Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-38/2022 28.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Xüsusi ittihamçı X5 vəkili və nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X6, onun müdafiəçisi, Yevlax Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 23.01.1967-ci il tarixdə, Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmayan, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Qurban Məmmədli tərəfindən yaradılmış “YouTube” sosial şəbəkəsindəki “AzeriFreedom” internet kanalı vasitəsilə 12.10.2021-ci il tarixində yayımlanmış ““Dövlət çətə”-sinin tərkibi, mövqeyi, gücü və niyyətləri” proqramında onun oğlu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, çavuş və şəhid X13 barəsində yalan və böhtan xarakterli məlumatları yaymış X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 maddəsinin sanksiyası həddində ağır cəzanın təyin edilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. Şikayəti belə əsaslandırmışdır ki, oğlu, 19 fevral 1988-ci il təvəllüdlü X13 müddətdən artıq həqiqi-hərbi qulluqçu olmuş və ikinci Vətən Müharibəsi dövründə şəhid olmuşdur. Lakin, Qurban Məmmədli tərəfindən yaradılmış “YouTube” sosial şəbəkəsindəki “AzeriFreedom” internet kanalı vasitəsilə 12.10.2021-ci il tarixində yayımlanmış ““Dövlət çətə”-sinin tərkibi, mövqeyi, gücü və niyyətləri” proqramında iştirak edən və özünü İlham Aslanoğlu kimi təqdim etmiş, X11 onun övladı barəsində yalan və böhtan xarakterli təhqiredici məlumatlar yaymışdır. 2 saatdan artıq davam edən və canlı yayımlanmış həmin verilişdə 2017-ci ildə mətbuatda “Tərtər hadisələri” kimi adlandırılmış və “satqın” adı altında işgəncə görmüş və ya qətlə yetirilmiş hərbiçilər barəsində olmuşdur. Həmin onlayn proqramda da aparıcılardan biri X11 onun oğlu X8 Adil Sabirli adlı hərbçi yoldaşını qətlə yetirməkdə ittiham etmişdir. Həmin verilişin 01:56:00-cı dəqiqəsində özünü İlham Aslan oğlu kimi təqdim edən bu şəxs çıxışa başlayaraq vacib deyilməli olan xəbərin olduğunu bildirərək bunları ifadə etmişdir: - “Quliyev Vasif döyüşdə canlı şahid kimi öldürülüb, dırnaqarası şəhid adı altında Mais (Bərxudarov) tərəfindən; - 01:57:58-ci dəqiqədə Quliyev Vasifin şəkli ekrana çıxardılır və İlham Təhməzoğlu çıxışına davam edərək bildiririk ki: “Bax bu şəxs! Adil Sabirlinin qətlə yetirilməsində birbaşa iştirakçıdır, icraçıdır. Belə deyək ki, “dırnaqarası şəhid” olmuşdur. Quliyev Vasif yəni açıq şəkildə Adil Sabirlini qətlə yetirən şəxsi aradan götürüblər.” 01.57:50-ci dəqiqədə çıxış bitir. Xüsusi ittihamçı Tahir Quliyevin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı şikayəti elan edərək əlavə olaraq bildirmişdir ki, İlham Təhməzov kütləvi informasiya vasitəsi hesab edilən “Youtube” sosial şəbəkəsində yaradılmış “AzəriFreedom” internet kanalında, canlı yayımda həmin kanalın izləyicilərinə Vətən Müharibəsi zamanı həlak olmuş və dövlət tərəfindən şəhid statusu verilmiş Vasif Quliyevə barədə yalan məlumat verərək, guya sonuncu tərəfindən Adil Sabirli adlı şəxsin qətlə yetirildiyini, bununla da, onun ağır cinayət törətməsini, daha sonra isə onun bir şahid kimi aradan götürülərək öldürüldüyünü bildirmişdir. Eyni zamanda İlham Təhməzov şəhid Vasif Quliyevin şəhidlik statusuna şübhə ilə yanaşaraq ona dırnaqarası şəhid statusu verildiyini bildirmişdir. Halbuki, İlham Təhməzovun buna dair hər hansı sübutu olmamışdır. Bir müddət sonra isə həmin veriliş ümumiyyətlə internetdən çıxarılmışdır. X2 Quliyev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, çavuş rütbəsində olmuş və Qarabağ uğrunda gedən döyüşlər zamanı döyüş meydanında partlayışdan aldığı zədələrdən həyatını itirmiş və dövlət tərəfindən ona rəsmi olaraq şəhid statusu verilmişdir. İlham Təhməzov bu yalan məlumatla Vətən uğrunda şəhid olmuş Vasif Quliyevi hörmətdən salmağa cəhd etmişdir. İlham Təhməzovun bu böhtan xarakterli məlumatı Vasif Quliyevin atası olaraq Tahir Quliyevin, eləcə də digər ailə üzvlərinin şərəf və ləyaqətini alçaltmış, onlar tərəfindən dərin sarsıntı və iztirab keçirməsinə əsas olmuşdur. Bununla da, İlham Təhməzov şəhid ailəsinin üzvlərini qatil şəxsin ailə üzvləri kimi təqdim etmiş olmuşdur. Bu isə onların cəmiyyətdə şərəf və ləyaqətini ləkələmişdir. “Şəhid” anlayışının bir fenomen olaraq Azərbaycan xalqı üçün müqəddəs xarakter daşıdığı hamıya bəllidir və bunun heç bir hüquqi isbatına ehtiyac yoxdur. Tahir Quliyev bir şəhid atası kimi fəxrlə yaşamaq əvəzinə, yaşadığı rayonda əsassız olaraq yerli əhali içərisində utanc hissi ilə yaşamağa məcbur edilmişdir. Ona tez-tez tanış və qohumları zəng edərək bu məsələ ilə bağlı suallar verir, oğlunun həqiqətən də şəhid olub-olmamasını soruşurlar. Təbii ki, bu da Tahir Quliyevə bir ata kimi mənəvi əzab verir. Bu müddət ərzində İlham Təhməzov şəhid Vasif Quliyevin ailə üzvlərinə peşmanlıq hissi keçirməsi ilə bağlı müraciət etməmiş, onlardan üzr istəməmişdir. Qeyd olunanlara əsasən İlham Təhməzovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinməsini və ona həmin maddədə nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 19 fevral 1988-ci il tarixdə doğulmuş, atası Tahir Quliyev, anası Cəmilə Quliyevadır. Hərbi biletin surətindən müəyyən olunur ki, Vasif Quliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Vasif Quliyev 28 sentyabr 2020-ci il tarixdə döyüş meydanında, travmatik qanaxma, bədənin bir neçə nahiyəsinin travması, hərbi əməliyyatlar nəticəsində partlayışla zədələnmələr nəticəsində ölmüşdür. Şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən müəyyən olunur ki, Tahir Quliyev şəhidin ailə üzvüdür. Məhkəmə iclası zamanı xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilmiş video yazıya baxış keçirilmiş və şikayətdə qeyd edilən dəqiqələrdə İlham Təhməzov tərəfindən istinad edilən məlumatların səsləndirilməsi təsdiqini tapmışdır. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs İlham Təhməzov xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək söyləmişdir ki, bir hüquqşünas, Azərbaycan Respublikasının vətəndaşı kimi “Tərtər 1767” şərti ad altında orduda baş vermiş cinayətlərin ictimai araşdırmasını təşkil etmək qərarına gəlmiş və bu istiqamətdə sübutlar toplamağa başlamışdır. Bu sübutları fəaliyyət göstərdiyi “Youtube” sosial şəbəkəsindəki “AzeriFreedom” internet kanalında digər araşdırma aparan şəxslərlə birlikdə canlı yayında müzakirə edib onlara hüquqi qiymət verməyə çalışmışlar. Həqiqətən, 12 oktyabr 2021-ci il tarixdə həmin kanalda canlı yayında danışarkən “AzeriFreedom” internet kanalının admini tərəfindən ona, Qurban Məmmədliyə və digər iştirakçı şəxslərə bildirilməsi üçün məlumat daxil olmuşdur ki, “Quliyev Vasif döyüşdə canlı şahid kimi öldürülüb, dırnaqarası şəhid adı altında Mais (Bərxudarov) tərəfindən. Bu zaman Quliyev Vasifin şəkili ekrana çıxardılmış və o, məlumatı davam edərək bildirmişdir ki: “Bax bu şəxs! Adil Sabirlinin qətlə yetirilməsində birbaşa iştirakçıdır, icraçıdır. Belə deyək ki, “dırnaqarası şəhid” olmuşdur. Quliyev Vasif yəni açıq şəkildə Adil Sabirlini qətlə yetirən şəxsi aradan götürüblər.” Həmin zaman şəhidə “dırnaqarası şəhid” dediyi üçün peşman olmuş və bu səbəbdən növbəti verilişlərdən birində buna görə üzr istəmişdir. Lakin, digər məlumatlar yoxlanılmış məlumatlardır. Həmin məlumatları ona mərhum Adil Sabirlinin atası video yazı vasitəsi ilə göndərmişdir. Adil Sabirlinin atasının ona təqdim etdiyi video yazıda, özü, onun oğlunun qətlində təqsirli olanların adlarını, o cümlədən Vasif Quliyevin adını qeyd edir. Eyni zamanda hərbi qulluqçular Vasif İbrahimli və digərləri barədə olan ittiham aktından, habelə Füzuli Hərbi Məhkəmənin 15 may 2019-cu il tarixli hökmündən də müəyyən olunur ki, Vasif Quliyev həmin iş üzrə şahid kimi ifadə vermişdir. Belə ki, qeyd etdiyi hadisələrlə bağlı yüzlərlə qanunsuz hökmlər mövcuddur. Həmin işlər üzrə də araşdırmalar aparmış və ictimaiyyətə məlumatlar vermişdir. Bu məlumatların verilməsi bir araşdırma aparan şəxs kimi onun hüququdur. Bununla kimsəyə böhtan atmaq və ya təhqir etmək fikri olmamışdır. Belə ki, Vasif Quliyevin atası Tahir Quliyevi heç vaxt görməmiş, onu tanımamış, ona qarşı hər hansı qərəzi olmamışdır. Hazırda da onunla barışmağa hazırdır. Verilən məlumatlar Tahir Quliyevin şərəfini və ləyaqətini alçaltmır. Qeyd edilənlərə əsasən ona qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittiham üzrə işə xitam verilməsini xahiş etmişdir. Vasif İbrahimli və digərləri barədə olan ittiham aktının, habelə Füzuli Hərbi Məhkəmənin 15 may 2019-cu il tarixli hökmünün surətindən müəyyən olunur ki, Vasif Quliyev qeyd edilən iş üzrə şahid kimi ifadə vermişdir. İlham Təhməzov tərəfindən Adil Sabirli kimi qeyd etdiyi şəxsin atası kimi təqdim olunan şəxsin video yazısı yaddaş kartı (flash) da təqdim edilmişdir. Lakin, məhkəmə iclası zamanı həmin video yazıya onun təqdim etdiyi yaddaş kartı vasitəsi ilə baxılması mümkün olmamışdır. İlham Təhməzovun özünün telefonu vasitəsi ilə nümayiş etdirdiyi videoyazıda, bir şəxs, oğlunun ölümündə təqsirli bildiyi şəxslərin adlarını, o cümlədən Vasif Quliyevin adını qeyd edir. Beləliklə, xüsusi ittiham tərəfinin təqdim etdiyi sübutlarla, habelə təqsirləndirilən şəxs İlham Təhməzovun özünün etirafı ilə təsdiq olunur ki, kütləvi informasiya vasitəsi hesab edilən “YouTube” sosial şəbəkəsindəki “AzeriFreedom” internet kanalı vasitəsilə 12.10.2021-ci il tarixində yayımlanmış canlı proqramda İlham Təhməzov verilişin 01:56:00cı dəqiqəsindən başlayaraq “Quliyev Vasif döyüşdə canlı şahid kimi öldürülüb, dırnaqarası şəhid adı altında Mais (Bərxudarov) tərəfindən, daha sonra isə 01:57:58-ci dəqiqədə Quliyev Vasifin şəkili ekrana təqdim edilməklə “Bax bu şəxs! Adil Sabirlinin qətlə yetirilməsində birbaşa iştirakçıdır, icraçıdır. Belə deyək ki, “dırnaqarası şəhid” olmuşdur. Quliyev Vasif yəni açıq şəkildə Adil Sabirlini qətlə yetirən şəxsi aradan götürüblər” sözlərini işlətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə, həmin Məcəllənin 147.2 maddəsi ilə Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 46: İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Maddə 63: İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Avropa İnsan Hüquqları Konvensiyası: Maddə 6:
2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Maddə 8:
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarı: Bənd 2. Maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətinin müdafiəsinə qanunla onun ölümündən sonra yol verilir. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Bənd 3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli qərarı: Bənd 5. böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Bənd 7. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olubolmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Beləliklə, qanunvericiliyin istinad edilən normalarını, eləcə də Ali Məhkəmənin Plenumunun Qərarında istinad edilmiş Avropa Məhkəməsinin presedent hüququnun gəldiyi hüquqi nəticələri rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, İlham Təhməzov tərəfindən Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törədilmişdir. Belə ki, İlham Təhməzov “YouTube” sosial şəbəkəsindəki “AzeriFreedom” internet kanalı vasitəsilə 12.10.2021-ci il tarixində yayımlanmış proqram zamanı şəhid Vasif Quliyevin döyüş zamanı canlı şahid kimi öldürülməsi, onun Adil Sabirli adlı şəxsin qətlə yetirilməsində birbaşa iştirakçı və icraçı olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Məhkəmə hesab edir ki, Vasif Quliyevin “canlı şahid kimi öldürülməsi”, Vasif Quliyevin başqa şəxsi qətlə yetirməsi mütləq qaydada qanuni qüvvəsini almış məhkəmə qərarı ilə sübuta yetirilməlidir ki, belə bir qərarın mövcud olması təsdiqini tapmır. Halbuki, İlham Təhməzov hüquqşünas olmaqla belə bir məlumatı yayan zaman bu barədə məhkəmə qərarının olmadığını bilməklə hər kəsin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşmalı idi. Bu doğru olmayan məlumatı kütləvi informasiya vasitəsi olan internet kanalında yaymaqla İlham Təhməzov Azərbaycan Respublikasının dünya dövlətləri tərəfindən tanınmış ərazilərinin bərpası uğrunda aparılan döyüşlər zamanı həlak olmuş, dövlət tərəfindən şəhid statusu verilmiş şəxsi ağır cinayət törətməkdə ittiham etmiş, ona, eləcə də onun atası, şəhid ailəsinin üzvü statusu olan xüsusi ittihamçı Tahir Quliyevə böhtan atmış, şərəf və ləyaqətlərini alçaltmış olmuş, bununla da onların cəmiyyətdə olan yüksək nüfuzuna qeyri-qanuni qəsd etmişdir. Belə ki, onun tərəfindən verilən yalan məlumat özü-özlüyündə Azərbaycan ictimaiyyətində yüksək nüfuza malik olan şəhidə, onun ailə üzvlərinə qarşı hörmətsizlik ifadə etməklə, ailə üzvlərinin ciddi sarsıntı və iztirab keçirməsinə əsasdır. İlham Təhməzov məhkəmə iclası zamanı bu məlumatı ona Adil Sabirli adlı şəxsin atasının verdiyini qeyd etsə də, bu, həmin yoxlanılmamış məlumatın İlham Təhməzov tərəfindən kütləvi informasiya vasitələrində yaymasına əsas ola bilməz. Bundan başqa, İlham Təhməzov məhkəmə iclası zamanı işlətdiyi “dırnaqarası şəhid” sözünə görə növbəti verilişdə üzr istədiyini, xüsusi ittihamçı Tahir Quliyevlə barışığa cəhd etdiyini bildirsə də, bu hal təsdiqini tapmamış, İlham Təhməzov xüsusi ittihamla razılaşmamış və özünü təqsirli bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İlham Təhməzov tərəfindən Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsi təsdiqini tapdığından ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs İlham Təhməzov barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, ilk dəfə olaraq az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə, İlham Təhməzov tərəfindən törədilmiş cinayətin ictimaiyyət arasında yüksək nüfuza malik olan, ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olan şəhidə və onun ailə üzvlərinə qarşı yönəldilməsini nəzərə alaraq hesab edir ki, İlham Təhməzova münasibətdə Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz, bu iş üzrə sosial ədalətin bərpası, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda ağlabatan hesab edilə bilməz və hazırkı halda məhz azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinə çatması mümkündür. Təqsirləndirilən şəxs İlham Təhməzov barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 28 yanvar 2022-ci il tarixdən hesablanmalı, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351- 353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində həbs qətimkan tədbiri seçilməklə X11 məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 28 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X1 üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasına göndərilsin. Hökmün surəti icra olunması üçün Yevlax Rayon Polis Şöbəsinə təqdim olunsun. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir.
Sədrlik edən Toğrul Əliyev