Məhkəmə qərarları › İş №1(039)-65/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-65/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-65/2023 01.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1988-ci il tarixdə Rusiya Federasiyası Çerkesk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cu maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2022-ci ilin sentyabr ayının 17-də saat 16 radələrində qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evə açıq halda olan qapıdan qanunsuz daxil olaraq evin otağında olan stolun üzərindən Zərərçəkmiş şəxs məxsus 260 (iki yüz altmış) manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 260 (iki yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 17 sentyabr 2022-ci il tarixdə təxminən saat 14-16 radələrində Yevlax şəhəri, Şəhid H.Əliyev küçəsindən keçən zaman tanımadığı bir evin həyətinin qapısının açıq vəziyyətdə olduğunu, yəni, qapı örtülü vəziyyətdə olsa da kilidlənmədiyini görmüş, qapını açıb həyətə daxil olaraq evə girmişdir. Bundan sonra yaşlı bir qadının divanda yatdığını və masanın üstündə dəsmalın arasında nə isə olduğunu görmüş, sakitcə masaya yaxınlaşmış, dəsmalın arasına baxanda orada pul olduğunu görmüşdür. Bundan sonra o, tez həmin pulu gizlincə götürüb cibinə qoymuş, evdə olan həmin tanımadığı yaşlı qadın yatdığı üçün pulun onun tərəfindən oğurlandığını görməmiş, bundan sonra o, evdən çıxıb pilləkanda olarkən həmin yaşlı qadın yuxudan ayılaraq arxadan onu səsləmiş, o, çevrilib baxanda həmin bayaq otaqda olan yatmış qadını görmüş, qadın da onu görmüşdür. O, bundan sonra oradan qaçaraq küçəyə çıxıb getmişdir. Sonradan oğurladığı pulu sayanda 260 (iki yüz altmış) manat məbləğində olduğunu görmüşdür. O, həmin pulu 10 gün müddətində öz şəxsi ehtiyacları üçün az-az xərcləmişdir. xx.xx.2022-ci il tarixdə o, şəhərdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə getmək lazım olduğunu bildirmiş, o da etiraz etməyib polislərlə polis şöbəsinə gəlmiş, polis şöbəsinə gələn zaman evindən oğurluq etdiyi həmin yaşlı qadın da orada olmuş, bundan sonra polis şöbəsində oğurluq etməkdə şübhəli olduğu üçün ona vəkil təyin edilmiş, izahatı alınmış və o da etdiyi oğurluq əməlini etiraf etmişdir. Əməlindən peşman olduğunu, zərər çəkmişə şəxslə barışıq əldə etdiyini, himayəsində 6 yetkinlik yaşına çatmayan övladının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyindən onun istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində bildirmişdir ki, heç bir yerdə işləmir, təqaüdçüdür. Yaşadığı evdə şikəst və qüsurlu olan qardaşı Famillə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə evindən oğurluq olması barədə Yevlax RPŞ-yə şikayət etmişdir. 17 sentyabr 2022-ci il tarixdə 268 manat pensiyasını bankomatdan çıxarıb yaşadığı evə gəlmiş, həmin pulu əl dəsmalının arasında otaqda masanın üzərinə qoyub divanda uzanmış, yorğun olduğu üçün onu yuxu tutmuşdur. Birdən evin taxta pilləkənindən gələn cırıltı səsini eşitmiş, ayılmış və həmin vaxt evin otağından kiminsə çıxdığını hiss etmişdir. Pilləkana çıxanda orada tanımadığı qaraçı millətindən olan bir oğlan olduğunu görmüş, onu səsləmiş, həmin şəxs arxaya çevrilib ona baxmış, daha sonra pilləkəndən düşərək qaçıb getmişdir. Həmin şəxs getdikdən sonra masanın üstünə pul qoyduğu və evə girən şəxsin həmin pulu oğurlamaq ehtimalı olması yadına düşmüş və masanın üstünə baxanda həmin şəxsin həqiqətən onun 260 manat pulunu masanın üstündən oğurladığını görmüşdür. Həmin vaxt o, oğurluq edən şəxsin kim olduğunu bilməmiş və əvvəllər görməmiş, lakin həmin şəxsin üzü xatirində qalmışdır. xx.xx.2022-ci il tarixdə o, həmin şəxsi şəhərdə görmüş və tanımış, həmin şəxsin kim olduğunu maraqlandıqda isə onun evinə girərək ona məxsus olan 260 manat pulu oğurlayan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, və bundan sonra isə o, Yevlax rayon polis şöbəsinə gedib bu barədə şikayət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər. 13-14); şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Şəhid H.Əliyev küçəsində yaşayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evinə qanunsuz girdiyi və oğurluq etdiyi yerləri göstərir (müvafiq fotoşəkillər əlavə olunub).(iş vər. 24-32); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (iş vər.37-38); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, saat 10.50-da X1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər. 45- 46); Yevlax Rayon Mərkəzi X2 Şəxsin xx.xx.2022-ci il tarixli PHÇ-8740/22 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (iş vər.60); Yevlax Rayon Məhkəməsinin 24 aprel 2013-cü il tarixli hökmünün surətindən müəyyən olunur ki, Amil Abdullayev həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək təyin olunduğu 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasını həmin hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla üzərində qət olaraq 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Amil Abdullayev həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Amil Abdullayevin xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2010-cu il, xx.xx.2014-cü il, xx.xx.2016-cı il və xx.xx.2017-ci il təvəllüdlü müvafiq olaraq Zeytun, Siya, Mayıl, Günel, Ayşə və Malik adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən müəyyən olunur ki, Amil Abdullayev 07 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs, yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir və bu səbəbdən qeyd edilən maddələrin sanksiyası haddində cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 8.1.Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Maddə 58.3. Cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində 6 yetkinlik yaşına çatmayan övladının olmasını, vurulmuş maddi ziyanı ödəməklə zərər çəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə (CM- 56.1.2) müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini, habelə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmasını (CM-69.3) cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2023-cü il tarixdən hesablanmasını (CPM- 158.2.1,158.6) məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə 5 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdən 07 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 manat (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar