Məhkəmə qərarları › İş №1(039)-72/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-72/2020

04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-72/2020 04.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1969-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Yevlax rayonu Nərmanabad kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri Q.Quliyev küçəsində xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində saxlanılıb, üzərində həmin gün saat 12:30-da müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində, sağ əlində saxladığı 1 ədəd siqaret kağızına bükülmüş bükülüdə, istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə- 0,309 qram miqdarında heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, hərdən narkotik vasitə-heroindən istifadə edir. 2020-ci il fevral ayının 13də saat 11:40 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən Dədə Qorqud heykəlinin yanında gəzişərkən yolun sol kənarından 1 ədəd gümüşü rəngli kağız bükülü tapmış, bükülünü açıb içərisində heroin olmasını görmüş və heroini gələcəkdə istifadə etmək məqsədi ilə əlində saxlayıb gəzdirmişdir. 2020-ci il fevral ayının 13-də saat 12:00 radələrində aptekdən şpris almaq məqsədi ilə Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən yaşayış evlərinin qarşısı ilə piyada hərəkət edərkən özünü şübhəli apardığı üçün polis əməkdaşları onu saxlayıb, şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, sənəd təqdim etmədiyi üçün üstündə axtarış aparılmalı olduğunu demişlər. Buna görə də, polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Qeyd edilən gün saat 12:30 radələrində polis əməkdaşları Yevlax rayon polis şöbəsində video çəkiliş tətbiqi ilə onun üstündə axtarış aparmış, o, sağ əlində saxlayıb gəzdirdiyi heroinin özünə aid olmasını və gələcəkdə özü istifadə etmək məqsədi ilə saxlayıb gəzdirdiyini etiraf etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X6 ifadəsində göstərmişdir ki, 2020-ci il fevral ayının 13-də saat 11:50 radələrində daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilipolis mayoru X1 iştirakı ilə əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən yaşayış evlərinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Təqsirləndirilən şəxs sənəd təqdim etmədiyinə və oradan qaçmaq istədiyinə görə onu rayon polis şöbəsinə aparmışlar. Saat 12:30 radələrində polis şöbəsində video çəkiliş tətbiq etməklə Təqsirləndirilən şəxs üstündə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxlayıb gəzdirdiyi 1 ədəd “gümüşü” rəngli kağız bükülü aşkar etmişlər. Bükülünü açıb içərisindəkini nəzərdən keçirdikdə orada ağ-sarımtıl rəngli, spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükülünü həmin gün saat 11:40 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən Dədə Qorqud heykəlinin qarşısında gəzişərkən yolun sol kənarından tapmasını, bükülünün içərisindəkinin heroin olduğunu bildiyini və həmin maddədən gələcəkdə istifadə etmək məqsədi ilə saxlayıb gəzirdiyini etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci il fevral ayının 13-də saat 11:50 radələrində daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkiliəməliyyat müvəkkili polis mayoru X3 iştirakı ilə əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən yaşayış evlərinin qarşısında narkotik vasitələrin istifadəçisi olan, Yevlax şəhəri F. Xoyski küçəsi ev 42-də qeydiyyatda olan, faktiki olaraq Yevlax rayonunun Nərimanabad kəndində yaşayan Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə ona yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Təqsirləndirilən şəxs sənəd təqdim etmədiyinə və oradan qaçmaq istədiyinə görə həyacanlı olduğunu hiss edib ona üstündə axtarış aparılmasını təklif etmişlər. O, isə orada çoxlu sayda adamlar olduğundan üstündə polis şöbəsində axtarış aparılmasına razılıq vermişdir. Bu səbəbdən də onu rayon polis şöbəsinə aparmışlar. Saat 12:30 radələrində polis şöbəsində video çəkiliş tətbiq etməklə Təqsirləndirilən şəxs üstündə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxlayıb gəzdirdiyi 1 ədəd “gümüşü” rəngli kağız bükülü aşkar etmişlər. Bükülünü açıb içərisindəkini nəzərdən keçirdikdə orada ağ-sarımtıl rəngli, spesifik iyə malik narkotik vasitə-heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 2020-ci il fevralın 13-də saat 11:40 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən Dədə Qorqud heykəlinin qarşısında gəzişərkən yolun sol kənarından 1 ədəd “gümüşü” rəngli kağız bükülü tapmasını, bükülünü açıb içərisindəkinin ağ sarımtıl rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olmasını görüb əyilib yerdən götürürək həmin maddədən gələcəkdə istifadə etmək məqsədi ilə sağ əlində saxlayıb gəzirdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 18-19); şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun sağ əlindəki 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində heroin bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(iş vər. 26-33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 20/231a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş gümüşü kağız bükümdə təmiz təmiz çəkisi 0,309 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. (tədqiqata istifadə olundu 0,007 qram, qalıq 0,302 qram). (iş vər.40-41); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 59); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 117 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı götürülmüş...” yazısı olan zərfin içərisindəki, 01 (bir) ədəd gümüşü –ağ rəngli bükümdə, təmiz çəkisi 0,302 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-herondir. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,252 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər.73-74); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,252 qram olan narkotik vasitə-heroin və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,252 qram heroin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir; (iş vər. 76); məhkəmə narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 289 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 82 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər. 71); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Dadaşov X8 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı,təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan qurudulmuş heroin məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut -0,252 qram çəkidə narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ibtidai istintaqda göstərdiyi 65 (altmış beş) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 390 (üç yüz doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5, 60 (altmış) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar