Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-72/2021 06.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 9, mənzil 4 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 02 fevral 2021-ci il tarixdə saat 14:00 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində saxlanılıb, üzərində həmin gün saat 14:50 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkçəsinin sol yan hissəsindən sellofan torbada istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda -415,00 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadə etsə də, lakin 02 fevral 2021-ci il tarixdə üzərində hər hansı narkotik vasitə olmamışdır. Həmin gün o, Yevlax şəhərində “poçtun” yanında yerləşən dostunun evinə getmiş, dostu evdə olmadığı üçün o, evə qayıtmaq istəyərkən polis əməkdaşları onu tutaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona zor tətbiq etməsələr də, ona bildirmişlər ki, üzərində narkotik vasitə gəzdirdiyini etiraf etməsə, ona daha ağır ittihamla cinayət işi başlayacaqlar. O da məcbur qalaraq üzərində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Son olaraq verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərində tapılan narkotik vasitənin ona məxsus olmadığını qeyd etməklə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. Hərdən narkotik vasitə olan marixuana istifadə etmiş, həmin narkotik vasitəni isə yabanı halda bitmiş narkotik tərkibli çətənə kolundan yığıb istifadə etmişdir. 01 fevral 2021-ci il tarixdə günorta vaxtlarında təkcə Kür çayının Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisindəki sahilində gəzişərkən oradan sellofan torbada narkotik vasitə olan marixuana tapmış, həmin narkotik vasitəni istifadə etmək üçün götürmüşdür. 02 fevral 2021-ci il tarixdə saat 14:00 radələrində həmin narkotik vasitə üzərində Yevlax şəhəri Q.Quliyev küçəsi ilə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, içərisində marixuana olan bir ədəd sellofan torbanı ondan aşkar etmişlər. Sorğu-sual zamanı o, sellofan torbada narkotik vasitə olan marixuana olduğunu, gələcəkdə özü istifadə etmək üçün gəzdirdiyini etiraf etmişdir. Polis əməkdaşları həmin kütləni elektron tərəzidə çəkmiş, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 02 fevral 2021-ci il tarixdə ona, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan marixuana olması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra polis nəfəri Şahid2 ilə birlikdə Yevlax şəhəri Q.Quliyev küçəsinə getmişlər. Rəşadın Q.Quliyev küçəsi ilə gəldiyini görmüşlər. Rəşada yaxınlaşıb özlərini təqdim etmiş, Rəşad özünü şübhəli apardığına görə ona polis şöbəsinə getməyi təklif etmişlər. Rəşad bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Rəşadın üstünə baxış keçirmişlər. Baxış zamanı Rəşad əynindəki gödəkçənin içəri tərəfində saxladığı sellofan torbanı təqdim etmiş və sellofan torbanın içərisinə açıb içərisini nəzərdən keçirdikdə içərisində yaşıl rəngli ot ovuntusuna oxşar, özünə məxsus iyi olan kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Rəşad sellofan torbanın içərisindəkinin marixuana olduğunu, marixuananı 01 fevral 2021ci il tarixdə Kür çayının kənarından tapdığını və özü istifadə etmək üçün götürüb gəzdirdiyini etiraf etmişdir. Həmin kütləni elektron tərəzidə çəkmişlər, sonra kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 18-19); şəxsi axtarış və götürmə haqqında 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçəsinin sol yan hissəsindən sellofan torbada bükülmüş bükülünün içərisindəki narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 24-31); məhkəmə bioloji ekspertizasının 03.02.2021-ci il tarixli 17/88 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi- 415,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,02 qram, qalıq- 414,95 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 51,06 manatdır. (iş vər. 37-38); Yevlax Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 02 fevral 2021-ci il tarixdən saat 14:00-dan hesablanmışdır. (iş vər. 63- 64); maddi sübut kimi tanınma haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, tədqiqatdan sonra qalan təmiz çəkisi 414,95 qram olan qurudulmuş marixuana və baxış zamanı aparılmış videoçəkilişi əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmışdır. Marixuana saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmiş, kompakt disk cinayət işinə əlavə edilmişdir. (iş vər. 65); məhkəmə narkoloji ekspertizasının 30 mart 2021-ci il tarixli 312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 87); Yevlax şəhər 3 saylı Mənzil-Təmir İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur. (iş vər. 77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17.02.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 29.11.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1(CM-67.1) maddəsi ilə təqsirli bilinib 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( iş vər.68); Şəki Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cəkilməmiş 02 il 06 ay 12 gün hissəsi hazırkı hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (iş vər. 79-82) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, ibtidai istintaq zamanı ona hədə-qorxu gəlinərək verilmiş ittiham üzrə özünü təqsirli bilməyə məcbur edilməsi ilə bağlı ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş, üzərində şəxsi axtarış aparılarkən müdafiəçiyə və barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə ona qarşı hədə-qorxu gəlindiyini, narkotik vasitənin ona məxsus olmamasını bildirməmiş, ona qarşı edilən “qanunsuz hərəkətlərlə” bağlı müvafiq orqanlara müraciət etməmiş və verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyinin əzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2021-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1,158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuananın qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 414,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 51 (əlli bir) manat 06 (altı) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi halda, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-72/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-72/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver