Məhkəmə qərarları › İş №1(039)-57/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-57/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-57/2020 02.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Ağdaş rayonu, Kotavan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhər avtovağzalında xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində saxlanılıb, üzərində həmin gün saat 15:35-də müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində, əynindəki şalvarın sağ yan cibində 1 ədəd siqaret kağızına bükülmüş bükülüdə, istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə- 0,182 qram miqdarında metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilibqablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, hərdən narkotik vasitə qəbul edir. İşləmək üçün Türkiyə Respublikasına getmək qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə Türkiyə Respublikasına getmək üçün səhər vaxtlarında Bakı şəhər avtovağzalına gəlmiş, avtovağzalın həyətindən siqaret kağızına bükülmüş bükülü tapmış, açıb içərisinə baxarkən içərisində şəffaf rəngli kütləolduğunu görmüş, həmin kütlənin “metamfetamin” olduğunu bilmiş və gələcəkdə qəbul etmək üçün cibinə qoymuşdur. Vağzalın kassasından bilet alaraq avtobusa minmiş və avtobus Türkiyə Respublikasına getmək üçün yola çıxmışdır. Həmin gün təxminən saat 15radələrində avtobus Yevlax şəhərinə çatmışdır.Türkiyəyə getmək fikrindən daşınaraq avtobusdan düşmüş və Bərdə rayonunda yaşayan dostu ilə görüşmək üçün Bərdə rayonuna gedən yol istiqamətinə getmişdir. Bu vaxt oraya gəlmiş polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, içərisində “metamfetamin” olan bir ədəd bükülünü onun əynindəki şalvarın sağ yan cibindən aşkar etmişlər. Sorğu-sual zamanı o, bükülüdəkinin “metamfetamin” olduğunu, özü istifadə etmək üçün cibinə qoyub gəzdirdiyini etiraf etmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhər sakini Təqsirləndirilən şəxs Yevlax şəhər avtovağzalının yaxınlığında üstündə narkotik vasitə olması barədə əməliyyat aparatına məlumat daxil olmuş və həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra şöbənin cinayət axtarış bölməsininəməliyyat müvəkkili X4 ilə birlikdə Yevlax şəhər avtovağzalının Bərdə yolu istiqamətinə getmişlər. Şəhriyarı orada görərək ona yaxınlaşmış və polis şöbəsinə getməyi təklif etmişlər. Şəhriyar bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Şəhriyarın üstünə baxış keçirmişlər. Baxış zamanı Şəhriyarın əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülü aşkar etmişlər. Bükülünü açıb içərisini nəzərdən keçirdikdə içərisində şəfaf halda şüşə qırıntısı formasında psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sorğu-sual zamanı Şəhriyar bükülüdəkinin metamfetamin olduğunu, həmin gün Bakı şəhərində avtovağzalda olarkən oradan tapdığını və gələcəkdə özü istifadə etmək üçün cibinə qoyub gəzdirdiyini etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhər sakini Təqsirləndirilən şəxs Yevlax şəhər avtovağzalının yaxınlığında üstündə narkotik vasitə olması barədəməlumat daxil olmuş və həmin məlumat rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin cinayət axtarış bölməsininəməliyyat müvəkkili X5 ilə birlikdə Yevlax şəhər avtovağzalının Bərdə yolu istiqamətinə getmişlər. Şəhriyarı orada görərək ona yaxınlaşmış və polis şöbəsinə getməyi təklif etmişlər. Şəhriyar bununla razılaşaraq polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Şəhriyarın üstünə baxış keçirmişlər. Baxış zamanı Şəhriyarın əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülü aşkar etmişlər. Bükülünü açıb içərisini nəzərdən keçirdikdə içərisində şəfaf halda şüşə qırıntısı formasında psixotrop maddə olan metafetamin aşkar olunmuşdur. Sorğu-sual zamanı Şəhriyar bükülüdəkinin metamfetamin olduğunu, həmin gün Bakı şəhərində avtovağzalda olarkən oradan tapdığını və gələcəkdə özü istifadə etmək üçün cibinə qoyub gəzdirdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur; (iş vər 11-12); şəxsi axtarış və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü kağıza bükülmüş, ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 25-32); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 79 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfin içərisindəki, 01(bir) ədəd gümüşü –ağ rəngli bükümdə, təmiz çəkisi 0,182 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan- metamfetamindir. Tədqiqata sərf edildi - 0,020 qram, qalıq 0,162 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 41-42); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər 56); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,162 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax Rayon Polis Şöbəsinə təhvil verilmişdır. (iş vər. 62) məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metafetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.71 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər. 73-74); Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər.69) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3),cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıtəqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin məhv edilməli(CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut 0,162 qram çəkidə tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda göstərdiyi 27 (iyirmi yeddi) saat, məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 234 (iki yüz otuz dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar