Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-56/2020 03.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, barəsində xx xxxxxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Kövər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə saat 17:50 radələrində, Yevlax rayonu, Malbinəsi kəndi ərazisində, həmin kəndə gedən mərkəzi küçədə, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan, “haqq-hesab çəkmək” hədələri, guya söyüşlə danışması qənaətinə gəlməsi hikkəsi və bəhanəsi ilə, xuliqanlıq niyyəti ilə mübahisə edərək orada olan şəxslərin yanında öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, nalayiq söyüşlərlə söyüb təhqir etdiyi Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib həmkəndlilərinin gözü qarşısında, əlində olan silah qismində istifadə edib tətbiq etdiyi, hadisə yerinə əlində gətirməklə içərisindəki pivənin bir hissəsini içdiyi “Xırdalan” markalı şüşə butulka ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona “sol qaşın əzilmiş yarası, sol gözaltı nahiyyənin qançırı xəsarətləri ilə müşayiət olunan”, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vuran bədən xəsarəti yetirmiş, bu səbəbdən də hadisə yerinə kənar şəxslərin də söyüşdalaşma səslərini eşidib toplaşmasına, ictimai qaydanın 15-20 dəqiqəyədək müddət ərzində pozulmasına səbəb olan hərəkətlərə qəsdən qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki,ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Kövər kəndində yaşayır. Zərərçəkmiş şəxs kiçik yaşından tanımışdır. Onun Vüsalla qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Qoyunbinəsi kəndi ərazisində yerləşən “Laçın” restoranında keçirilmiş toy mərasimində iştirak etmişdir. Həmin vaxt təxminən 100 qram araq içmişdir. Saat 14 radələrində restoranın həyətinə çıxmışdır. Restoranın giriş qapısının önündə bir nəfər şəxsin Vüsalla zarafat etdiyini görmüşdür. Həmin şəxs əli ilə Vüsalı itələmiş, Vüsal kürəyi üstündə yerə yıxılmışdır. Vüsal ayağa qalxaraq həmin şəxsə “var-yox” söyüşü söymüşdür və o, əli ilə Vüsalın ağzını yumaraq “arvad uşaq var, söyüş söymə” demişdir. Ətrafda olmuş şəxslər ona “Vüsala qarşı düz etmirsən, get ondan üzr istə” demişdir. Bundan sonra o, irad bildirdiyi üçün Vüsaldan üzr istəmişdir. Yenidən restorana qayıdaraq toy mərasimində iştirak etmişdir. Saat 17 radələrində yaşadığı evə getmək üçün restoranın həyətinə çıxmışdır. Həmin vaxt Vüsal onun telefonuna zəng edərək Malbinəsi kəndində yerləşən musiqi məktəbinin yaxınlığına gəlməyini, onunla söhbət edəcəyini demişdir. O, Vüsala orada gözləməsini və gələcəyini bildirmişdir. Tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə Malbinəsi kəndinə getmişdir. Mağazadan içmək üçün bir ədəd 500 qramlıq “Xırdalan” markalı şüşə butulkada qablaşdırılmış pivə almışdır. O, butulkanın qapağını açaraq pivəni içməyə başlayaraq, piyada kəndin girəcəyində yerləşən musiqi məktəbinin qarşısından keçən küçəyə getmişdir. Həmin vaxt Vüsalın orada olduğunu görmüşdür. O, Vüsala restoranın qarşısında düzgün hərəkət etmədiyini, qız-gəlinin yanında söyüş söydüyünü, bu səbəbdən də sonuncuya irad bildirdiyini demişdir. Vüsal həmin vaxt orada qadın olmadığını, bəhanə edərək sonuncunu vurduğunu demişdir. O, Vüsalla bir neçə dəqiqə müddətində mübahisə etmişdir. Vüsal sərxoş vəziyyətdə olmuşdur. Vüsal ona söyüş söymüşdür. Həmin vaxt onun sağ əlində “Xırdalan” markalı şüşə butulka olmuşdur. O, şüşə butulkanı tutduğu sağ əli ilə Vüsalı sinəsindən bir dəfə vurmuş və Vüsal müvazinətini itirərək yerə yıxılmışdır. O, əlindəki şüşə butulkanı hasarın yanına atmışdır. Vüsal ayağa qalxaraq yenidən onun üstünə gəlmişdir. Həmin vaxt mal-qara ötürmüş təxminən üç-dörd nəfər şəxs onların yanına gəlmiş, onu və Vüsalı bir-birindən aralaşdırmışlar. Həmin gün gecə saatlarında o, anası Züleyxa ilə birlikdə Bakı şəhərinə getmişdir. 2020-ci ilin fevral ayında Yevlax rayon polis şöbəsində onun barəsində axtarış elan edildiyini bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onu yaşadığı ünvanda tutaraq, Yevlax rayon polis şöbəsinə gətirmişlər. Hadisə zamanı orada olmuş üç-dörd nəfər şəxslər onun həmkəndliləri olmuşdur. Vüsalla aralarında baş vermiş dava-dalaş təxminən 10-15 dəqiqə ərzində baş vermişdir. Məhkəmədən əməlini etiraf edib səmimi peşman olmasını, Zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,Yevlax rayonu, Malbinəsi kəndində doğulmuş və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. O, Təqsirləndirilən şəxs Vəliyyəddin oğlunu kiçik yaşlarından tanıyır. Onun Tuyğunla yaxın münasibəti, qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən “Laçın” restoranında həmkəndlisi Kərəmin oğlu Qurbanın toy mərasimində iştirak etmişdir. Həmin gün saat 16 radələrində, yaşadığı evə getmək üçün restorandan çölə çıxmış və tanışı Cavanşirlə rastlaşmışdır. O, Cavanşirlə görüşüb zarafatlaşmış, lakin, bir-birinə söyüş söyməmişlər. Həmin vaxt Tuyğun restorandan çıxaraq onun yanına gəlmişdir. Tuyğun ona ailə uşağı ilə birlikdə olduğunu demiş və nə səbəbə söyüş söydüyünü soruşmuşdur. O, Tuyğuna söyüş söymədiyini, səhv eşitdiyini demişdir. Tuyğun yanında heç kim olmamışdır. O, Tuyğunun sərxoş vəziyyətdə olduğunu bilmiş, mübahisə və dava-dalaş etməməsi üçün ona bir söz deməmişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. Saat 17:50 radələrində Tuyğun onun telefonuna zəng edərək nalayiq söyüş söymüş və söhbət etmək üçün Yevlax rayonu, Malbinəsi kəndinə gedən yolda yerləşən körpüyə gəlməyini demişdir. Tuyğun yenə də nalayiq söyüş söymüş və söhbət etmək üçün gəlməyəcəyi halda söyüşü boynuna götürəcəyini demişdir. Bundan sonra o, yaşadığı evdən çıxıb piyada olaraq Malbinəsi kəndinin girişində yerləşən musiqi məktəbinin qarşısına getmiş, Tuyğunun həmin musiqi məktəbinin qarşısında, Malbinəsi kəndinə gedən yolda olduğunu və sonuncu ilə birlikdə dörd nəfər şəxsin də olduğunu görmüşdür. O, Tuyğunla və sonuncu ilə birlikdə gəlmiş şəxslərlə salamlaşmışdır. Həmin şəxslərdən biri Tuyğunun yeznəsi olmuşdur. O, Tuyğunun yenə də sərxoş vəziyyətdə olduğunu bilmiş və sonuncudan onu nə səbəbə çağırdığını soruşmuşdur. Tuyğun ona restorandan çıxarkən nalayiq ifadələr işlətdiyini demiş və ona söyüş söymüşdür. O, Tuyğuna söyüş söyməməsini, sərxoş vəziyyətdə olduğunu, səhəri gün ayıldıqdan sonra söhbət etmələrini demişdir. Lakin, Tuyğun ona məhəl qoymamış, həmin şəxslərin yanında ona yenə də nalayiq söyüş söymüşdür. Tuyğun sərxoş vəziyyətdə olduğu üçün özünü ondan güclü hesab etmiş və gücünü yanındakı şəxslərə göstərməyə çalışmışdır. Tuyğunun əlində içərisində pivə olmuş bir ədəd şüşə butulka olmuşdur. Tuyğun həmin butulkadakı pivənin bir hissəsini içmişdir. Tuyğun əlində olmuş həmin şüşə butulkanı zərbə ilə onun sol qaşının üstündən bir dəfə vurmuşdur. O, aldığı zərbədən ani olaraq huşunu itirmişdir və müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Ayıldıqda Tuyğunun orada olmadığını, Tuyğunun yeznəsinin isə onu ayağa qaldırdığını və ona kömək etdiyini görmüşdür. O, sol qaşının üstünün kəsildiyini və həmin nahiyəsindən qan axdığını görmüşdür. Tuyğunun yeznəsi ona dəsmal vermiş və o, dəsmalı yarasının üstünə qoyaraq axan qanı kəsməyə çalışmışdır. O, adları yadında qalmamış təxminən 5-6 nəfər həmkəndlisinin onun ətrafına toplaşdığını görmüşdür. İstifadə etdiyi telefonla 102-yə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Bundan sonra Yevlax rayon polis şöbəsinin əməkdaşları onun yanına gəlmişlər. Polis əməkdaşları tibbi yardım göstərilməsi üçün onu Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Həkim ona tibbi yardım göstərərək yarasına tikiş qoymuşdur. Polis şöbəsində o, Tuyğun tərəfindən döyülməyi barədə ərizə yazmışdır. Səhəri gün o, Yevlax şəhər ekspertiza şöbəsinə getmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Kövər kəndində yaşayır. Ailəsini dolandırmaq üçün idarə etdiyi “VAZ-21074” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı kənddə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun qaynıdır. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən “Laçın” restoranında Malbinəsi kəndində yaşamış Kərəm adlı şəxs oğluna toy mərasimi keçirmişdir. Həmin gün o, taksi xidməti göstərmək üçün idarə etdiyi avtomobillə həmin restorana getmişdir. O, Tuyğunun toy mərasimində iştirak etdiyini, bir dəfə isə restorandan həyətə çıxdığını görmüşdür. Saat 18 radələrində toy mərasimində iştirak etmiş şəxslərdən bir neçə nəfərin sifarişi ilə idarə etdiyi avtomobillə həmin şəxsləri düşürmək üçün Malbinəsi kəndinə getmişdir. Tanımadığı şəxsləri Malbinəsi kəndində, yaşadıqları ünvanda düşürmüş və idarə etdiyi avtomobillə geri qayıtmışdır. Saat 18:30 radələrində o, Malbinəsi kəndinin girişində yerləşən musiqi məktəbinin qarşısından keçən küçədə təxminən 7-8 nəfər şəxsin bir yerə toplaşdığını görmüşdür. O, həmin şəxslərə fikir verməmiş və yoluna davam etmişdir. Bir neçə metr məsafə getdikdən sonra Malbinəsi kəndində yaşamış Zərərçəkmiş şəxs piyada olaraq X4 istiqamətində getdiyini görmüşdür. O, avtomobilini dayandıraraq Vüsaldan hara getdiyini soruşmuşdur. Vüsal ona “yola çıxıram, dəsmalın var” demişdir. O, cib dəsmalını Vüsala vermişdir. Bundan sonra o, avtomobilini idarə edərək getmişdir. Təxminən iki gün sonra qaynı Tuyğunun Vüsalla dalaşdığını, Vüsalın Tuyğunun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etdiyini bilmişdir. Həmin vaxt o, musiqi məktəbinin qarşısında iki gün əvvəl bir neçə nəfər şəxsin toplaşdığını və Vüsalı gördüyünü xatırlamış və Tuyğunla Vüsalın orada dalaşdığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Malbinəsi kəndində əri Zərərçəkmiş şəxslə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə o, uşaqları ilə birlikdə yaşadığı evdə olmuşdur. Həmin gün saat 13 radələrində Vüsal Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən “Laçın” restoranında keçirilmiş toy mərasimində iştirak etmək üçün yaşadığı evdən çıxaraq getmişdir. Saat 17 radələrində Vüsal toy mərasimindən çıxaraq yaşadığı evə qayıtmışdır. Təxminən bir saat sonra Vüsalın telefonuna zəng gəlmiş, Vüsal telefonda kiminləsə danışaraq evdən çıxıb getmişdir. Vüsal hara getdiyini ona deməmişdir. Həmin gün gecə saatlarında Vüsal yaşadığı evə gəlmişdir. O, Vüsaldan nə baş verdiyini, nə səbəbə evə gec gəldiyini soruşmuşdur. Vüsal Tuyğun adlı şəxslə dalaşdığını, Malbinəsi kəndinin girişində Tuyğunun butulka ilə Vüsalın başından bir dəfə vurub xəsarət yetirdiyini, polis şöbəsinə gedərək Tuyğunun barəsində şikayət etdiyini demişdir. O, Vüsalın sol qaş nahiyəsində xəsarət olduğunu görmüşdür. Vüsal xəstəxanaya getdiyini, həkimlərin xəsarət nahiyəsinə tikiş qoyaraq tibbi yardım göstərdiklərini demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 911 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət– sol qaşın əzilmiş yarası, sol gözaltı nahiyyənin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020 il tarixli 04/911 saylı rəyə əlavə rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət–sol qaşın əzilmiş yarası, sol gözaltı nahiyyənin qançırı küt alətin, ola bilsin ekspertizaya təqdim edilmiş şüşə botulla zərbənin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Kövər kənd X2 üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 221.3-cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinin tələbinə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd “Xırdalan” markalı şüşə butulka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət təyin olunmuş cəzadan çıxılsın və o, qəti olaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli bu hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd bir ədəd “Xırdalan” markalı şüşə butulka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia veriməmiş, ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 198 (bir yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-56/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-56/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver