Məhkəmə qərarları › İş №1(039)-87/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-87/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-87/2021 15.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri Nizami prospektində 02 mart 2021-ci il tarixdə saxlanılıb, üzərində həmin gün saat 23:25-dən 23:45-dək müddətdə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, bir ədəd kibrit qutusunda ağ rəngli sellofan bükümdə əynindəki cins şalvarın sağ yan cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-1,341 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 01 mart 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Gəncə şəhəri Nizami rayonu Təbriz küçəsində yerdən bir ədəd kibrit qutusu tapmış, kibrit qutusunu açıb içərisinə baxdıqda qutunun içərisində ağ sellofan bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu görmüş, istifadə etmək üçün cibinə qoyub saxlamış, 02 mart 2021-ci il tarixdə dostları ilə görüşmək üçün Gəncə şəhərindən Yevlax şəhərinə gəlmiş, həmin tarixdə saat 22:00 radələrində Yevlax şəhəri Nizami prospektinin çıxışı istiqamətində hərəkətdə olan zaman polis işçiləri ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getmələrini təklif etmiş, o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və video çəkilişlə onun razılığı ilə üstünə baxış keçirilmiş, baxış zamanı onun əynindəki cins şalvarının sağ yan cibindən özü qəbul etmək üçün kibrit qutusunda saxladığı metamfetamin psixotrop maddəsi aşkar edilib götürülmüşdür. Məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid, Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 02 mart 2021-ci il tarixdə ona ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olması barədə məlumat daxil olmuş, o bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə 02 mart 2021-ci il tarixdə təxminən saat 22:30 radələrində Yevlax şəhər Nizami prospektinə getmişlər, Elvini Yevlax şəhəri Nizami prospektində gördükdən sonra Elvinə yaxınlaşıb özlərini təqdim etmiş, Elvinə polis şöbəsinə getməyi təklif etmiş, Elvin də etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçi tərəfindən vəkili dəvət edilib, ona hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə Elvinin üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Elvinin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən kibrit qutusundakı bir ədəd ağ rəngli sellofana bükülmüş bükülü aşkar etmişlər. Sorğu zamanı Elvin özü həmin bir ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini 01 mart 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu Təbriz küçəsindən yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 20-21); şəxsi axtarış və götürmə haqqında 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(iş vər. 28-34); məhkəmə kimyəvi ekspertizasının 03.03.2021-ci il tarixli, 17/167 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə.....” sözləri yazılmış zərfin içərisində, kibrit qutusundakı 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi- 1,341 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi-0,050 qram, qalıq- 1,291 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 43-44); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 mart 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 67); maddi sübut kimi tanınma haqqında 05.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 1,291 qram olan metamfetamin və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 1,291 qram metafetaminin saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər. 69-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12.03.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( iş vər. 73); AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12.03.2016-cı il təvəllüdlü və 08.09.2019-cu il təvəllüdlü uşaqları vardır. (iş vər. 83-84); məhkəmə narkoloji ekspertizasının 25.05.2021-ci il tarixli, 579 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. ( iş vər.92); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1.158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınan metamfetamin qalığı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2(iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 1,291 qram miqdarında psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 11 (on bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar