Məhkəmə qərarları › İş №1(039)-46/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-46/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-46/2022 01.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə 24 may 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax Rayon Məhkəməsinin 01.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30.04.2018ci il tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanun tətbiq edilərək 04 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Nizami Rayon Məhkəməsinin 21.03.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 02 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 03 noyabr 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 8, mənzil 8də qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 890 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 01.11.2021-ci il tarixdə, saat 13:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə, Yevlax şəhəri, C.Mustafayev küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 14:00-dən saat 14:20-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin sol yan hissəsindən sellofan torbada olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 890 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, hərdən narkotik vastə olan marixuanadan istifadə edir. Həmin narkotiki yabanı halda bitmiş narkotikdən yığıb istifadə etmişdir. 31 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən «Dəvəçi» qəbirstanlığına mərhum valdeynlərini ziyarət getmişdir. Qəbrləri ziyarət edib qayıdanda oradan bir ədəd dolu formada sellofan tapmışdır. Sellofanı açıb içərisinə baxarkən içərisində narkotik vasitə olan nəşə yəni marixuana olduğunu görmüşdür. Özü marixuana qəbul etdiyinə görə torbadakının marixuana olduğunu tanımış və evə aparıb gələcəkdə istifadə emək üçün götürmüşdür. Həmin torbada olan marixuanadan istifadə etmək üçün az miqdarda götürmüş və qalanını orada qəbirlərin yanında gizlətmişdir. Götürdüyü nəşəni evdə təkcə çəkmişdir. 01.11.2021-ci il tarixdə saat 13 radələrində «Dəvəçi» qəbrstanlığına getmiş və orada heç kim olmadığını görüb gizlətdiyi marixuananı götürüb piyada yaşadığı evə doğru hərəkət etmişdir. Yevlax şəhəri, C.Mustafayev küçəsində ona tərəf bir neçə mülki formada şəxs yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu tanımış və üstündə narkotik vasitə olduğundan həyacanlanmışdır. Ona görə onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun razılığı ilə vidio çəkilişlə üstünə baxış keçirilmişdir. Baxış zamanı sellofan torbada saxladığı narkotik vasitə olan marixuananı əynindəki gödəkcənin iç sol yan tərəfindən çıxarıb təqdim etmişdir. Həmin kütlənin narkotik vasitə olduğunu və 31.10.2021-ci il tarixdə Yevlax rayon «Dəvəçi» qəbrstanlığından tapıb orada gizlətdiyini və bu gün oradan götürüb istifadə etmək üçün evə gətirdiyini bildirmişdir. O, narkotik vasitə qəbul etsədə heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlil olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 8, mənzil 8-də yaşayan əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan marixuna olması və onun Yevlax şəhəri, C.Mustafayev küçəsi ilə gəlməsi barədə ona məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, sənədləşdirmə apardıqdan sonra şöbənin PPXB-nün tağım komandiri Şahid2 ilə birlikdə saat 13 radələrində C.Mustafayev küçəsinə getmişdir. Təqsirləndirilən şəxs küçə ilə üzü şəhər istiqamətində getdiyini görmüş və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə onlarla polis şöbəsinə getməsini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət edilmiş və sonra vidieo çəkilişlə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin içəri hissəsindən 1 ədəd ağ-qırmızı rəngli içərisində yaşıl rəngli ota oxşar kütlə olan sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. O, selofan torbada narkotik vasitə olan marixuana olduğunu demişdir. Sellofan torbaya baxış keçirilərkən oradan yaşıl rəngli ot ovuntusuna oxşar, özünə məxsus kəskin iyi olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğusual zamanı Rəşid sellofan torbada olan marixuananı 31 oktyabr 2021-ci il tarixdə səhər vaxtlarında Yevlax şəhərində yerləşən «Dəvəçi» qəbrstanlığından tapdığını və gələcəkdə istifadə etmək üçün evə apardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün tağım komandiri Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan qurudulmuş marixuananı əynindəki gödəkcənin içəri hissəsindən çıxardaraq özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2021-ci il tarixli 17\781 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” sözləri yazılmış 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi-890 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 889,95 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 1(039)-178/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanun tətbiq edilərək 04 (dörd) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Nizami Rayon Məhkəməsinin 21.03.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 02 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 02 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli 93 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Publik hüquqi şəxsin 16 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlilliyə görə ayda 230 (iki yüz otuz) manat Prezident təqaüdü alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 23 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 01 mart 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 889,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsi aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 noyabr 2021-ci il tarixdən 03 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 01 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 889,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar