Məhkəmə qərarları › İş №1(039)-69/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-69/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-69/2023 05.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,132 qram miqdarında narkotik vasitə olan tiryəki istintaqla müəyyən olunmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 25 noyabr 2022-ci tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhərinin Füzuli küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib orada onun üzərində 25 noyabr 2022-ci il tarixdə saat 12:10 dəqiqədən saat 12:40 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ arxa cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 01 ədəd sellofan bükümdə 1,132 qram miqdarında narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, əvvəllər narkotik vasitələr saxladığına görə Rusiya Federasiyasında iki dəfə məhkum olunsa da, uzun müddətdir narkotik vasitə istifadə etməmişdir. Yalnız Yevlax şəhərinə qayıtdıqdan sonra son zamanlar bir-iki dəfə narkotik vasitələrdən istifadə etmişdir. 25 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Yevlax şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında olarkən yerdə bükülü görmüş və götürmüşdür. Bükülünün içinə baxdıqda içində narkotik vasitə olan tiryəkin olduğunu görmüş və ondan sonra istifadə etmək üçün bükülünü cibinə qoymuşdur. Belə ki, Yevlax şəhərində özünə məxsus avtomobillə taksi fəaliyyəti göstərir. Həmin gün, təxminən saat 11:30-da Yevlax şəhəri, Füzuli küçəsində avtomobilin saxlamış və müştəri gözləmişdir. Bu zaman iki polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada ona vəkil təqdim edilmiş və bildirilmişdir ki, video çəkiliş aparılmaqla üzərində axtarış aparılacaqdır. Heç bir etirazının olmadığını bildirdikdən sonra üzərində axtarış keçirilmiş və əynindəki şalvarın arxa cibindən səhər saatlarında tapdığı içində tiryək olan bükülü aşkar edilmişdir. Etiraf etmişdir ki, bükülünün içindəki narkotik vasitə olan tiryəkdir, səhər saatlarında yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və saxlaması barədə 25 noyabr 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Dərhal bu barədə raportla şöbənin rəhbərliyinə müraciət etmiş və həmin raport əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhəri, Füzuli küçəsində olduğunu müəyyən etmiş və əməliyyat qrupunun digər üzvü, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs orada olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamada şübhəli olduğunu ona bildirib onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasında, baş təhqiqatçı Səddam Əsgərovun xidməti otağında ona vəkil təqdim edilmiş və izah edilmişdir ki, video çəkilişlə üzərində axtarış aparılacaqdır. Təqsirləndirilən şəxs buna etiraz etmədiyindən üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının arxa cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülü aşkar edilmişdir. Bükülünü açdıqda isə içində qara rəngli narkotik maddə olan tiryəkə bənzər kütlənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan tiryəkdir, bu bükülünü həmin gün səhər saatlarında Mərkəzi bazarın yanında tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermiş və təsdiq etmişdir ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən onun cibindən içində qara rəngli narkotik maddə olan tiryəkə bənzər kütlə olan 1 ədəd şəffaf rəngli sellofan bükülü aşkar edilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, şəxsi axtarış aparılan zaman onun üzərindən içində qara rəngli narkotik maddə olan tiryəkə bənzər kütlə olan 1 ədəd şəffaf rəngli sellofan bükülünün aşkar olunması təsdiqini tapmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin X2 26 noyabr 2022-ci il tarixli 17/864 aylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs X1 üzərindən şəxsi-axtarış və götürmə zamanı aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi -1.132 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. (səh. 42) Məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2023-cü il tarixli 189 saylı rəyində qeyd olunur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryək alkaloidlərindən suiistifadə nəticəsində yaranmış Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh. 105) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar nəzərə alınmalı və bu səbəbdən qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun islah olunmasına kifayət etməyəcək. Buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barədə seçilmiş qətimkan tədbiri dəyişdirilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalıdır. İstintaq dövründə şübhəli şəxs kimi saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X4 saxlanılan 1.032 qram miqdarında olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 7 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İstintaq müddətində şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 05 aprel 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X4 saxlanılan 1.032 qram miqdarında olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar