Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-89/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Yevlax şəhər Mənzil Kommunal Təssərrüfatı X1 Müəssisəsində “X5” sosial işçisi, əvvəllər məhkum olunmuş, barəsində xx xxxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 28, mənzil 10-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə saat 14:00 radələrində, Yevlax şəhəri Nizami prospektində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, saat 14:35 radələrində üzərində müdafiəçinin iştirakı və videoçəkiliş tətbiqi ilə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə 0,377 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2017-ci il tarixdə narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. O, ilk əvvəl heroini maraq üçün istifadə etmişdir. Bir müddət sonra narkotik vasitə aludəçisi olmuşdur. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Nizami prospektində asfalt yolun kənarında olmuşdur. Həmin yolun kənarı ilə gəzərkən yerdə qızılı-ağ rəngli siqaret kağızından ibarət bükülünün olduğunu görmüşdür. Həmin bükülü onun diqqətini cəlb etdiyi üçün yerdən götürmüş və baxmışdır. O, bükülünün içərisində təxminən 0,3 qram miqdarında heroinin olduğunu görmüşdür. Heroini istifadə etmək üçün bükümlə birlikdə götürmüş və əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. Həmin gün o, heroin istifadə etməmiş, səhəri gün isə istifadə etmək qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq Yevlx şəhəri, Nizami prospektinə gəlmişdir. Həmin prospektdə olan zaman Yevlax rayon polis şöbəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və üzərinə baxış keçirəcəklərini demişlər. O, buna heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Yevlax şəhər vəkillərinini siyahısı ilə tanış olub Müdafiəçi özünə vəkil seçmişdir. Təhqiqatçı vəkil Müdafiəçi təyin etmiş və ona təqdim etmişdir. Yevlax rayon polis şöbəsinin inzibati binasında otaqların birində təhqiqatçı onun üzərində axtarış aparmışdır. Bir nəfər polis əməkdaşı isə kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Axtarış zamanı o, əynində olmuş gödəkçənin sol yan cibindən bir büküm heroini çıxarıb təqdim etmişdir. O, bir ədəd bükümdə olmuş maddənin heroin olduğunu, bir gün əvvəl yolun kənarından tapdığını, özü istifadə etmək üçün saxladığını demişdir. Polis əməkdaşı bükümdəki kütlənin narkotik vasitə olan heroinə bənzədiyini demişdir. Təhqiqatçı bir ədəd bükümdəki heroini zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış və möhürləmişdir. Təhqiqatçı zərfin üzərində qeydiyyat aparmış, o və iştirakçılar zərfin üzərini imzalamışlar. Polis əməkdaşı bükümdə olmuş kütlənin heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və işüzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ona Yevlax şəhəri, Nizami prospekti ev 28 mənzil 10-da yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdiyini, rəhbərlik tərəfindən Rəfailin barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildiyini demişdir. Şahid1 Rəfailin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli əmri ilə onun, Şahid1 və təhqiqatçı Səddam Əsgərovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 13:50 radələrində o, polis əməkdaşı Şahid1lə birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri, Nizami prospektinə getmişlər. Saat 14:00 radələrində onlar Rəfailin Nizami prospektində, yaşadığı binanın yaxınlığında olduğunu görmüşlər və sonuncuya yaxınlaşmışlar. Şahid1 Rəfailə üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, üzərinə baxış keçirilməsi üçün qərar qəbul etdiyini demişdir. Bundan sonra onlar Rəfaili Yevlax rayon polis şöbəsinə gətirib təhqiqatçı Səddam Əsgərova təhvil vermişlər. X3 şübhəli şəxs qismində tutmuş və vəkil Müdafiəçi təyin etmişdir. Xidməti iş otağında Səddam Əsgərov onun, Şahid1 və Müdafiəçi iştirakı ilə Rəfailin üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru işləmiş Şahid3 kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Rəfail əynindəki gödəkçənin sol yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Rəfail bir ədəd bükümün içərisində narkotik vasitə-heroin olduğunu, narkotik vasitə istifadəçisi olduğu üçün heroini istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Rəfail bükümü açmış, o, bükümün içərisində heroinə bənzər maddənin olduğunu görmüşdür. Səddam Əsgərov heroinə bənzər maddəni bir ədəd zərfdə qablaşdırmış və möhürləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Səddam Əsgərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 ifadəsində göstərdi ki, Yevlax şəhəri, Nizami prospekti, ev 28 mənzil 10-da yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə xx xxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün saat 14:00 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Rəfaili Yevlax şəhəri, Nizami prospektində saxlayıb Yevlax rayon polis şöbəsinə gətirmiş və təhqiqatçı Səddam Əsgərova təhvil vermişlər. Səddam Əsgərov ona Rəfailin üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmağını demişdir. O, istifadəsində olmuş “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışda sonuncunun vəkili Müdafiəçi, polis əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı Rəfail əynindəki gödəkçənin sol yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Rəfail bir ədəd bükümün içərisində heroin olduğunu, heroini istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Rəfail bükümü açmış, bükümün içərisində açıq-qəhvəyi rəngli heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Səddam Əsgərov heroinə bənzər maddəni kağız bükümlə birlikdə bir ədəd zərfdə qablaşdırmış və möhürləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Səddam Əsgərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, “Panasonic” markalı kamera vasitəsi ilə çəkdiyi 16 dəqiqə 02 saniyə müddətində olmuş videoçəkilişi bir ədəd diskə köçürüb Səddam Əsgərova təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılan zaman narkotik vasitə-heroini əynindəki gödəkçənin sol yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/185 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi–0,377 qram olan maddə kustar üsulla hazırlanmış narktotik vasitə-heroindir. Tədqiqata sərf edildi– 0,05 qram, qalıq – 0,327 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 417 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 534/2 saylı məktubundan görünür ki, Yevlax rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını xx xxxxxx 2020-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı Mənzil-Təmir İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surtəindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Yusif və 2015-ci il təvəllüdlü Aişə adlı iki azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 14:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən xx xxxx 2020-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadəsi, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görədə o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. AzərbaycanRespublikasınınCinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0,327 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0,327 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi ümumilikdə 55 (əlli beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-89/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-89/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver