Məhkəmə qərarları › İş №1(039)-51/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-51/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-51/2025 30.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə. 03 avqust 1982-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd göy rəngli sellofan bükümdə 83,53 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 06 dekabr 2024-cü il tarixdə saat 20:54-də Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri Dədəq Qorqud parkında qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada həmin gün saat 20:54-dən 21:09-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində onun əynindəki gödəkcənin sağ yan cibindən həmin 83,53 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, son vaxtlar narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 2024-cü il noyabrın 26-da axşam saatlarında Yevlax şəhəri ərazisindən keçən Kür çayında balıq tutan zaman çayın sahilindən 1 ədəd sellofan bükülü tapmış, o, həmin sellofan bükülünü açıb baxmış və bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin sellofan bükülüdəki qurudulmuş marixuananı özü istifadə etmək üçün cibinə qoyaraq saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Yevlax şəhərində yerləşən Dədə Qorqud parkında piyada gəzən zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək üzərinin yoxlanılmalı olmasını demişlər. O, üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, axtarış aparılmazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə eləcə də, qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. Yoxlama aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində video çəkiliş aparmaqla üstünün yoxlanılması izah edilmişdir. O, polisin qanuni tələblərinə tabe olaraq üstünün yoxlanılmasının aparılmasına etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə üstünü yoxlayan zaman əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bükülünü təqdim etmiş və həmin sellofan bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı Kür çaynın sahilində yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Yoxlama zamanı üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Aşkar olunmuş 1 sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb möhürlənmiş, imzalarla təsdiqlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokolla tanış olub öz imzası ilə təsdiq etmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı onun və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən çəkiliş aparılarkən çəkimiş videoyazıya və üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirmiş, təhqiqatçı həmin bükülüdə olan qurudulmuş marixuananı sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkmiş və sonra zərfə qoyularaq qablaşdırılmışdır. Hazırda əməlindən peşmandır. Himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları vardır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvvəkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. 06 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etmiş və daxil olmuş məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 06 dekabr 2024-cü il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradıldqdan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Dədə Qorqud parkına getmişlər və saat 20:50 radələrində Yevlax şəhəri Dədə Qorqud parkında hərəkət edən Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üstünün yoxlanılması üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üstünün yoxlanılması keçirilməli olduğunu, onun üzərində öz razılığı ilə yoxlama keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Bundan sonra onun üzərində yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. O, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı qanunla qadağan olunmuş hər hansı əşya, predmetin olub-olmadığı soruşulmuş, olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə - qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 10 gün əvvəl Kür çaynın sahilindən tapdığını, özünün arada narkotik vasitə istifadə etdiyi üçün həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyini, həmin narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün saxladığını bildirmişdir. Sonra həmin 1 ədəd sellofan bükümün içərisinə baxdıqda içərisində tünt yaşıl rəngli kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edilmişdir. Bundan sonra onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçıya təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsininCAB-nin əməliyyat müvvəkili vəzifəsində işləyir. 06 dekabr 2024-cü il tarixdə Yevlax RPŞ-ə Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi, daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvvəkili, polis baş leytenantı Şahid1 şöbə rəhbərliyinə raportla müraciət etmiş və yaradılmış əməliyyat qrupu ilə birlikdə Yevlax şəhəri Dədə Qorqud parkına getmişlər. Təqsirləndirilən şəxs həmin parkda olması barədə məlumatları olmuşdur. Axşam saatlarında Təqsirləndirilən şəxs Dədə Qorqud parkında saxlamışlar və ona yaxınaşaraq özlərini təqdim etdikdən sonra ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin vaxt üzərində gəzdirdiyi sellofan torbada olan narkotik vasitəyə bənzər kütləni onlara təqdim etmişdir. Bundan sonra tərəflərindən zəruri hərəkətlər edildikdən sonra Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş 07 dekabr 2024-cü il tarixli, 17/904 saylı rəydən göürünür ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən şəxsi-axtarış və götürmə zamanı aşkar olunmuş...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan bükümdə, təmiz çəkisi - 85,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,10 qr., qalıq 83,43 qr.) İşdə olan Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli, 152 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Ömər, xx.xx.2012-ci il təvəllüdlü Zəhra, xx.xx.2016-cı il təvəllüdlü Səma adlı yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 83,43 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 34.55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmə dövrü göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə (xx.xx.2025-xx.xx.2025-ci il tarixədək olan (5 saat) hər iclasa görə hər saat üçün 6 manat, 30 aprel 2025-ci il tarixli iclasa görə 1 saat üçün 11 manat hesablanmaqla) 41(qırx bir) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPMnin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 06 dekabr 2024-cü il tarixdən 08 dekabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanda yerləşən evi tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 83,43 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34.55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə dövrü üçün göstərilən 6 (altı) saat hüquqi yardıma görə (xx.xx.2025xx.xx.2025-ci il tarixədək olan (5 saat) hər iclasa görə hər saat üçün 6 manat, 30 aprel 2025-ci il tarixli iclasa görə 1 saat üçün 11 manat hesablanmaqla) 41(qırx bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəkil Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim :Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar