Məhkəmə qərarları › İş №1(039)-71/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-71/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-71/2023 05.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində idarə etdiyi Renault Megane markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Yevlax şəhəri ərazisindən keçən 1-ci kilometrliyində 10 km/saat surətlə hərəkətdə olarkən "X3" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşısında yolun sağ kənarında piyadanın dayanmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi Renault Megane markalı avtomobillə piyada arasında təhlükəsiz yan məsafəsi təmin etməli, dayanmış vəziyyətdə olan piyadanın yanında təhüləkiz yan məsafəsi saxlamaqla keçib getməli və hərəkət təhlükəsizliyini təmin etməli olduğu halda bunu etməyərək, Bərdə şəhəri istiqamətində yolun kənarında dayanmış Zərərçəkmiş şəxs yolun sağındakı sarı xətdən ortaya doğru 5,5 metr məsafədə vuraraq ona sol iç və bayır topuğun sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Renault Megane markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da, həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Yevlax şəhərindən Bərdə şəhəri istiqamətində gedərək Bakı-Qazax yolu ilə Yevlax-Ağdam-Laçın yolunun kəsişməsindəki dairədən keçib təxminən 100 metr qarşıda dayanacağın qarşısında dayanıb Bərdə şəhəri istiqamətində müştəri götürmək istəmişdir. Müştəri tapa bilmədikdə avtomobilini hərəkətə gətirib Bərdə şəhəri istiqamətində bir neçə metr gedəndən sonra yolun kənarındakı şəxslər ona piyadanı vurduğunu deyib səsləmişlər. Avtomobilini saxlayanda hərəkətə başlayarkən avtomobilin qabaq sağ qanad-güzgü hissəsindən yolun kənarında dayanan sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsi vuraraq yerə yıxıb avtomobilin qabaq sağ təkəri onun ayağının üstündən keçdiyini bilmişdir. Yoldan keçən şəxslər Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağına əyləşdirmiş və Elçini dərhal Yevlax RMX-na aparmışdır. Orada ona ilkin yardım göstərilmiş, Zərərçəkmiş şəxs ona şikayətçi olmayacağını onu evinə aparmasını söyləmiş və Yevlax RMX-dan çıxanda Elçin onu Bərdə rayonuna aparmağı xahiş etmişdir. Onu əvvəlcə Bərdə şəhərinə aparmış, Elçin orada iki nəfər şəxslə görüşmüş, daha sonra Elçini Bakı şəhərinə, evlərinə aparmışdır. Maddi imkanı olan qədər ona yardım göstərmişdir. Lakin sonradan köməklik edə bilməmiş və Elçin onun barəsində şikayət etmişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində heç bir nasazlıq, yük və sərnişin olmamışdır. Cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və onlara vurulmuş ziyanı ödədiyini nəzərə alaraq məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərindən Bərdə rayonuna getmək üçün taksi ilə yola düşmüş, həmin gün saat 11 radələrində Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində Bərdə rayonuna gedən Yevlax-Ağdam-Laçın yolunun kəsişməsindəki dairədə düşmüşdür. Yolun Bərdə rayonu istiqamətində dairədən təxminən 50-60 metr məsafəyə gəlib dayanacağın qarşısında dayanıb taksi gözləyərkən Yevlax şəhəri istiqamətindən gələn Renault Megane markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfindən onu vurub yerə yıxmış, avtomobilin qabaq sağ təkəri sol ayaq biləyinin üzərindən keçmişdir. Qışqırdıqda dayanacaqda dayanan tanımadığı şəxslər sürücünü səsləmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs avtomobili saxlamış, onu Yasinin avtomobilinə əyləşdirmişlər. Yasin onu Yevlax RMX-na aparmışdır, orada ona ilkin yardım göstərilmişdir. Yasin oradan onu Bakı şəhərinə evinə aparmışdır. Yasin səhər gəlib onu xəstəxanaya aparacağına söz vermiş, səhəri gün özü Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanaya müraciət etmişdir. Orada cərrahi əməliyyat olunmuşdur. Bu müddət ərzində Yasinlə telefonla danışmış, ona cuzi miqdarda maddi yardım göstərmiş, müalicə xərclərini ödəyəcəyinə söz vermişdir. Lakin onun xərclərini ödəməmiş, nə də onu ziyarət etməmişdir. Məcbur olub Yasin barəsində şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Elçinin Bərdə şəhərinə qonaq gələcəyinə, digər tanışları Şahid1lə onu qonaq edəcəkləri barədə əvvəlcədən danışmışlar. Həmin gün saat 13 radələrində X4 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərinə gəlmişdir. Elçinin ayağında sarğı gördükdə nə baş verdiyini soruşduqda Elçin özü heç nə demək istəməmiş, lakin Renault markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin Yevlax-Ağdam-Laçın yolunun Yevlax şəhərindən keçən 1-ci km-liyində dayanacağın qarşısında Bərdə şəhəri istiqamətində yolun kənarında dayanmış Elçini avtomobili hərəkətə gətirərkən görmədiyini, nəticədə onu vurduğunu söyləmişdir. Onlar birlikdə nahar etdikdən sonra Yasin Elçini Bakı şəhərinə evlərinə aparmışdır. X2 yardım edəcəyinə söz versə də yardım etmədiyini, Elçinin narazı qalaraq ondan şikayət etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 27 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Yevlax- Ağdam-Laçın yolunun Yevlax şəhəri ərazisindən keçən 1-ci kilometrliyində baş vermişdir. Avtomobil yolu iki istiqamətlidir, Yevlax şəhər və Bərdə rayon istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur, Yevlax şəhəri istiqamətdə 2 hərəkət zolağı, Bərdə şəhəri istiqamətində biri sürətlənmə zolağı olmaqla 3 hərəkət zolağı vardır. Bərdə rayon istiqmətində olan yolun eni 15 metrdir, hərəkət hissənin eni 14.2 metrdir, 1.5 metr enində səki yerləşir. Yevlax şəhəri istiqamətinin sağında Avtovağzal yerləşir. Hadisə yerinə baxış zamanı müəyyən edildi ki, Renault Megane markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı Bərdə rayon istiqamətində hərəkət edərkən sağ zolaqda sağ kənardan ortaya doğru 5.2 metr məsafədə vurmuşdur (iş vər.07-12); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Yevlax RQİTBŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş sürücülük vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə xx.xx.2023-cü ilədək qüvvədədir (iş vər.18); məhkəmə-tibb ekspertizasının 26 noyabr 2022-ci il tarixli 618 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sol iç və bayır topuğun sınığı olmuşdur. Bu xəsarət bərk küt alətin təsirindən əmələ gəlmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər.26); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3544 №li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Renault Megane markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manatdır (iş vər.28-30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir ( iş vər. 52); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Renault Megane markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilmiş və sahibinə qaytarılmışdır. (iş vər.64-68); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( iş vər. 88); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən zərərçəkmiş şəxsin məhkəməyə ünvanlamış ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut hesab edilən avtomobil sahibinə qaytarılmış, müdafiəçiyə məhkəmədə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Renault Megane” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olubolmamasına qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar