Məhkəmə qərarları › İş №1(039)-58/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-58/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-58/2020 03.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi , Zərər çəkmiş şəxs X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1975-ci ildə Yevlax rayonu Rüstəmli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Rüstəmli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin yanvar ayının 05-də saat 12:30 radələrində, Yevlax rayonu Rüstəmli kəndində küçədə, orta dərəcə sərxoş vəziyyətdə qonşusu X4 ilə, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə mübahisə edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, nalayiq söyüşlərlə söyüb təhqir etdiyi Xoşbəxt Hüseynovanın üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib yerdən götürüb silah qismində istifadə edərək tətbiq etdiyi daşla onun sol qol nahiyyəsindən iki dəfə və sol bud nahiyəsindən bir dəfə qəsdən vurmuş, təkrar olaraq həmin gün saat 17 radələrində həmin ünvanda, həmin qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan silah qismində istifadə edərək tətbiq etdiyi dəhrə ilə Xoşbəxt Hüseynovanın sol qol nahiyyəsindən bir dəfə qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bu səbəbdən də Hüseynovlar ailəsinin və həmin küçədə yaşayan şəxslərin söyüş-dalaşma səslərini eşitməklə istirahətinin, dincliyinin pozulmasına, onların həyəcanlanmasına, təhlükədə qalmasına gətirib çıxaran, həmçinin ümumilikdə ictimai qaydanın iki saatadək müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək söyləmişdir ki, Yevlax rayonu Rüstəmli kəndində yaşayır, zərər çəkmiş Xoşbəxt Hüseynovanı, onun əri Şahid2 bir həmkəndli və qonşu kimi uzun müddətdir tanıyır. Münasibətləri əvvəl normal olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə yasaqları evin yaxınlığında Cabbarla görüşmüş və torpaq sahəsinin alınması ilə bağlı aralarında mübahisə olmuşdur. Həmin zaman Cabbarın atası İsgəndər, qardaşı Cəlil və digər ailə üzvləri onların yanına gəlmişlər, mübahisə onlarla da davam etmişdir. Cabbarın atası İsgəndər onun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında yaşadığı evdə spirtli işki qəbul etmiş, sonra isə Cabbarla görüşüb barışmaq qərara gəlmiş və küçəyə çıxaraq Cabbarı çağırmışdır. Cabbar küçəyə çıxmadığı görüb əsəbləşərək onun ünvanına söyüş söymüşdür. Bu zaman Cabbarın valideyinləri küçəyə çıxmış və ondan yaşadığı evə getməyi tələb etmişlər. Bundan sonra isə Cabbarın arvadı Xoşbəxt evlərinin həyətindən ona söyüş söydüyü üçün o, əsəbləşmiş və yerdən bir daş götürüb Xoşbəxtə tərəf atmış və daş Xoşbəxtin qolundan və ayağından dəymişdir. Bundan sonra oranı tərk edərək evə getmişdir. Evdə yenə də spirtli içki qəbul etdikdən sonra, təxminən axşam saatlarında, yenidən Cabbargilə gedərək onu səsləyib küçəyə çıxmasını tələb etmişdir. Bu zaman Cabbar, Xoşbəxt, İsgəndər və Südabə küçəyə çıxmışlar. Sərxoş olduğu üçün yenə mübahisə etmiş, Yevlax rayon polis şöbəsinə etdikləri şikayəti geri götürmələrini tələb etmişdir. Bu arada Xoşbəxt yenə onu təhqir etmişdir. Mübahisə zamanı Cabbarıın üzərinə gedərkən əlində olan dəhrənin küt tərəfi təsadüfən Xoşbəxtin qolundan dəymişdir. Xoşbəxtin qolundan qan axdığını görmüş və dəhrəni yerə ataraq yaşadığı evə getmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Xoşbəxt Hüseynova bildirmişdir ki, Təqsirləndirilən şəxs bir həmkəndli və qonşu kimi tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs buna hər hansı ciddi səbəb olmadan küçədə onun əri Cabbar və qayınatası İsgəndərlə mübahisə etmiş və sonuncunu itələyib yıxaraq ona xəsarət yetirmişdir. Bu barədə onlar Yevlax Rayon Polis Şöbəsinə şikayət etmişlər. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Eldar onların yaşadığı evin həyət darvazasının yanına gələrək yüksək səslə Cabbarı səsləməyə başlamışdır. O, qayınatası İsgəndər, qayınanası Südabə səsə çıxaraq Eldardan nə istədiyi soruşmuşlar. Bu zaman Eldar onların ünvanına söyüş söymüşdür. Ondan söyüş söyməməyi tələb etdikdə Eldar yerdən daş götürərək onlara tərəf atmış və onun atdığı daş onun sol qolundan dəymişdir. Daşın ona dəydiyini görən qayınatası Eldardan oradan çıxıb getməsini tələb etmiş və Eldar oradan uzaqlaşmıdır. Bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat vermişdir. Polis əməkdaşları bir müddət sonra oraya gəlib onları dinləsələr də, Eldar onların çağırışına evdən çıxmadığından çıxıb getmişlər. Bundan sonra əri Cabbar evə gəlmiş və o, olmuş hadisəni Cabbara danışmışdır. Təxminən saat 17:00-da, Eldar yenidən onların həyətinə gələrək yüksək səslə Cabbarı çağırmağa başlamışdır. Onun səsinə yenidən o, əri Cabbar, qayınatası və qayınanası həyətə çıxmışlar. Eldar yenə onların ünvanına söyüş söymüş və Cabbarı öldürəcəyini bildirmişdir. Eldar Cabbara tərəf gedən zaman onları arasına girmiş və bu zaman Eldar əlindəki dəhrəni aşağı endirərkən dəhrənin küt tərəfi onun qoluna dəymişdir. Qolundan qan açıldığını gördükdə Eldar dəhrəni yerə ataraq oranı tərk edib evinə getmişdir. Bundan həyacanlanan qayınanası Südabənin halı pisləşmiş, ona da tibbi yardım göstərilmişdir. Bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat vermişlər. Eldarın ailəsi, himayəsində azyaşlı uşaqlarının olmasını, özünün bundan sonra onlara qarşı heç bir qanunsuz hərəkət etməycəyi barədə vədini nəzərə alaraq bu dəfə onunla barışmışdır. Cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir bir həmkəndli və qonşu kimi tanıyır, münasibətləri həmişə normal olmuşdur. 2019-cu ilin dekab ayında Eldar qonşuluqda olan torpaq sahəsinin alınması ilə bağlı mübahisə etmiş və onun atası İsgəndərə xəsarət yetirmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən 16:00-da evə gəldikdə arvadı Xoşbəxt Hüseynova ona bildirmişdir ki, Eldar yenə də onların həyətinə sərxoş halda gəlmiş, onu çağırmış, onun və ailə üzvlərinin ünvanına söyüş soymuş, daha sonra isə onlara tərəf daş atıb getmişdir. Daşlardan biri Xoşbəxtin qoluna dəymişdir. Bundan bir saat sonra Eldar yenidən onların həyətinə gəlmiş və uca səslə onun həyətə çıxmasını tələb etmişdir. Bu səsə özü, arvadı Xoşbəxt, atası və anası həyətə çıxmışdır. Eldar sərxoş halda onu təhqir etməyə başlamışdır. Onun üzərinə gələn zaman Xoşbəxt onun qarşısını kəsmiş və Eldar əlində olan dəhrəni aşağı salan zaman dəhrənin küt tərəfi Xoşbəxtin qoluna dəymişdir. Xoşbəxtin qolundan qan açıldığından Eldar dəhrəni yerə atmış və söyüş söyə-söyə oradan çıxıb getmişdir. Bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat vermişlər. Son zamanlar Eldar qardaşı vasitəsi ilə onlara müraciə edərək əməlindən peşman olduğunu, bir daha onlara qarşı hər hansı qanunsuz hərəkət etməyəcəyini bildirmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 12 saylı rəyində qeyd olunur ki, X2 aşkar olunmuş xəsarət – sol saidin orta 1/3-nin ön səthinin qançırı, sol saidin arxa səthinin, sol mil-bilək oynağının tış səthinin sıyrığı, sol baldırın orta 1/3-nin ön səthinin qançırı və dərialtı hematoması küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (səh. 19-20). Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 05/12 saylı rəyində qeyd olunur ki, X2 aşkar olunmuş xəsarət – sol saidin orta 1/3-nin ön səthinin qançırı, sol saidin arxa səthinin, sol mil-bilək oynağının tış səthinin sıyrığı, sol baldırın orta 1/3-nin ön səthinin qançırı və dərialtı hematoması küt alətin, ola bilsin ekspertizaya təqdim edilmiş dəhrəyəbənzər alətin dəstəyinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (səh. 100-101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yevlax şəhər mərkəzi xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli 14 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda qeyd olunur ki, Təqsirləndirilən şəxs orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. ( səhv 17). Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq edilən qeyd olunan sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd edilən hərəkətlərin, bununla da Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs etməklə, silah qismində dəhrədən istifadə edib zərər çəkmiş şəxsə zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Bu səbəbdən, ittihamda qeyd edilən Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinməklə Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, cinayətin törədilmə şəraitini, şəxsiyyətini əsas götürməklə cəza çəkmədən islah olunmasını mümkün hesab edərək, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, Yevlax Rayon Polis Şöbəsində saxlanılan bir ədəd dəhrə məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxsə göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 138 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X3, məhkəmə dövrü üçün 18 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna və məhkəmə dövrü üçün 30 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində davranışına nəzarət Yevlax rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 138 (bir yüz otuz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunun vəkili X3 məhkəmə dövrü üçün 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna və məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar