Məhkəmə qərarları › İş №1(039)-70/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-70/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-70/2021 27.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1998-ci il tarixdə Tərtər rayonu, Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 18 yanvar 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Tərtər rayonu, Ələsgərli kəndində qeydiyyatda olan, Tərtər rayonu, Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,441 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1(bir) ədəd gümüşüağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,184 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki hərbi geyimin şalvarının sağ yan cibində saxlamış, 17 yanvar 2021-ci il tarixdə Yevlax şəhəri, Nizami prospektində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 07:30-dan 08:15-dək müddətdə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 1(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,441 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,184 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. Psixotrop maddə olan metamfetamindən dəfələrlə istifadə etmişdir. O, 17 yanvar 2021-ci il tarixdə axşam saatlarında qohumu Şahid4 ilə birlikdə Bərdə şəhərində özünə məxsus etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı, **- DA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəzən zaman avtomobil xarab olmuş, onlar avtomobil ilə birlikdə tanışı Şahid3 avtomobil təmiretmə sexinə getmişlər. Kərim avtomobili düzətdikdən sonra onlar üçü birlikdə Goranboy rayonuna getmişlər. Goranboy rayonunda dostları ilə yeyib-içdikdən sonra Tərtər rayonu istiqamətində hərəkətə başlamışlar. Tərtər rayonuna gedərkən Yevlax rayon ərazisindən keçən zaman Taleh və Kərimin razılığı ilə Yevlax şəhərindən keçmək qərarına gəlmişlər. 17 yanvar 2021-ci il tarixdə saat 06:00 radələrində Yevlax şəhəri, Nizami prospektində özünə məxsus etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman avtomobil nasazlıq səbəbindən dayanmışdır. Hər üçü avtomobildən düşmüş, Kərim və Taleh avtomobili təmir edən zaman o yerdən 2 ədəd gümüşü kağıza bükülmüş bükülü tapmışdır. Həmin bükülüləri açıb içərisinə baxdıqda bükülülərin birinin içərisində narkotik maddə olan heroin digərinin içərisində isə metamfetamin olduğunu görmüşdür. Heroin və metamfetamini istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Təxminən 10 dəqiqə sonra polis işçiləri onlara yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getmələrini təklif etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə onun razılığı ilə üstünə baxış keçirilmişdir. Baxış zamanı əynindəki şalvarının sağ yan cibindən özü qəbul etmək üçün saxladığı 2 ədəd bükülünün içərisində olan heroin və metamfetamin aşkar edilib götürülmüşdür. Sorğu zamanı o bükülülərin içərisində narkotik maddə olan heroin və metamfetamini yuxarıda qeyd etdiyi kimi 17 yanvar 2021-ci il tarixdə səhər saatlarında Yevlax şəhərində Nizami prospektindən tapdığını bildirmişdir. Polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik maddə heroin və metamfetamini zərfə qoyaraq möhürləmiş, sonra isə polis işçiləri bu barədə protokol tərtib etmişdir. Həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il yanvarın 17-də ona VAZ- 2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən üzərində narkotik vasitə saxlaması və istifadəsində şübhəli olan Qüdrət adlı şəxsin hal-hazırda Yevlax rayonu ərazisində olduğu və üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin olması barədə məlumat daxil olmuşdur. O, bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra Yevlax RPŞnin İTB-nin sahə rəisi Şahid2 Fərhad oğlu ilə birlikdə təxminən saat 07:00 radələrində Yevlax şəhər Nizami prospektinə getmişlər. Qüdrəti Nizami prospektində yerləşən 7 nömrəli orta məktəbin yaxınlığında gördükdən sonra Qüdrətə yaxınlaşıb özlərini təqdim edərək, Qüdrətə polis şöbəsinə getməyi təklif etmişlər. Qüdrət də etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçi tərəfindən vəkili dəvət edilib, ona hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə Qüdrətin üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Qüdrətin əynindəki hərbi geyimin sağ yan cibindən gümüşü kağıza bükülmüş iki ədəd bükülü aşkar etmişlər. Sorğu zamanı Qüdrətin həmin iki ədəd bükümün içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, heroin və metamfetamini 17 yanvar 2021-ci il tarixdə Yevlax şəhəri, Nizami prospektindən 7 nömrəli orta məktəbin yaxınlığında yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenentı Şahid2 Fərhad oğlu Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, axtarış aparılarkən Təqsirləndirilən şəxs narkotik vasitə heroin və metamfetamini əynindəki hərbi geyimin şalvarının sağ cibindən çıxarıb özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 17 yanvar 2021-ci il tarixli 17/40 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,441 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,184 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,184 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq- 0,134 qram. Herinin təmiz çəkisi-0,441 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq-0,391 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 23 fevral 2021-ci il tarixli 171 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 yanvar 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 07:10-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 yanvar 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Tərtər rayon İHB-nın Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Haydar oğlu yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 yanvar 2021-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 0,134 qram metamfetamin və 0,391 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Tərtər rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Tərtər rayonu, Yenikənd kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Tərtər rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Tərtər rayonu, Yenikənd kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Tərtər rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,134 qram metamfetamin və 0,391 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Tərtər rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14(on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar