Məhkəmə qərarları › İş №1(039)-7/2019

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-7/2019

25.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-7/2019 25.04.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərova Elmira Rafik qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxxxx 2018ci il tarixdə, saat 10:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Təbiyət” şadlıq sarayının yaxınlığında yolun kənarında Yevlax şəhər sakini Zərərçəkmiş şəxs ilə, idarə etdiyi Mercedes Benz markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı sərnişin daşıdığı avtomaşından “Samsunq-J-3” markalı telefonunun oğurladığını səbəb gətirərək mübahisə etmiş, mübahisə zamanı xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan yumruğu ilə sonuncunun qəsdən sifət nahiyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs, həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən az ağır zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək söyləmişdir ki, özünə məxsus Mercedes Benz markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər Yevlax şəhərindən Salahlı kəndinə sərnişin daşımaqla məşğuldur. xx xxxxxx 2018-ci il tarixdə, saat təxminən 15:00-da idarə etdiyi avtomobillə Yevlax şəhərində yerləşən “Təbiyət” şadlıq sarayının yaxınlığından Salahlı kəndinə getmiş və orada aşkar etmişdir ki, ona məxsus “Samsunq-J-3” markalı telefonu yoxdur. Belə anlamışdır ki, onun telefonu oğurlanmış, bu səbəbdən polis şöbəsinə gedərək buna dair ərizə vermişdir. Sonradan şübhələnmişdir ki, telefonunu, tanıdığı, Yevlax şəhər sakini olan Məhəmməd adlı şəxs götürə bilər. xx xxxxxx 2018-ci il tarixdə, saat təxminən 10:00-da idarə etdiyi avtomobillə Yevlax şəhərində, H.Əliyev prospekti ilə dəmir yol vağzalı istiqamətində gedən zaman Məhəmmədin yolun sol kənarı ilə getdiyini görmüş və avtomobili saxlayıb Məhəmmədin yanına getmişdir. Məhəmməddən telefonu götürübsə qaytarmasını tələb etsə də, Məhəmməd telefonu götürmədiyini bildirmişdir. Bu mövzuda aralarında mübahisə yaranmış, əsəbi olduğundan mübahisə zamanı yumruqla Məhəmmədin sifətinə vurmuş və o, yerə yıxılmışdır. Az sonra oraya polis əməkdaşları gələrək onları aralayaraq polis avtomobili ilə onları polis şöbəsinə aparmışlar. Hazırda Məhəmmədlə barış, ona dəymiş ziyanı ödəmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 10:00-da, Yevlax şəhəri, H.Əliyev prospekti ilə üzü dəmir yol vağzalı istiqamətində gedərkən, əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Emin adlı şəxs və onun yanında tanımadığı bir oğlan onun qarşısını kəsərək bildirmişdir ki, bir gün öncə, onun idarə etdiyi avtobusdan telefonu götürmüsən və tələb etmişdir ki, telefonu geri qaytarsın. Buna cavab olaraq bildirmişdir ki, hər hansı bir telefon götürməmişdir. Buna baxmayaraq Emin onunla mübahisə etməyə davam etmiş və bildirmişdir ki, bunu görən olub. Eminə bildirmişdir ki, onu həmin adamla üzləşdirsin. Lakin, Emin onunla kobud danışmağa davam etmiş və hər hansı səbəb olmadan yumruqla onun sifət nahiyəsindən vurmuşdur. Zərbə güclü olduğundan bunun təsirindən yerə yıxılmışdır. Oraya gələn insanlar onları aralamış və bundan sonra hadisə yerinə poliz əməkdaşları gəlmişlər. Daha sonra Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxslə barışdığını, hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirməklə, bunun nəzərə alınmasını xahiş etmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, Emin onun qardaşıdır. Emin, Mercedes Benz markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən Salahlı kəndinə sərnişin daşımaqla məşğuldur. xx xxxxxx 2018-ci il tarixdə axşam saatlarında evə gəldikdə, Emin ona bildirmişdir ki, həmin gün, təxminən saat 15:00-da onun idarə etdiyi avtomobildən, ona məxsus “Samsunq-J-3” markalı telefonu naməlum şəraitdə yoxa çıxmış və bu səbəbdən həmin gün polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. xx xxxxxx 2018-ci il tarixdə, saat təxminən 12:00-da, bir şəxs ona bildirmişdir ki, qardaşı Emin “Təbiyət” şadlıq sarayının yanında bir şəxslə mübahisə edib dalaşmış və bu səbəbdən polis əməkdaşları onu polis şöbəsinə aparnışlar. Buna görə o da, polis şöbəsinə getmişdir. Orada ona məlum olmuşdur ki, qardaşı Emin prospektdə Məhəmməd adlı şəxsi görmüş, telefonu onun götürməsindən şübhələnib onun yanına getmiş və aralarında mübahisə olduğundan onu yumruqla vurmuşdur. Emin Məhəmmədi vurarkən orada özü şəxsən olmamışdır. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 10:00-da, digər polis nəfəri Şahid3 ilə birlikdə 1 nömrəli marşurutda xidmətdə olarkən Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Təbiyət” şadlıq sarayının yaxınlığında söyüş səsləri eşitmiş və Şahid3la birlikdə həmin yerə getmişlər. Oraya çatan zamanı əvvəllər Yevlax şəhər sakinləri kimi tanıdığı Emin adlı şəxsin Məhəmməd adlı şəxsi yerə yıxaraq sifət nahiyəsindən vurduğunu görmüşlər. Onları araladıqdan sonra rabitə vasitəsi ilə kömək qüvvə çağırmış və onların hər ikisini polis şöbəsinə aparmışlar. Şahid3 Şahid2 oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Şahid4 ifadəsində bildirmişdir ki, Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Təbiyət” şadlıq sarayının qarşısında telefon mağazasında işləyir. xx xxxxxx 2018-ci il tarixdə, saat təzinən 10:00-da mağazada olmuş, həmin vaxt bir kadın ona telefon verərək düzəlşməyi xahiş etmişdir. Həmin vaxt mağazanın qarşısında iki nəfərin mübahisə etdiyini eşitsə də, əlində işi olduğundan və müştəri gözlədiyindən səsə çıxa bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 25496 nömrəli rəyində qeyd olunur ki, “Samsung J3” markalı mobil telefonun nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 140 manat müəyyən edilmişdir. Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, T294\2018 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sağ göz ətrafında qançır, ağlı qişaya qansızma, sağ almacıq sümüyündə xətti sınıq, sağ gözaltı nahiyədə sıyrıq, təpə nahiyəsində yumşaq toxumalarının əzniyi olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən törətmiş, yumruqla yetirilməsi inkar edilmir. Yetirilmə müddəti xx xxxxxx 2018-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aidir. Məhkəmənin qərarı əsasında təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli, 776 nömrəli rəydə də, yetirilmiş xəsarətin dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd edilmişdir. Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə iclası zamanı özünün etirafı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən də ona ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, cinayətin törədilmə şəraitini, şəxsiyyətini əsas götürməklə cəza çəkmədən islah olunmasını mümkün hesab edərək, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində davranışına nəzarət Yevlax rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Hökmün icrasına nəzarət Yevlax rayon icra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar