Məhkəmə qərarları › İş №1(039)-42/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-42/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-42/2020 13.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Wellwater” su filtiri şirkətində Gəncə filialında servis işçisi işləyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxx 2019cu il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 22V, mənzil 28-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 00:30 radələrində, “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «VAZ 2106» markalı, **-UC-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomaşını ilə Yevlax-Mingəçevir avtomobil yolunun 1-ci km-də, Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini maksimum hərəkət sürəti 3.24 «Maksimal surətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 60 km/saat sürətlə idarə etməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» tələblərini pozaraq qarşıdan gələn avtomaşınla toqquşmaması üçün avtomaşınını yolun əks istiqamətinə çıxarmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməməklə, qarşıdan onunla əks istiqamətdə yəni, Mingəçevir şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «VAZ 2106» markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomaşınının sağ hissəsi ilə toqquşdurmuş, nəticədə öz avtomaşınında olmuş sərnişinlər-Zərərçəkmiş şəxs2 «döş qəfəsinin qapalı travması, sağ İV-X qabırğaların sınığı, ağ ciyərlərin kontuziyası, əzilməsi, sağ tərəfli hemotoraks, dərialtı emfizema» ilə müşaiyət edilən səhhətin uzun müddət pozulmasına səbəb olmuş Az Ağır zərər vuran bədən xəsarətləri - Zərərçəkmiş şəxs3 «sağ tərəf qasıq və oturaq sümüklərinin yerini dəyişməmiş sınığı» ilə müşaiyət edilən səhhətin uzun müddət pozulmasına səbəb olmuş Az Ağır zərər vuran bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2106 markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomaşınına 1032 (min otuz iki) manat məbləğində maddi ziyan vurmaqla ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Toqquşmadan sonra avtomaşından düşən Təqsirləndirilən şəxs “adam kimi sürə bilmirsən!” deyərək Zərərçəkmiş şəxs1 yumruqla ağız nahiyəsinə qəsdən vuraraq ona “üst sağ köpək dişinin sınığı, üst dodağın selikli qişasının yarası” ilə edilən sağlamlığa Yüngül zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1 və 128-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, “Wellwater” su filtiri şirkətində Gəncə filialında servis işçisi vəzifəsində işləmiş, su filtiri quraşdırmış və təmir etmişdir. Hər ay bir neçə rayona gedərək su filtrlərinin sazlığını yoxlamış və su filtrlərinə görə ödəniş haqqlarını yığmışdır. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında dostu Elgünlə söhbət edərkən ona Göyçay rayonuna su filtri ilə bağlı gedəcəyini bildirdikdə sonuncu onu da Mingəçevir şəhərinə aparmağı demişdir. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında o, Elgünü və qonşusu Vüsaləni götürərək VAZ 2106 markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yola düşmüşdür. O, Vüsaləni ona bəzi işlərdə köməklik etməyi üçün götürmüşdür. O, ilk öncə Elgünü Mingəçevir şəhərinə aparmışdır. Daha sonra onlar Mingəçevir şəhərindən Göyçay rayonuna yola düşmüşlər. Göyçay rayonunda müştərinin su filtrinə baxdıqdan sonra Elgünü götürmək üçün yenidən Mingəçevir şəhərinə getmiş, Elgünü oradan götürdükdən sonra saat 24:00 radələrində yaşadıqları Gəncə şəhərinə yola düşmüşlər. Yolda təxminən 60 km/saat surətlə hərəkət etmişdir. Həmin gün spirtli içki, narkotik maddə və ya digər psixotrop maddələr qəbul etməmişdir. Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən dəmiryol keçidinə yaxınlaşanda təxminən 80-90 metr məsafədən dəmiryol keçidini “Vaz 2106” markalı avtomobilin sürətlə keçdiyini görmüşdür. Afər dəmiryol keçidini keçərkən dayanmamış, birbaşa gəldi surətlə də dəmiryolu keçidini keçmişdir. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 onun yoluna keçdikdə yolun kənarında olan çınqıl hissəsinə düşdüyündən iki dəfə maşını sağ sola manevr elətdirərək maşını oynatmağa başlamışdır. O da çaşmış və Zərərçəkmiş şəxs1 artıq onunla üzbəüz toqquşacağını 3-4 metr məsafədən görüb qəzadan yayınımaq üçün avtomobilini yolun digər hissəsinə-əks istiqamətinə çəkmişdir. O, avtomobilini yolun əks istiqamətinə tərəf hərəkət etdirdikdə avtomobilinin yarısı öz yolunda, digər hissəsi isə əks yolda qalmış, bu vaxt Afərin avtomobili ilə toqquşmuşdur. Afər avtomobilinin sağ qabaq hissəsi ilə onun avtomobilinin sağ tərəfindən təkərdən başlayaraq arxa təkər hissəsinə qədər vurub sürtmüşdür. Zərbədən avtomobili hərəkət etdiyi yolun əks istiqamətində qabağı yol istiqamətinə tərəf dayanmış, Afərin avtomobili isə onun yolunda çəpəki vəziyyətdə qalmışdır. Zərbədən sonra avtomobilinin sağ tərəfi əzilmişdir. Elgün onun yanında-avtomobilin qabaq sağ oturacağında oturmuş, Vüsalə isə avtomobilin arxa oturacağında Elgünün arxa tərəfində əyləşmişdir. Qəzadan sonra təhülkəsizlik kəmərini açmaq istədikdə Elgün avtomobilin pəncərəsindən çıxmasını, arxaya baxdıqda isə Vüsalənin zərbədən sonra onun arxa tərəfinə gəldiyini görmüşdür. Avtomobildən düşərək arxa sol qapını açıb Vüsaləni avtomobildən düşürmək istəmiş, Vüsalə həmin vaxt özündə olmamış, qışqırmışdır. O, Vüsalənin rahat nəfəs alması üçün qapını açıq qoymuşdur. Bu vaxt Afər natamam hərbi geyimdə avtomobilindən düşmüşdür. Afər ayaqüstə dayana bilməmiş, ləngərləmişdir. O, Afərə yaxınlaşdıqda sonuncudan spirtli içki iysi gəldiyindən “içmisənmi?” deyə soruşmuş, Afər də “qaqa narahat olma qaydasına qoyacam” demişdir. Həmin an Elgün onu çağıraraq su istəmişdir. O, Elgünün yanına getmişdir. Hadisə baş verən vaxt ətrafda heç kim olmamış, hadisə baş verdikdən təxminən 5-10 dəqiqə sonra adamlar toplaşmışlar. O, Afəri hadisə yerində görməmişdir. Hadisə yerinə gələn post patrul əməkdaşları gəlmişlər, onlar Afəri yaxınlıqdakı qamışlıqdan tapıb hadisə yerinə gətirmişlər. Daha sonra təcili tibbi yardım avtomobili gəlmiş, xəsarət alan Elgün və Vüsaləni avtomobilinə qoyub aparmışlar. O, hadisə yerində qalaraq polis əməkdaşlarına izahat vermiş, hadisənin necə baş verməsini göstərmişdir. Hadisə yerinə gələn polis əməkdaşları yenidən Afəri axtarsalar da, tapmamışlar, içkili olduğundan və bunu gizlətmək üçün hadisə yerindən təkrarən qaçmışdır. Hadisəsən sonra Afəri yumruqla vurmamışdır. Hadisə vaxtı təhlükəsizlik kəmərini bağladığından çox xəsarət almamış, yalnız burnunun üstü cızılmış, həmçinin burnu şişmiş, Elgünün qabırğasının bir neçəsi sınmış, Vüsalənin isə sağ tərəf qasıq və oturaq sümüklərinin yerini dəyişməmiş sınığı xəsarətlərini almışdır. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, idarə etdiyi avtomobil tanışı X1 adınadır, Ruslanla razılaşmasına əsasən 4200 manat pul verdikdən sonra sonuncu avtomobili onun adına keçirəcəkmiş, qəza baş verən vaxt 200 manat qalığı qalmışdır. Məhkəmədən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, hərbi hissədə işləyən zaman xx xxxx 2019-cu il tarixdə 3 günlük növbəti məzuniyyətə çıxmışdır. Hərbi hissədən saat 10:30 radələrində çıxdıqdan sonra Naftalan şəhərində VAZ 2106 markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin rolunu düzəltdirmişdir. Daha sonra avtomobilinin qapılarının şüşələrində problem olduğundan Tərtər rayonu Qərvənd kəndinə getmişdir. Orada usta təxminən 2-3 saat müddətində avtomobilinin şüşələrində olan problemə baxmışdır. Daha sonra Tərtər rayonunda tanışları olan Ramil və Elmir qardaşları ilə “Dağlar” adlı kafedə çay oturub içmişdir. Saat 23-24 arası Tərtər rayonundan Mingəçevir şəhərinə yola düşmüşdür. Sabah tezdən Zaqatala rayonuna rahat gedə bilməsi üçün Mingəçevir şəhərində əmioğlusu Hüseyngilə gedərək gecəni onlarda qalmaq istəmişdir. Həmin gün spirtli içki, narkotik maddə və ya digər psixotrop maddələr qəbul etməmişdir. Saat 00:30 radələrində Aran qəsəbəsindən Mingəçevir şəhəri istiqamətinə gedərkən dəmiryol keçidini keçdikdən sonra, yol sağa doğru nisbətən əyilmişdir. Dərmiryol keçidinə çatdıqda təxminən 60 km/saat sürətlə hərəkət etmiş, dəmiryol keçidini də həmin sürətlə keçmişdir. Dəmiryol keçidini keçidikdən təxminən 20-30 metr sonra döngədə qarşıdan gələn yaş asfalt rəngli VAZ 2106 markalı avtomobilin onun yoluna çıxdığını görmüş, həmin vaxt həyəcanlanmış və tormoz verə bilməmiş, avtomobilinin qabaq sağ küncü həmin avtomobilin sağ yan tərəfinə dəymişdir. Digər avtomobili təxminən 10-15 metr məsafədən görmüş, görən kimi də anidən toqquşma olmuşdur. Bundan sonra həmin avtomobil yerində çevirilib qrunt yolda qarşı tərəfi yola sarı dayanmış, onun avtomobili də çevrilib onunla üzbəüz dayanmışdır. Qəzadan əvvəl təhlükəsizlik kəmərini taxdığından xəsarət almamışdır. Qəzadan sonra digər avtomobildə xəsarət alanın olub-olmamasına baxmaq üçün avtomobildən düşmüşdür. Digər avtomobildə sürücü ilə yanaşı bir kişi və bir qadın var olmuşdur. O, avtomobilə çatanda sürücü üstünə gələrək ona “adam kimi sürə bilmirsən” deyib ağız nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, zərbələrdən sonra qabaq dişinin biri qırılmışdır. Digər avtomobildə olan sərnişinlər ola bilsin ki, bunu görmüşlər. O isə baş vermiş hadisənin şokundan donub qalmışdır. Həmin şəxs əsəbi olduğundan sakitləşə bilməmişdir. O, bundan sonra digər sürücünün ona nə isə edə biləcəyindən qorxub əvvəlcə yaxınlıqdakı qamışlığa gedib gizlənmiş və biraz orada dayanmışdır. Yevlax rayonu Aran qəsəbəsində yaşayan iş yoldaşına zəng vuraraq ona köməklik etməsini istəmiş, lakin həmin şəxs başqa yerdə olduğunu bildirmişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır, hadisə baş verdikdən təxminən 5-10 dəqiqə sonra adamlar toplaşmışlar. Post patrul xidməti əməkdaşları işıq salaraq onu qamışlıqdan tapıb hadisə yerinə gətirmişlər, lakin o, yenə də orada nəzarətsiz qaldığını görüb Mingəçevir istiqamətində biraz piyada gedib daha sonra yoldan keçən markasını və dövlət nömrə nişanını xatırlamadığı bir avtomobilə əyləşib Mingəçevir şəhərinə əmisi oğlugilə getmişdir. Özünü polis əməkdaşlarına təqdim etməmiş, digər sürücüdən qorxduğundan hadisə yerini tərk etmişdir. Hadisədən sonra təcili tibbi yardım çağırmamış və hadisə barədə polis orqanlarına məlumat verməmişdir. Səhər saatlarında N nömrəli hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini Seymur Abıyev onun istifadəndə olan mobil telefona zəng edərək harada olduğunu soruşmuş, o, Mingəçevir şəhərində olduğunu bildirdikdə ona Yevlax rayon polis şöbəsindən onu axtardıqlarını, təcili olaraq ora getməyini demişdir. O, Yevlax rayon polis şöbəsinə gəlib izahat vermişdir. Hadisədən sonra digər avtomobilin sürücüsünün yanındakı oğlanın qabırğasının bir neçəsi sındığını, qadının isə çanaq sümüyünün qırıldığını eşitmişdir. Elçin adlı müstətiq onu ekspertizaya göndərmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, avtomobili xidmət yoldaşı, leytenant Müşfiq İsayevdən almış, lakin pulunu tam ödəmədiyindən istifadə üçün vermiş, razılaşmasına əsasən 5800 manat pulunu tam ödədikdən sonra avtomobili adına keçirəcəkdir. Zərərçəkmiş şəxs İsmayıl X10 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs İsmayıl X10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, dostu Elçin su filtri təmiri və quraşdırmağı ilə məşğuldur. Elçin tez-tez rayonlara gedərək su filtrlərini düzəldir və haqqlarını yığır, o da Elçinlə yoldaşlıq eləmək üçün tez-tez gedir. xx xxxx 2019-cu il tarixdə Elçin ona Göyçaya gedəcəyini dedikdə o da Mingəçevirə gedəcəyini bildirmişdir. Elçin Vüsalə adlı xanımın da ona kömək edəcəyini demişdir. Onlar birlikdə xx xxxx 2019cu il tarixdə Gəncə şəhərindən yola düşmüşlər. Elçin onu Mingəçevir şəhərində düşürmüş, özləri isə Göyçay rayonuna getmişlər. Elçin Göyçay rayonundan qayıtdıqda onu Mingəçevir şəhərindən götürüb yenidən Gəncə şəhərinə yolanmışlar. Saat təxminən 24 radələrində Mingəçevir şəhərindən yola düşmüşlər. O, avtomobildə qabaq oturacaqda oturmuşdur. Elçinin idarə etdiyi avtomobilin avtoqəzadan öncə hərəkət sürəti 60-70 km/saat olmuşdur. Onlar Yevlax rayonu Aran qəsəbəsi ərazisində dərmiyol keçidinə yaxınlaşdıqda bir VAZ 2106 markalı avtomobilin onların yoluna çıxaraq əvvəlcə qrunt yola, daha sonra isə üzərilərinə doğru gəldiyini görmüşlər. Elçin avtomobilini digər avtomobildən yayınmaq üçün sol tərəfə digər yol istiqamətinə çəkmiş, lakin qəzadan yayına bilməmiş və digər avtomobil ilə toqquşmuşlar. Digər avtomobilin sağ qabaq hissəsi onların avtomobilin sağ yan hissəsinə dəymişdir. O, qəzanın baş verəcəyini görüb Elçin istiqamətində özünü atmışdır. Həmin vaxt sümüklərinin sındığını hiss etmişdir. Qəzadan sonra bədəni çox ağrımışdır. Avtomobilin sağ qabaq yan şüşəsindən bayıra çıxmış, hərəkət edə bilməyəcəyini görüb yerdə uzanmışdır. Elçin də avtomobildən çıxaraq ilk öncə ona tərəf gəlib salamat olduğunu görüb Vüsaləyə tərəf getmişdir. Elçin Vüsalənin oturduğu qapını açıq qoymuşdur. O, digər avtomobilin sürücüsünün natamam hərbi formada ləngərləyələngərləyə hərəkət etdiyini görmüşdür. Həmin sürücü onlara tərəf gəlmiş, lakin yarıyolda yenidən öz avtomobilinə tərəf qayıtmışdır. O, ayağa qalxıb Vüsalənin necə olmasına baxmaq üçün yanına gəlmişdir. Vüsalənin sifəti qan içində olmuşdur. Daha sonra adamlar hadisə yerinə toplaşmışlar. O, orada sonradan adını bildiyi Afəri görməmişdir. O, Afərin hansı səbəbdən hadisədən sonra hadisə yerini tərk etməsini bilmir, çox güman ki, Afər içkili olmuş və bunu gizlətmək üçün hadisə yerindən qaçmışdır. Təcili tibbi yardım avtomobili gəldikdən sonra isə onu və Vüsaləni təcili yardım avtomobilə qoyaraq Yevlax rayon mərkəzi xəsatəxanasına aparmışlar. Orada ilkin tibbi yardım etdikdən sonra onları Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Təxminən 10 gün orada stasionar müalicə olunmuşdur. Elçin həmin gün spirtli içki, narkotik maddə və ya digər psixotrop maddələr qəbul etməmişdir. O, Elçinin Afəri yumruqla vurmasını görməmişdir. Hadisə zamanı bir neçə qabırğası sınmış, Elçinin burnu qırılmış, Vüsalənin isə sağ tərəf qasıq və oturaq sümüklərinin yerini dəyişməmiş sınığı xəsarətlərini almışdır. Elçin xəsatəxanada olduğu vaxt ona və Vüsaləyə maddi yardım etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Wellwater” su filtiri şirkətinin Gəncə filialında servis işçisi vəzifəsində işləyir və su filtiri quraşdırır və təmir edidii. O, bir neçə dəfə Elçinlə birlikdə rayonlara gedərək ona kömək lik edib və bunun müqabilində Elçin ona müəyyən məbləğdə pul verimişdir. xx xxxx 2019-cu il tarixdə Elçin ona xx xxxx 2019-cu il tarixdə gördüyü işlə bağlı Göyçay rayonuna gedəcəyini və onunla getməyi təklif etmişdir. Onlarla birlikdə Elçinin dostu Zərərçəkmiş şəxs2da qetmişdir. O, Elçinə onu Mingəçevir şəhərinə aparmağı demişdir. X8 şəhərinə qoymuşlar və Mingəçevir şəhərindən Göyçay rayonuna yola düşmüşlər. Göyçay şəhərində onlar Elçinlə müştərinin su fiitrinə baxdıqdan sonra Elgünü götürmək üçün yenidən Mingəçevir şəhərinə şəhərinə getmişlər. X9 şəhərindən götürdükdən sonra onlar Gəncə şəhərinə yola düşmüşlər. Saat 24:00 radələrində o, Elçin və Elgün Mingəçevir şəhərindən Yevlax rayonu istiqamətinə yola düşmüşlər. Elçin Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən dəmiryol keçidinə yaxınlaşanda bir avtomobilin onların yoluna çıxaraq üzərilərinə doğru gəldiyini görmüşdür. Elçin həmin anda toqquşmamaq üçün uavtomobili sola doğru yəni, digər yola çəkmək istəsə də, digər avtomobil Elçinin avtomobilini sağ tərəfdən vurmuşdur. O, avtomobildə sağ tərəfdə arxada oturduğundan zərbəni daha çox hiss etmiş və şok vəziyyətində olmuşdur. Daha sonra Yevlax rayon Mərkəzi Xəstəxanasında özünə gəlmişdir. Orada ilkin tibbi yardım edildikdən sonra, onları Gəncə şəhərində yerləşən Abbas Səhət adına xəstəxanaya aparmışlar və evdə müalicə almağını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il saat 21:00-dan xx xxxx 2019-cu il saat 09:00-dək polis nəfəri Şahid2 ilə birlikdə avtopartul kimi gecə naryadı təyin edilmişdir. Xidməti avtomobildə əraziyə nəzarət üçün hərəkət edərkən Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən dəmiryol keçidinə yaxınlaşdıqda yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüşlər. Dərhal həmin yerə getdikdə iki ədəd VAZ 2106 markalı avtomobilin toqquşduğunu görmüşlər. Avtomobillərdən biri yolun sağ tərəfində, digəri isə yolun ortasında dayanmışdır. İlk öncə VAZ 2106 markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Həmin avtomobildə arxa tərəfdə bir nəfər qadın, qabaq tərəfdə isə bir nəfər oğlan əyləşmiş, sürücü isə avtomobildən yerə düşmüş, ayaq üstə olmuşdur. Sürücünün burnu qanamış, qız ayaq nahiyəsini tutub ağrıdığını demiş, həmin avtomobildə olan digər oğlan isə sağ qabırğa nahiyəsini tutmuşdur. Onlardan digər avtomobilin sürücüsünün harada olduğunu soruşduqda oralarda olduğunu demişlər. Digər sürücünü axtardıqda onun hadisənin baş verdiyi yerdə yolun kənarında olan mühafizə dəmirlərindən digər tərəfdə yerdə oturub telefonla danışdığını görmüşlər. O, natamam hərbi formada olmuşdur. Onlar ona yaxınlaşıb səhhətində hər hansı probleminin olub-olmadığını, təcili tibbi yardım gəldikdə onu da xəstəxanaya aparmağa ehtiyac olub-olmamasını soruşmuş və su içməyi təklif etmişlər, lakin həmin sürücü tibbi yardıma ehtiyacının olmadığını, bir nəfər dostuna zəng edəcəyini, tək olduğunu demişdir. Həmin sürücünün sifət nahiyəsində heç bir xəsarət izi görünməmiş, ağzından spirtli içki iysi gəlmişdir. Onlar hərbi geyimli şəxsə yaxınlaşdıqda özünü təqdim etməmişdir. O, dərhal hadisə barədə Yevlax rayon polis şöbəsinin növbətçi hissəsinə və təcili tibbi yardıma zəng etmişdir. Təxminən 10 dəqiqə sonra yol patrul xidmətinin əməkdaşları, polis şöbəsinin digər əməkdaşları və təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmişdir. Onlar hərbiçiyə yanlarında gözləməyi bildirmişlər. Köməkli şəkildə qadını və bir oğlanı təcili tibbi yardım avtomobilinə qoyaraq Yevlax rayon mərkəzi xəstəxanasına yola salmışlar. Daha sonra onlar hadisə yerinə gəlməsi və təhqiqatçıya izahat verməsi üçün hərbi qulluqçunu axtarsalar da, lakin onu ərazidə tapmamışlar. Hadisədən sonra avtomobillər yolun ortasında qaldığından hərəkət dayanmışdır, onlar nəqliyyatın rahat hərəkətinə şərait yaratmışlar, həmçinin xəsarət alan şəxslərə yaxınlaşaraq ilkin tibbi yardım etmişlər, tibbi yardım avtomobilinə yerləşdirmişlər, bu səbəbdən başları qarışdığından hərbi qulluqçunun üzərində nəzarəti itirmişlər və sonuncu hadisə yerindən qaçmışdır. Həmin sürücünün avtomobilinə baxış keçirən vaxt avtomobilinin yük yerindən şəxsi vəsiqəsi aşkar edilmişdir. Daha sonra əraziyə baxış keçirilmiş, avtomobillər polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 21254 saylı ekspert rəyindən görünür ki, hərəkət üçün təhlükə yaranan anda VAZ- 2106 markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə müvafiq olaraq 34.8 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; hərəkət üçün təhlükə yaranan anda VAZ-2106 markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə müvafiq olaraq 34.8 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28048 saylı ekspert rəyindən görünür ki, VAZ 2106 markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadəsinin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Ona görə də VAZ 2106 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28104 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2004-cü il buraxılışlı VAZ 2106 markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 1032 (bir min otuz iki) manat müəyyən edilir. 1.Dəyişilməli hissələrin qiyməti-282,0 manat 2.Təmir-bərpa işlərinin qiyməti 650,00 manat İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxxxx 2019-cu il tarixli 566 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin qapalı travması, sağ İV-X qabırğaların sınığı, ağ ciyərlərin kontuzyası, əzilməsi, sağ tərəfli hemotoraks, dərialtı emfizema-küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxxxx 2019-cu il tarixli 567 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər-sağ qasıq və oturaq sümüklərin yerini dəyişməmiş sınığı (kliniki olaraq)-küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxxxx 2019-cu il tarixli 20/447 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər-üst sağ köpək dişinin sınığı, üst dodağın selikli qişasının yarası-küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətin xarakteri, yerləşdiy nahiyə, o cümlədən sifətin qabarıq nahiyəsində (qarın, alın, burun beli və s.) digər xəsarətin olmaması onu göstərir ki, adətən bu növ xəsarətlər yumruqla zərbə nəticəsində törənir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ABN 219357 nömrəli, BC dərəcəli sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Gəncə şəhəri, Nizami rayonu, 130 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, yuxarıda şərh edilən cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli olması onun özünün etirafedici ifadəsindən əlavə, zərəçəkmiş şəxslərin, şahidin ifadələri, məhkəmə-tibbi və məhkəmə-avtotexniki ekspertiza-larının rəyləri və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1 və 128-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddəsinnə, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxslərin məhkəməyə ünvanlandığı teleqramlardan məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənildiyini, hazırda Təqsirləndirilən şəxsla barışdqlarını və ondan heç bir şikayət və tələblərinin olmamasını göstərmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin mətnindən görünür ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı aradan qaldırmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyinə və onlarla barışıq əldə etdiyinə görə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 128-ci maddəsi ilə olan cinayət təqibinə məhkəmə iclasında xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 190 (bir yüz doxsan) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə maddi sübut Yevlax rayon Polis Şöbəsinin DYPB-nin cərimə meydançasında saxlanılan VAZ 2106 markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq məhkəmə, Qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Ekspertiza xərci olan 190 (bir yüz doxsan) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə maddi sübut Yevlax rayon Polis Şöbəsinin DYPB-nin cərimə meydançasında saxlanılan VAZ 2106 markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar