Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-37/2022 30.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq bir ədədi sellofan və dörd ədəd kağız bükümlərdə olmaqla ümumilikdə beş ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,91 qram, 2,28 qram, 0,71 qram, 0,53 qram və 0,14 qram olmaqla ümumi təmiz çəkisi 5,57qram narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd sellofan bükümdə 0,668 qram narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, 27 oktyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə yaşadığı mənzilin yerləşdiyi Yevlax şəhər Dəmir Yolu binasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 11:50-dən 12:10-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin sol yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı bir ədədi sellofan və dörd ədəd kağız bükümlərdə olmaqla ümumilikdə beş ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,91 qram, 2.28 qram, 0,71 qram, 0,53 qram və 0,14 qram olmaqla ümumi təmiz çəkisi 5,57 qram narkotik vasitə - qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə olan 0,668 qram narkotik vasitə - heroin və üzərində cüzi miqdarda narkotik vasitə heroin hissəcikləri, psixotrop maddə olan metamfetamin hissəcikləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək söyləmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir, ara sıra psixi pozuntuları olur, yaddaşı itir. Təxminən 2021-ci ilin avqust ayında Kür çayının sahilində olan zaman 5 bükümdə narkotik vasitə olan marixuana tapmışdır. Həmin bükümləri sonradan istifadə etmək üçün yaşadığı evdə saxlamışdır. Bundan bir ay sonra isə Bakı şəhərində tanımadığı şəxsdən 40 manata narkotik vasitə - heroin almışdır. Bunun bir hissəsini istifadə etmiş, digər hissəsini isə yaşadığı evdə saxlamışdır. 27 oktyabr 2021ci il tarixdə, səhər saatlarında polis əməkdaşları onun yaşadığı evə daxil olaraq axtarış aparmış və evdə saxladığı həmin narkotik vasitələri və özü üçün aldığı tərəzini aşkar edib götürərək onu Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Orada ona bildirmişlər ki, evdən tapdıqları narkotik vasitələri üzərində gəzdirdiyini etiraf etməlidir. Onların təklifi ilə razılaşmış və etiraf etmişdir ki, narkotik vasitələr üzərində olmuşdur. Evdən tapılan narkotik vasitələr onun özünə məxsusdur, öz istifadəsi üçün saxlamışdır. Tərəzini isə dükanda görmüş, xoşu gəldiyi üçün almışdır. Narkotik vasitələri satmaq niyyəti olmamışdır. Əməlindən peşman olduğunu, yalnız narkotik vasitə saxladığına görə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 oktyabr 2021-ci il tarixdə polis şöbəsində olan zaman ona ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxlanması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Bu məlumat əsasında raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmiş və bu müraciət əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvü, Yevlax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə təxminən saat 11:00-da, Təqsirləndirilən şəxs yaşadığı küçəyə getmiş və onun binanın qarşısında olduğunu görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Yaşar Əlizadı heç bir etiraz etmədən onlarla Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Bu zaman onun əynində olan gödəkcənin iç cibindən 01 ədəd elektron tərəzi, gödəkcəsinin sol yan cibindən müxtəlif materialdan 06 ədəd bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bükülülərdən 5 ədədinin içində olan ot mənşəli kütlə marixuanadır, iki ay öncə Kür çayının sahilindən tapmışdır, 1 ədədinin içində olan toz şəklində olan kütlə isə heroindir, bir ay öncə Bakı şəhərindən, tanımadığı şəxsdən 40 manata almış, bir hissəsindən istifadə etmiş, digər hissəsini isə sonra istifadə etmək üçün saxlamışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilə polis əməkdaşları ümumiyyətlə daxil olmamışlar. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən video yazıya baxış keçirilmiş və həmin yazıda 27 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 06 ədəd bükülünün aşkar olunması təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 17/773 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, “üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,668 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 (bir) ədəd və 4 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -1,91 qram, 2,28 qram, 0,71 qram, 0,53 qram və 0,14 qram ümumi təmiz çəkisi - 5,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır.(səh 40-41) Məhkəmə-kimyəvi ekspertizasının 01 dekabr 2021-ci il tarixli 17/819 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan və 04 (dörd) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin içindən aşkar olunmuş ...elektron tərəzi.....” sözləri yazılmış zərfin içərisindəki karton qutuda olan 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri - narkotik vasitə heroin hissəcikləri və psixotrop maddə metamfetamin hissəcikləridir. Həmin heroin və metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı.(səh. 115-116) Məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli 1475 saylı rəyində qeyd olunur ki, narkotik vasitə olan kannabinoidlərdən və heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.132) Gəncə şəhər Psixovevroloji Dispanserinin 19 may 2022-ci il tarixli 312 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunur ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəli 1 iyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin yaşadığı evdə aşkar olunduğunu, polis əməkdaşlarının təklifi ilə həmin narkotik vasitələrini üzərində gəzdirdiyini etiraf etməsini, həmin narkotik vasitələri satmaq niyyətinin olmadığını bildirsə də, bu, özünümüdafiə xarakteri daşıyır. Belə ki, polis əməkdaşlarının qanunsuz olaraq onun yaşadığı mənzilə daxil olmaqla həmin narkotik vasitələri aşkar etməsi, ona qarşı zor və işgəncə tətbiq edilməsi ilə bağlı Təqsirləndirilən şəxs hər hansı orqana müraciət etməmişdir. Yevlax Rayon Məhkəməsinin onun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair qərarın surətindən müəyyən olunur ki, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs bu pozuntular barədə ifadəsində məhkəməyə hər hansı məlumat bildirməmişdir, yalnız bu narkotikləri satmaq niyyətinin olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətinin olmadığını qeyd etsə də, ekspertiza rəyi ilə təsdiq olunur ki, ondan aşkar edilərək götürülmüş tərəzinin üzərində narkotik vasitələr olan heroinin və metamfetamnin hissəcikləri aşkar edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il № 2 qərarı: Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Mövcud sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddələrin tərəzi vasitəsi çəkilərək bükümlərə ayrılması təsdiqini tapır ki, bu da, onun həmin narkotik vasitələri satış niyyəti ilə üzərində saxlamasını təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə, yəni narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlaması şahidin ifadəsi, ekspertiza rəyləri və video görüntü ilə tam təsdiqini tapmış, bu səbəbdən ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir.. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, xəstəliyini cəzasını yüngülləşdirən hal kimi, habelə ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,618 qram heroin və ekspertiza tədqiqatından sonra qalan 5.47 qram qurudulmuş marixuana, üzərində İ-2000 yazısı olan tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri, 179.85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 25 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 27 oktyabr 2021-ci il tarixdən hesablansın . Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut Yevlax Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,618 qram heroin və 5,47 qram qurudulmuş marixuana, üzərində İ-2000 yazısı olan tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 179 (yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 150 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-37/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-37/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver