Məhkəmə qərarları › İş №1(039)-37/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-37/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-37/2021 17.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli 1(039)-93/2020 saylı hökmü ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində xx xxxxxx 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Şirvani küçəsi, ev 33-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 16.45 radələrində dəmir yolunun Yevlax-Bərdə mənzilinin 2-ci km-də “xxxx” QSC-nin Yevlax dəmiryol stansiyasının təşkilatlara gedən dalan yolundan “xxxx” QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsinə məxsus olan 1 (bir) ədədinin dəyəri 16,79 manat təşkil edən cəmi 151,11 manat dəyərində 9 (doqquz) ədəd təkrar istifadəyə yararlı rels altlıqlarını və 1 (bir) ədədinin dəyəri 0,62 manat təşkil edən cəmi 9,92 manat 16 (on altı) ədəd yol mıxını (kastil) gizli yolla talayaraq Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsinə ümumilikdə cəmi 161,03 manat (yüz altmış bir manat sıfır üç qəpik) məbləğində maddi ziyan vurmaqla dəmir yolu xəttlərinə münasibətdə qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-2ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhəri, Şirvani küçəsi ev 33-də ailəsi ilə birlikdə yaşayır. Evlidir və üç övladı var. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə məhkum olunmuşdur. Özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə qismən təqsirli bilir. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə “Kolxozstroyun” həyətində dəmir yolunun kənarında çardaq görmüş, elə bilmişdir ki, həmin çardaq sahibsizdir, ona görə də həmin çardağın dəmir barmaqlığını sökmək qərarına gəlmişdir. Lakin dəmir barmaqlığı əli ilə sökə bilməmiş, ona görə də yaxınlıqdan keçən dəmir yolundan 1 ədəd mıx çıxardıb həmin mıxla çardağın barmaqlığını açıb götürmüşdür. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə aparmışlar. Onun əynində olan sarı rəngli jilet təxminən 2-3 il bundan qabaq o, Gəncə şəhərində yol idarəsində işləyən zamandan onda qalmışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2001-ci ildən xxxx QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsində müxtəlif vəzifələrdə, 2013-cü ildən isə hazırda tutduğu vəzifədə, yəni sahə rəisinin müavini vəzifəsində işləyir. xx xxxxxxxx 2020ci il tarixdə Yevlax st.XPŞ-dən 13 nömrəli Yevlax yol sahəsinə məlumat verdilər ki, əvvəllər də dəmir yolundan oğurluq etmiş X2 yenə dəmir yolundan rels altlıqlarını oğurlayıb aparan zaman saxlanılmış və oğurladığı əşyalarla birlikdə polis şöbəsinə gətirilmişdir. Bundan sonra sahənin rəisi Ramiz Cavadovun göstərişinə əsasən o, və sahənin baş mühəndisi Saleh Məmmədov oğurluq olunan əraziyə getmişlər və orada polis əməkdaşları ilə birlikdə əraziyə baxş keçirmişlər. Məlum olmuş ki, oğurluq olunan yer dəmir yolunun Yevlax-Bərdə mənzilinin 2-ci km-də əvvəllər fəaliyyət göstərmiş təşkilatlara aparan dalan yoldur. Həmin yol Yevlax dəmiryol stansiyasının dalan yoludur, 13 nömrəli Yevlax yol sahəsinin balansınadır. Həmin dəmir yolu xətti vaxtı ilə rayon ərazisində fəaliyyət göstərmiş təşkilatlara gedən yoldur, hazırda həmin təşkilatlar işləmədiyindən qeyd olunan dəmir yolu xətti də istifadə olunmur. Lakin həmin xəttdəki avadanlıqlar, yəni dəmir yolu relsləri, rels altlıqları, rels yanlıqları və s. avadanlıqlar istifadəyə yarım yararlıdırlar. Oğurluq olunan əraziyə baxış keçirən zaman müəyyən olundu ki, oradan 9 ədəd rels altığı və yol mıxları oğurlanmışdır. Bundan sonra onlar polis şöbəsinə gəlmişlər və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 9 ədəd rels altığına və 16 ədəd yol mıxına baxış keçirmişlər və həqiqətən məlum oldu ki, Təqsirləndirilən şəxs oğurladığı 9 ədəd rels altlığı və 16 ədəd yol mıxı dəmir yolunun Yevlax-Bərdə mənzilinin 2-ci km-də əvvəllər fəaliyyət göstərmiş təşkilatlara aparan dalan yoldan oğurlanmışdır. Həmin rels altlıqları yarım yararlı olmaqla təkrar istifadəyə yararlıdırlar. Bundan sonra baş vermiş oğurluq barədə Sahənin rəisi Ramiz müəllim Yevlax st.XPŞ-nə rəsmi müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində 13 nömrəli Yevlax yol sahəsinə ümumilikdə 161,03 manat dəyərində maddi ziyan dəymişdir. Oğurlanmış 9 ədəd rels altlıqlarını və 16 ədəd dəmir mıxları quraşdırmaq və sökmək üçün xüsusi alətlərdən istifadə olunur, lakin oğurluq olunmuş dəmir yolu xətti köhnədir, uzun müddətdir istifadə olunmur, relslərin bərkidildiyi taxta şpallar zaman keçdikçə aşınmalara məruz qalmışdır, çürümələr baş vermişdir. Odur ki, taxta şpalların həmin çürük yerlərindən adi bir daş parçası və ya hər hansı bir küt əşya ilə vuraraq yol mıxarını laxladaraq şpaldan çıxartmaq, bu yolla da rels altlıqlarını bir insan tərəfindən sökülüb götürülməsi mümkündür. Təqsirləndirilən şəxs tərəfindən 13 nömrəli Yevlax yol sahəsinə dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Yevlax st. Xətt Polis Şöbəsinin PPXM-nın manqa komandiri vəzifəsində işləyir. xx xxxxxxxx 2020ci il tarixdə saat 16.45 radələrində PPXM-nın polis nəfəri, polis baş serjantı Şahid2 telefonla ona zəng edərək bildirdi ki, stansiyanın yaxınlığında yaşayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs əynində dəmir yolu işçilərinin geyindiyi sarı rəngli iş jileti geyinmiş vəziyyətdə Yevlax dəmiryol stansiyasının yük məntəqəsi istiqamətinə gedir. Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəlində də dəmir yolundan oğurluq etmişdir. Onun yenə oğurluq edəcəyindən şübhələnmiş və bu barədə şöbə rəisinə məruzə etmişdir. Bundan sonra polis nəfəri Şahid2 bildirmiş ki, Təqsirləndirilən şəxs aralıdan izləsin. Şahid2 ona demiş ki, Təqsirləndirilən şəxs “Kolxozstroy” adlanan yerin həyətinə gedib orada təşkilatlara gedən dalan yolun üstündən dəmir yoluna aid rels altlıqlarını və mıxları taxta şpallardan daşla vurub sökür. Özü də həmin yerə getmiş və uzaqdan Şahid2lə birlikdə onu müşahidə etməyə davam etmişlər. Təqsirləndirilən şəxs dəmir yolundan müəyyən məsafələrlə bir neçə yerdən dəmir yol rels altlıqlarını və dəmir yol mıxlarını çıxarıb əlində olan ağ rəngli un kisəsinə yığmış və heç kim görməsin deyə kolluqda gizlətmişdir. Daha sonra “Kolxozstroy”un həyətində dəmir yolunun yanında olan çardaqdan dəmir barmaqlığı açmış və dəmir yolundan sökdüyü rels altlıqlarını və mıxları gizlətdiyi kolluğun yanına gəlmişdir. O, dəmir yolundan sökdüyü avadanlıqlar və çardaqdan sökdüyü dəmir barmaqlığı sürükləyərək aparan zaman onlar ona yaxınlaşmağa başlamışlar. Təqsirləndirilən şəxs onların ona tərəf getdiyini görüb əlində olan içərisində dəmir yolundan sökdüyü rels altlıqları və mıxlar olan ağ rəngli un kisəsini və çardaqdan sökdüyü dəmir barmaqlığı yerə tullamışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb dəmir yolundan oğurluq etdiyinə görə polis şöbəsinə getməsini bildirmişlər. O, yalan danışaraq dəmir yolundan heç bir şey sökmədiyini, sadəcə yaxınlıqdaki çardaqdan dəmir barmaqlığı sökdüyünü demişdir. Onlar Təqsirləndirilən şəxs əlində olan ağ rəngli kisəni tulladığı yerə gedib baxmışlar və görmüşlər ki, həmin kisənin içərisində həqiqətən rels altlıqları və yol mıxları var. Bundan sonra onlar Təqsirləndirilən şəxs dəmir yolundan sökdüyü əşyalarla birlikdə polis şöbəsinə gətirmişlər və Şahid2 bu barədə raport yazıb şöbə rəisinə məruzə etmişdir. O və Şahid2 Təqsirləndirilən şəxs dəmir yolundan rels altlıqları və mıxları sökərkən mobil telefon vasitəsilə onun fotoşəklini çəkmiş və video çəkiliş etmişlər. Lakin məsafə uzaq olduğundan və mobil telefonun foto-kamerası zəif çəkdiyindən onun üzü görüntülərdə dəqiq seçilmir, lakin əyninə geyindiyi sarı jileti seçilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Yevlax st. Xətt Polis Şöbəsinin PPXM-nın polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Yevlax şəhəri Aeroport qəsəbəsi Hərbi şəhərcikdə yaşayır. Onun yaşadığı yer dəmir yolunun o biri tərəfində yerləşir, həmin yerin avtomobil yolu Yevlax şəhərində Kür çayının üstündən keçən dəmir yolu körpüsünün altından keçir. O, yay aylarında avtomobilini günəşin istiliyindən və şüalarından qorumaq üçün dəmir yolunun yaxınlığında çardaq düzətmiş, çardağın ətrafını da dəmir barmaqlıqlarla bağlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 16.45 radələrində şəhərdən gəlib həmişəki kimi dəmir yolunu keçib yaşadığı evə gedən zaman görmüşdür ki, oradan keçən və istifadə olunmayan dəmir yolu xəttinin üstündə bir nəfər cavan oğlan relslərin altından rels altlıqlarını söküb çıxardır. Həmin vaxt onun əynində dəmiryolu işçilərinin geyindiyi sarı jiletdən olmuşdur. Ona görə də o, fikirləşmişdir ki, o, oğlan da dəmir yolu işçisidir və dəmir yolu xəttində təmir işləri aparır, ona əhəmiyyət vermədən keçib evinə getmişdir. Bir müddət sonra o, küçədə dayanan zaman eşitmişdir ki, dəmir yolunun o biri tərəfindən, yəni “Kolxozstroy” tərəfdən səslər gəlir. O, dəmir yolunun üstünə qalxmış və görmüşdür ki, orada polis avtomobili dayanıb. Polislər də həmin yerdə dəmir yolu relslərinə və onun çardağına baxırlar və foto şəkillər çəkirlər. O, onlara yaxınlaşmış və görmüşdür ki, bayaq evinə gedərkən dəmir yolunun üstündə gördüyü əynində sarı jilet olan oğlan da polislərin yanındadır, əynində də həmin sarı jilet və onun avtomobil saxlamaq üçün düzəltdiyi çardağının dəmir barmaqlığı da çardaqdan sökülmüş vəziyyətdə yerdədir. O, nə baş verdiyini soruşanda bildirmişlər ki, həmin oğlan dəmir yolundan rels altlıqları və onun çardağından dəmir barmaqlığı oğurlayıb aparan zaman polislər tərəfindən saxlanılıb. Həmin şəxs də onun çardağını göstərərək bldirirmişdir ki, yerdəki dəmir barmaqlığı onun çardağından söküb. O, həmin vaxt bilmişdir ki, bayaq evə gedəndə həmin oğlanı görmüşdür. Həmin oğlan dəmir yolundan rels altlıqlarını çıxartmışdır. Lakin əynində sarı jilet olduğundan ona fikir verməmiş, elə bilmişdir ki, dəmir yolu işçisidir və təmir işləri görür. Sonradan bilmişdir ki, həmin əynində sarı jilet olan oğlan dəmir yolu işçisi deyil və orada heç bir təmir işləri aparmamışdır. O, dəmir yolundan rels altlıqlarını və onun çardağından dəmir barmaqlığı oğurlayıb aparırmış. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/3579 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departamentinin 13 nömrəli Yol sahəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 102 nömrəli məlumatdan istifadə edilməklə ekspertiza tədqiqatına nümunə əsasında təqdim edilmiş, istifadə olmuş, təkrar istifadəyə yararlı olan 9 ədəd rels atlığının 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 151,11 (9x16,79) manat, 16 ədəd yol mıxı (kastil) 9,92 (16x0,062) manat olmaqla ümumilikdə 161,03 (bir yüz altmış bir manat sıfır üç qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/04 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən dəmir barmaqlığın metal qırıntı kimi 1 kq-nın 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 0,15 manat, 40 kiloqram 6 manat (40 kq x 0,15m) müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsinin xx xxxxxx 2021-ci il tarixli 12 nömrəli arayışından görünür ki, Azərbaycan Dəmir Yolları” QSC-nin 13 nömrəli Yevlax yol sahəsinin balansında olan dalan yolunda Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 9 ədəd metal rels altdığı və 16 ədəd yol mıxı tam sayda Yevlax XPŞ-si tərəfindən 13 nömrəli Yevlax yol sahəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Yevlax rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(039)-79/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli 1(039)-93/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsi ilə təqsirli bilinib əvvəlki hökmlə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəza il qismən birləşdirilərək üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixinə ona təyin olunmuş 02 (iki) il 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzasından 05 (beş) ay 01 (bir) gününü çəkmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən şəxsiyyət vəsiqəsinin surtəindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Aysu adlı azyaşlı uşağı var. Məhkəmə toplanmış və əldə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən onun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) günü CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. İş ürə maddi sübut olan Yevlax st. Xətt Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan sarı rəngli işçi jileti hökm qanuni qüvvəsini aldıqdan sonra dəyəri olmadığı üçün məhv edilməlidir. İş ürə maddi sübut olan 9 ədəd metal rels altdığı və 16 ədəd yol mıxının qəbz əsasında Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departamentinin 13 nömrəli Yol sahəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) günü CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (10 ay 29 gün azdlıqdan məhrum etmə cəzası) hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş ürə maddi sübut olan Yevlax st. Xətt Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan sarı rəngli işçi jileti hökm qanuni qüvvəsini aldıqdan sonra dəyəri olmadığı üçün məhv edilsin. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar