahisə etmişdir. Mübahisə zamanı qaynatası gələrək çəliklə onu vurmaq istəmiş, lakin vura bilməmişdir. O, isə əsəbi olduğu üçün Vahidin sifət nahiyəsindən kəllə ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt yanlarında Arifdən başqa heç kəs olmamışdır. Etdiyi əməldən səmimi peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində yaşayan kürəkəni Təqsirləndirilən şəxs onu öz evlərinə dəvət etmiş, qaynı Şahid də özü ilə birlikdə onlara gətirməsini və araq almasını xahiş etmişdir. O da araq alaraq Ariflə birlikdə kürəkəni Nəsimi yaşayan evə getmişdir. Nəsimigildə oturub yeyib-içdikdən sonra evdən çıxmış və Arifi yola salmaq üçün kürəkənindən taksi çağırmasını xahiş etmişdir. Kürəkəni Nəsimi isə ona kobud cavab vermiş və aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı kürəkəni onu öz evlərinin qarşısında saat təxminən 20 radələrində sinəsindən itələyərək yerə yıxmış, o kürəkəninin onu itələyib yıxmasından əsəbləşmiş və aralarında yenə mübahisə olmuşdur. Mübahisə zamanı Nəsimi Arifin yanında kəllə ilə onun baş nahiyəsinə bir dəfə var gücü ilə vurmuş və o da sol göz və burun nahiyəsindən xəsarət almışdır. Sonra isə Arif onları aralaşdırmışdır. Həmin vaxt yanlarında Arifdən başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli, 115 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol qaşın iç bucağının, sol gözaltı nahiyənin əzilmiş yaraları, burun belinin sıyrığı küt alətin, ola bilsin yumruqla zərbənin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. ( iş vər. 13-14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər.30). Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsilə qarşılıqlı surətdə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə qarşılıqlı surətdə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmədə təqsirini boynuna alması ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar