Məhkəmə qərarları › İş №1(039)-8/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-8/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-8/2021 18.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1971-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Yevlax şəhəri C.Kərimov küçəsində polis əməkdaşları tərəfindən ictimai qaydanı pozduğuna və polisin qanuni tələbinə tabe olmadığına görə xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Kia Cerato” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə polis şöbəsinə gətirilib avtomobilə həmin gün saat 21:00-dan 21:14-dək olan müddətdə baxış keçirilərkən, avtomobilin ön sol oturacağının altından Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib gəzdirdiyi 01 ədəd gümüşü dəstəkli, bir tərəfli kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı ov bıçağı olan soyuq silah aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, onun özünə məxsus 1 ədəd tutacaq yeri gümüşü rəngli olan bıçağı vardır. Həmin bıçaqdan həyətində olan ağacları budamaq üçün istifadə edirdi. O, bıçağının soyuq silah sayılması barədə məlumatsız olmuş və buna görə də bıçağı avtomobilində saxlamaqdan çəkinməmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində evdən idarə etdiyi özünə məxsus “Kia Cerato" markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə çıxan zaman həmin bıçaq avtomobilin qabaq sol oturacağının alt hissəsində olmuş, həmin tarixdə təxminən saat 20:00 radələrində Yevlax şəhəri C.Kərimov küçəsində əsəbi olduğu üçün səs-küy salmış, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu nizam-intizama dəvət edərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində təhqiqatçı tərəfindən ona məxsus olan avtomobilə baxış keçiriləcəyi barədə məlumat verilmiş, daha sonra onun və polis əməkdaşlarının iştirakı ilə ona məxsus “Kia Cerato” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sol oturacağının alt hissəsindən ona məxsus bıçaq aşkar olunaraq götürülmüş, o da həmin bıçaqdan məişət işlərində istifadə etdiyini və bıçağın ona məxsus olduğunu bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidməti ərazisi olan Yevlax şəhəri C.Kərimov küçəsində xidmətdə olduğu zaman bir nəfər şəxsin ictimai yerdəküçədə ictimai qaydanı pozaraq ucadan səs-küy salıb nalayiq söyüşlər söyməsini görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu nizam intizama dəvət etmiş, lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, bu səbəbdən onu yanında olan özünə məxsus olduğunu bildirdiyi “Kia” markalı avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin şəxsin Yevlax şəhər sakini Təqsirləndirilən şəxs olması məlum olmuş, polis şöbəsində aidiyyəti üzrə raport yazdıqdan sonra saat 21 radələrində Təqsirləndirilən şəxs məxsus avtomobilə onun özünün və onların iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sürücü əyləşən oturacağının altından bir ədəd tiyəsi gümüş rəngli bıçaq aşkar olunmuş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs bıçağın ona məxsus olmasını və həmin bıçağı məişət işlərində istifadə etdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş bıçaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “baxış və götürmə barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Kia Cerato” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, sürücü əyləşən oturacağının altından 1 ədəd- tiyəsi gümüş rəngli, xəncərə bənzər bıçaq aşkar edilərək götürülmüşdür. Bıçağın tiyəsinin uzunluğunun 23 sm, tutacağının uzunluğunun isə 15 sm olması müəyyən edilmişdir. (iş vər.7-9); məhkəmə ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 17/490 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir, üzərində əlavə və dəyişikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,60 manatdır. (iş vər.17-19); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 45); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Kia Cerato” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış bir tərəfli kəsici, ucu deşici xasəyə malik olan ümumi təyinatlı ov bıçağı və iş üzrə “baxış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, bıçaq saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir; (iş vər. 51-52); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər. 61-62); Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 59). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd ov bıçağı olan soyuq silah məhv edilməli, “baxış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Baxış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda göstərdiyi 36 (otuz altı) saat, məhkəmədə göstərdiyi 31 (otuz bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 402 (dörd yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar