Məhkəmə qərarları › İş №1(039)-63/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-63/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-63/2023 12.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Cinayət qanunu ilə nəzərdə tutulmuş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 28 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Yevlax rayonu Malbinəsi kəndində yerləşən evinin həyətində nişanlısının qardaşları Zərərçəkmiş şəxs1 və X1 ilə aralarında əvvəllər Zərərçəkmiş şəxs1 yaşadığı evdə bacısı və onun nişanlısı olan Aytac Bayramovanın yanında qısa ətəkli şalvar və yarıçılpaq halda gəzməsinə görə şəxsi münasibətlər zəminində baş vermiş mübahisəyə görə yaranmış narazılıqla bağlı barışmaq üçün söhbət edən zaman Zərərçəkmiş şəxs1 ona “sən kişi deyilsən, sənə salam düşmür” deyərək üzərinə gəlib onu yumruqla vurub sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qisas almaq məqsədi ilə sonuncunu əli ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 qardaşı X2 Əskərovun üzərinə gəlib sonuncunu nalayiq söyüşlərlə söyməsindən sonra Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs özünü istinad edilən əməldə təqsirli bilərək söyləmişdir ki, Aytac Bayramova ilə nişanlı olmuşdur. Nişanlı olduğu müddətdə onların evlərinə mütəmadi olaraq qonaq kimi getmişdir. Xatırlamadığı bir gün onlara getdikdə Aytacın qardaşı Rahibin onun nişanlısının yanında qısa ətəkli şalvarda, yarı çılpaq vəziyyətdə gəzdiyini görmüş və buna görə ona irad tutmuşdur. Bu zəmində aralarında mübahisə olmuşdur. Bundan sonra Rahib onun telefonuna whatsapp tətbiqi vasitəsi ilə yazaraq onu təhqir etmişdir. 28 sentyabr 2022-c il tarixdə yaşadığı kənddə olan zaman qardaşı Ramazan ona zəng edərək Aytacın qardaşları Rahib və Sadiqi onlara evə gətirəcəyini və onları barışdıracağını bildirmişdir. Buna görə evə gedərək həyətin darvazasını açmış və onları gözləmişdir. Bir müddət sonra onun qardaşı idarə etdiyi avtomobillə həyətə daxil olmuşdur. Darvazanı bağlayıb avtomobilə yaxınlaşdıqda arxa oturacaqdan Rahib düşmüş və düşən kimi ona demişdir ki, “qurban olasan qardaşına yoxsa sənin başına oyun açardım”. Buna görə Rahibə iradını bildirmişdir. Rahibə yaxınlaşıb salam vermək üçün əlini uzatdıqda Rahib onu təhqir etmiş və yumruqla onun üz nahiyəsindən vurmuşdur. Özünü müdafiə etmək məqsədi ilə o da Rahibi vurmuşdur. Atası Şahid1 onları ayırmaq istədikdə Rahibin qardaşı Sadiq onun üzərinə gələrək onu vurmaq istəmişdir. Buna cavab olaraq Sadiqi yumruqla vurmuş və Sadiq yerə yıxılmışdır. Qardaşı Ramazan və əmisi Bəhruz onları ayırmışlar. Bundan sonra əmisi Bəhruz Rahibi və Sadiqi özünə məxsus avtomobilə otuzduraraq orada uzaqlaşıb getmişdir. Əməlindən peşman olduğunu, hazırda Rahib və Sadiqlə barışdığını bildirərək, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Qurbani onun bacısı Aytacın nişanlısı olmuşdur. Əvvəllər Qurbani ilə aralarında xırda mübahisə olmuşdur. 28 sentyabr 2022-ci il tarixdə Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən, Xalid adlı şəxsə məxsus fermada qardaşının əsgər qonaqlığı tədbiri keçirilmişdir. Saat təxminən 21:00-da Qurbaninin qardaşı, uzaq qohumu olan Ramazan ona zəng edərək onu çay içməyə dəvət etmişdir. Qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə küçəyə çıxmış və Ramazanın gəldiyi avtomobilə oturaraq ona məlum olmayan istiqamətdə getmişlər. Avtomobildə Ramazan, onun əmisi oğlu və bir nəfər tanımadığı şəxs olmuşdur. Bir müddət sonra avtomobil tanımadığı həyətə daxil olmuş və o, anlamışdır ki, bu həyət Ramazangilin yaşadığı evin həyətidir. Qurbani həyətin darvazasını bağladıqdan sonra ona yaxınlaşaraq onu səbəb olmadan təhqir etmiş və ona xəsarətlər yetirməyə başlamışdır. Bu zaman Qurbaninin qardaşı Ramazan da ona köməklik etmişdir. Eyni zamanda onun qardaşı Sadiqi də döyməyə başlamışlar. Orada olan tanımadığı şəxslər onları ayırmış və avtomobilə otuzduraraq oradan uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs ilə artıq barışmışdır, ona qarşı hər hansı bir tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 oxşar məzmunlu ifadə verərək 28 sentyabr 2022-ci il tarixdə aralarında olan dava zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini təsdiq etmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxsla artıq barışmışdır, ona qarşı hər hansı bir tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid1 bildirmişdi ki, Qurbani onun oğludur. Zərərçəkmiş şəxs1 Qurbaninin nişanlısı olmuş Aytacın qardaşıdır. Qurbani nişanlısı Aytacgildə olan zaman Rahiblə arasında mübahisə baş vermişdirş. Bundan sonra Rahib Qurbanini telefon vasitəsi ilə söyərək təhqir etmişdir. Digər oğlu Ramazan 28 sentyabr 2022-ci il tarixdə qardaşı Qurbani ilə Rahibi barışdırmaq üçün sonuncunu, onun qardaşı Sadiqlə birlikdə axşam saatlarında yaşadıqları evə gətirmişdir. Bu zaman o evdə olmuşdur. Onlar həyətə daxil olduqdan bir müddət sonra həyətdə dava-dalaş səslərini eşidərək həyətə çıxmış və Rahiblə oğlu Qurbaninin dalaşdıqlarını görmüşdür. Onlara yaxınlaşaraq davanın qarşısını almaq məqsədi ilə Qurbanini tutub kənara çəkmişdir. Həmin vaxt Rahibin qardaşı Sadiq də onun Qurbaninin üstünə gələrək Qurbanini söyüb təhqir edib vurmaq istəmişdir. Anidən Qurbani onun əlindən çıxaraq Sadiqin üz nahiyəsinə vuraraq Sadiqi yerə yıxmışdır. Həmin vaxt o, digər oğlu Ramazanla birlikdə Qurbanini tutaraq kənara çəkmiş və sakitləşdirmişlər. Bundan sonra qardaşı X4 özünə məxsus avtomobilə otuzduraraq evlərinə aparmışdır. Məhkəmə-tibb ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 632 saylı rəyində qeyd edilir ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər: hər iki göz nahiyəsinin qançırı v hematoması, hər iki gözün ağlı qişasına yayılmış qansızma, burun sümüyünün sınığı, üst dodağın selikli qişasının əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (səh.16) Məhkəmə-tibb ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 633 saylı rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər- sol alın qabarının şişkinliyi, sağ diz nahiyəsinin deşilmiş yarası olmuşdur. Əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (səh.17) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda ərizə təqdim edərək barışdıqlarını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cinayət Məcəlləsi: Maddə 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə artıq barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslərlə barışdığından, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar