Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-58/2024 15.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Rusiya Federasiyasının Xasayurt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi ev 163-da qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan torbada 345,0 qram çəkidə narkotik vasitə olan – qurudulmuş marixuananı əldə edərək saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi xx.xx.2023-cü il tarixdə saat 11:15-də Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin gün saat 12:00-dan saat 16:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı üzərində olan sellofan torbada saxladığı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı həmin narkotik vasitə olan qurudulmuş marixuanana aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, son vaxtlar o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 2023-cü il dekabrın 8-də səhər saatlarında yaşadığı Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində zibil qabına zibil tullayan zaman həmin qabın içərisidə 1 ədəd selofan torba görmüş, həmin torbanı açıb içərisinə baxmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin selofan torbadakı qurudulmuş marixuananı özü istifadə etmək üçün götürüb yaşadığı evə apararkən saat təxminən 11:00 radələrində Yevlax şəhəri Ü.Hacəbyov küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Zaur Bərxudarovu özünə vəkil seçmiş, həmin vəkil polis şöbəsinə dəvət olunaraq ona təqdim edilmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, içərisində qurudulmuş marixuana olan bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və yaşadığı küçədə zibil qutusunun içərisindən tapdığını demişdir. Təhqiqatçı həmin bükülüdə olan qurudulmuş marixuananı sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 370 qram olmuş, təhqiqatçı həmin qurudulmuş marixuananı sellofan bükümlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq 85 nömrəli möhürlə möhürləmişdir. O və müdafiəçisi Zaur Bərxudarov bunu imzaları ilə təsdiqləmişlər. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. onun himayəsində altı azyaşlı uşağın olmasını və əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Rəfael oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 08 dekabr 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən İsmayılın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, İsmayılın barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 08 dekabr 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis polkovnik-leytenantı X5 həmin qrupun rəhbəri təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində o, polis əməkdaşı Cavidlə birlikdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində İsmayılın yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, İsmayıla qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. İsmayıl üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Teymurla birlikdə Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X4a təhvil vermişlər. O, İsmayılın gətirilməsi barədə raport yazmışdır. X2 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. İsmayıl Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X7 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Rüstəm Həsənov onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə İsmayılın üzərində şəxsi axtarış aparmışdır. X6 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı İsmayıl əynindəki gödəkcənin iç hissəsindən bir ədəd sellofan bükülünü təqdim edərək bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı həmin gün yəni, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində zibil qabının içərisindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X4 bükülünü açmış, o, bükülüdə qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. Rüstəm Həsənov həmin kütləni sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 370 qram olmuş, təhqiqatçı həmin kütləni sellofan torba ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. İsmayıl və müdafiəçisi Zaur Bərxudarov zərfin üzərinə imza çəkmişlər. Rüstəm Həsənov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Rüstəm Həsənov zərfdə qablaşdırdığı maddənin qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra İsmayılın üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Rüstəm Həsənov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkül Şahid2 həmin ifadəsində Şahid1 Rəfael oğlunun ifadəsində qeyd etdiyi xüsusatları bildirərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:15-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.20-21); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlindəki göy rəngli sellofan torbanın içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub) (iş vər. 27-34); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/832 nömrəli rəyindən görünür ki, “şübəli şəsx Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş marixuanaya bənzər kütlə” sözlər, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi-345.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 345,0 qram tədqiqata sərf edildi- 0,20 qram, qalıq- 344,80 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manatdır (iş vər.41-43); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 15:50-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər. 62-63); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.67); Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 344,80 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 344,80 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.75-76); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 326 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vər.91); AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü, xx.xx.2014-cü il təvəllüdlü, xx.xx.2015-ci il təvəllüdlü, xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü uşaqları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində altı azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılığı) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarix saat 11:15-dən 09 dekabr 2023-cü il tarix saat 15:50-dək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 may 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 344,80 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-58/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-58/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver