Məhkəmə qərarları › İş №1(039)-4/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-4/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-4/2022 02.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 17 avqust 1990-cı il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 09 sentyabr 2012-ci il tarixdə anadan olmuş X1 və 09 iyul 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 fevral 2019-cu il tarixdən etibarən hər uşağa görə 120 manat olmaqla, hər ay cəmi 240 manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(076)-1202/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərarına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 26 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 03 mart 2021-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 16 aprel 2021-ci il tarixədək şəxsi maraqları naminə cəmi 6,240 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs ilə nikahlarından 09 sentyabr 2012-ci il tarixdə Eyvaz və 09 iyul 2013cü il tarixdə Ayaz adlı övladları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 28 mart 2019cu il tarixli, 2(076)-1202/2019 saylı qətnaməsi ilə 09 sentyabr 2012-ci il tarixdə anadan olmuş Eyvazın və 09 iyul 2013-cü il tarixdə anadan olmuş Ayazın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən hər uşağa görə 120 manat olmaqla, hər ay cəmi 240 manat məbləğində sabit alimentin tutulması qət edilmişdir. Buna baxmayaraq maddi çətinlikləri olduğundan alimenti tam olaraq ödəyə bilməmişdir. Bu barədə icra məmurları ona dəfələrlə xəbərdarlıq etmiş, hətta məhkəmənin qərarı ilə inzibati qaydada məsuliyyətə də cəlb edilmişdir. Hazırda Zərərçəkmiş şəxs borclu olduğu 6,240 manat məbləğində aliment borcunu tam olaraq ödəmişdir. Əməlindən peşman olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(076)-1202/20197 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxsla nikahlarından doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində sabit pul məbləğində alimentin tutulması qət edilsə də, Təqsirləndirilən şəxs həmin alimenti ödəməmiş və bunun nəticəsində 16 aprel 2021-ci il tarixə 6,240 manat məbləğində aliment borcu yaranmışdır. Cinayət işi məhkəməyə veriləndən sonra Əi Namazov tərəfindən ona 2,500 manat ödənilmişdir. Daha sonra isə oktyabr ayından sonra 350 manat pul ödənilmişdir. 02 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs vəkili vasitəsi ilə onun kart hesabına 3,370 manat pul köçürülmüşdür. Lakin, Təqsirləndirilən şəxs bu ay daxil olmaqla 2,160 manat qalıq borcu qalmaqdadır. Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsində çalışır. Şəmkir Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(076)- 1202/20197 saylı qətnaməsi ilə 09 sentyabr 2012-ci il tarixdə anadan olmuş Eyvazın və 09 iyul 2013-cü il tarixdə anadan olmuş Ayazın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən hər uşağa görə 120 manat olmaqla, hər ay cəmi 240 manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Yevlax Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Borclu Təqsirləndirilən şəxs təqdimat verilənədək, yəni 16 aprel 2021-ci il tarixədək tələbkara 6,240 manat aliment borcu yaranmışdır. Vəd verməyinə baxmayaraq həmin borcdan bu günə kimi heç bir ödəniş etməmişdir. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(076)-1202/20197 saylı qətnaməsi ilə qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra məmuru tərəfindən 10 aprel 2019cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və məhkəmə qərarının icra edilməli olması barədə dəfələrlə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmişdir. Yevlax Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 gün müddətinə həbs edilmişdir. Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli olması, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi, özünün etirafı, zərərçəkmiş şəxsin, şahidləri ifadələri və iş üzrə digər sübutlarla tam təsdiqini tapır. Cinayət Məcəlləsi 306.1 maddəsinin qeydinə görə, bu Məcəllənin 306.1 və ya 306.2ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müraciətində Təqsirləndirilən şəxs 2,160 manat borcunun qaldığını bildirsə də, onun özünün məhkəmə iclası zamanı, habelə teleqramda qeyd etdiyi ifadələrlə təsdiq olunur ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd edilən 16 aprel 2021-ci il tarixədək olan borc ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zinyət İgəndərovaya ittiham irəli sürülməsi üçün müəyyən edilmiş müddətə olan borcunu tam ödəməklə məhkəmə tərəfindən hökm çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməsini nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı cinayət təqibinə xitam verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 180 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyindən ona qarşı cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar