Məhkəmə qərarları › İş №1(039)-43/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-43/2020

12.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-43/2020 12.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Xanlar rayonunun Burunqovaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs Yevlax rayonu Aran qəsəbəsi ərazisində müvəqqəti olaraq yaşadığı evə gedərək içmək üçün çay istəmiş, Zərərçəkmiş şəxs ona çay vermədiyindən o, sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edib nalayiq söyüş söyərək dalaşmış, əli ilə Zərərçəkmiş şəxs sol göz və sol qol nahiyələrindən dəfələrlə qəsdən yumruq zərbəsi vuraraq ona “sol gözaltı nahiyyənin dərialtı hematoması, sol gözün ağlı qişasına yayılmış qansızma, sol dirsək nahiyyəsinin qançırı xəsarətləri ilə müşayiət olunan” sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində o, oğlanları Vüsal və Tamerlanla görüşmək üçün işlədiyi fermadan çıxıb piyada olaraq Sevincin yaşadığı ünvana getmişdir. O, Vüsalla görüşərək, onunla söhbət etmişdir. Həmin gün o, spirtli içki qəbul etdiyindən evdə baş verənləri o qədər də yaxşı xatırlamır. Sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilməyib, Sevinci nalayiq söyüşlərlə söymuş və istəmədən onu yumruqla vurmuşdur. Əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onun Mehti ilə nikahından Vüsal və Tamerlan adlı iki oğlu olmuşdur. Əvvəllər Mehtinin ona qarşı münasibəti yaxşı olmuş və onunla dalaşmamışdır. Təxminən 5-6 ildir Mehti hər gün çox miqdarda spirtli içki qəbul edir. Birlikdə yaşadıqları müddət ərzində Mehti sərxoş vəziyyətə düşdükdən sonra heç bir səbəb olmadan onunla mübahisə etmiş, dalaşmış və evdə olan qab-qacaqları sındırmışdır. Mehtinin bu hərəkətlərinin nəticəsində o, oğlanları ilə birlikdə rahat yaşaya bilməmişdir. Həmin müddət ərzində Mehti dəfələrlə sərxoş vəziyyətdə onunla münaqişə və dava-dalaş etmişdir. Son iki ildir o, Mehtidən ayrı yaşayır. O, Mehtidən boşanmaq üçün Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Mehti ilə onun arasında bağlanmış nikah pozulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində o, Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən yaşadığı evdə olmuşdur. Evdə ondan başqa oğlu Vüsal da olmuşdur. Həmin vaxt Mehti giriş qapısını açaraq evə daxil olmuşdur. Mehti oğlu Tamerlanın doğum günü münasibəti ilə əlaqədar onun yaşadığı evə gəldiyini demişdir. Mehti sərxoş vəziyyətdə olmuşdur. O, Mehtiyə Tamerlanın evdə olmadığını, iş yerində olduğunu demişdir. Mehti ondan içmək üçün çay istəmişdir. O, Mehtiyə onun yaşadığı evdən çıxaraq getməsini, onu narahat etməməsini, içmək üçün çay verməyəcəyini demişdir. Vüsal da Mehtiyə evdən çıxaraq getməsini demişdir. Həmin vaxt Mehti ona nalayiq söyüşlər söymüş və yumruqla dəfələrlə onun başından, sol gözündən, sol qolundan vurmuşdur. Vüsal Mehtini ondan aralaşdıraraq evdən çıxarmışdır. Vüsal zəng edərək hadisə barədə Mehtinin qardaşı Mahirə məlumat vermişdir. Mahir polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə gəlmişdir. O, Mehti tərəfindən döyülməyi barədə ərizə yazmışdır. Mehtinin onu döyməsi nəticəsində onun sol qolunun dirsək nahiyyəsi və sol gözünün altı göyərmiş, başında ağrılar yaranmışdır. xx xxxxxx 2019-cu il tarixdə o, Yevlax şəhər ekspertiza şöbəsinə getmiş və ekspert onun həmin xəsarətlərini müayinə etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 06/947 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol gözaltı nahiyyənin dərialtı hematoması, sol gözün ağlı qişasına yayılmış qansızma, sol dirsək nahiyyəsinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər.87-88); “qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər. 129-130); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (iş vər.76); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə qarşılıqlı surətdə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 ibtidai istintaqda göstərdiyi 16 (on alltı) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, 60 (altmış) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar