Məhkəmə qərarları › İş №1(039)-78/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-78/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-78/2022 01.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1965-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,344 qram narkotik vasitə olan heroini əldə etməklə əynindəki qara rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə saat 21:00 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri, Nizami prospektində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilərək üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən ondan həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, əvvəllər narkotika vasitədən istifadə etsə də, artıq yaşa dolmuş və narkotik vasitələrdən artıq istifadə etmir. 12 yanvar 2022-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri, Nizami prospektində yolda gedərkən yolun kənarında 1 ədəd sellofan bükülü görmüş və götürmüşdür. Bükülünü açan zaman içində narkotik vasitə heroinə bənzər kütlə olduğunu görmüşdür. Bükülünü cibinə qoyub saxlamışdır ki, gələcəkdə istifadə etsin. Bundan təxminən 2 saat sonra Yevlax şəhəri, Nizami prospekti istiqamətində piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Şöbənin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Bu zaman yerdən tapdığı bükülünü təqdim edərək etiraf etmişdir ki, bükülünün içində olan heroindir, özü istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, 2-ci qrup əlil olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsi CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2022-ci il tarixdə həmin bölmənin əməliyyat müvəkkili Şahid1 Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və bunun əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri nəticəsində onun özünün də daxil olduğu əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və sonuncu, təxminən saat 21:00-da Yevlax şəhəri, Nizami prospektində tərəflərindən saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rənglı şalvarın sağ yan cibindən bükülü, bükülünün içində isə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə olan heroini 12 yanvar 2022-ci il tarixdə küçədə yerdən tapmış və öz istifadəsi üçün saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülü aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 13 yanvar 2022-ci il tarixli 17/46 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0.344 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (səh 42) Məhkəmə-narkoloji ekspertizasının 31 mart 2022-ci il tarixli 398 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicəyə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (səh.84) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə 2-ci qrup əlil olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Şübhəli şəxs kimi saxlanıldığı müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğundan ona məcburi müəlicə tyin edilə bilməz, lakin o, cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan, qalıq 0.294 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 30 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlu yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan 0.294 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar