Məhkəmə qərarları › İş №1(039)-40/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-40/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-40/2022 25.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 iştirakı ilə X2 Azərbaycan Respublikası CM–nin 147.1, 147.2 və 148–ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə X5 tərəfindən X2 barəsində Azərbaycan Respublikası CM–in 147.1,147.2 və 148–ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. X5 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonu, Tanrıqulular kəndində yaşayır. Heç bir ictimai siyasi fəaliyyətlə məşğul olmur. X4 veteranıdır. Yevlax rayon Tanrıqullar kənd sakini və kənd icra nümayəndəsi X6 tərəfindən sosial şəbəkələrdə şər böhtanlara və təhqirlərə məruz qalmışdır. Belə ki, Nəsib İsmayılov sosial şəbəkənin report.az saytının 24.12.2021-ci il tarixli paylaşımında (xəbərində) məlumat yayaraq onun ağır və az ağır cinayətlə ittiham edərək bildirmişdir ki, guya o, Yevlax rayonu Tanrıqulular kəndinin mərkəzində yerləşən siyasi xadim N.Nərimanovun heykəlini söküb onun yerində ticarət obyektini tikdirmişdir. Kəndin ərazi icra nümayəndəsi onu şantaj edir, bilə-bilə onun haqqında yalan xəbərçilik edir. Güman edir ki, onun ictimai nüfuzuna xələl gəlib, bunu özü üçün təhqir hesab edir. Odur ki, onun barəsində həmin saytda yalan məlumat yaydığına görə X6 haqqında Azərbaycan Respublikası CM–in 147.1,147.2–ci maddələrinə əsasən ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun ifadə verdi, şikayətinin məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışı təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində X3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə X2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM–nin 293.3.1–293.3.7–ci maddələrinin tələblərinə uyğun olub–olmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM–in 293.3–cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Şikayət ərizəsindən görünür ki, şikayətçi CPM-in 293.3.1–293.3.7–ci maddələrinin tələblərinə əməl etməmiş və şikayət ərizəsində nə özü, nə də barəsində şikayət verdiyi şəxs haqqında məlumatları (məşğuliyyətinin növünü və vəzifəsini) qeyd etməmiş, barəsində şikayət verdiyi şəxsi cavabdeh kimi qeyd etmiş, şikayətin verildiyi yeri göstərməmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində ümumi formada qeyd edilib ki, “o, Yevlax rayon Tanrıqullar kənd sakini və kənd icra nümayəndəsi X6 tərəfindən sosial şəbəkələrdə şər böhtanlara və təhqirlərə məruz qalmışdır.” Lakin, ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə ona şərböhtan atmasını fərqləndirilməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində barəsində şikayət verilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi, həmin əməlin onun tərəfindən törədilməsini sübut edən halların göstərilməsi qanunvericinin tələbidir və şikayət ərizəsinin qeyd olunan formada tərtib olunmaması məhkəmənin hazırlıq iclasında şikayətin icraata qəbul olunmaması üçün əsasdır. Məhkəmə xüsusi ittihamçının ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM– in 302–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmayan formada tərtib edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə, verilmiş şikayətin məzmunun bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmamasını nəzərə alaraq, hesab edir ki, X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21.02.2014-cü il tarixli, 3 saylı Plenum Qərarının 11-ci bəndinə əsasən, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin qərarın 12-ci bəndinə əsasən, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Həmin Məcəllənin 302.1.3–cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3–cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2–302.1.4, 302.1.6–302.1.8–ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərarlar çıxarır. Məhkəmə şikayətin məzmunun qanunun tələbinə uyğun olmamasını nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM–in 293, 302–ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti əsasında X2 barəsində Azərbaycan Respublikası CM–in 147.1,147.2 və 148–ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar