Məhkəmə qərarları › İş №1(039)-73/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-73/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-73/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 2001-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 04 fevral 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarına əsasən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 56-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə xx xxxx 1971-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 04 fevral 2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami prospekti, 225 saylı evdə qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 o, qəsdən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 12 dekabr 2020-ci il tarixdə, saat 21:00-da, Yevlax şəhəri, Bakıxanov küçəsi 109-da yerləşən, Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə hasarından aşmaq yolu ilə qanunsuz daxil olaraq hamam otağından 1 ədəd 230 manat dəyərində pultla idarə olunan oyuncaq maşın, 1 ədəd 180 manat dəyərində velosiped, 1 ədəd 100 manat dəyərində somavar və 1 ədəd 30 manat dəyərində «AQD» markalı su matorunu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 540 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 0,542 qram narkotik vasitə olan heroini 01.02.2021-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2Yevlax şəhəri, Nizami prospektində 10 manata alaraq əldə edib üzərində saxlamış, 02.02.2021-ci il tarixdə, saat 11:30 radələrində narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Aslanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 12:00 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən sellofan torbada olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,542 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 1,049 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib saxlamış, 01.02.2021-ci il tarixdə Yevlax şəhəri, Nizami prospektində həmin heroindən 0,542 qramını tanışı Təqsirləndirilən şəxs1 10 manata satmış, 02.02.2021-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Nizami prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq həmin gün saat 16:50 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə yaşadığı Yevlax şəhəri, Nizami prospekti 225 saylı evə baxış keçirilərkən yataq otağındakı masanın üstündən iki bükümdə olan satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,041 və 0, 466 qram olmaqla ümumi çəkisi 0,507 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Düşəndə narkotik vasitə olan heroin qəbul etmişdir. 12 dekab 2020-ci il tarixdə saat 21 radələrində yaşadıqları küçə ilə gedərkən küçədə yaşayanların qapısı qıfıl olan ev gəzmişdirki oradan oğurluq etsin. Yaşadıqları evdən sonra 3-cü evin küçə darvazasının bağlı olduğunu görmüşdür. Həmin ev tanıdığı Zərərçəkmiş şəxs evi olmuşdur. O, həmin evin arxa tərəfinə keçərək hasardan həmin evin həyətinə keçmiş, həyətdəki hamama daxil olmuş hamadan 1 ədəd velosiped, 1 ədəd uşaq üçün pultl işləyən maşın, 1 ədəd su matorun və 1 ədəd samovarı hasarın üstündən adladaraq küçəyə və sonra həmin əşyaları yaxınlıqdakı boş sahibsiz evə aparıb yığmışdır. Sonra samovarı götürüb qonşu küçəyə getmişdir. Həmin küçədə yaşayan tanıdığı Sabir adlı şəxslə qarşılaşmış və ona əlindəki samovarı göstərərək satmaq istədiyimi bildirmişdir. Sabir ondan samovarın oğurluq olub-olmamasını soruşmuş, o, samovarın özünə məxsus olduğunu və evdə çörək almaq üçün pulu olmadığını bildirərək satmaq istədiyini bildirmişdir. Sabirə samovarı 25 manata satmışdır. Sabir isə 20 manat pulu olduğunu bildirmiş və o, da Sabirlə razılaşaraq samavarı 20 manata satmışdır. Aldığı pula evlərinə ərzaq almışdır. Səhəri gün isə qalan əşyaları qonşu küçələrdə yaşayan tanımadığı şəxslərə satmış və 50 manat pul əldə etmişdir. Həmin puluda xərcləmişdir. 01 fevral 2021-ci il tarixdə narkotik vasitəsi qurtardığına görə narkotik vasitə alıb istifadə etmək qərarına gəlmişdir. Ona görə həmin gün saat 21 radələrində Yevlax şəhəri, Nizami prospektində yaşayan narkotik vasitə satan Abilgilə getmişdir. Abil ilə görüşmüş, Abilə 10 manat verərək ona narkotik vasitə olan heroin satmasını demişdir. Abil də razı olmuş ona 10 manat dəyərində narkotik vasitə olan heroin satmışdır. Həmin heroinin bir hissəsini istifadə etmiş və qalanın isə gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. 02 fevral 2021-ci il tarixdə Yevlax şəhəri, H.Aslanov küçəsi ilə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə onun üstünə baxış keçirmişlər. Baxış zamanı içərisində heroin olan bir büküm onun cibindən aşkar edilmişdir. Sorğu-sual zamanı o, bükümün içərisindəkinin heroin olduğunu və tanıdığı Abil adlı şəxsdən 10 manata aldığını, heroinin bir hissəsini istifadə etdiyini qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün üstündə gəzdirdiyini etiraf etmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamsını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Rafiq oğlu 30.04.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs1 ilə barışdığını, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs Rafiq oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Qarabağ müharibəsi əlilidir. 12 dekabr 2020-ci il tarixdə, saat 21 radələrində evdə olmamış, evə həmin gün saat 23 radələrində gəlmişlər. Hamama baxarkən bir ədəd 100 manat dəyərində somavar, 1 ədəd 230 manat dəyərində pultla idarə olunan oyuncaq maşın, 1 ədəd 180 manat dəyərində velosiped, və 1 ədəd 50 manat dəyərində «AQD» markalı su matorunun oğurlandığını bilmişdir və ona görə şikayət etmişdir. Sonradan bilmişdir ki, evindən oğurluq edən qonşuluğunda yaşayan İdrisin oğlu Maksimdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Düşəndə narkotik vasitə olan heroin qəbul etmişdir. 01fevral 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Nizami prospekti ilə gedərkən siqaret qutusu görüb götürmüşdür. Qutunun içərisinə baxarkən içərisində bir bükümdə narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, narkotik vasitə qəbul etdiyinə görə həmin heroini özü qəbul etmək üçün cibinə qoymuşdur. Həmin gün saat 21 radələrində tanıdığı Maksim adlı şəxs onlara gəlmiş və ona yalvarmışdır ki, narkotik vasitəsi varsa onada versin. O, üstündə olan heroindən bir hissəsin Maksimə versə də, maksimə narkotik vasitəni pul ilə satmamışdır. 02 fevral 2021ci il tarixdə saat 16 radələrində Nizami prospekti ilə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı video çəkilişlə onun üstünə baxış keçirmişlər. Üstündən narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları ondan Maksimə narkotik vasitə satıb-satmadığını soruşmuşlar. O, Maksimə narkotik vasitə versədə pul ilə satmadığını və ona satdığı heroinin bir hissəsi yaşadığı evdə yataq otağında masanın üstündə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedərək evdə saxladığı iki bükümə böldüyü heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il fevralın 2-də saat 11 radələrində Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi 56 saylı evdə yaşayan Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, H.Aslanov küçəsi ilə getdiyini üstündə narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuş və həmin məlumat rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Yevlax şəhəri, H.Aslanov küçəsinə getmişlər. Maksimə yaxınlaşıb özlərini təqdim etmişlər və Maksim özünü şübhəli apardığına görə onu polis şöbəsinə getməyi təklif etmişlər. Maksim bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə Maksimin üstünə baxış keçirmişlər. Baxış zamanı Maksim bir ədəd büküm təqdim etmiş və həmin bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu bir gün qabaq həmin heroini tanıdığı Abil adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin kütləni elektron tərəzidə çəkmişlər, sonra kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Həmin gün saat 16 radələrində Yevlax şəhəri, Nizami prospektində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə satmışdır. Təqsirləndirilən şəxs2 şəxsiyyətin müəyyən edilərək yaşadığı prospektə saxlanılaraq polisə şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə Abilin üstünə baxış keçirmişlər. Baxış zamanı Abilin üstündən heç nə aşkar edilməmişdir. X4 istifadə etmək üçün 01 fevral 2021-ci il tarixdə narkotik vasitə olan heroin versə də, ona narkotik vasitə satmadığını, yaşadığı evin yataq otağında Maksimə verdiyi narkotik vasitənin bir hissəsini dəsmalın arasında saxladığını və həmin heroini evə gedib təqdim edə biləcəyini bildirmişdir. Ona görə Abilin özünün və müdafiəçisinin iştirakı ilə yaşadığı evə getmişlər. Abil yataq otağında saxladığı iki bükümdə heroini təqdim etmişdir. Həmin kütləni elektron tərəzidə çəkmişlər, sonra kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 şahis Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik maddə olan heroini əynində olan şalvarın sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 evində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik maddə olan heroini yaşadığı evin yataq otağındakı masanın üstündən özü götürüb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 03 fevral 2021-ci il tarixli 17/91 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş narkotik” sözləri yazılmış zərfin işərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 0,542 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,492 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 03 fevral 2021-ci il tarixli 17/92 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 yaşadığı evdən könüllü olaraq təqdim etdiyi narkotik” sözləri yazılmış 01 ədəd zərfi açdıqda içərisindəki 01 (bir) sellofan bükümdə təmiz çəkisi-0,466 qram, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,041 qram, ümumi təmiz çəkisi-0,507 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə olan heroinlər ilə digər 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd sellofan bükümdə olan herinlər tərkiblərinə görə eynidirlər. Heroinlərin ümumi təmiz çəkisi 0,507 qram, tədqiqata sərf edildi 0,070 qram, (1№-li ob-0,050 qram, 2№-li ob-0,020 qram), qalıq 0,437 qram. Heroinin təmiz çəkisi-0,492 qram, tədqiqata sərf edildi-0,020 qram, qalıq-0,472 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2021-ci il tarixli 9/101 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 130,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş: 1 ədəd samovarı -100,00 manat Nəzəri qaydada: 1 ədəd velosiped-markası, modeli, istehsal yeri, və s. aydın deyil 1 ədəd pultla idarə olunan oyuncaq maşın-markası, ölçüləri, istehsal yeri və s. aydın deyil 1ədəd “AQD” markalı su mühərriki (nasos)-30,00 manat. Eksperiza təyini haqqında qərarda göstərilən 1 ədəd velosiped və 1 ədəd pultla idarə olunan oyuncaq maşın tədqiqata təqdim edilmədən qiymətləndirmə aparmaq mümkün deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 31 mart 2021-ci il tarixli 317 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kobinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 30 mart 2021-ci il tarixli 311 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kobinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Yevlax rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 11 mart 2019-cu il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs2 07.03.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 dekabr 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 dekabr 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 234.1.ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 fevral 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(039)-73/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 4(039)-11/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 70 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 70 saylı Evlər Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2016-cı il təvəllüdlü Abdul adlı bir azyaşlı uşağı var. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaqla CM-nin 177.2.3-cü maddəsi və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, onların barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini səmimi etiraf edib peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını və Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını nəzərə alaraq onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 15 dekabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixə və 02 fevral 2021-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdr. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,492 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs1 121 (bir yüz iyirmi) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin ediməli və və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,437 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs2 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 dekabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixədək və 02 fevral 2021-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı dörd gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 20 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,492 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 121 (bir yüz iyirmi) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 02 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,437 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan 01 ədəd samovar hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 80 (səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar