Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-66/2025 21.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayon rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq saxlanc yerinə və yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq yaşayış sahəsinə və saxlanc yerinə daxil olmaqla özgənin əmlakını talamaq məqsədilə vahid niyyətlə Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdə olmadığından istifadə edib xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmin evin həyətinin hasarını aşmaq yolu ilə keçib qanunsuz həyətə daxil olaraq həyətdə olan saxlanc yeri hesab edilən ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş hindən hər birinin qiyməti 20 manat olmaqla cəmi 40 manat dəyərində 2 ədəd ev quşu olan toyuğu, xx.xx.2024-cü il tarixdə axşam saat 19 radələrində isə Zərərçəkmiş şəxs1 yaşadığı həmin evdə olmadığından istifadə edib həmin evin həyətinin hasarını aşmaq yolu ilə keçib qanunsuz həyətə daxil olaraq həyətdə olan saxlanc yeri hesab edilən ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş hindən hər birinin qiyməti 20 manat olmaqla cəmi 80 manat dəyərində olan 4 ədəd ev quşu olan toyuğu və evin həyətində olan tövlənin qarşısından isə 240 manat dəyərində 1 ədəd işlənməmiş 500 BT moddelli «Aqidel» markalı su nasosunu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 360 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən qanunsuz olaraq yaşayış sahəsinə və saxlanc yerinə daxil olmaqla özgənin əmlakını talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə təxminən saat 23 radələrində Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evdə olmadığından istifadə edib evin həyətinin hasarından qanunsuz olaraq keçərək həyətdə olan saxlanc yeri hesab edilən yardımçı tikilinin otağından hər birinin qiyməti 110 manat olmaqla ümumi dəyəri 330 manat olan 3 ədəd aliminum qazanları, 1 ədəd 400 manat dəyərində işlək vəziyyətdə olan benzinlə işləyən AST-3700 modelli elektrik generatorunu, 1 ədəd 150 manat dəyərində işlək vəziyyətdə olan 500 BT moddelli «Aqidel» markalı su nasosunu, 250 manat dəyərində “Kamaz” markalı avtomobilə aid müxtəlif markalı və növlü ehtiyyat hissələrini və 300 manat dəyərində «Galaks» firmasına aid boşqab dəstini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 1430 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü tam təqsirli təqsirli ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində yaşadığı Yevlax rayonu, Qoyunbinəsi kəndinin ara küçələri ilə gedərkən həmkəndlisi Qətibəgilin yaşadığı evdə olmadığını bilib Qətibəgilin qonşuluğunda yaşayış olmayan boş məhlədən Qətibəgilin hasarından aşıb həyətə daxil olmuşdur. Həyətdəki yardımçı otağın qapısın açıb otağa daxil olmuş və orada 30-40 ədəd toyuq və xoruzlar olduğunu görmüşdür. Xoruzlardan iki ədədin tutmuş və özü ilə apardığı torbaya qoyaraq həyətə girdiyi qaydada çıxıb yaşdığı evə getmişdir. Səhəri gün xoruzları karobkaya qoyub yol maşını ilə Yevlax şəhər Mərkəzi bazarına aparmış və orada tanımadığı kişiyə birini 8 manatdan satmışdır. Həmin gün kənddə Qətibəgildən oğurluq etməsi barədə səs-küy olmadığını bilmişdir. Xərcləməyə pulu olmadığına görə yenə oğurluq edib pul qazanmaq qərarına gəlmişdir. Həmin gün axşam yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı Yevlax rayonu, Qoyunbinəsi kəndinin ara küçələri ilə gedərkən Qətibəgilin yenə yaşadığı evdə olmadığını bildiyi üçün Qətibəgilin qonşuluğunda yaşayış olmayan boş məhlədən Qətibəgilin hasarından aşıb həyətə daxil olmuşdur. Həyətdəki hinin qapısını açıb hinə daxil olmuş, hindən yenidən 02 ədəd xoruz tutmuş və xoruzları özü ilə apardığı torbaya qoyaraq hindən çıxmışdır. Həyətdəki tövlənin qarşısındakı artırma yerində olan bir ədəd su nasosu olduğunu görmüş və su nasosunu da torbaya qoymuş və həyətə girdiyi qaydada həyətdən çıxıb evə getmişdir. Səhəri gün xoruzları Yevlax şəhər Mərkəzi bazarına aparmış, bazarda xoruzları tanımadığı kişilərə birini 10 manata, digərini isə 8 manata satmışdır. 2-3 gün keçmiş kəndin arasında ağ rəngli ford markalı, nömrəsini xatırlayıb metal qəbul edən iki nəfər təxminən 30-35 yaşlı oğlanları görmüş və oğurladığı su nasosun onların yanına aparıb özünün olduğunu və pul lazım olduğu üçün satdığını bildirərək 30 manata onlara satmışdır. Bundan sonra yenə oğurluq edib pul qazanmaq qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı kəndin ara küçələri ilə gəzərkən yaşadığı evin yaxınlığında yaşayan tanıdığı vaxtı ilə Kamaz markalı avtomaşın idarə edən Mayılgilin küçə darvazasının qıfılla bağlı olduğunu görmüş və dəqiqləşdirmişdir ki, Mayılgil Bakı şəhərindədir. Həmin gün saat 23 radələrində Mayılgilin küçəsinə gəlmiş və küçədə adam olmadığını görüb küçə tərəfdən hasardan aşıb həyətə düşmüşdür. Həyətdəki əl damına yaxınlaşıb qapısında olan qıfılı çəkib açmış və otağa daxil olmuş otaqdan bir ədəd işıq genratorunu, bir ədəd Aqidel markalı su nasosunu və Kamaz markalı avtomaşına aid ehtiyyat hissələrin özü ilə apardığı torbaya yığıb həyətə girdiyi qaydada həyətdən çıxıb evlərinə getmişdir. Gecəni yatmış, səhəri gün təxminən saat 11 radələrində kəndin arasında maloko rəngli metal qəbul edən Vaz-21011 markalı, nömrəsini xatırlamadığı avtomaşını idarə edən kişiyə yaxınlaşıb oğurladığı əşyaların özünün olduğunu və pul lazım olduğu üçün satdığını bildirərək 50 manata ona satmışdır. Sonradan bilmişdir ki, Qətibə və Mayıl evindən oğurluq olmasını bilib polis şöbəsinə şikayət etmişlər. Qeyd etdiyi oğurluqları tək etmişdir. Hazırda maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyə bilməmişdir. Məhkəmədən törətdiyi əməllərə görə özünü təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qızı ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində həyətdəki hinin qarşısına çəkilmiş setkanın içərisində saxladığı 50 ədəddən artıq xoruz və toyuqları hininə qatıb hinin taxtadan olan qapısın bağlayaraq həyat yoldaşı ilə birlikdə yaşadıqları kəndə yaşayan qaynıgilə getmişlər. Həmin gün gecə evlərinə qayıdıb yatmışlar. Səhəri gün yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında yuxudan durub həyətə düşmüş, həyətdəki hinin qarşısına dən töküb toyuqları çıxarmış və toyuqları sayarkən iki ədəd xoruzun olmadığını görmüşdür. Qaynıgilə gedəcəyi üçün xoruzların həyətdə olduğunu guman edib fikir verməmiş və heyvanlarıda raxladıqdan sonra saat 12 radələrində həyat yoldaşı ilə qaynıgilə getmişlər. Həyat yoldaşı arada evlərinə qayıtmış, heyvanları və toyuq-xoruzları yerinə qatıb yenidən məclisə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində yuxudan durub həyətə düşüb toyuqlara dən verib hindən çıxarmış və toyuqları sayarkən 6 ədəd, biri yaş yarım olmaqla, hər birinin çəkisi 2 kq olan bazar qiyməti 20 manatdan baha olan toyuq xoruzlarının oğurlandığını görmüşdür. Bundan başqa həyətə baxarkən tövlənin seyvanında olan bir ədəd 240 manat dəyərində işlək vəziyyətə olan Rusiya Federasıyasında istesal olunmuş, 2023-cü il buraxılışlı, 500 BT moddelli «Aqidel» markalı su nasosuda oğurlandığını bilmişdir. Həyat yoldaşı Rüfətlə birlikdə həyətindən oğurluq edən şəxsi axtarsalar da tapa bilməmiş və ona görə bu barədə polis şöbəsinə şikayət etmiş və sonradan bilmişdir ki, evindən oğurluğu tanıdığı həmkəndlisi Təqsirləndirilən şəxs etmişdir. Ümumilikdə Elnur ona 360 manat ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və ona vurulmuş olanın zərərin ödənilməsini tələb edir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olsada, faktiki olaraq 6-7 ildir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ayda 1-2 dəfə kəndə gedib evinə baş çəkir sonra evin qapıların kilidlə küçə darvazasının qapısın isə qıfıl ilə bağlayıb Bakı şəhərinə qayıdır. Təxminən 06 yanvar 2025-ci il tarixdə Qoyunbinəsi kəndinə getmiş, bir gün qalıb Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt evin əşyalarının hamısı yerində olmuşdur. xx.xx.2025-ci il tarixdə yenidən kəndə qayıtmış və evin həyətinə baxarkən əl damımın qapısı açıq olduğunu görmüşdür. Dama baxarkən orada olan 1 ədədinin qiyməti 110 manat olan üç ədəd 40 litir su tutan alüminium qazanların, 400 manat dəyərində 1 ədəd təzə işlək vəziyyətdə olan benzinlə işləyən 2024-cü il buraxılışlı, AST-3700 modelli elektrik generatorunun, 300 manat dəyərində “Galaks” firmasına aid boşqab dəstlərinin, Kamaz markalı avtomobilinə məxsus işlək vəziyyətdə olan ümumilikdə 250 manat dəyərində ehtiyyat hissələrinin və evin alt tərəfindən isə 1 ədəd işlək vəziyyətdə olan 150 manat dəyərində, 500 BT modelli “Aqidel” markalı su nasosunun oğurlandığını görmüşdür. Bu barədə kəndlərində yaşayan qardaşı Ramizə demiş, Ramiz onlara gəlmiş və birlikdə evindən oğurluq edən şəxsi soraqlasalar da tapa bilməmişlər. Ona görə də Yevlax RPŞ-nə gedib şikayət etmişdir. Ümumilikdə evindən 1430 dəyərində əşyası oğurlanmışdır. Sonradan bilmişdir ki, evindən oğurluğu tanıdığı həmkəndlisi Təqsirləndirilən şəxs etmişdir. Hazırda ona dəymiş olan ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Musa oğlu Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən; xx.xx.2025-ci il tarixli tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işi başlanması və icraata götürmək haqqında qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 25040001 nömrəli cinayət işi başalnılmış və icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Yevlax rayon Məhkəməsinin 4(039)-13/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli Yevlax rayon İHB-nın Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(039)-32/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2025-ci il tarixli, 30 №-li "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Zərərçəkmiş şəxs1 evindən oğurlanmış toyuq xoruzlarının və su nasosunun qiyməti aşağıdakı kimi qiymətləndirilmişdir. 01 ədəd yaş yarımında olmaqla, çəkisi 2 kq olan toyuq xoruzun qiyməti 20 manat olmaqla, 06 ədəd toyuq xoruzunun ümumi qiyməti 120 manat. 01 ədəd işlək vəziyyətə olan 2023-cü il buraxılışlı, Rusiya Federasıyasında istesal olunmuş 500 BT moddelli «Aqidel» markalı su nasosunun qiyməti 240 manat olmaqla Zərərçəkmiş şəxs1 evindən xoruzlarla su nasosunun ümumi dəyəri 360 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs2 evindən oğurlanmış malların qiyməti aşağıdakı kimi qiymətləndirilmişdir. 1 ədəd təzə işlək vəziyyətdə olan, benzinlə işləyən 2024-cü il buraxılışlı, AST- 3700 modelli elektrik genratorunun qiyməti 400 manat. 01 ədəd biri 40 litr su tutan aliminum qazanın qiyməti 110 manat olmaqla, 03 ədəd aliminum qazanın ümumi qiyməti 330 manat. 01 ədəd təzə işlək vəziyyətdə olan 2020-ci il buraxılışlı, Rusiya Federasıyasında istesal olunmuş 500 BT modelli «Aqidel» markalı su nasosunun qiyməti 150 manat. İstifadə olunmamış, Türkiyə Respublikasında istesal olunmuş, «Galaks» firmasına aid boşqab dəstinin qiyməti 300 manat. “Kamaz” markalı avtomobilə aid işlək vəziyyətdə olmaqla yaralı və saz vəziyyətdə olan 50 kq çəkidə ehtiyyat hissələrinin qiyməti isə 250 manat olmaqla Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış əşyalarının ümumi dəyəri 1430 manat təşkil etmişdir. Azərbaycan Respublikası DİN-nin Krimnalistik Təhqiqatlar İdarəsinin 06 fevral 2025-ci il tarixli 3-13-11\2-1702\2025 saylı məktubundan görünür ki, zərərçəkmiş şəxs Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evdə baş vermiş oğurluq hadisəsi zamanı hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izlərindən 03 ədədi xx.xx.1985-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta və adsız barmaqları ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 1777.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residivi olmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayətin residivini cəzanı ağırlaşdıran hallar kimi müəyyən edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(039)-32/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Yevlax rayon Məhkəməsinin 01 fevral 2025ci il tarixli, 4(039)-13/2025 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 31 yanvar 2025-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan yəni, 31 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, maddi sübutlarla bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd barmaq izi və ifadənin yerində yoxlanılması zamanı çəkilmiş 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 9 (doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 9 (doqquz) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 99 (doxsan doqquz) manat ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd barmaq izi və ifadənin yerində yoxlanılması zamanı çəkilmiş 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 99 (doxsan doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-66/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-66/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver