Məhkəmə qərarları › İş №1(039)-69/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-69/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-69/2020 29.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1978-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 02 il, 05 ay, 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Ermənistanın SSR-nin Əzizbəyov rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin yanvarın 27-də saat 20:00 radələrində, özgənin əmlakını gizli talamaq məqsədilə, Yevlax rayon “xxxxxxxxxx” ASC-nin inzibati binasına qanunsuz daxil olaraq oradan 10 manat dəyərində 1 ədəd pəncərə barmaqlıq, 300 manat dəyərində 2 ədəd dəmir seyf, 30 manat dəyərində 1 ədəd dəmir çarpayı, 150 manat dəyərində 4x2 ölçüdə 1 ədəd xalça, 50 manat dəyərində 1 ədəd taxta qapı və 30 manat dəyərində 2 ədəd stulu gizli yolla talamaqla “xxxxxxxxxx” ASC-yə cəmi 570 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra, o, təkrarən, 2020-ci ilin fevralın 02-də saat 20:00 radələrində, özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə qrup təşkil etməklə, Yevlax rayon “xxxxxxxxxx” ASC-nin həyətinə qanunsuz daxil olaraq oradan hər birinin ayrı-ayrılıqda qiyməti 6 manat, ümumi qiyməti 180 manat dəyərində 30 ədəd tava və 80 manat dəyərində 1 ədəd qızdırıcı cihazı gizli yolla talamaqla “xxxxxxxxxx” ASC-yə cəmi 260 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin fevralın 02-də saat 20:00 radələrində, özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə qrup təşkil etməklə, Yevlax rayon “xxxxxxxxxx” ASC-nin həyətinə qanunsuz daxil olaraq oradan hər birinin ayrı-ayrılıqda qiyməti 6 manat, ümumi qiyməti 180 manat dəyərində 30 ədəd tava və 80 manat dəyərində 1 ədəd qızdırıcı cihazı gizli yolla talamaqla “xxxxxxxxxx” ASC-yə cəmi 260 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin fevralın 02-də saat 20:00 radələrində, özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qrup təşkil etməklə, Yevlax rayon “xxxxxxxxxx” ASC-nin həyətinə qanunsuz daxil olaraq oradan hər birinin ayrı-ayrılıqda qiyməti 6 manat, ümumi qiyməti 180 manat dəyərində 30 ədəd tava və 80 manat dəyərində 1 ədəd qızdırıcı cihazı gizli yolla talamaqla “xxxxxxxxxx” ASC-yə cəmi 260 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 20:00-da qərara gəlmişdir ki, yaşadığı evin yaxınlığında yerləşən “xxxxxxxxxx” ASC-nin binasından bir–iki əşya oğurlayıb satıb pul əldə eləsin. Həmin məqsədlə evdən çıxmış, hasardan aşıb “xxxxxxxxxx” ASC-nin həyətinə keçmiş, həyətdə gəzib dolaşdıqdan sonra orada olan binaya girmişdir. Girdiyi yerdə sağda olan otağa baxdıqda orada müxtəlif əşyaların olduğu görmüş, oradan 2 ədəd seyf, 1 ədəd dəmir çarpayı, 1 ədəd pencərə barmaqlığı, 1 ədəd xalça, 2 ədəd stul və 1 ədəd taxta qapı götürüb oradan çıxıb yaşadığı evin həyətində yerləşən hamama aparmışdır. Növbəti gün, xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında seyfi, dəmir barmaqlığı və dəmir çarpayını aparıb Yevlax şəhərində yerləşən dəmir qəbuletmə məntəqəsinə təhvil vermişdir. Həmin əşyaları ondan metal qalığı kimi hesablayıb müqabilində ona 23 manat pul vermişlər. 2 ədəd stolu isə Yevlax bazarında əvvəllər tanımadığı şəxsə satmışdır. Oradan götürdüyü xalçanı satmamış, taxta qapı isə qırıldığı üçün onu atmışdır. xx xxxxxx 2020-ci il tarixdə yenə də təxminən saat 20:00-da qardaşı Gəray ilə birlikdə olan zaman ona “xxxxxxxxxx” ASC-nin həyətindən oğurluq etmək təklifi etmişdir. Gəray buna razı olmuşdır. Həmin binada olan əşyaların hansını götürəcəyini artıq bildiyi üçün və bu əşyaların ağır olacağını nəzərə alıb qonşuluqda yaşayan Habili də köməyə çağırmışdır. Habil onları “xxxxxxxxxx” ASC-nin ərazisinin yaxınlığında gözləmiş, o isə, qardaşı Gərayla birlikdə ASC-nin binasına daxil olub oradan 30 ədəd tava və qızdırıcı cihazı götürüb Habilin yanına gəlmişlər. Habilin bu əşyaların oğurluq olduğundan məlumatı olmuşdur. Hər üçü həmin əşyaları köməkləşib həyətlərində olan hamama aparmışlar. xx xxxxxx 2020-ci il tarixdə oğurladığı 30 ədəd tavanı bazara apararaq 25 ədədini 25 manata satmışdır. Qızdırıcı cihazı isə evdə qalmışdır. Həmin 25 manatdan qardaşı Gəraya 7 manat pul vermiş, Habilə siqaret almış və əlavə 2 manat pul vermişdir. Polis əməkdaşları onu saxladıqdan sonra metal qəbul məntəqəsindən 1 ədəd pəncərə barmaqlığı, 1 ədəd çarpayı, Gərayın yaşadığı evdən isə 1 ədəd tava, 1 ədəd xalça və 1 ədəd qızdırıcı polis əməkdaşları tərəfindən götürülmüşdür. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında qardaşı Samir ona təklif etmişdir ki, “xxxxxxxxxx” ASC-nin həyətindən oğurluq etsinlər. Maddi ehtiyacı olduğu üçün buna razılıq vermişdir. Samir bildirdi ki, götürəcəkləri əşyalar ağır olacaq kömək də lazımdır və bu məqsədlə tanışı olan Habildən xahiş etmişdir ki, onlara köməklik etsin. Samirlə birlikdə hasardan keçib “xxxxxxxxxx” ASC-nin həyətinə daxil olmuşlar. Həyətdə olan binadan 30 ədəd tava və qızdırıcı cihaz götürüb həyətdən çıxmışlar. Habil onları “xxxxxxxxxx” ASC-nin ərazisinin yaxınlığında gözləmiş və həyətindən çıxardıqdan sonra həmin əşyaları Habillə birlikdə həyətlərində olan hamama aparmışlar. Habil həmin əşyaların oğurluq olduğunu bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə qardaşı Samir tavaları və cihazı satdıqdan sonra ona 7 manat pul vermiş, daha sonra polis əməkdaşları gəlib ona polis şöbəsinə getməyi təklif etmiş, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Evində olan 1 ədəd tava, 1 ədəd xalça və 1 ədəd qızdırıcını polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, Gəray və Təqsirləndirilən şəxs1 qardaşlarını qonşu olaraq tanımış, münasibətləri daima yaxşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20:00-da Gəray onun yaşadığı evin həyətinə gələrək “xxxxxxxxxx” ASC-nin həyətində bir iki əşya olduğunu və həmin əşyaları oğurlamaqda ona kömək etməsini ondan xahiş etmişdir. Buna razılıq vermiş və Gərayla birlikdə “xxxxxxxxxx” ASC-nin yaxınlığına getmişdir. Gəray ona bildirmişdir ki, “xxxxxxxxxx” ASC-nin hasarının yanında gözləsin. Həmin yerdə gözləmiş Gəray isə ASC-nin həyətinə getmişdir. Bir müddət keçdikdən sonra Gəray və qardaşı Samir bir neçə tava və adını bilmədiyi ağır texniki cihazı “xxxxxxxxxx” ASC-nin həyətindən çölə çıxarmışlar. Gəray və Samir ilə birlikdə tavaları və həmin cihazı aparıb Gəraygilin həyətində olan hamama qoymuşlar. Bundan sonra oradan çıxıb getmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Samirlə dükanda görüşmüşdür. Samir ona bir qutu siqaret almış və 2 manat pul vermişdir. Əməlindən peşman olduğunu, xəstəlikdən əziyyət çəkdiyini bildirib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, dəymiş ziyanın ödənilmədiyini və istintaqa verdiyi izahatı təsdiq etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı elan edilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki,Yevlax rayon “xxxxxxxxxx” ASC-nin sədr müavini vəzifəsində işləyir. Həmin müəssisəyə, əmlakına və əşyalarına o, və Ramiz nəzarət edir. Hal-hazırda müəssisə işləmir yəni fəaliyyətini dayandırıb. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 08:30 radələrində Ramiz ona mobil telefonla zəng edərək müəssisədən oğurluq olması barədə məlumat vermiş, o da, müəssisədən hansı əşyaların oğurlandığını dəqiqləşdirmək üçün müəssisəyə getmiş, müəssisəyə baxarkən 1 ədəd dəmir pencərə barmaqlığın, 2 ədəd seyfin, 1 ədəd taxta qapının, 2 ədəd stolun oğurlandığını görmüş, daha sonra Yevlax RPŞ-nə ərizə ilə müraciət etmiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxış keçirilən zaman müəssisədən 1 ədəd dəmir çarpayının, 1 ədəd xalçanın, 30 ədəd tavanın, 1 ədəd qızdırıcı cihazın oğurlandığını da müəyyən etmişdir. Şahid1 teleqramla məhkəməyə müraciət edərək səhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və istintaqda verdiyi izahatını təsdiq etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı elan edilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki,Yevlax rayon “xxxxxxxxxx” ASC-nin sədr müavini Zərərçəkmiş şəxs onun dostudur. Hal-hazırda Yevlax rayon “xxxxxxxxxx” ASC fəaliyyətdə deyil. Həmin yerə o özü və Zərərçəkmiş şəxs nəzarət edir. xx xxxxxx 2020-ci il tarixdə o, baxmaq üçün Yevlax rayon “xxxxxxxxxx” ASC-nin binasına getmiş, binaya daxil olduqda müəssisənin əşyalarının bir neçəsinin yerində olmadığını görüb olmayan əşyaların siyahısını tutmuş, müəssisəyə tam baxdıqdan sonra isə 1 ədəd dəmir pencərə barmaqlığın, 2 ədəd seyfin, 1 ədəd taxta qapının, 2 ədəd stulun oğurlandığını görmüşdür. Bu barədə xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 08:30 radələrində müəssisəsinin sədr müavini Zərərçəkmiş şəxs zəng edərək müəssisədən oğurluq olması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs da Yevlax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilərkən o da, baxışda iştirak etmiş, baxış keçirilən zaman müəssisədən əlavə olaraq 1 ədəd dəmir çarpayının, 1 ədəd xalçanın, 30 ədəd tavanın və 1 ədəd qızdırıcı cihazın da oğurlandığı müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli 9/736 saylı rəyində qeyd olunur ki, 1 ədəd pencərə barmaqlıq - 10 manat, 2 ədəd seyf - 300 manat, 1 ədəd dəmir çarpayı - 30 manat, 1 ədəd 4x2 ölçüdə olan xalça - 150 manat, 30 ədəd tava - 180 manat, 1 ədəd qızdırıcı cihaz - 80 manat, 1 ədəd taxta qapı - 50 manat, 2 ədəd stul - 30 manat qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilməyən əvvəllər istismar edilmiş 8 adda əvvəllər istifadə edilmiş tədqiqat obyektlərinin, 2020-ci ilin yanvar fevral aylarında, respublika daxili orta bazar pərakəndə satış ümumi qiyməti nəzəri hesablama yolu ilə 830 manat təşkil edir. (səh. 193, 194) Zərər çəkmiş “xxxxxxxxxx” ASC-yə məxsus binadan oğurlanmış 1 ədəd dəmir pencərə barmaqlıq (10 manat) və 1 ədəd dəmir çarpayı (30 manat) metal qəbuletmə məntəqəsindən, 1 ədəd tava (6 manat), 1 ədəd xalça (150 manat) və 1 ədəd qızdırıcı cihazı (80 manat) isə Təqsirləndirilən şəxs2 yaşadığı həyət evinin hamamından götürülmüşdür. (səh.145-153) Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubda qeyd edilir ki, 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəzasından 01 il 03 ay çəkmişdir. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Prosessual Məcəllə: Maddə 163.4. Ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Beləliklə, təqsirləndirilən şəxslərin özlərinin qarşılıqlı etirafedici ifadələri ilə, məhkəmə iclası zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin istintaq zamanı verdiyi ifadələri ilə, ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs1 tərəfindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə təkrarən binaya daxil olmaqla, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə binaya daxil olmaqla zərər çəkmiş şəxsə məxsus ümumilikdə 830 manat məbləğində əmlakını talamaları tam olaraq təsdiq olunur. Bu səbəbdən hər biri istinad edilən maddələrlə təqsirli bilinərək onlara bu maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini, vurulmuş ziyanın qismən ödənilməsini (276 manat məbləğində əmlak qaytarılmış 554 manat qalmış) cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3 maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, vurulmuş ziyanın qismən ödənilməsini (86 manat məbləğində əmlak qaytarılmış üçünə münasibətdə 174 manat qalmış) cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3 maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş 1 il 2 ay 26 gün hissəsi Cinayət Məcəlləsinin 67.1 maddəsinə müvafiq olaraq təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs3 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın qismən ödənilməsini (86 manat məbləğində əmlak qaytarılmış üçünə münasibətdə 174 manat qalmış) cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 2 gün müddət, habelə xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə olduğu və xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 1 ay 21 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə xərcləri və maddi sübutla əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. Maddi sübut kimi ifadəni yerində yoxlanılmasını özündə əks etdirən 1 ədəd videoçəkiliş kompakt diski cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut, Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd dəmir pəncərə barmaqlıq, 1 ədəd dəmir çarpayı, 1 ədəd tava, 1 ədəd xalça, 1 ədəd qızdırıcı cihaz zərər çəkmiş “xxxxxxxxxx” ASC-yə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Müdafiəçilərə istintaq və məhkəmə dövrü üçün göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 1(039)-85/2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təyin edilmiş 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) günü Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən ona təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı habelə xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020ci il tarixədək həbsdə olduğu və xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət cəmi 51 gün müddət nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 3 (üç) ay 12 (on iki) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki ) il 2 (iki) ay 18 (on səkkiz ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Maddi sübut, Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd dəmir pəncərə barmaqlıq, 1 ədəd dəmir çarpayı, 1 ədəd tava, 1 ədəd xalça, 1 ədəd qızdırıcı cihaz zərər çəkmiş “xxxxxxxxxx” ASC-yə qaytarılsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗxx xxxx 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 222 (iki yüz iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X2, 234 (iki yüz otuz dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 və 222 (iki yüz iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 və məhkəmə dövrü üçün 468 (dörd yüz altmış səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1, 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 və 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar