Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-43/2025 27.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Yevlax rayon Polis şöbəsi tərəfindən onun adına verilmiş xx.xx.2016-cı il tarixli “ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün «1901» nömrəli şəhadətnamə əsasında özünə məxsus olan “İJ-27” markalı, ********* nömrəli, Rusiya dövlətində zavod üsulu ilə İjevski silah zavodunda istehsal olunmuş 16 kalibirli «MP-27EM-1C» modelli, hamar qoşalülə ov tüfəngini Azərbaycan Respublikasının “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli Qanununun 15-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” Qaydalarının tələblərinə əsasən silahın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə və yaşayış yerində etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalı olduğu halda bunlara əməl etməyərək “İJ-27” markalı, ********* nömrəli, Rusiya dövlətində zavod üsulu ilə İjevski silah zavodunda istehsal olunmuş 16 kalibirli «MP-27EM-1C» modelli, hamar qoşalülə ov tüfəngini hissələrə sökülmüş vəziyyətdə olmaqla çantanın içərisinə qoyaraq və içərisində dolu patronların olduğu kəmər formasındakı patron qabını da açıq halda yaşadığı Yevlax şəhəri Y.Məmmədəliyev küçəsi 11 saylı evin yataq otağındakı açılan divanın altında saxlamış, 16 fevral 2023-cü il tarixdə axşam saat 22 radələrində Təqsirləndirilən şəxsla eyni ünvanda yaşayan yetkinlik yaşına çatmayan övladı, xx.xx.2007-ci il təvəllüdlü Rasim Salmanov bacısı Salmanova Başxanım İlqar qızını qəsdən öldürmək məqsədi ilə heç kəsə məlumat vermədən yataq otağına daxil olaraq atası Təqsirləndirilən şəxs otaqda divanın altında sökülmüş vəziyyətdə olmaqla çantanın içərisində saxladığı “İJ-27” markalı, ********* nömrəli, Rusiya dövlətində zavod üsulu ilə İjevski silah zavodunda istehsal olunmuş 16 kalibirli «MP-27EM-1C» modelli, hamar qoşalülə ov tüfənginin sökülmüş vəziyyətdə olan hissələrinin saxlanıldığı çantanı gizli şəkildə divanın altından götürüb həmin tüfəngin hissələrini birləşdirib saz vəziyyətə gətirdikdən sonra divanın altında olan içərisində patronların olduğu kəmər formasındakı patron qabından iki ədəd dolu patronları çıxardıb tüfəngin içərisinə qoyaraq tüfəngi atəşə yararlı vəziyyətə gətirib evin digər otağına keçərək qəsdən tüfəngin tətiyini basmaqla tüfəngdən bir dəfə atəş açaraq bacısı Başxanım Salmanovanı qəsdən öldürməklə Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silahı diqqətsiz saxlaması ilə yaranmış şərait nəticəsində həmin silahdan Rasim Salmanovun istifadə etməsi ağır nəticələrə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 230-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, yaşadıqları evdə anası Tahirə, həyat yoldaşı Aygün, qızları Esmira, Məryəm, Səbirə, Başxanım və oğlum Rasim ilə birlikdə yaşamışdır. O, ovçular cəmiyyətinin üzvüdür və özünə məxsus “İJ- 27” markalı, 16 kalibrli, ********* nömrəli qoşalülə ov tüfəngi vardır. Həmin tüfəngdən o, ova gedəndə icazə alıb istifadə etmiş, istifadə etmədiyi müddətdə silahı hissələrin söküb yatdığı otaqda olan divanın altında çantanın içərisində saxlamış, tüfəngə aid patronlar da çantanın yanında olmuşdur. Həmin silahı orada saxlamağını həyat yoldaşı və oğlu Rasim də bilmişdir. Rasim silahı hazır vəziyyətə gətirməyi hətta silahdan atəş açmağı bilmişdir. Qızı Başxanım Nurlandan arılıb yenidən evlənmək istəmişdir. Oğlu Rasim də buna narazılığın bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində yaşadığı evin yaxınlığında yaşayan qardaşı Zakirgildə olarkən qızı Səbirə oraya gəlmiş və həyəcanlı şəkildə Rasimin bacısı Başxanımı tüfənglə öldürməsi barədə məlumat vermişdir. O, evə getmiş yataq otağında divanın altında sökülmüş vəziyyətdə saxladığı “İJ-27” markalı, 16 kalibrli, ********* nömrəli qoşalülə ov tüfəngin hazır vəziyyətdə evin otağında olduğunu, döşəmənin üstündə isə 1 ədəd atılmış vəziyyətdə, digəri isə hazır vəziyyətdə patronların olduğunu və qızı Başxanımın isə digər otaqda döşəmənin üzərində ölmüş vəziyyətdə olduğunu görmüşdür. Rasimin tüfəngi hazır vəziyyətə gətirilib, tüfəndə iki ədəd patron qoyulub qızı Baxşanıma atəş açaraq öldürməsini sonradan bilmişdir. Hazırda əməlindən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə özünün ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid veridyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində əri Təqsirləndirilən şəxsla birlikdə qaynı Zakir Salmanova məxsus evə getmişlər. Qaynı oğlu Ramil Salmanovun məhkəmə prossesi ilə əlaqədar olaraq əri Təqsirləndirilən şəxs qardaşı Zakir ilə şöhbət edərkən qızı Səbirə həyəcanlı şəkildə oraya gəlmiş və qardaşı Rasimin bacısı Başxanımı tüfənglə öldürməsi barədə məlumat vermişdir. O, əri İlqarla evə getmiş yataq otağında divanın altında sökülmüş vəziyyətdə İlqarın saxladığı 16 kalibrli, qoşalülə ov tüfəngin hazır vəziyyətdə evin otağında olduğunu, döşəmənin üstündə isə 1 ədəd atılmış vəziyyətdə patronların olduğunu və qızı Başxanımın isə digər otaqda döşəmənin üzərində ölmüş vəziyyətdə olduğunu görmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Salmanov Başxanım İlqar qızı xx.xx.2003-cü ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Şahid Həmid qzıdır. İşdə olan Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1901 saylı şəhadətnamənin surətindən görünür ki, “İJ-27” markalı, ********* nömrəli, 16 kalibirli iki lüləli ov tüfəngi Təqsirləndirilən şəxs məxsusdur. İşdə olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 010876 saylı biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 08 saylı rəyindən görünür ki, Salmanova Başxanım İlqar qızının meyitində aşkar edilmiş xəsarət-başın kor odlu silah (qırma-seçmə) dəlib keçən odlu silah yarası (giriş dəliyi sol gicgah nahyəsində), baş beyinin didilib-dağılması patronu qırma ilə doldurulmuş odlu silahdan qırmaların kompakt girdiyi məsafədən açılmış bir atəşin təsirindən törənmişdir, ölümlə bir başa səbəbli əlaqəlidir, ölüm baş verməmişdən saniyələrlə ölçülən az müddət əvvəl yetirilmişdir, sağlamlığa ağır zərər vuran xəsərətlərə xas əlamətlərə malikdir. İşdə olan hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Yevlax şəhəri Y.Məmmədəliyev küçəsi ev 11-də yerləşən 2 mərtəbəli fərdi yaşayış evidir. Evin yataq otağına daxil olduqda sol tərəf küncdə odun sobası, masa və paltar şkafı yerləşir. Otağa daxil olduqda sol tərəf istiqamətində televizor altlığı və üzərində səs gücləndirici, ondan öndə isə divardan asılmış vəziyyətdə 01 ədəd televizor, televizorun alt hissəsində kreslo, kreslodan sağda isə divan yerləşir. Həmçinin otağa daxil olduqda qarşıda, sol tərəf istiqamətində üzərinə üzlük salınmış divan. Divandan sağ tərəfdə isə 02 ədəd kreslo yerləşir. Hər iki kreslonun orta hissəsində 01 ədəd “İJ-27” markalı, 16 kalibrli, ********* nömrəli, qoşalüləli ov tüfəngi yerləşir. Həmin ov tüfəngi iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Üzərində üzlüyü olan divanın üzərinə baxış zamanı 01 ədəd qırmızı rəngli, 16 kalibrli giliz aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İşdə olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/178R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ********* №-li silah, Rusiya dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli MP-27EM-1C modelli, hamar qoşalüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz, 16 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir-boş atılmış gilizidir. Hal hazırda atəş ücün yararsızdır. Həmin giliz, 16 kalibrli ********* №-li MP-27EM-1C modelli ov tüfənginin alt lüləsindən atılmışdır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Salmanova Başxanım İlqar qızı xx.xx.2023-cü ildə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin icraatı təzələnmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan “İJ-27” markalı, ********* nömrəli, Rusiya dövlətində zavod üsulu ilə İjevski silah zavodunda istehsal olunmuş 16 kalibirli «MP-27EM-1C» modelli, hamar qoşalülə ov tüfəngi müsadirə edilməli, hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməli və 1 ədəd 16 kalibrli tüfəngə aid atılmış vəziyyətdə olan patron məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 07 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərər əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 230-cu maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını əsas iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsində həvalə edilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan “İJ-27” markalı, ********* nömrəli, Rusiya dövlətində zavod üsulu ilə İjevski silah zavodunda istehsal olunmuş 16 kalibirli «MP-27EM-1C» modelli, hamar qoşalülə ov tüfəngi müsadirə edilsin, hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin və 1 ədəd 16 kalibrli tüfəngə aid atılmış vəziyyətdə olan patron məhv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-43/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-43/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver