Məhkəmə qərarları › İş №1(039)-38/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-38/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-38/2025 08.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakları ilə, xx.xx.1999-cu ildə Ağdaş rayonunun Qobuüstü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 20 radələrində «BC» kateqoriyalı BD208487 nömrəli sürücülük vəsiqəsi ilə “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə idarə etdiyi “VAZ-21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 4-cü kilometrliyinin Yevlax rayonu Salahlı kəndinin ərazisindən keçən hissəsində Mingəçevir şəhəri istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığı halda, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, yolun sol kənarından ehtiyat hissəsindən sağ kənarına doğru hərəkət edən piyada xx.xx.1985-ci il təvəllüdlü, Yevlax rayonu Salahlı kəndində yaşayan Zərərçəkmiş şəxs yolun sağ hərəkət hissəsində vurmuş, nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol bazu sümüyünün sınıq çıxığı, çanaq sümüklərinin qəlpəli sınığı, sağ baldır sümüklərinin qapalı-qəlpəli sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki iddiaçı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu Bəydili kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhərində yaşayır. Hadisə günü qaynanasıgil fermaya baxmağa getmişlər və onun istifadəsində olan nəqliyyat vasitəsindən taksi kimi istifadə etmişlər. Uşağı xəstə olduğuna görə fermadan qayıdan zaman tələsik gəlmiş, yola fikir verməmiş və buna görə də hazırkı hadisə baş vermişdir. Mülki iddianı qismən etiraf edir. Belə ki, zərərçəkmiş şəxs əvvəlcə ondan 11000 (on bir min) manat pul istəmiş, o da həmin məbləği hər ay 500-600 manat olmaqla ödəməyə razı olmuşdur. Hazırda isə zərərçəkmiş şəxs tərəfindən götürülmüş 7000 (yeddi min) manat krediti hissə-hissə ödəməyə razıdır. Zərərçəkmiş şəxsin müalicəsinə 1200 (bir min iki yüz) manat xərcləmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşağı var və müharibə veteranıdır. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonu Zülfiqarlı kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu Salahlı kəndində ailəsi ilə birlikdə yaşayır. 15 avqust 2024-cü il tarixdə Yevlax rayonu Salahlı kəndində yolu keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə sürətlə gələrək, onu vurmuşdur. Onu Balçılı kəndində olan bir nəfər şəxs xəstəxanay aparmışdır. Bundan sonrasını isə xatırlamır. Mülki iddianı müdafiə edir. Əməliyyat olunması ilə əlaqədar xəstəxanaya 11000 (on bir min) manat pul ödəmişdir. Bundan başqa, əməliyyatı ilə əlaqədar bankdan 7000 (yeddi min) manat kredit götürmüş və həmin krediti faizi ilə birlikdə ödəməlidir. Dərmanlarına 1500 (bir min beş yüz) manat pul ödəmişdir. Gələcəkdə yenidən əməliyyat olunması üçün 5000 (beş min) manat, 1 ay ərzində massaj olunması üçün hər gün 10 (on) manat tələb olunur. Bundan başqa, xəstəxanaya gedib gəlmək üçün cəmi 240 (iki yüz qırx) manat xərcləmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmədiyinə görə şikayətçidir və ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Zülfüqarlı kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu Salahlı kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır. 15 avqust 2024-cü il tarixdə saat 20 radələrində o, bacısı Zərərçəkmiş şəxs ilə birlikdə Yevlax rayonu Salahlı kəndində yolu keçən zaman Təqsirləndirilən şəxs hazırkı hadisəni törətmişdir. Təqsirləndirilən şəxs bacısını xəstəxanaya aparmağı təklif etmiş, lakin bacısını başqa bir maşınla Mingəçevir şəhərinə xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızının əridir. Təqsirləndirilən şəxs onları fermaya aparması üçün zəng etmiş və Fərman gələrək onları fermaya aparmışdır. Fermadan qayıdan zaman Təqsirləndirilən şəxs maşını ilə Vəsilə Abbsovanı vurmuşdur. Xəsarət alanı xəstəxanaya aparmaq istəsələr də, buna imkan verməmişdirlər. Sonra yol maşını isə Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar, onlar da həmin maşnın ardınca xəstəxanya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda Yevlax RPŞ-nin DYPB-nin Yol nəqliyyat hadisələri üzrə baş inspektoru vəzifəsində xidmət edir. 15 avqust 2024-cü il tarixdə saat 20:45-də Yevlax RPŞ-nin Növbətçi hissəsindən Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 4-cü kilometrliyinin Yevlax rayonu Salahlı kəndinin ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi, yəni piyada vurma baş verməsi barədə ona məlumat daxil olmuşdur. O, dərhal DYPB-nin həmin ərazidə xidmət aparan yol-patrul xidməti inspektorları ilə birlikdə hadisə yerinə gəlmişdir. Həmin vaxtı sutkanın qaranlıq vaxtı olduğundan görmə məsafəsi məhdud olmuşdur. O, hadisə yerinə çatdıqdan sonra sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21099» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir- Bəhramtəpə avtomobil yolu ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 4-cü kilometrliyinin Yevlax rayonu Salahlı kəndinin ərazisindən keçən hissəsində hərəkətdə olarkən həmin vaxtı yolun sol kənarından ehtiyat hissəsindən sağ kənarına doğru hərəkət edən piyada xx.xx.1985-ci il təvəllüdlü, Yevlax rayonu Salahlı kəndində yaşayan Zərərçəkmiş şəxs Ələmdar qızını yolun sağ hərəkət hissəsində vurmasını, nəticədə piyada Zərərçəkmiş şəxs Ələmdar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X15 Acil Şöbəsinə aparılmasını müəyyən etmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisəni sənədləşdirmişlər, hadisə vaxtı “VAZ-21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərdən heç birinin xəsarət almadığı, bundan başqa sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etməsi tərəfindən müəyyən olunmuşdur. Eyni zamanda Mingəçevir şəhər Narkoloji dispanserində sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti müayinə olunmuş və Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olması aşkar edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şəki rayonu, Çayqaraqoyunlu kəndində ailəsiylə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Təxminən hadisədən bir həftə əvvəl, yəni 08 avqust 2024-cü il tarixdə eşitmişdir ki, Yevlax rayonu Salahlı kənd ərazisində yerləşən fermada çoban kimi iş yeri var. O, da işsiz olduğu üçün bununla maraqlanmışdır. Bu məqsədlə o, yeznəsi Təqsirləndirilən şəxs zəng edərək onları Yevlax rayonuna aparmasını demişdir. 15 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus «VAZ 21099» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu, qardaşı Elsəvəri və valideyinlərini Yevlax rayonu Salahlı kəndinə yerləşən fermaya gətirmişdir. Onlar fermaya baxıb geriyə Mingəçevir şəhər istiqamətində Mingəçevir-Bəhramtəpə avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ istiqamətində bir nəfər tanımadığı qadının bir nəfər kişiylə mübahisə edərək anidən yolun sol istiqamətinə keçməsini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili tam olaraq saxlaya bilməmiş və nəticədə avtomobil həmin qadına dəymişdir. Onlar dərhal avtomobildən yerə düşərək qadına yardım etmək istəmişlər, lakin özünü qardaşı kimi təqdim edən bir nəfər şəxs onlarla mübahisə etmiş və onları yaxın buraxmamışdır. Daha sonra yaxın qohumları həmin qadını Mingəçevir şəhər xəstəxanasına aparmışlar. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024cü il tarixli, 1765 saylı rəydən görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, BD 208487 saylı sürücülük vəsiqəsindən göürünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyaları verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X10 VAZ- 21099 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-ci il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024cü il tarixli, 3-13-16-11/2-3565/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yevlax RQİ və TBŞ-i tərfindən BD 208487 saylı B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. DİN-in MİS-də olan məlumata əsasən Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X18 tərəfindən verilmiş 25 avqust 2024-cü il tarixli, 562 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ələmdar qızının bədənində aşkar edilmiş xəsarət-sol bazu sümüyünün sınıq çıxığı, çanaq sümüklərinin qəlpəli sınığı, sağ baldır sümüklərinin qapalı-qəlpəli sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olduğu üçün lərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 8/2462 saylı rəydən görünür ki, VAZ-21099 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cəfərov yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan qəbzdən görünür ki, iş üzrə maddi sübut olan «VAZ-21099» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ibtidai istintaq zamanı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə, 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 noyabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, həmin tarixdə saat 17:15-də Yevlax rayon X8 Saxlama Yerindən azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə ekspert rəyləri arasında tam uyğunluq vardır və onlar arasında ziddiyyət müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələbələrinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmiş və buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü Nəriman adlı azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 117553 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən göürünr ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmağa cəhd etməsi, maddi zərəri qismən ödəməsi, himayəsində azyaşlı uşağının olması, əməlindən səmimi peşman olması, müharibə veteranı olması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan «VAZ-21099» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmə dövrü göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə (xx.xx.2025-xx.xx.2025-ci il tarixədək olan (yeddi iclas) hər iclasa görə hər saat üçün 6 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixli iclaslara (iki iclas) görə hər saat üçün 11 manat hesablanmaqla) 64 (altmış dörd) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Məhkəmə iş üzrə verilmiş mülki iddiaya qiymət verərək, belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materillarına əlavə edilmiş X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən cərrahiyyə əməliyyatı keçirilməsi üçün həmin hospitalın hesabına 11 000 (on bir min) manat ödənilmişdir. İş materillarına əlavə edilmiş X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən müayinə olunması üçün həmin hospitalın hesabına 80 (səksən) manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs Ələmdar qızının dərmanlarına cəmi 391,94 (üç yüz döxsan bir manat doxsan dörd qəpik) manat vəsait xərclənmişdir. Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs Ələmdar qızı mülki iddianın təmin edilməyən hissəsinin əsaslılığına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəşərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Abbasova X4 rayonunda məcburi köçkündür. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X6 dövlət rüsumunu ödəməkdən azad olduqlarına görə mülki iddianın verilməsi ilə əlaqədar ödənilməli olan dövlət rüsümü dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 30 noyabr 2024-cü il tarixdən, saat 12:50-dən 30 noyabr 2024-cü il tarixə, saat 17:15-dək şübhəli şəxs kimi tutulduğu 1 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Mingəçevir şəhəri Sahil küçəsində yerləşən yaşadığı evi tərk etməmək, Mingəçevir şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan «VAZ-21099» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs cəmi 11471,94 manat pul alınıb zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs Ələmdar qızına ödənilsin. Mülki iddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Mülki iddianın verilməsi ilə əlaqədar ödənilməli olan 124,42 (bir yüz iyirmi dörd manat qırx iki qəpik) manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Məhkəmə dövrü üçün göstərilən 9 (doqquz) saat hüquqi yardıma görə (xx.xx.2025xx.xx.2025-ci il tarixədək olan (yeddi iclas) hər iclasa görə hər saat üçün 6 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixli iclaslara (iki iclas) görə hər saat üçün 11 manat hesablanmaqla) 64 (altmış dörd) manat manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəkil Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar