Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-72/2024 23.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Baxşalı İmanov küçəsi ev 61-də qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, nömrəsi silinmiş tapançanı, 1 ədəd “Makarov” (PM) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqçanı, 03 (üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” və digər konstruksiyalı tapançalarda və digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronları əldə etməklə əynində olan qara rəngli gödəkçənin ciblərində qanunsuz olaraq saxlayaraq 08 yanvar 2024-cü il tarixdə saat 15:00 radələrində Yevlax dəmir yol stansiyasının ərazisində gəzdirmiş, 08 yanvar 2024-cü il tarixdə saat 15:50 radələrində Yevlax st.xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax dəmir yol stansiyasının ərazisində saxlanılaraq Yevlax st.XPŞ-yə gətirilmiş, orada həmin günü üzərinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə saat 16:35-dən 16:50-ə qədər olan müddətdə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin ciblərindən qəsdən satış məqsədi olmadan əldə edərək saxlayıb gəzdirdiyi 1 ədəd yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, nömrəsi silinmiş tapança, 1 ədəd “Makarov” (PM) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqça, 03 (üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” və digər konstruksiyalı tapançalarda və digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlar aşkar edilib qablaşdırılaraq, götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 03-04 yanvar 2024-cü il tarixdə saat 12:00 radələrində yaşadığı evin yaxınlığında oturan zaman arxadakı kolluqda qara rəngli sellofan torba görmüş, həmin sellofan torbanı açan zaman içərisində 1 ədəd tapança, 3 ədəd güllə və 1 ədəd sandıqça görmüş, həmin əşyaları evə aparmağa qorxaraq həmin yerdə gizlətmişdir. Saat təxminən 15:00 radələrində həmin əşyaları gizlətdiyi yerdən götürərək Yevlax dəmir yol stansiyasının ərazisinə getmiş və əşyaları oradakı qamışlığa tullamaq istəmiş, təxmini 50 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşaraq odlu silahın saxlanılmasında şübhəli olduğunu, Yevlax xətt polis şöbəsinə getməli olduğunu bildirmiş, onlara etiraz etməyərək birlikdə getmişdir. Yevlax xətt polis şöbəsinə müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsilə üzərinə axtarış keçirilmiş, axtarış zamanı üzərində olan qara rəngli gödəkçənin sağ döş cibində və sağ yan cibində gizlətdiyi 1 ədəd tapança, 1 ədəd sandıqça və 3 ədəd güllə aşkar edilərək götürülmüş, sonra həmin əşyalar ekspertizaya təqdim olunmaq üçün qablaşdırılaraq götürülmüş, daha sonra bu barədə protokol tərtib edilərək axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış, həmin əşyaları dəmir yol stansiyasında qamışlığa tullamaq üçün üzərində saxlamış, satış məqsədi olmamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə Yevlax şəhəri, Baxşalı İmanov küçəsində yaşayan Təqsirləndirilən şəxs odlu silahın saxlanılmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, Yevlax st.xətt polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra Yevlax st.XPŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinə başlamışdır. Saat təxminən 15:50 radələrində Yevlax dəmir yol stansiyasının ərazisində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını, odlu silahın saxlanılmasında şübhəli olduğunu, Yevlax st.xətt polis şöbəsinə getməli olmasını bildirmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə Yevlax st.xətt polis şöbəsinə getmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan və sağ döş ciblərindən 1 ədəd tapança, 1 ədəd sandıqça və 3 ədəd patron aşkar edilmiş, sonra isə həmin əşyalar maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüş, sonra isə bu barədə protokol tərtib edilərək şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.13-14); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində içərisində 3 ədəd güllə olan 1 ədəd tapança darağı və 1 ədəd odlu silah tapança aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub) (iş vər. 24- 26); Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 17/28 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, Makarov (PM) konstruksiyalı, nömrəsi silinmiş tapançadır, yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sandıqça Makarov (PM) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik Makarov (PM), PA-63, PA- 64, RK-59, P61 konstruksiyalı tapançalarda, Steçkin (APS) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar-döyüş sursatıdırlar, atəşə yararlıdırlar. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,60 manatdır.(iş vər. 36-38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. (iş vər.56); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər. 61); Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tapdığı 1 ədəd tapança, 3 ədəd güllə və 1 ədəd sandıqça götürdüyü yeri və polis əməkşları tərəfindən saxlanıldığı yeri göstərir. (iş vər.72-75); Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, 1 ədəd tapança, 1 ədəd sandıqça və 3 ədəd patron saxlanılması üçün Yevlax st.xətt polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.77-80); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilsə də, islah olunmayaraq yenidən başqa daha ictimai təhlükəli cinayət əməli törətməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılığı) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd tapança, 1 ədəd sandıqça və 3 ədəd patronlar hökm qanuni qüvvəyə mündikdən sonra, müsadirə edilməklə Azərbaycan Respublikası DİN-nə təhvil verilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 may 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax st.xətt rayon polis şöbəsində saxlanılan 1 ədəd tapança, 1 ədəd sandıqça və 3 ədəd patronlar hökm qanuni qüvvəyə mündikdən sonra, müsadirə edilməklə Azərbaycan Respublikası DİN-nə təhvil verilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-72/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-72/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver