Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-9/2021 12.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ 1(039)-09/2021 Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il Yevlax şəhəri Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Laçın rayonu, Budaqdərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonunun Budaqdərə kəndində qeydiyyatda olan və Yevlax rayonunun Hürüuşağı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində, Yevlax rayonunun Hürüuşağı kəndi ərazisində özünə məxsus əkin sahəsinin yuxarı hissəsində, əkin sahəsinin suvarılması üçün su növbəsinin onda olmasına baxmayaraq Zərərçəkmiş şəxs həmin suyu əkin sahəsinə açmasına imkan vermədiyindən sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq istintaqa məlum olmayan məhdud təsir səthinə malik küt alətlə Zərərçəkmiş şəxs baş, sağ qol, sağ ayaq və bel nahiyyələrindən bir neçə dəfə qəsdən vurub ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, Yevlax rayonu Hürüuşağı kəndi ərazisində məskunlaşmışdır. Kənd təsərrüfatı ilə məşğuldur, xırda və iribuynuzlu heyvan saxlayır. Bu məqsədlə ayrı-ayrı şəxslərdən təxminən 10 hektar torpaq sahəsini icarəyə götürmüş, torpaq sahəsinin iki hektarına yonca bitkisi əkmişdir. Həmin torpaq sahəsini o, X10 arx vasitəsi ilə ayrılmış su ilə suvarır. Torpaq sahələrinin suvarılması Yevlax rayon X2 su nizamlayıcısı işləmiş Şahid1 tərəfindən tərtib edilmiş şifahi qrafikə uyğun növbəlilik əsasında həyata keçirilmişdir. xx xxxx 2020-ci il tarixdə su növbəsi onu olmuşdur. Həmin gün saat təxminən 09:00-da suyu açmaq üçün torpaq sahəsinə getmişdir. Bu zaman Zərərçəkmiş şəxs torpaq sahəsini suvardığını görmüşdür. Talehə bildirmişdir ki, su növbəsi ona çatmışdır və o, öz sahəsini suvarmalıdır. Taleh torpaq sahəsini tam suvarmadığını və yalnız növbəti gün suyu ona verəcəyini bildirmişdir. Növbəti gün, xx xxxx 2020-ci il tarixdə saat təxminən 09:00-da istifadə etdiyi telefonla Talehə zəng etmiş və bildirmişdir ki, suyu kəsmək üçün gəlmək istəyir. Taleh yenə bildirmişdir ki, hələ də torpaq sahəsini suvarıb qurtarmamışdır və saat 21:00-dək su torpaq sahəsinə axmalıdır. Buna etiraz etməmiş və Talehə həmin vaxta qədər gözləyəcəyini söyləmişdir. Bundan sonra o, telefonu ilə nizamlayıcı Ramizə zəng edərək ona bildirmişdir ki, su hələ Talehin torpaq sahəsinə axır, suyu xx xxxx 2020-ci il tarixdə saat 09:00-da öz sahəsinə açacaqdır. Ramiz də özündə qeydiyyat aparmışdır. xx xxxx 2020-ci il tarixdə yenə də saat təxminən 09:00-da atla torpaq sahəsinə getmiş və suyu yonca sahəsinə açmışdır. Bundan sonra o, örüş sahəsində otlamış heyvanlarının yanına getmişdir. Saat təxminən 10:30-da yenidən yonca sahəsinə qayıtmışdır. Həmin vaxt o, suyun Talehin sahəsi istiqamətində açıldığını, suyun onun yonca sahəsinə getmədiyini görüb suyu yenidən özünə məxsus yonca sahəsinə açmışdır. Ramizə zəng edərək suyunun kəsildiyini, suyun yəqin ki, Taleh və ya ailə üzvlərinin kəsdiyini demişdir. Ramiz Talehə zəng edəcəyini və suyu kəsməməsini tapşıracağını demişdir. Bundan təxminən 30 dəqiqə sonra Talehin qardaşı Şahid2 sürdüyü velosipedlə onun yanına gəlmişdir. Saleh ona söyləmişdir ki, “səni qoymayacam su sulamağa, növbəli, növbəsiz, bizim başqa sahələrimiz də var” demişdir. Buna etiraz edib suyu kəsməməyi ondan tələb etmişdir. Bundan sonra Taleh ona zəng edərək “bizi ora gətirmə, gəlsək sənin üçün pis olacaq, suyun qarşısından çıx, qoy Saleh suyu aparsın” demişdir. Talehə etiraz edərək su növbəsinin onda olduğunu demişdir. Taleh bildirmişdir ki, sahəyə gələcəkdir. Bu zaman qardaşı Fəzail ona zəng edib niyə evə gəlmədiyini soruşmuş və o, Fəzailə bildirmişdir ki, Saleh və qohumları suyu kəsmək istəyirlər, bu səbəbdən də suyun yanında dayandığını demişdir. Təxminən 15-20 dəqiqə sonra Fəzail avtomobillə onun yanına gəlmişdir. Fəzaillə birlikdə oğlu Zaur və bacısı oğlu Elgün də gəlmişdir. Fəzail Salehə “xahiş edirəm gəl gedək, imkan ver Hacı yoncanı sulasın” demişdir. Saleh getməyəcəyini, qardaşının da gələcəyini, suyu kəsəcəklərini demişdir. Saleh bir neçə dəqiqə gözləmiş, lakin, Taleh gəlməmişdir. Öz atını qardaşı Fəzailə vermiş, özü isə avtomobili idarə edərək Zaur və Elgünlə birlikdə yaşadığı ferma istiqamətində yola düşmüşdür. Yolla gedərkən Taleh və Nurlanın sürdükləri velosipedlə su ayrıcı istiqamətində getdiklərini görmüşdür. Avtomobili saxlamışdır, bu zaman Taleh ona söyüş söymüş və “gedirəm suyu açmağa, gəl görüm necə qoymursan” demişdir. Bu səbbədən o da, geri qayıtmışdır. Taleh velosipedini tez sürüb ona məxsus torpaq sahəsinin yuxarı tərəfində yerləşən su ayrıcı borusuna çatmışdır. Bir neçə saniyə sonra o, da avtomobillə həmin yerə çatmış, avtomobilini dayandırıb aşağı enmişdir. Talehin suyu öz sahəsi istiqamətində açdığını gördükdə Talehə etiraz edib yonca suvardığını, suyunu kəsməməsini tələb etmişdir. Həmin vaxt Taleh yumruqla onun burnundan bir dəfə vurmuşdur. Onun burnu əzilmiş və qan axmışdır. Taleh yenidən üstünə gələrək onu geriyə itələmiş, o, əlləri ilə Talehi tutmuş və əlbəyaxa olub süpürləşmişlər. Həmin vaxt o və Taleh müvazinətlərini itirib su borusunun üstünə yıxılmışlar. Talehin başı dəmir su borusuna dəymiş və xəsarət almışdır. Bundan sonra hər ikisi ayağa qalxmışlar. Taleh təpiklə onun qolundan və sinəsindən iki dəfə vurmuşdur. Nurlan və X7 avtomobilinə mindirmiş, Güloğlan avtomobilini idarə edib Talehi aparmışdır. Nurlan və Saleh isə velosipedlərinə minib oradan getmişlər. O, avtomobilinə əyləşib Zaur və Elgünlə birlikdə yaşadığı evə getmişdir. Talehi qəsdən vurmadığını, özünü müdafiə edən zaman birlikdə yıxıldıqlarını və bu zaman Talehin xəsarət aldığını bildirmişdir. Onlar mübahisə edən zaman qardaşı Fəzail Abışov, Zaur Abışov və bacısı oğlu Elgün Talehə hər hansı xəsarət yetirməmişlər. Əməlindən peşman olduğunu, dəfələrlə Talehə müraciət edərək barışmaq istədiyini, lakin Talehin qəti olaraq onunla barışmaqdan imtina etdiyini bildirmişdir. Himayəsində yetkinlik yaşına çatmayan övladlarının olduğunu qeyd edərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, yaşadığı kəndin ərazisində onun valideyinlərinə məxsus torpaq sahəsinin bir hissəsinə yonca bitkisi əkmişlər. Həmin torpaq sahəsini X10 çəkilmiş axar su vasitəsi ilə suvarılır. Torpaq sahəsinin suvarılması üçün müddət müəyyən edilməmişdir. Su növbəsi ilə suyu torpaq sahəsinə açmış şəxs torpaq sahəsini tam suvarıb qurtardıqdan sonra suyu digər növbədə olan şəxs öz sahəsinə açır. xx xxxx 2020-ci il tarixdə onun növbəsi olan zaman səhər saatlarında X11 suyun səviyyəsi düşdüyü üçün arx vasitəsi ilə gəlmiş su azalmışdır. Bu səbəbdən də həmin gün torpaq sahəsini suvarıb qurtara bilməmişdir. Həmçinin, əmisi oğlu Samir telefonla zəng edərək Təqsirləndirilən şəxs onun torpaq sahəsinə axmış suyu kəsdiyini demişdir. Telefonla Hacıya zəng edərək torpaq sahəsini suvarıb qurtarmadığını, suyu kəsməməyi, torpaq sahəsini suvarıb qurtardıqdan sonra məlumat verəcəyini demişdir. Hacı onunla razılaşmışdır. Bundan sonra o, Hacıya məxsus torpaq sahəsinin yuxarı tərəfinə gedərək suyu yenidən açmışdır. Bir neçə saat sonra otlaq sahəsinə axmış suyun yenidən quruduğunu görmüşdür. Suyu Hacının bacısı oğlu Elgünün kəsdiyini öyrənmişdir. Elgünlə görüşüb su növbəsinin onda olduğunu, sonra növbənin Hacıda olduğunu, onu gözləməyi tələb etmişdir. Bu barədə telefonla Hacıya da məlumat vermişdir. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında torpaq sahəsinə axmış su yenidən kəsilmişdir. Su paylayıcısı olan Ramizə zəng edərək bu barədə məlumat vermiş, Ramiz suyun kanaldan azaldığını, suyu artıracağını bildirmişdir. Gecə saatlarında su artsa da torpaq sahəsini tam suvarıb qurtara bilməmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 08:00-da qardaşı Salehi torpaq sahəsinin suvarılma vəziyyətini yoxlamaq üçün oraya göndərmişdir. Saat təxminən 11:15də Saleh ona zəng edərək Hacının suyu kəsdiyini və Hacının suyu sonuncuya vermədiyini demişdir. Bundan sonra o, istifadə etdiyi telefonla Hacıya zəng edərək su azaldığı üçün torpaq sahəsinin tam suvarılmadığını, axşam saatlarınadək onu gözləməsini xahiş etmişdir. Hacı etiraz edərək suyu verməyəcəyini söyləmişdir. Bu səbəbdən gedib Hacı ilə söhbət edib məsələni həll etmək məqsədi ilə Hacıya məxsus torpaq sahəsinin yuxarı hissəsinə getmişdir. Orada suyun Hacıya məxsus torpaq sahəsi istiqamətində axdığını görmüş, borunun qarşısına qoyulmuş dəmiri suyun qabağından götürmüşdür. Həmin vaxt Hacı idarə etdiyi avtomobillə onun yanına gəlmişdir. Hacı avtomobildən düşərkən əlinə lapatka götürmüşdür. Hacı ilə birlikdə onun qardaşı Fəzail və bacısı oğlu Elgün də gəlmişdir. Bu zaman Fəzailin oğlu Zaur da oraya gəlmişdir. Hacı ona çatarkən heç bir söz demədən lapatka ilə onun başından bir dəfə vurmuşdur. Onun baş nahiyəsi kəsilmiş və qan axmağa başlamışdır, eyni zamanda o, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra da Hacı əlindəki bellə, Fəzail, Zaur və Elgün isə əllərində olan ağac parçaları ilə onu vurmağa başlamışlar. Onlar onu döyə-döyə sahənin ortasına aparmışlar. Həmin zaman huşunu itirmiş və bir neçə dəqiqədən sonra özünə gəlmişdir. Bu zaman həmin şəxslərin artıq kənarda dayandıqlarını görmüşdür. İlk olaraq əmisi oğlu Nurlan, bir neçə dəqiqədən sonra isə qardaşı Saleh Güloğlanın avtomobili ilə onun yanına gəlmişdir. Saleh və Nurlan Güloğlanın idarə etdiyi avtomobillə onu yaşadığı evə aparmış, oradan isə X12 avtomobili ilə xəstəxanaya çatdırılmışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs və digərlərinin əməllərinə düzgün hüquqi qiymət verməmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs ciddi cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Taleh bildirmişdir ki, Mingəçevir şəhərinə gedəcək və ondan xahiş etmişdir ki, sahəyə gedib yonca əkdikləri torpaq sahəsinə suyun axıb-axmadığını yoxlasın. Saat təxminən 11:00-da velosipedlə həmin torpaq sahəsinə getmiş və yonca sahəsinin az bir hissəsinin suvarılmadığını, sahəyə axan suyun kəsildiyini görmüşdür. Arxın üstü ilə su ayrıcı yerə getdikdə Hacının orada olduğunu, suyu Hacının kəsdiyini, su ilə öz yonca sahəsini suvardığını görmüşdür. Hacıya bildirmişdir ki, sahələri tam suvarılmayıb, saat 17:00 qədər imkan yaratsın suvarmanı bitirsin. Hacı buna etiraz etdikdə ona suyu açıb aparacağını bildirmişdir. Hacı qardaşı Fəzailə zəng etmiş, təxminən 5-10 dəqiqə sonra Fəzail Hacıya məxsus avtomobillə oğlu Zaur və bacısı oğlu Elgünlə birlikdə onun yanına gəlmişlər. Talehə zəng edərək Hacının suyu kəsdiyini, yonca sahəsinin bir hissəsinin susuz qaldığını, Hacının suyu ona vermədiyini, qardaşı və digər qohumlarının gəldiklərini söyləmişdir. Taleh Mingəçevir şəhərində olduğunu və gələcəyini bildirmişdir. Velosipedinə minərək oradan çıxıb getmişdir. Yaşadığı kənd istiqamətində hərəkətdə olarkən qardaşı Taleh və əmisi oğlu Nurlanla qarşılaşmışdır. Taleh velosipedini sürərək Hacının yanına getmişdir. Talehin arxasınca isə Nurlan velosipedini sürərək getmişdir. Bu zaman Güloğlanın avtomobillə keçdiyini görüb onun avtomobilinə əyləşmiş, yenidən torpaq sahəsinə qayıtmışlar. Bir neçə dəqiqə sonra o, Talehin yanına çatmışdır. O, Talehin başından xəsarət aldığını və həmin nahiyyəsindən qan axdığını görmüşdür. Bu zaman Talehin yanında Nurlan dayamışdır, Hacı, Fəzail, Zaur və Elgün isə kənarda dayanmışdılar. Nurlanla birlikdə Talehi evə aparmışlar. Oradan isə Talehi xəstəxanaya aparmışdırlar. Taleh sonradan ona bildirmişdir ki, hadisə zamanı Hacı onu əlindəki bellə başından, Fəzail, Zaur və Elgün isə əllərində olan ağac parçaları ilə ayaqlarından və qollarından vurub xəsarət yetirmişlər. Şahid4 ifadəsində bildirmişdir ki, xəstə olduğundan özünə məxsus torpaq sahəsində əkin işlərinə nəzarəti oğlu Talehə tapşırmışdır. xx xxxx 2020-ci il tarixdə Taleh ona bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 17:00-da yonca sahəsini tam suvarıb qurtaracaq. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Taleh Mingəçevir şəhərinə getmişdir. Həmin vaxt oğlu Saleh yonca sahəsinə gedərək suvarmağı davam etmişdir. Saat təxminən 13:00-da Mingəçevir şəhərində olan zaman ailə üzvləri biri ona zəng edərək torpaq sahəsində Hacının bellə Talehin başından vurub xəsarət yetirdiyini söyləmişdir. Həmkəndlisinin idarə etdiyi avtomobillə Mingəçevir şəhərindən yaşadığı evə qayıtmış və Talehin başından xəsarət aldığını görmüşdür. Taleh bildirmişdir ki, Hacı bellə onun başından vurmuş, Fəzail, Zaur və Elgün isə ağac parçaları ilə onu müxtəlif nahiyələrindən vurmuşlar. Şahid X4 bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 12:00-da əmisinə məxsus torpaq sahəsinin suvarılmasında əmisi oğlu Talehə kömək etmək məqsədi ilə yaşadığı evdən özünə məxsus velosipedlə çıxaraq həmin torpaq sahəsinə yollanmışdır. Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin yanına çatdıqda Talehi orada görmüşdür, Talehin başından və üzündən qan axırdı. Həmin zaman Hacı, onun qardaşı Fəzail, qardaşı oğlu Zaur və bacısı oğlu Elgün də orada idi. Onları gördükdə onlar aralaşıb hadisə yerindən uzaqlaşmışdılar. Belə anlamışdır ki, onlar dördü də Talehi döymüşlər. Taleh ondan xahiş etdi ki, onu tez evə aparsınlar. Güloğlana məxsus avtomobillə onu evlərinə aparmışlar. Sonradan Taleh ona bildirmişdir ki, Hacı, Fəzail, Zaur və Elgün onu döymüşlər. Şahid X3 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ailələri ilə kənddə qonşudurlar. xx xxxx 2020-ci il tarixdə özünə məxsus torpaq sahəsində saxladığı iri buynuzlu heyvanlara baş çəkmək üçün, Hacının qardaşı oğlu Zaur və bacısı oğlu Elgünlə VAZ-21015 markalı avtomobili ilə sahəyə yollanmışdır. Oraya çatdıqda Hacı ilə Şahid2 mübahisə etdiyini görmüş, avtomobili saxlayaraq onlara yaxınlaşmışdır. Onların su ilə bağlı mübahisə etdiyini görmüş və sakitləşdirməyə çalışmışdır. Bundan sonra Saleh Talehə və əmisi oğlu Nurlana zəng edərək torpaq sahəsinə çağırmışdı. Bir müddət sonra Saleh oradan çıxıb getmişdir. Evə qayıtmaq məqsədi ilə avtomobilə əyləşib oradan çıxıb getmişdir. Yolla gedərkən Taleh və Nurlanın velosipedlə torpaq sahəsi istiqamətində getdiklərini görmüşdür. Mübahisənin olacağını düşünüb torpaq sahəsinə qayıtmaq qərarına gəlmişdir. Geri dönmüş Salehə çatdıqda avtomobili saxlamış, Saleh onun avtomobilinə əyləşmiş və onlar birlikdə torpaq sahəsinə getmişlər. Nurlan isə velosipedlə oraya getmişdir. Torpaq sahəsinə çatanda Talehin və Hacının yerdə yıxılmış vəziyyətdə olduqlarını görmüşdür. Orada ikisindən başqa heç kim olmamışdır. Hacının əlində bel görməmişdir. Talehin başından, Hacının isə burnundan qan axdığını görmüşdür. Onlar aralaşandan sonra Talehə tibbi yardım göstərilməsi üçün onu avtomobilinə əyləşdirib evlərinə aparmışdır. Şahid X6 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx xxxx 2020-ci il tarixdə təxmini saat 12:00-da Hacı öz torpaq sahəsini suvarmağa getmişdir. Kənardan Hacının qonşuları Salehlə mübahisə etdiyini görmüş və onlara yaxınlaşmışdır. Sonradan həmkəndliləri Güloğlan da oraya gəlmişdir. Onlar Salehi sakitləşdirdikdən sonra Saleh oradan çıxıb getmişdir. Sonradan Hacı ilə Talehin torpaq sahəsində dalaşdığını eşidib və dərhal oraya getmişdir. Hadisə yerinə çatanda Talehin qan içində olduğunu görmüşdür, Hacının üstü palçıqlı idi. Hacı ilə Taleh mübahisə edən zaman orada olmamış, Talehə hər hansı xəsarət yetirməmişdir. Şahid X9 bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 12:00-da iri buynuzlu heyvalara su vermək üçün Güloğlanın avtomobili ilə torpaq sahəsinə getmişlər. Orada dayısı Hacının qonşuları Salehlə mübahisə etdiyini görüb onlara yaxınlaşmışlar. Saleh oradan çıxıb getdikdən sonra həmin avtomobilə əyləşib evlərinə qayıdarkən yolda Talehin, daha sonra Nurlanın torpaq istiqamətində velosipedlə getdiklərini görmüşlər. Bunu gördükdə Güloğlan avtomobili döndərib yenidən sahəyə qayıtmışdır. Hadisə yerinə çatdıqda Hacının və Talehin yerə yıxılmış vəziyyətdə olduqlarını, Hacının üst-başının palçıq olduğunu, Talehin başından isə qan axdığını görmüşlər. Talehlə Hacının dalaşdığını görməmiş, Talehə hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 397 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- sağ təpə qabarının iri ölçülü əzilmiş yarası, alın sümüyünün xarici səhvəsinin sınığı (çatı), sağ bazunun, bel tərəf nahiyyəsinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin, sağ said nahiyyəsinin sıyrıqları, sağ baldırın aşağı 1/3-nin yan səthinin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən alın sümüyünün xarici səhvəsinin sınığı (çatı) ilə müşayiət olunan sağ təpə qabarının iri ölçülü əzilmiş yarası səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (səh. 64-65) X8 Rövşən oğlunun vəsatətə baxılması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, zərər çəkmiş şəxsin nümayəndəsinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1, 221.2.1 və 221.3 maddələri ilə yenidən ittiham elan edilərək həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edərək istintaqın aparılması, eyni zamanda Fəzail Abışov, Zaur Abışov və Təqsirləndirilən şəxs bacısı oğlu Elgün adlı şəxs barələrində Cinayət Məcəlləsinin 221.1, 221.2.1 və 221.3 maddələri ilə ittiham elan edilərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatətinə hüquqi qiymət verilərək rədd edilmişdir. Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddələri ilə təqsirli olması məhkəmə iclası zamanı özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs, həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bu səbəbdən də ona ittiham olunduğu maddəin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, əməlindən peşman olmasını, barışıq əldə etməyə cəhd etməsini, himayəsində uç yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkum olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qazancından 20 % dövlət nəfinə tutulmaqla islah işləri cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili X1 istintaq müddəti üçün 108 manat və Yevlax şəhər Hüquq Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna məhkəmə dövrü üçün 168 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Cəzasını iş yeri üzrə çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 108 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 və məhkəmə dövrü üçün 168 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : imza Toğrul Əliyev Düzdür: Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-9/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-9/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver