Məhkəmə qərarları › İş №1(039)-56/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-56/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-56/2023 17.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 76-da qeydiyyada olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Yevlax şəhərində yaşadığı evin qarşısındakı Q.B.Zakir küçəsində xx.xx.2022-ci il tarixdə saat 12:25 radələrində saxlanılmış, həmin gün saat 13:40-dan 13:52-dək olan müddətdə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində 3 (üç) ədəd sellofan bükümlərdə təmiz çəkiləri 3,27 qram, 1,90 qram və 3,37 qram olmaqla istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 8,54 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o marixuanadan istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitə olan marixunanı həmin gün yaşadığı küçədən yerdən tapmış və özü istifadə etmək qərarına gələrək götürmüşdür. 17 noyabr 2022-ci il tarixdə saat 12:25 radələrində yaşadığı küçədə olarkən bir neçə mülki geyimdə şəxslərin ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onun barədə olan əməliyyat axtarış tədbiri keçirilməsi ilə barədə qərarla tanış etmiş və onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra Yevlax RPŞ-də onun üzərində şəxsi axtarış keçirilməsi zərurətinin olmasını demişlər. O, isə heç bir etiraz etməmiş, eyni zamanda polis əməkdaşları ona üzərində narkotik vasitə olub-olmamasını soruşmuş və əgər vardırsa könüllü təqdim etməsini təklif etmişlər. Bu təkilifdən sonra o əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən viceroy markalı siqaret qutusunu çıxarıb siqaret qutusunda olan üç ədəd sellofan bükümlərdə olan narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin bükümlərə baxış keçirilərək ağzı bağlanıb elektron tərzidə çəkilmişdir. Həmin sellofan bükümlər ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Eyni zamanda onun üzərinə video çəkilişlə şəxsi axtarış aparılmış şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir əşya aşakar edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, polis mayoru Vüsal Məmmədovla birlikdə Yevlax rayon ərazisində əməliyyat tədbiri həyata keçirmiş və Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmələr aparmış 17 noyabr 2022-ci il tarixdə saat 12:25 radələrində Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri Q.B.Zakir küçəsində saxlamış bundan sonra onu Yevlax RPŞ-nə aparmışlar orada video çəkilişlə üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən viceroy markalı siqaret qutusunu çıxarıb siqaret qutusunda olan üç ədəd sellofan bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər, həmin sellofan bükümlərin içərisində kəskin iyli, yaşıl rəngli, marixunaya bənzər kütlə aşkar olunmuş və həmin qeyd olunan kütlə elektron tərəzidə çəkilmiş və protokol tərtib olunaraq götürülmüş, eyni zamanda o, ifadəsində həmin qurudulmuş marixunanmm özünə məxsus olduğunu və özü istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 17 noyabr 2022-ci il tarixdə saat 13:40-dən 14:52 dəqiqəyədək olan müddət ərzində DİN-nin BNMİnin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış keçiriləcəyi və “Sony” markalı videokamera vasitəsilə çəkiliş aparılacağı elan olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axatarış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf edərək həmin kütləni təqdim edəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qış gödəkcəsinin sol yan cibindən viceroy markalı siqaret qutusunun içərisindən üç ədəd sellofan bükümlərdə olan bükümləri otaqdakı stolun üzərinə qoyaraq təqdim etmiş və həmin bükümlərdəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı həmin gün yaşadığı küçədən tapdığını və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Həmin sellofan bükümlərdəki yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmiş, daha sonra bükümlərin ağzı bağlanmışdır. Həmin sellofan bükümlər elektron tərəzi də çəkilmiş, qablaşdırmışdır. Həmin bükümlər bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri DİNnin zərflər üçün 7(2) möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış qurtardıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokol uca səslə iştirakçılara oxunmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən baxış protokoluna hər hansı bir etiraz, əlavə daxil olmamışdır. Baxış “Sony” markalı kamera vasitəsi ilə video çəkiliş aparılmaqla həyata keçirilmiş və həmin videoçəkiliş bir ədəd DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.23); şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən bir ədəd siqaret qutusuna baxış keçirən zaman içərisindəki üş ədəd şəffa rəngli sellofan bükümlərdə yaşıl rəngli, kəskin iyli narkotik maddə olan qurudulmuş marixuana bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 33-35); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1299 nömrəli rəyindən görünür ki, şübəli şəsx “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd siqaret qutusundakı üç ədəd sellofan bükmülərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız pakedəki 1 (bir) ədəd VİCEROY markalı siqaret qurusunda olan 3 (üç) ədəd sellofan bükümlərdən, ayrı-ayrılıqa təmiz çəkiləri 3,27 qram, 1,90 qram, 3.37 qram ümumilkdə təmizi çəkisi 8.54 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, orqanolepik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi- 8,54 qram tədqiqata sərf edildi- 0,06 qram, (hər birindən 0.02 qr) qalıq-8,48 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manatdır. (iş vər.42-43); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, saat 12.10-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 58-59); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.63); məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 54 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (iş vər.80); maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 8,48 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 8,48 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuana saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.82-87); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut -8,48 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 4 (dörd) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar