Məhkəmə qərarları › İş №1(039)-73/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-73/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-73/2023 19.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E. Mehdiyev küçəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2022-ci ilin dekabr ayının 4-də saat 13 radələrində qəsdən yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə dayısı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətinə hasarın üzərindən aşmaqla qanunsuz daxil olaraq evin taxtadan olan giriş qapısının kilidini zor tətbiq etməklə qıraraq evə daxil olub, evin giriş qapısı ilə üzbəüz olan yataq otağındakı şüşəli trümonun siyirməsində saxlanılan şüşə balonun içərisindən Zərərçəkmiş şəxs məxsus olan bir ədəd 20 manatlıq əsginas olmaqla 20 (iyirmi) manat pulu, bundan sonra Zərərçəkmiş şəxs məxsus digər yataq otağının bağlı halda olan qapısının kilidini qıraraq həmin yataq otağına daxil olub orada yerləşən sandığın dəmir qıfılını evin həyətindən götürdüyü bağ qayçısı ilə zor tətbiq etməklə qıraraq sandığı açıb orada olan şüşə balonun içərisindəki Zərərçəkmiş şəxs məxsus olan 2 ədəd 200 manatlıq əsginası, 4 ədəd 100 manatlıq əsginası və 50 manat dəyərində 100 ədəd 50 qəpiklikləri, həmin sandıqda olan 1 ədəd qızıl-zinət saxlanılması üçün nəzərdə tutulmuş qabın içərisindən Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 1,2 qram çəkidə 96 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 3,5 qram çəkidə 262 manat 50 qəpik dəyərində ortasında xırda brilyant qaşı olan qızıl sırğanı, 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 5,3 qram çəkidə 424 manat dəyərində olan ortasında 4 ədəd xırda brilyant qaşlarla bəzədilmiş qızıl üzüyü, 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 11,7 qram çəkidə 936 manat dəyərində qızıl sırğa üzük dəstini, 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 2,5 qram çəkidə 200 manat dəyərində ortasında göy qaşlı, qıraqları xırda brilyant qaşlarla bəzədilmiş qızıl üzüyü və həmin yataq otağında tumbanın üzərində olan 100 (yüz) manat dəyərindəki “Charm” markalı “BQ-7000G” modelli planşeti götürərək qəsdən özgənin əmlakını gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2,888.50 manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, faktiki olaraq Bakı şəhərində qeydiyyatsız yaşayır. 03 dekabr 2022-ci il tarixdə xalası oğlunun toy mərasimində iştirak etmək məqsədi ilə Yevlax şəhərinə gəlmişdir. Həmin gün axşam saatlarında xalası Elnarənin evinə, yəni toy evinə gedərək “ciyər axşamı” məclisində iştirak etmişdir. Məclis artıq 04 dekabr 2022-ci il tarixdə, səhər saatlarında başa çatdıqdan sonra dayısı Elşadla birlikdə sonuncunun evinə getmiş və gecəni orada qonaq otağında yerləşən divanda yatmışdır. Səhər saatlarında yuxudan oyanarkən dayısı Elşadın arvadı Aidə ilə onun yatdığı otaqda söhbət etdiyini, Elşadın arvadından qızılların etibarlı yerdə olubolmadığını soruşduğunu eşitmişdir. Bu söhbətdən evdə qızıl olduğunu anlamış və həmin qızılları oğurlamaq qərarına gəlmişdir. Daha sonra yataqdan qalxmış və öz evlərinə getmişdir. Saat təxminən 12:45-də anası Pərvanəyə zəng edərək anasının və dayısı Elşadgilin yaşadıqları evdən gəlin gətirmə mərasiminə getdiklərini dəqiqləşdirmiş və oğurluq etmək məqsədi ilə dayısı Elşadın evi istiqamətində piyada getmişdir. Yolüstü aptekdən 1 cüt tibbi əlcək almışdır ki, dayısının evinə girdikdə barmaq izi evə düşməsin. Xalası İlahənin və onun ailə üzvlərinin də toyda olacağından əmin olduğundan onun yaşadığı evin həyətinə, orada isə hasardan aşaraq dayısı Elşadın evinin həyətinə keçmişdir. Ayaq izi düşməsin deyə həyətdə ayaqqabısını çıxartmış və evin pilləkənlərindən qalxaraq evin giriş qapısının qarşısına gəlmişdir. Giriş qapısının açarını axtarsa da tapa bilmədiyindən təpik zərbəsi ilə evin giriş qapısına vuraraq qapının qıfılını qırmışdır. Bundan sonra evin qonaq otağına daxil olmuş və oradan isə babası Cəlalın yataq otağına daxil olaraq otağı və otaqdakı siyirmələri axtarmağa başlamışdır. Babasının otağındakı trümonun siyirməsində olan 1 kq-lıq bankanın içindən 20 manat pulu götürmüşdür. Bundan sonra dayısının yataq otağının qapısının açarını axtarmaq üçün dayısı uşaqlarının otağına keçmiş, lakin həmin otağı axtarmağına baxmayaraq nə açar, nə də qiymətli əşya tapmamışdır. Geri dönərək dayısının yataq otağının qapısını təpik zərbəsi ilə vuraraq otağın qapısının kilidini qırmış və otağa daxil olmuşdur. Orada sandıqda qızıl-zinət əşyaları olduğunu bildiyindən sandığın qapağını açmaq istəmişdir. Həyətdən üzüm qayçısını götürərək sandığın bağlanan hissəsini qanıraraq açmışdır. Sandıqda olan 1 kiloqramlıq ağzı bağlı pul yığmaq üçün nəzərdə tutulan balonu və 1 ədəd üzük qabının içində olan qızıl-zinət əşyalarını götürmüşdür. Bundan sonra o, yataq otağındakı tunbanın üzərində olan 1 ədəd planşeti götürərək mətbəxə keçmiş və mətbəxdə balonun ağzını açaraq balonun içərisində olan pulları saymışdır. Balonun içində 2 ədəd 200 manatlıq əsginas, 4 ədəd 100 manatlıq əsginas və 50 manat dəyərində 50 qəpiklik olduğunu görərək həmin pulları və qızılı mətbəxdən götürdüyü sellofana qoyaraq həyətə çıxmışdır. Gəldiyi kimi həmin həyətdən çıxıb bibisi Mehribanın yaşadığı evə gedərək oğurladıqları əşyaları evin həyətində olan yardımçı tikilidəki dolabın içərisində paltarların arasında gizlətmişdir. Həmin gün xalası oğlunun toy mərasimində iştirak etdikdən sonra Bakı şəhərinə getmişdir. Sonradan etdiyi əməldən peşman olmuş və oğurluq etdiyini anası Pərvanəyə etiraf etmişdir. Bundan sonra bütün qohumları bundan xəbərdar olmuşdur. Oğurladığı pulları, qızıl zinət əşyalarını və planşeti dayısı Elşada qaytarmışdır. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyi qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 04 dekabr 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 87 nömrəli evdən ailə üzvləri ilə birlikdə çıxaraq bacısı oğlunun toy mərasiminə getmişdir. Toy mərasimi bitdikdən sonra, təxminən saat 18:00-da X1 ailə üzvlərini də götürərək yaşadığı evə getmişdir. O isə, qohumlarına kömək etmək məqsədi ilə şadlıq evində qalmışdır. X1 şadlıq evindən getdikdən təxminən 20-25 dəqiqə sonra ona zəng edərək yaşadıqları evdən oğurluq olduğunu bildirmişdir. Dərhal yaşadığı evə getmiş və evin həyətinə daxil olduqda evin giriş qapısının qırıldığını aşkar etmişdir. Evə daxil olduqda isə yataq otağının qapısının və otaqda olan sandığın kilidinin qırıldığını və sandığın içindəki 1 ədəd brilyant qaşlı qızıl sırğa-üzük dəsti, 2 ədəd brilyant qaşlı qızıl qadın üzüyünün, 1 ədəd uşaq üçün nəzərdə tutulmuş kiçik ölçülü qızıl üzüyün və 1 cüt uşaq üçün nəzərdə tutulmuş kiçik ölçülü qızıl sırğanın oğurlandığını aşkar etmişdir. Həmçinin həmin sandığın içində olan 1 kiloqramlıq balonun içində olan 2 ədəd 200 manatlıq əsginasdan, 4 ədəd 100 manatlıq əsginasdan və 100 ədəd 50 qəpiklikdən ibarət ümumilikdə 850 manat pulunun oğurlandığını aşkar etmişdir. Bundan başqa həmin yataq otağında Çin istehsalı olan “Charm” markalı “BQ- 7000G” modelli planşetin oğurlandığını, atasının yatdığı otaqdan isə 20 manat pulun oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Oğurluğu bacısı oğlu Təqsirləndirilən şəxs törədə biləcəyindən şübhələndiyi üçün 06 dekabr 2022-ci il tarixdə bacısı Pərvanə Kazımovaya zəng edərək Sənanın oğurluq etməsindən şübhələndiyini bildirmişdir. Bu danışıqdan təxminən 20 dəqiqə sonra Pərvanə ona zəng edərək Sənanla danışdığını, Sənanın oğurluq hadisəsini törətməsini etiraf etdiyini bildirmişdir. Bundan sonra Sənan ümumi qohumlar vasitəsi oğurladığı bütün əşyaları və pulları onlara qaytarmışdır. Sənandan hər hansı tələbi və şikayəti yoxdur, cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Şahid5 bildirmişdi ki, Zərərçəkmiş şəxs onun əridir. 03 dekabr 2022-ci il tarixdə ərinin bacısı oğlu Təqsirləndirilən şəxs xalası oğlunun toyunda iştirak etmək üçün Yevlax şəhərinə gəlmiş və gecəni onlarda qalmışdır. 04 dekabr 2022-ci il tarixdə ailə üzvləri ilə bilrlikdə yaşadıqları Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 87 nömrəli evdən çıxaraq Elşadın digər bacısının oğlunun toya mərasiminə getmişlər. Axşam saatlarında toy bitdikdən sonra qayınatası ilə evə qayıtdıqda evin giriş qapısının qırıldığını aşkar etmişlər. Evə daxil olduqda isə yataq otağının qapısının və otaqda olan sandığın kilidinin qırıldığını, sandığın içindəki 1 ədəd brilyant qaşlı qızıl sırğa-üzük dəsti, 2 ədəd brilyant qaşlı qızıl qadın üzüyünün, 1 ədəd uşaq üçün nəzərdə tutulmuş kiçik ölçülü qızıl üzüyün və 1 cüt uşaq üçün nəzərdə tutulmuş kiçik ölçülü qızıl sırğanın, 1 kiloqramlıq balonun içində olan 2 ədəd 200 manatlıq əsginasdan, 4 ədəd 100 manatlıq əsginasdan və 100 ədəd 50 qəpiklikdən ibarət ümumilikdə 850 manat pulunun, Çin istehsalı olan “Charm” markalı “BQ-7000G” modelli planşetin, qayınatasının yatdığı otaqdan isə 20 manat pulun oğurlandığını aşkar etmişlər. Dərhal Elşada zəng edərək oğurluq barədə məlumat vermişlər. Şahid7 bildirmişdi ki, ünvan 4 ünvanında yaşayır, həmin evi qardaşı Elşadın yaşadığı evlə bir hasar ayırır. 04 dekabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə bacısı oğlunun toy mərasiminə getmişlər. Axşam saatlarında toy mərasimindən qayıtdıqdan sonra ona bildirmişlər ki, qardaşı Elşadın evində oğurluq olunmuşdur. Ancaq oğurluq hadisəsinin kim tərəfindən törədilməsini bilməmişdir. Sonradan digər qohumlar kimi ona da məlum olmuşdur ki, oğurluğu bacısı Pərvanin oğlu Təqsirləndirilən şəxs etmişdir. Şahid4 bildirmişdi ki, Təqsirləndirilən şəxs onun əri Seymurun bacısı oğludur. 04 dekabr 2022-ci il tarixdə günorta saatlarında baldızı Elnarənin evinə gəldikdə Təqsirləndirilən şəxs onunla rastlaşmış və qohumlarının harada olduğunu soruşmuşdur. Buna cavab olaraq Sənana hər kəsin gəlin gətirməyə getdiyini, oradan birbaşa şadlıq evinə gedəcəklərini bildirmişdir. Sənan təxminən 5 dəqiqə onunla söhbət etdikdən sonra evin həyətindən çıxaraq getmişdir. Sonradan ona məlum olmuşdur ki, Sənan öz dayısı Elşadın evindən oğurluq etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli ƏQ-240/2022 saylı mütəxəssis rəyində qeyd olunur ki, 2022-ci ilin dekabr ayının 4-nə 1 ədəd sadə qızıl üzüyün qiyməti 96 (doxsan altı) manat, 1 ədəd uşaq üçün, ortasında xırda brilyant qaş olan qızıl sırğanın qiyməti 262.50 (iki yüz altmış iki manat əlli qəpik) manat, 1 ədəd ortasında 4 ədəd xırda brilyant qaşlarla bəzədilmiş qızıl üzüyün qiyməti 424 (dörd yüz iyirmi dörd) manat, 1 ədəd qızıl sırğa-üzük dəstinin qiyməti 936 (doqquz yüz otuz altı) manat, 1 ədəd ortasında iri göy qaşlı, qıraqları xırda brilyant qaşlarla bəzədilmiş qızıl üzüyün qiyməti 200 (iki yüz) manat, 1 ədəd “Charm” markalı “BQ-7000G” modelli planşetin qiyməti 100 (yüz) manat olmaqla, ümumilikdə əmlakların qiyməti 2,018.50 (iki min on səkkiz manat əlli qəpik) manat təşkil edir. (səh.115-126) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi, mütəxəssis rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, bu cinayət işi üzrə müəyyən edilmiş zərəri tam ödəməsini, zərər çəkmiş şəxslə razılıq əldə etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Onun 08 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmalıdır. Maddi sübut kimi tanınmış 1 ədəd brilyant qaşlı sırğa-üzük dəsti, 2 ədəd brilyant qaşlı qızıl qadın üzüyü, 1 ədəd kiçik ölçülü qızıl üzük, 1 cüt kiçik ölçülü qızıl sırğa və 1 ədəd “Charm” markalı “BQ-7000G” modelli planşetin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 24 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar