Məhkəmə qərarları › İş №1(039)-79/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-79/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-79/2025 03.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Samux rayonu Burunqovaq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu, Burunqovaq kəndində qeydiyyatda olan və hazırda Yevlax rayonu Hürüuşağı kəndində yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 07 radələrində yaşadığı Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində münaqişə baş vermiş, münaqişə zamanı Təqsirləndirilən şəxs yumruqla arvadı Zərərçəkmiş şəxs sağ göz nahiyyəsindən zərbələr vuraraq ona “sağ gözətrafı nahiyyənin qançırı, dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma” xəsarətlərini yetirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sağ gözətrafı” nahiyyəsinə yetirdiyi xəsarətlər ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməldə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, beş ildir ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından bir övladları vardır. Leyla ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saat 07 radələrinə o və yoldaşı işə getmək üçün hazırlamışlar. İşə hazırlaşan zaman yoldaşının evdə olan bir ədəd çörəyin yarısını ona, yarısını isə qayınanasına saxladığını görmüşdür. O, bunu bildikdən sonra arvadına öz iradını bildirməyə başlamışdır. Bu zaman Leylada ona cavab qaytarmışdır. O da buna dözməyərək arvadı Zərərçəkmiş şəxs sağ göz nahiyyəsindən 1 dəfə yumruqla zərbə vurmuşdur. Mübahisə zamanı qayınanası Abdullayeva Edilya onları aralaşdırmaq üçün araya girmişdir. Bundan sonra Leyla “102” Xidmətinə əsəbiləşərək zəng edib bu barədə məlumat vermişdir. Hazırda etdiyi əmələ görə səmimi olaraq peşimandır və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmədən törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu ziyanın tam şəkildə ödənildiyini və ondan üzr istədiyini nəzərə alaraq, işin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törtəmiş şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, beş ildir ki, Sərdarla ailə həyatı qurmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saat 07 radələrində işə getməyə hazırlaşmışdır. İşə hazırlaşan zaman evdə olan 1 ədəd çörəyin yarısını yoldaşı üçün sumkasına qoymuş, yarısını isə anası üçün saxlamışdır. Sərdar bunu biləndən sonra onunla münaqişə etməyə başlamış və onun rəhmətə getmiş ailə üzvlərinə yəni atasının barəsində nalayiq ifadə işlətməyə başlamışdır. O da, buna dözməyərək Sərdara cavab qaytarmışdır. Buna görə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı Sərdar onun sağ göz nahiyyəsindən 2 dəfə yumruqla vurub xəsarət yetirmişdir. Bundan sonra həmin vaxt anası Edilya Abdullayeva münaqişənin böyüməməsi üçün onları aralaşdırmış və sonra o, dərhal “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda əməli törətmiş şəxs Təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, səhhətinə vurulmuş xəsarətlə bağlı ona dəymiş ziyanın tam ödənildiyini və hazırda əməli törtəmiş şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə məhkəmə iclasında tədqiq edilən Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 210 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ gözətrafı nahiyyənin qançırı, dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma küt alət təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Yevlax rayon İHB-nın Tarıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törtəmiş şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Hazırkı iş üzrə müəyyən edilir ki, əməli törətmiş şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, səhhətinə vurulmuş xəsarətlə bağlı zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, bununla əlaqədar zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur, əməli törətmiş şəxs və zərərçəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törtəmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə işin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 4 (dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 4 (dörd) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 44 (qırx dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs qızının zərəçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 4 (dörd) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 44 (qırx dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlasx rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar