Məhkəmə qərarları › İş №1(039)-63/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-63/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-63/2024 16.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Nümayəndə1 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi “VAZ 21114” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Yevlax şəhər ərazisindən keçən 286-cı kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunu etməyərək, Bakı şəhər istiqamətində yolun sağ zolağı ilə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə hərəkətdə olan zaman, idarəetmədən çıxıb sağa doğru istiqamətlənib səki daşına dəyib sağa doğru 16 metr istiqamətlənib, arakəsmənin barduruna dəyib onun üzərindən keçib 18 metr məsafə qət edib əks istiqamətin sağ hissəsində dayanmış, nəticədə avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün orta 1\3-nin sınığı ilə müşayiət edilən səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına və Zərərçəkmiş şəxs1 sağ said sümüyünün açıq yerdəyişmiş sınığı ilə müşayiət edilən səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “VAZ 21114” minik markalı **-BH-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhər sakini Şahid adlı şəxsdən pulunu hissə-hissə ödəmək şərti ilə almış, onun adına həmin avtomobilin idarə edilməsi üçün etibarnamə vardır. Həmin avtomobillə o, Yevlax şəhərində taksi fəaliyyəti göstərir. 21 yanvar 2024-cü il tarixdə axşam saatlarında dostu Zərərçəkmiş şəxs1 ona zəng edib işlədiyi Yevlax şəhərində yerləşən bərbərxananın yanına gəlməyini və görüşməklərini demişdir. O, da idarə etdiyi “VAZ 21114” minik markalı **-BH-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərində yerləşən “bərbərxananın” yanına gəlmiş, orada Yaqubla, sonuncunun əvvəldən tanıdığı dostu Aminlə görüşmüşdür. Həmin şəxslər onun avtomobilinə əyləşmişlər. Məqsədləri şəhərdə avtomobillə gəzmək olmuşdur. Avtomobildə qabaqda sağda Amin, Yaqub isə avtomobildə arxada sağda oturmuşdur. Sonra Yaqubun tanışı əvvəllər tanımadığı Aygün adlı qız avtomobilə minmiş, arxada Yaqubun yanında oturmuşdur. Saat təxminən 21:30 radələrində o, Bakı-Qazax yoluna çıxmış, Bakı şəhər istiqamətində 90 km/saat sürətlə Bakı şəhər istiqamətində hərəkətdə olmuş, Yevlax şəhər dairəsinə çatıb keçəndə sürəti çox olduğu üçün idarəetməni itirmiş, avtomobil əvvəlcə sağa istiqamətlənib sağda yerləşən səki daşına dəyib sonra sola doğru istiqamətlənib arakəsmənin üstünə çıxmış və işıq dirəyinə dəyib əks yola çıxaraq gedib yanacaqdoldurma məntəqəsinin qarşısında barduru keçib dayanmışdır. Hadisə zamanı o və Aygün xəsarət almamış, Yaqubla Amin isə xəsarət almışlar. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, X4 şəhər mərkəzi xəstəxanasına aparmışlar, o, da təcili tibbi yardım avtomobilinə minib, xəsarət alanlara yardım etmək məqsədilə xəstəxanaya getmişdir. Onları xətəxanaya yerləşdirəndən sonra hadisə yerinə qayıdıb gəlmiş, hadisə yerinə yol polisi gəlmiş, hadisə yerinə gəlmiş müstəntiq tərəfindən onun və digər şəxlərin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, protokol və sxem tərtib edilmiş, protokola və sxemə imza etmişdir. Cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara vurulmuş ziyanı ödədiyini nəzərə alaraq məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Nümayəndə1 iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, Yevlax şəhər 1 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs onun dostudur. 21 yanvar 2024-cü il tarixdə saat 21:30 radələrində o, Yevlax şəhərində bərbərxananın qarşısında görüşmüş, dostu Zərərçəkmiş şəxs1 də onunla birlikdə olmuşdur. Elşən idarə etdiyi “VAZ 21114” minik markalı **-BH-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, onlar avtomobilə əyləşib şəhərdə gəzməyə başlamışlar. Sonra Yaqubun tanışı Aygün adlı qız avtomobilə minmişdir. O, özü avtomobildə qabaqda sərnişin qismində oturmuşdur. Onlar avtomobillə Bakı yoluna çıxmışlar, Yevlax şəhər ərazisi ilə Bakı şəhər istiqamətində hərəkətdə olmuşlar. Yevlax dairəsini keçən zaman avtomobilin sürəti çox olduğu üçün Elşən avtomobilin idarəetməsini itirmiş, avtomobil sağa doğru istiqamətlənib səki daşına dəyib, sola doğru istiqamətlənib arakəsmə üzərindən keçib işıq dirəyinə dəyib əks istiqamətin sağ hissəsində dayanmışdır. Hadisə zamanı o, və Yaqub xəsarət almışlar. Təcili tibbi yardımla onları Yevlax şəhər xəstəxanasına aparmışlar. O, qarşıda oturduğu üçün avtomobilin 80-90 km/saat sürətlə hərəkətdə olmasını görmüşdür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. O, özü Yevlax şəhərində bərbər işləyir. 21 yanvar 2024-cü il tarixdə axşam saatlarında dostu Aminlə birlikdə işlədiyi bərbərxananın yanında olan zaman Elşənə zəng edib demişdir ki, gəlsin görüşsünlər. Elşən də idarə etdiyi “VAZ 21114” minik markalı **-BH-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Onların məqsədi avtomobillə gəzmək olmuşdur. O, avtombildə arxada sağda oturmuşdur, Amin qabaqda sağda oturmuşdur, Elşən isə avtomobili idarə etmişdir. Sonra onlar şəhər daxilində Aygün adlı tanışını avtomobilə götürmüş və sonuncu onun yanında arxada solda oturmuşdur. Onlar Aygünü aparıb evlərinə düşürməli idilər. Saat 21:30 radələrində Bakı-Qazax yolu ilə Bakı şəhər istiqamətində hərəkətdə olub Yevlax şəhər dairəsini keçən zaman Elşən avtomobilin idarəetməsini itirmiş, avtomobil sağa istiqamətlənib səki daşına dəyib sola istiqamətlənib arakəsmənin üstündən keçib yanacaqdoldurma məntəqəsinin qarşısında dayanmışdır. Hadisə nəticəsində o, və Amin xəsarət almışlar, hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə onları Yevlax şəhər xəstəxanasına aparmışlar. Elşən də onları aparan təcili tibbi yardım avtombilinə minib onlarla birlikdə xəstəxanaya getmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid qanuni nümayəndəsi Nümayəndə2 iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayır. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. 21 yanvar 2024-cü il tarixdə saat təxminən 21 radələrində o, Yevlax şəhərindən evə gedən zaman Yaqub Elşənin idarə etdiyi “VAZ 21114” minik markalı **-BH- *** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gəlmiş, o, avtomobildə arxada solda Yaqubun yanında əyləşmişdir. Avtomobildə qabaqda sərnişin qismində Yaqubun tanışı Amin oturmuşdur. Onlar Bakı-Qazax yolu ilə Bakı şəhər istiqamətində Yuxarı Qarxun kəndinə gedən zaman, Yevlax şəhər dairəsini keçərkən Elşən avtomobilin idarəetməsini itirmiş, avtomobil sağa istiqamətlənib səki daşına dəyib sola istiqamətlənib sola yoldan çıxıb yanacaqdoldurma məntəqəsinin yanında dayanmışdır. Hadisə zamanı o, xəsarət almamışdır. Yaqubla Amin xəsarət almışlar, təcili tibbi yardımla, Yevlax şəhər xəstəxanasına aparmışlar, o, Elşənlə birlikdə təcili tibbi yardımla xəstəxanaya getmişdir. Sonra Elşən xəstəxanadan hadisə yerinə getmişdir. O, da yol avtomobilinə minib yaşadığı kəndə getmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 baş vermiş yol nəqliyyat hadisəsi nəyicəsində xəsarət aldıqlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla yolun hərəkət hissəsi üfüqi və düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax şəhər ərazisində keçən 286-ci kilometrliyində yol nəqliyyat hissəsində baş vermişdir.(iş vər.6-21); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 124 №li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30-da müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.23); BD seriyalı 416561 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21144 Minik” markalı ** BH *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil sahibi İsmayılov Şahid Məmməd oğludur.(iş vər.25) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2019-cu il tarixdə verdiyi BC seriyalı AE 238734 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə xx.xx.2029-cu ilədək qüvvədədir.(iş vər.26); Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır.(iş vər.41); Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 40 №li rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-sağ bazu sümüyünün orta 1/3-nin sınığı–küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir.(iş vər.54); Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 41 №li rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarət-sağ said sümüyünün açıq yerdəyişmiş sınınğı – küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir.(iş vər.55); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16-3/2-1523/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs AE 238 734 saylı BC- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüquq məhdudlaşdırılmamışdır.(iş vər.80); Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/563 saylı rəyindən görünür ki, “VAZ 21114” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manatdır.(iş vər.82-84); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “VAZ 21144” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır.(iş vər.85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər. 86); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər.118-119); Zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Nümayəndə1 məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21114 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində azyaşlı övladı xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Sürücü Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Gələcəkdə də heç bir şikayət və iddia tələbi olmayacaqdır. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21114 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Sürücü Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Gələcəkdə də heç bir şikayət və iddia tələbi olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən zərərçəkmiş şəxsin məhkəməyə ünvanlamış ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut hesab edilən avtomobil sahibinə qaytarılmış, müdafiəçiyə məhkəmədə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21114” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olubolmamasına qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar