Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-42/2023 17.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə 1970-ci ilin noyabr ayının 13-də Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax şəhəri, X7 küçəsi, ev 41-də qeydiyyatda olmaqla Yevlax şəhəri, Salatın Əsgərova küçəsi, ev 90-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 385 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq saxlamışdır. 25 oktyabr 2022-ci il tarixdə saat 17:05 radələrində Yevlax st.XPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 385 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, uzun illərdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Yevlax şəhərində yerləşən Kür çayının sahilində piyada gəzərkən çayın kənarında yabanı halda bitən marixuana görmüş və həmin marixuananı torbaya yığıb özündə saxlamışdır. Bir müddət sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananı Yevlax şəhəri dəmir yol stansiyasının ərazisində yerləşən köhnə tikilidə olan əraziyə qoymuş, arabir istifadə etmişdir. 2022-ci ilin oktyabr ayının 25-də həmin tikilidə söküntü işlərinin aparıldığını görüb qurudulmuş marixuana olan torbanı götürüb apararkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis işçilərinə etiraz etməyərək onlarla birlikdə Yevlax xətt polis şöbəsinə getmişdir. Orada müdafiəçinin iştirakı ilə və videoçəkilişlə hüquq və vəzifələri izah edilməklə, şəxsi axtarış keçirilmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax st. xətt polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bununla bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Yevlax st. xətt polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra Yevlax st.XPŞ-nin polis nəfəri Şahid2lə birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinə başlamışlar və həmin gün saat 17:05 radələrində Yevlax dəmir yol stansiyasında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu, Yevlax st.xətt polis şöbəsinə getməli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs onlarla Yevlax st.xətt polis şöbəsinə getmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində olan ağ rəngli torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmin qurudulmuş marixuana tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüş, sonra isə bu barədə protokol tərtib edilmiş, şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax st. xətt polis şöbəsinin polis nəfəri Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının 10 dekabr 2022ci il tarixli 1881 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, məhkəmə elektron sistemindən əldə edilmiş çıxarışdan və mərkəzi X2 sosial müavinət və təqaüd haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs əllilliyi ilə bağlı elektron bazada heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölgəsinin xx.xx.2022-ci il tarixli 17/810 saylı ekspert rəyində göstərilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 385 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-psixiatrik ekspertizasının 11 noyabr 2022-ci il tarixli 687 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs cinayət törədən zaman və hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən DİN-nin BƏSİİ-dən verilmiş 10 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin 11 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 08 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayəti törətməkdə şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 oktyabr 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda (0,385 qram) əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 07 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və həmin cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmasına baxmayaraq, yenidən qəsdən eyni növ cinayət əməli törətmişdir ki, bununla da müəyyən olunur ki, ona təyin edilmiş əvvəlki cəzanın islah təsiri yetərli olmamış, cəzanın məqsədinə nail olunmamamışdır. Ona görə də cəzanın məqsədlərinin təmin olunması baxımından ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruridir. Məhkəmə X3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 384.95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsi aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 30 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25 oktyabr 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomanoya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 384.95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-42/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-42/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver