Məhkəmə qərarları › İş №1(039)-6/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-6/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-6/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu Qurtuluş küçəsi ev 53, mənzil 61 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 21:10-da idarə etdiyi “İsuzu NPR75 KD” yük markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 301-ci kilometrində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yolun solundan sağına keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə yolun hərəkət hissəsində vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinin əzilmiş yarası, baş beyinin yumşaq toxumalarına qansızma ilə müşayiət olunan kəllə tağı sümüklərinin basılmış, kəllə əsası sümüklərinin xətti sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “xxxx” MMC-də sürücü işləmiş və həmin dövrdə müəssisəyə məxsus ** JL *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində şirkətin sifarişi əsasında idarə etdiyi həmin yük avtomobil ilə Ucar rayonundan 3 tona yaxın toyuq məhsulunu avtomobilə yükləyərək Gəncə şəhərinə yola düşmüş, həmin günü saat 21:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən yolda Gürcüstan Respublikası istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfi ilə 60 km/saat sürətlə hərəkətdə olarkən yolun sol tərəfindən sağ tərəfinə doğru bir uşağın qaçdığını, həmin uşağın arxasınca isə bir nəfər qadının yolun solundan sağına doğru adi yerişlə, sonra isə yenidən yolun sağ tərəfindən soluna doğru, daha sonra isə yolun solundan sağına doğru keçdiyini görmüşdür. Həmin vaxt o, hadisənin qarşısını ala bilməyərək qadını yük avtomobilinin qarşı sağ tərəfi ilə vurmuşdur. O, dərhal avtomobili saxlamışdır. Orada olan şəxslər xəstəxanaya bu barədə məlumat vermişlər. Qısa müddət sonra hadisə yerinə yol polisi əməkdaşları gəlmişdir. Onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. O, avtomobillə qadını vurduğu yeri göstərmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisədən az əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hadisə baş verəndən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün o və yaxın qohumları yas mərasimində iştirak etmək zərərçəkmiş şəxsin evinə getmişlər, lakin zərərçəkmiş şəxsin qohumları tərəfindən evdən qovulmuşlar. Bundan sonra oğlu Mahmud ailənin agsaqqalları ilə əlaqə saxlamış və onlarla barışıq əldə etmək istədiklərini və vurulmuş ziyanı ödəməyə hazır olduqlarını bildirmişdir. Ailənin ağsaqqalı ilə razılıq əldə olunduqdan sonra onun tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə 4000(dörd min) manat pul ödənilmişdir və razılığa gəlmişlər ki, qarşı tərəfin onlara qarşı heç bir şikayəti və tələbi olmayacaq. Hazırda onun maddi imkanı çox aşağıdır, baş verən yol qəzasından sonra iş yerini itirib və pensiya yaşına çatmadığı üçün pensiya ala bilmir. Banklara kredit borcu var və borc pul ala biləcək, maddi imkanı yaxşı olan dostu- tanışı və ya qohumu olmadığı üçün zərərçəkmiş şəxsin hüquqi varisinə əlavə olaraq maddi köməklik göstərə bilmir. Borc pul almaq üçün dəfələrlə qohumlarına və banklara müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Oğlu İİ qrup Qarabağ əlilidir. Dövlət tərəfindən oğluna təyin olunmuş pensiya ilə oğlu həm öz ailəsinə, həm də valideynlərinə baxır. Yüngül cəza veriləcəyi təqdirdə o, yenidən işləyib və qarşı tərəfə vurulmuş ziyanı ödəməyə hazırdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır və subay olmuşdur. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında qızı Vüsalə nəvəsi, yəni oğlu Rövşənin qızı Leyla ilə birgə çölə çıxmışdır. Axşam saatlarında qızı Vüsalənin avtomobillə vurulması barədə ona xəbər verilmiş, qızı Vüsalə xəstəxanaya aparılmışdır. Lakin qızı aldığı xəsarətlərdən ölmüşdür. Həkimlər tərəfindən daxili və xarici müayinə olunduqdan sonra qızı Vüsalənin meyiti onlara təhvil verilmiş, xx xxxx 2020-ci il tarixdə qızı Vüsalənin meyiti Yevlax rayonu Aran qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Sonradan ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə saat 21:10 radələrində nəvəsi Leyla yola qaçdığı üçün qızı Vüsalə onun arxasınca yola çıxmış, yolu keçib geri qayıdarkən Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə onu vurmuşdur. Sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs və onun qohumları qızının yas mərasiminə gəlmiş, lakin onlar baş vermiş hadisədən kədərli olduqları üçün gələn şəxsləri yas mərasimində görmək istəməmişlər və etirazlarını bildirmişlər. Sonradan qarşı tərəf, onlara qohum olan bir şəxslə əlaqə saxlamış və onlara dəymiş ziyanın qarşılığı olaraq 4000(dörd min) manat pul ödəmişdir. Həmin pul qızının yas mərasiminin xərcini qarşılamamışdır. Bundan əlavə qızının bank kredit borcu olmuş və həmin borcun ödənilməsini məcbur olaraq, hazırda o ödəməlidir. Bu borcu ödəməyə isə onun maddi imkanı yoxdur. Qızı öldükdən sonra əri xəstələnərək uzun müddət müalicə almalı olmuşdur, hazırda da ərinin səhhəti yaxşı olmadığı üçün ərinin müalicəsi üçün ona pul lazımdır ki, onun buna da maddi imkanı çatmır. Təqsirləndirilən şəxs isə bu müddət ərzində onlara nə maddi, nə mənəvi dəstək olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla yolun hərəkət hissəsi üfüqi və düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 301-ci kilometrliyində baş vermişdir. Hərəkət hissəsində hərəkət zolaqları qırıq- qırıq xətlə ayrılır, hərəkət hissəsinin eni 12 metrdir. Piyada Gürcüstan Respublikası istiqamətinə gedən yolun sağ tərəfindən soluna doğru 6 metr məsafədə vurulmuşdur. (iş vər.6-13); məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-cu il tarixli 10 №li rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər sol gicgah nahiyəsinin əzilmiş yarası, baş beyinin yumşaq toxumalarına- qansızma ilə müşayiət olunan kəllə tağı sümüklərinin basılmış, kəllə əsası sümüklərinin xətti sınıqları küt alətinalətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. xx.xx.2020-ci il tarixdə avtomobillə vurulma nəticəsində əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə baş beyinin yumşaq toxumalarına qansızma ilə ağırlaşan kəllə sümüklərinin açıq qəlpəli sınığı səbəb olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 8-10 saat əvvəl baş verdiyini göstərir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın tədqiqatı zamanı etil spirti, narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. (iş vər.44-46); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx xxxx 2020-ci il tarixli 349 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:40-da müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.15); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 xx.xx.2020-ci il tarixli, 016-70775/1220 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs “BCD” kateqoriyalı AB seriyalı 773929 nömrəli sürücülük vəsiqəsi verilmişdir və sürücülük hüququndan məhrum edilməmişdir.(iş vər.41); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1458 saylı rəyindən görünür ki, “İsuzu NPR75 KD” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.(iş vər.68-70); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 101); maddi sübut kimi tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “İsuzu NPR 75 KD” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. (iş vər.71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 36); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 19 fevral 2021-ci il tarixli, 214 №li arayışdan görünür ki, 1986-ci il təvəllüdlü X4 xx.xx.2006-ci il tarixdə N saylı hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan güllədən kəllə və beyini dəlib keçən güllə yarası almışdır. İİ qrup Qarabağ əlilidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətləri etməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, 61 yaşının olmasını, ilk dəfə ehtiyatsızlıqdan törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini, oğlu Mahmud Abbasovun İİ qrup Qarabağ əlili olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal (CM-61) müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “İsuzu NPR 75 KD” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs vəkil Müdafiəçi göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar