Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-89/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Yevlax rayonu Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə, saat təxminən 22 radələrində yaşadığı Yevlax rayonunun Malbinəsi kəndinin ərazisində olan ictimai yer hesab edilən “Kəndimiz” adlanan kafedə yemək yeyərkən uca səslə danışaraq ətrafdakı şəxslərin rahatlığını pozduğu üçün həmin kafenin sahibi Zərərçəkmiş şəxs ona yaxınlaşıb sakitliyə riayət etməsini ondan tələb etməsini bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan kafenin içərisində Zərərçəkmiş şəxslə uca səslə mübahisə etmiş, daha sonra otaqda olan stulu vurub yerə aşıraraq otaqdan çölə çıxıb kafenin qarşısında hüquqazidd hərəkətlərini davam etdirərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söyüb silah qismində istifadə etdiyi üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bir dəfə qəsdən vuraraq ona sol bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, yaşadıqları kəndin girişində “Kəndimiz” adlı kafesi var və oranı işlədir. 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində Raminin işlətdiyi kafeyə getmiş, Raminlə görüşüb bir ədəd çörəyin arasında kotlet istəmiş və sonra zalda olan otaqda oturub yeməyin gəlməsini gözləmişdir. Həmin vaxt otaqda həmkəndlisi Əli adlı şəxs də çörək yeyirmiş, digər otaqlarda çörək yeyənlərin səsi gəlsə də, onları görmədiyinə görə onların kimlər olduğunu bilməmişdir. Az sonra Ramin onun yeməyini gətirmiş, o, yeməyini yeməyə başlamışdır. Həmin vaxt o, tanışı Nicata zəng edərək gəlib onu aparmasını xahiş etmişdir. O, yeməyi yedikdən sonra yeməyin pulun ödəyib kafenin qarşısına çıxmış və Nicatın kəndin girişinə tərəf avtomobilini saxlayıb onu gözlədiyini görmüşdür. Bu vaxt Ramin onun arxasınca kafenin qarşısına çıxmış və ona “bu nə hörmətsizlikdi, sən mənə qarşı edirsən” demişdir. O, Ramindən nə olduğunu soruşmuş, Ramin ona “kafenin içərisində stulu yerə vurmusan” demişdir. O, kafedə stulu yerə vurmadığını desə də, aralarında mübahisə yaranmış və bir-birilərinə qarşı kobud ifadələr işlətmişlər. Ramin ona “ağıllı ol, get burdan, səhər gələrsən söhbət edərik” demişdir. Raminin bu sözü onun xoşuna gəlmədiyi üçün əynində olan şalvarın sağ yan cibindəki bıçağı çıxarıb bir dəfə onun kürək nahiyyəsinin sol tərəfinə vurmuş və ondan aralanmışdır. O, Nicatın avtomobilinə tərəf gedərək avtomobilə əyləşmiş və Yevlax şəhərində kirayə yaşadığı evə getmişdir. Həmin vaxt polis əməkdaşlarını onu axtardıqlarını eşitmiş və ona görə polis şöbəsinə gedib hadisənin necə baş verdiyini izah etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı hər ay hissə-hissə ödəyəcəyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində bildirmişdir ki, 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində kafedə olmuş, həmin vaxt həmkəndliləri Rövşən və Əli kafeyə gəlmiş, onlar ikisi də çörəklə kotlet istəmişdir. Həmin vaxt o, onların sifarişini hazırlayıb vermiş, onlar kafedə oturub yeməklərin yeməyə başlamışlar. Bu vaxt Rövşən yüksək səslə danışaraq gülməyə başlamışdır. O, Rövşənə yaxınlaşaraq yavaş danışmasını, “kimin xoşu gəlir otursun, kimin xoşu gəlmir getsin” deyərək kafenin mətbəxinə getmişdir. Bir müddət sonra səs eşidərək yenidən Rövşən oturduğu yerə getmiş, stulun birinin aşmış vəziyyətdə olduğunu və stulu Rövşənin aşıraraq kafedən çıxdığını güman etmişdir. O, Rövşənin arxası ilə kafenin giriş qapısından çölə çıxmış və ona “ayıb deyil niyə belə hörmətsizlik edirsən” demişdir. Rövşən ona “yaxşı edirəm, üzünə ”şram” ataram, hamı bilir kim kimdir” demişdir. O, Rövşənə “ağıllı ol, get səhər gələrsən danışarıq” demiş və kafeyə qayıdarkən Rövşənin arxadan onun sol böyrünə vurduğunu bilsə də, Rövşənə məhəl verməyərək kafeyə daxil olmuşdur. Həmin vaxt kafenin qarşısında ondan və Rövşəndən başqa heç kim olmamışdır. Kafenin mətbəxində olarkən xadimə işləyən Şahnaz ona köynəyinin qan olduğunu bildirdikdən sonra Rövşənin onu bıçaqla vurduğunu başa düşmüşdür. Həmin vaxt kafedə çay içən həmkəndlisi Ərşad onu avtomobilinə mindirərək Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Orada onu müayinə etmişlər və təcili yardımla Mingəçevir şəhər mərkəzi xəstəxanasına yola salmışlar. Orada uzun müddət müalicə olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun qanunauyğun şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Malbinəsi kəndində Zərərçəkmiş şəxs məxsus “Kəndimiz” adlı kafedə xadimə işləyir. 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində kafedə olmuş, həmin vaxt kafeyə bir neçə nəfər müştəri gəlmiş və o, mətbəxdə gələn müştərilərin sifarişini hazırlamış, Ramin isə həmin sifarişləri aparmışdır. Onun işlədiyi mətbəxlə kafenin müştərilər əyləşən hissəsi arasında qapı və arakəsmə divarları olduğu üçün o, kafedə olanları eşitmir. Həmin gün də o, kafedə və kafenin qarşısında nə baş verdiyini eşitməmiş və görməmişdir, yalnız Ramin mətbəxə gələndən sonra onun yaralandığını bilmişdir. Raminin kimin harda vurmasını görməmiş, baş verənləri Raminin dediklərindən eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, “Mercedez Benz” markalı avtomobili var. 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs onun telefonuna zəng edərək Yevlax rayonu Malbinəsi kəndində olduğunu və gəlib onu aparmasını xahiş etmişdir. O, Rövşəni gətirmək üçün Malbinəsi kəndinə gedərək Yuxarı Qarabağ kanalını keçib avtomobilini saxlamış və Rövşənə zəng edərək onu gözlədiyini demişdir. Az sonra Rövşən onun yanına gəlmiş, o, Rövşəni Yevlax şəhərində kirayədə yaşadığı evə düşürüb evlərinə getmişdir. Səhəri gün eşitmişdir ki, Rövşən kənddə dava edib və kafe sahibi Ramini bıçaqlayıb. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, 21 fevral 2021-ci il tarixdə “Kəndimiz” kafesinə gedib otaqların birində əyləşib çay içməyə başlayıb. Bir müddət sonra səs eşidərək otaqdan çölə çıxıb və Raminin böyrünü tutduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda Ramin ona, Rövşənin bıçaqla onu vurduğunu bildirmişdir. Bundan sonra o, Ramini avtomobili ilə Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirildiyi hadisə yeri Yevlax rayonu Malbinəsi kəndinin girişində yerləşən “Kəndimiz” adlı kafedir. Kafeyə küçədən 2 tağlı metaldan olan qapıdan keçilir. Qapının aşağı hissəsi metaldan, yuxarı hissəsi şüşədən ibarətdir. Kafenin içərisinə daxil olduqda sol tərəfdən yanaşı 3 ədəd fanerkadan arakəsmələr olan otaqlar, otaqların qapısında pərdələr vardır. Qapı ilə üzbəüz soba vardır. Sağ tərəfdə iki ədəd stol, yanlarında stul vardır. Otaqdan sonra mətbəx yerləşir, mətbəxlə otağı metaldan qapı ayırır. (iş vər.17-23); məhkəmə-tibbi ekspertizasının 16 mart 2021-ci il tarixli, 97 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol tərəf bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 21.02.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər. 52-53); təqdimetmə və götürmə haqqında protokol və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində yerləşən “Kəndimiz” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs Məhəmməd oğluna xəsarət yetirdiyi bıçağı təqdim etmişdir. (iş vər.12-14); məhkəmə-ballistik ekspertizasının 20 may 2021-ci il tarixli, 3/786;3/787 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manatdır. (iş vər. 85-86); maddi sübut kimi tanınma haqqında 25 may 2021-ci il tarixli qərardan görünür ki, Ağayev Rövşən Famil oğlundan götürülmüş bıçaq və zərər çəkmiş şəxsə məxsus 1 ədəd köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.87); qətimkan tədbirinin seçilməsi haqqında 27 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər.113-114); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər.55). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxslərin və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində, Yevlax şəhəri Malbinəsi kəndində yerləşən “Kəndimiz” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vuraraq, ona sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Belə ki, 21.02.2021-ci il tarixdə saat 22 radələrində baş vermiş hadisənin iştirakçısı olmuş- Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhkəmə iclasında verdikləri ifadələrində hadisə yerində onlardan başqa heç kimin olmadığını bildirmişlər. Eyni zamanda ibtidai istintaqda və məhkəmə istintaqında dindirilən şahidlər baş vermiş hadisənin bilavasitə görmədiklərini və sonradan başqa şəxslərdən eşitdiklərini bildirmişlər. Hadisənin heç kimin olmadığı bir yerdə və təqsirləndirilən şəxsin səhv hərəkətləri nəticəsində baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanı kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı qeyd olunan iki əlamətin olması da zəruridir. Təqsirləndirilən şəxsin hərəkətində ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda əvvəllər də bir-birini tanımış şəxslər arasında mövcud olan münasibətlərin pozulması nəticəsində baş verməsi hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etməsə də, bilavasitə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisənin yaranmasına səbəb hadisə baş verən gün Zərərçəkmiş şəxs kafedən çıxandan sonra Təqsirləndirilən şəxs irad bildirməsi olmuşdur. İttiham aktında Təqsirləndirilən şəxs kafenin içərisində Zərərçəkmiş şəxslə uca səslə mübahisə etdiyi, daha sonra otaqda olan stulu vurub yerə aşıraraq otaqdan çölə çıxıb kafenin qarşısında hüquqazidd hərəkətlərini davam etdirərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söydüyü qeyd olunsa da, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda Rövşən Ağeyevə istinad edilən cinayəti yaradan hallar kimi müstəsna olaraq zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 fevral 2006-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxanda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər- təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər- təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs hərəkəti, hətta onun gedişində sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərəçəkmiş şəxsə istiqamətlənən və onun sağlamlığına zərər vuran hərəkətlər kimi təzahür etmişdir. Məhkəmə xüsusi ilə vurğulayır ki, 21 fevral 2021-ci il tarixdə, saat 22 radələrində, Yevlax rayonunun Malbinəsi kəndində yerləşən və hadisənin baş verdiyi “Kəndimiz” adlanan kafenin qarşısına kimlərinsə toplaşmasının müşahidə olunmaması da öz növbəsində qeyd olunan hərəkətlərin cəmiyyətə açıqca hörmətsizliyin ifadə edən hərəkətlər kimi qiymətləndirilməsini istisna edir. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən, zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində bıçaqdan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxlə barışmağa cəhd etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində iş üzrə maddi sübut kimi tanınan 1 ədəd bıçaq və 1 ədəd köynək məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut 1 ədəd bıçaq və 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Eladar oğlunun məhkəmədə göstərdiyi 17 (on yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Eladar oğluna ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-89/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-89/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver